Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3980/2022 25.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh (işə götürən) Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan türk vətəndaşı Ayar Serkan tərəfindən rəsmi qaydada işə götürülmüş və bununla bağlı onların arasında əmək müqaviləsi bağlanaraq, bu barədə məlumat elektron informasiya sisteminə işlənilmişdir. Bir müddət işlədikdən sonra işləri qaydada getmədiyi üçün cavabdeh Ayar Serkan Azərbaycan Respublikasında olan bütün işlərini yekunlaşdırmış və ölkəni tərk edərək, Türkiyəyə qayıtmışdır. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Mövcud vəziyyətdə iddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət də edə bilmir. Nəticədə iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilməməsi səbəbindən iddiaçı rəsmi şəkildə işləyən hesab edilir. Buna baxmayaraq, nə əmək haqqı alır, nədə ki, başqa bir şəxslə əmək müqaviləsi bağlaya bilmir. Əmək müqaviləsinə xitam verilməsi üçün iddiaçı X5 Xidmətinə müraciət etsə də, ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı qeyd edilən məsələ ilə bağlı X5 Xidmətə müraciət etmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyətləri xaricində olduğundan iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh (fiziki şəxs olan əcnəbi işəgötürən) Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı geyim mağazasına satıcı vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə əsasən iddiaçının əmək haqqısı 140 manat təşkil edir. Hazırda iddiaçı cavabdehin Türkiyə vətəndaşı olduğunu, Azərbaycan Respublikasını daimi əsaslarla tərk edərək, Türkiyəyə qayıtdığını, lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, rəsmi şəkildə işləyən hesab edildiyindən başqa bir şəxslə əmək müqaviləsi bağlaya bilmədiyini iddia edir və həmin müqaviləyə xitam verilmiş hesab edilməsini, bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinin X5 Xidmətinə həvalə edilməsini xahiş edir. Cavabdehin hazırda Azərbaycan Respublikasında olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin: 1-ci hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır; 2-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddənin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə aid edilmişdir; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinin bağlanması ilə tərəflər arasında əmək münasibətləri yaransa da, sonradan cavabdehin (işəgötürənin) ölkəni tərk edib vətəndaşı olduğu Türkiyə Respublikasına qayıtması ilə həmin münasibətlərə hüquqi nəticə etibarı ilə xitam verilmişdir. Belə ki, artıq xeyli müddətdir ki, cavabdehə aid geyim mağazası fəaliyyət göstərmir, bu səbəbdən iddiaçı xadimə vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirə bilmir, əmək haqqı almır. Nəticə etibarı ilə cavabdeh işəgötürən olaraq iddiaçıya münasibətdə öz vəzifələrini icra etmir və iddiaçını da bu imkandan məhrum etmişdir. Lakin cavabdehin Azərbaycan Respublikasında olmaması səbəbindən iddiaçı bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ona ərizə ilə müraciət edə də bilmir. Eyni zamanda, qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 74-cü maddəsində fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə) müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olan hallar təsbit edilmişdir. Lakin fiziki şəxs olan işəgötürənin öz iradəsinə əsasən (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilməsi istisna olmaqla) Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması halı bu hallara aid edilmədiyindən iddiaçının həmin qurum müraciəti əsasında əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi də mümkün olmur. Bununla belə, məhkəmə hazırda qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, cavabdehin (işəgötürənin) Azərbaycan Respublikasını tərk edərək, vətəndaşı olduğu Türkiyə Respublikasına qayıtması səbəbindən iddiaçıya münasibətdə öz vəzifələrini yerinə yetirməməsini, iddiaçını da öz əmək funksiyalarını yerinə yetirməsi imkanından məhrum etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflər arasında mövcud olan əmək münasibətləri hazırda formal xarakter daşıyır və bu münasibətlərə faktiki olaraq artıq xitam verilmişdir. Lakin mövcud vəziyyətdə bu halın hüquqi baxımdan rəsmiləşdirilməsi qeyd edilən səbəblərdən qeyri-mümkündür. Nəticədə iddiaçı digər əmək münasibətlərinin iştirakçısı ola bilmir. Bununla da onun kostitusiya səviyyəsində təsbit edilmiş əmək hüquqları pozulur. Bu səbəbdən onların arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməli və cavabdehin olmaması səbəbindən bunun rəsmiləşdirilməsi işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən X5 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-3980/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3980/2022
25.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver