Məhkəmə qərarları › İş №e-2(001)-3939/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3939/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3939/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 5400,07 manat pul vəsaitinin və 74 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Mobil tətbiq vasitəsi ilə kart hesabına göndərilmiş məbləğləri texniki problem səbəbindən dəfələrlə qəbul edərək balansını süni şəkildə artırmışdır. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2022 tarixində kart hesabından digər kart hesablarına köçürmələr etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 5400,07 (beş min dörd yüz manat, 07 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş iddiaçı isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xeyriyyəçi olduğunu, bu məqsədlə həmin karta müxtəlif şəxslərdən pullar mədaxil olunduğunu, 5400 manatın karta yükləndiyini, həmin məbləğin Bankdan daxil olduğunu bilmədiyini, həmin vəsaiti sərf etdiyini və o məbləği də birdəfəlik ödəməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, iddiaçı Bank tərəfindən 5400,07 manat vəsaitin onun kartına köçürüldüyünu və həmin məbləğin həmin vaxt Bankdan daxil olduğunu bilmədiyini və başqa şəxslər tərəfindən xeyriyyə məqsədləri üçün yükləndiyini ehtimal edərək, vəsaiti xeyriyyə məqsədləri üçün xərclədiyini, lakin halhazırda həmin məbləği birdəfəlik ödəməyə maddi imkanın olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hesab və ödəniş kartına dair müqavilədən görünür ki, bu müqaviləyə görə Bank müştəriyə bank hesabı açmağı, həmin hesaba bağlı ödəniş kartı təqdim etməyi Azərbaycan Respublikasının hüquqi aktlarında və bu Müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib, hesab üzrə, habelə Kart vasitəsilə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən, müştəri kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etmir, dərhal Banka geri qaytarır. Müştəri Cavabdeh istifadəsində olan 416973******7078 nömrəli Birkart Umico kartı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan çıxarışdan görünür ki, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən 5400,08 manat məbləğində pul vəsaiti yüklənmiş və Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5400,07 manat məbləğində pul vəsaiti istifadə edilmişdir. İddiaçı ASC Cavabdeh ünvanlanmış 12 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, o, istifadəsində olan İddiaçı ASC-yə məxsus plastik kart hesabından istifadə zamanı balansında faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 5400,07 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5(beş) təqvim günü ərzində karta mədaxil edilməsi xahiş edilmiş və əks halda Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq vəsaitin qaytarılması ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3-ci maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə məxsus plastik kart hesabından istifadə zamanı balansında faktiki olaraq kifayət qədər vəsait olmadığı halda müqavilə əsası olmadan 5400,07 manat məbləğində pul vəsaitindən istifadə etmiş və həmin məbləği geri qaytarmamışdır. Cavabdeh tərəfindən 5400,07 manat məbləğində pul vəsaitinin istifadə olunması əsasız varlanma kimi qiymətləndirilməli və həmin məbləğin qaytarılması əsassız varlanmanın yaratmış olduğu hüquqi əsaslara və nəticələr uyğun olaraq qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 74 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləlikdə də məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 5400,07 (beş min dörd yüz manat 07 qəpik) manat məbləğində borc və 74 (yetmiş dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5400,07 (beş min dörd yüz manat 07 qəpik) manat məbləğində pul vəsaiti və 74 (yetmiş dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar