Məhkəmə qərarları › İş №e-2(001)-3867/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3867/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3867/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı yaşayış sahəsi üçün artıq ödənilmiş pul vəsaitinin qaytarılması, əlavə faiziin, hüquqi xidmətə xərclənmiş pulun tutulması barədə iddia ərizəsinə dair mülki işə 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə bağlı artıq ödənilmiş 14250 manat pulun, özgənin pul vəsaitindən faydalanmağa görə 696 manat faizin, hüquqi xidmətə sərf etdiyi 500 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyul 2019-cu il tarixli müqaviləyə əsasən sonuncu Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yaşayış binasından 2-ci blok, 10-cu mərtəbədə yerləşən 82 saylı, 3 otaqlı, 83 kv.metr sahəli mənzili hər kv.metrinin dəyəri 1250 manat olmaqla ümumilikdə 103750 manata iddiaçıya satılmışdır. Müqavilənin şərtlərinə müvafiq olaraq qeyd olunan pul məbləği cavabdehə tam ödənilmişdir. Lakin mülkiyyət hüququna dair sənəd verilərkən mənzilin sahəsi səlahiyyətli orqan tərəfindən ölçülərkən ümumi sahənin 71, 6 kv.m olduğu müəyyən edilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 14250 manat artıq ödənilmişdir. Buna görə də, artıq ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin tələblərinə əsasən, cavabdehdən iddiaçının xeyrinə bank uçot dərəcəsi ilə faiz tutulmalıdır. İddiaçı tərəfindən sonuncu ödəniş 23 iyun 2020-ci ildə edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankını sonuncu dəfə 18 dekabr 2020-ci il tarixə müəyyən etdiyi uçot faiz dərəcəsi 6,25 faiz təşkil edir ki, beləliklə faiz məbləği 696 manat təşkil edir. Bu məbləğ də, həmçinin, iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqi xidmətlərə ödədiyi 500 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, MMC tərəfindən evlər layihəyə uyğun ölçüdə, qiymətə satılır. Daşınmaz Əmlakın Dövlət Reyestrinin mütəxəssisləri tərəfindən evin ölçüləri müəyyənləşdirilərkən evin arakəsmə divarları ölçüyə daxil edilmir. İddia ərizəsində göstərilən mənzil cavabdeh tərəfindən layihəyə uyğun ölçüdə iddiaçıya satıldığından iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: - 01.07.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qadabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 82 saylı, 3 otaqlı, ümumi sahəsi 83 kv.metr olan mənzili hər kv.metri 1250 manat olmaqla ümumilikdə 103750 manata alıcıya, yəni İddiaçı təhvil verməyi öz öhdəsinə götürmüş, İddiaçı ilkin ödəniş olaraq 90000 manat ödəmişdir. - 29.12.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qadabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 82 saylı, 3 otaqlı, ümumi sahəsi 83 kv.metr olan mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh MMC-ya tam ödənilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 2 M10, m1), 30 yanvar 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyatda alınmış mənzilin ümumi sahəsi 71,6 kv.metrdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 iyul 2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı 103750 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödəməyi, sonuncu isə Bakı şəhəri, Nərimanov rayonu, Qadabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 10-cu mərtəbəsində yerləşən 82 saylı, 3 otaqlı, ümumi sahəsi 83 kv.metr olan mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilənin şərtlərindən görünür ki, tərəflər arasında mənzilin hər kv.m-nin dəyəri 1250 manat (mənzilin dəyəri – 103750 manat : ümumi sahə - 83 kv.m) olmaqla razılaşdırılmışdır. Mənzilin öhdəliyə uyğun olaraq təhvil verilməli olan sahəsi (83 kv.m) ilə çıxarışla müəyyən olunmuş sahəsinin (71,6 kv.m) arasında olan fərqin 11,4 kv.m olması və hər kv.m-nin dəyərinin 1250 manat olması nəzərə alınarsa, iddiaçıya vurulmuş zərərin məbləği (11,4 x 1250) 14250 manat təşkil edir. Beləliklə məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, mənzilin dəyərinə görə artıq ödənilmiş 14250 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh MMC iddiaçıdan aldığı pulla gəlir əldə etmişdir. Beləliklə məhkəmə hesab edir ki, 14250 manat məbləğində pul vəsaiti halhazıradək iddiaçıya qaytarılmadığından, iddiaçı tərəfindən cavabdehə son ödənişinin tarixi olan 23 iyun 2020-ci il tarixdən iddia tələbində göstərilən 16 aprel 2021-ci il tarixədək bank uçot dərəcəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 6,25% müəyyən olunduğu nəzərə alınaraq 696 məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın hüquqi xidmət qarşılığında ödənilmiş 500 manatın tələbi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hüquqi yardım üçün vəkilə 500 manat ödəniş etmişdir. Buna görə də, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mənzilin dəyərinə görə artıq ödənilmiş 14250 manat, həmin pulun vaxtında ödənilməməsinə görə faiz olaraq 696 manat, hüquqi yardıma görə xərclənmiş vəsaitin əvəzi kimi 500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar