Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4007/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: qohumluq faktının müəyyən edilməsi ) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ulu babası Hacıqulu Ağababa oğlunun onun ulu babası olaraq qohumluq münasibətlərində olmağının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birgə yaşamış və hal-hazırda da yaşayır. xx.xx.2021-ci il tarixində nikaha girərkən Balayeva soyadını Məmmədovaya dəyişmişdir. Ailə üzvləri, yəni X2, anası X12, bacısı X10, qardaşı X14 vəfat etmişlər. Həmçinin babası X7 xx.xx.1990-ci il tarixdə, ulu babası Hacıqulu Ağabala oğlu xx.xx.1959-cu il tarixdə vəfat etmişlər. Yaşadığı ünvanın çıxarışı ulu babası, atasının babası Hacıqulu Ağabala oğlunun adınadadır. Onun vəfatından sonra evi həmin vaxtı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə müvafiq olaraq babası X7 miras kimi faktiki qəbul etmişdir və ölən günə kimi orada yaşamışdır. Onun vəfatından sonra isə həmin əmlakı miras kimi faktiki olaraq X2 qəbul etmişdir və ölən günə kimi orada yaşamışdır. X2 vəfat edərkən onun yeganə vərəsəsi olmuşdur. Yuxarıda göstərildiyi kimi ulu babası Hacıqulu Ağabala oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlakı kimi əvvəlcə babası, ondan sonra isə atası tərəfindən miras əmlakı kimi faktiki qəbul edilsə də rəsmi qəbulla (sənədləşdirilmə ilə) bağlı hər hansı tədbir görülməmişdir. Beləcə həmin ev hələ də ulu babasının mülkiyyəti kimi görsənir. Bu səbəbdən o, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmişdir. Lakin notarius tərəfindən qohumluq münasibətini təsdiq edən sənədlərin təqdim edilməməsi və müddətin ötürülməsi əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina verilmişdir. Beləcə həmin ev hələ də onun ulu babasının mülkiyyəti kimi görsənir. Əlavə olaraq qeyd etmək istəyir ki, babasının doğum haqqında şəhadətnaməsini almaq üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etsə də ona xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-M-02645/2023 saylı sənəd ilə həmin şəhadətnamə haqqında heç bir məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə1 ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında dindirilmiş şahid X21 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur, qızı ilə bir sinifdə oxuyub. Balayev Hidayət ərizəçinin atası, Balayev Ağabala onun babası, Hacıqulu Ağabala oğlu isə ulu babası olduğunu təsdiq edir.
5. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadə verərək bildirdi ki, o, ərizəçinin X23in xalası gəlinidir. Bildirdi ki, Hacıqulu Ağabala oğlu onun 4 yaşı olanda ölüb. O, təsdiq etdi ki, Hacıqulu ərizəçinin ulu babasıdır.
6. Məhkəmə iclasında dindirilmiş şahid X1 bildirdi ki, ərizəçinin bibisidir. Həmçinin bildirdi ki, Balayev Ağabala onun atası, Hacıqulu Ağabala oğlu isə babasıdır. Sonuncu isə ərizəçinin ulu babasıdır. Ərizəçi uzun müddətdir ki, mübahisələndirilən evi öz adına keçirmək istəyir. Evlə bağlı onun və digər qohumların hər hansı bir iddiası yoxdur.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
Mülki işin materialları:
8. Bakı şəhəri 20 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-1248-ci maddəllərinin tələblərinə əsasən müddətin ötürülməsi və qohumluq münasibətini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən şəxsin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Ərizəçi ərizəsi təmin edilməmişdir.
9. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 29 yanvar 1951-ci ildə Azərbaycan SSR, Bakı şəhərində doğulmuş, atası X7, anası X3r; X10 11 dekabr 1985-ci ildə Azərbaycan SSR, Bakı şəhərində doğulmuş, X2, anası X8r; X14 30 mart 1987-ci ildə Azərbaycan SSR, Bakı şəhərində doğulmuş, X2, anası X8r.
10. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin X2 21 mart 2018-ci ildə Bakı şəhərində dəqiqləşdirilməmiş ağciyər çatışmamazlığından, anası X12, bacısı X10 və qardaşı X14 3 yanvar 2009-cu ildə Bakı şəhərində dəm qazı ilə zəhərlənmədən, nənəsi X5 21 oktyabr 2014-cü ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmişlər.
11. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 aprel 2022ci il tarixli arayışın surətindən görünür ki, X7 və Havaxanım Mustafa qızının nikahı 25 iyul 1949-cu il tarixdə 73 nömrəli akt ilə qeydə alınmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışın surətindən görünür ki, Hacıqulu Ağabala oğlu 9 yanvar 1959-cu ildə vəfat etmiş və onun ölümü haqqında 6 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümünün səbəbi qaraciyər serrozudur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
14. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
15. 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
16. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
17. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir.
18. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
21. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
23. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.
24. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
25. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
26. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
27. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarının 2-ci bəndinin izahına əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.1-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
30. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və müəyyənedici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır.
31. Məhkəmə iclasında dindirilmiş şahidlər X21, X11 və X1 ifadə verərək bildirdilər ki, Balayev Hidayət ərizəçinin atası, Balayev Ağabala babası, Hacıqulu Ağabala oğlu isə ulu babasıdır.
32. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Müəyyən edildi ki, Ərizəçi X2, onun atası X16 öğlu, onun atası isə Hacıqulu Ağabala oğludur. Bununla da müəyyən olunur ki, Hacıqulu Ağabala oğlu Ərizəçi ulu babasıdır, yəni ərizəçi Hacıqulu Ağabala oğlunun nəticəsidir.
34. Beləliklə ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Hacıqulu Ağababa oğlunun ərizəçinin ulu babası, yəni Ərizəçi Hacıqulu Ağabala oğlunun nəticəsi olaraq qohumluq münasibətlərində olması tam sübuta yetirildi.
35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Hacıqulu Ağabala oğlunun onun ulu babası olmasına dair qohumluq əlaqəsinin olması faktının müəyyən edilməsinin qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Hacıqulu Ağabala oğlunun ərizəçinin ulu babası olmasına dair qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
36. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.
37. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
38. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hacıqulu Ağabala oğlunun Ərizəçi ulu babası (Ərizəçi Hacıqulu Ağabala oğlunun nəticəsi) olmasına dair qohumluq əlaqəsinin olması məhkəmə tərəfindən müəyyən edilməlidir.
39. Məhkəməyə ərizə verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə ölmüş Hacıqulu Ağabala oğlunun Ərizəçi ulu babası (Ərizəçi Hacıqulu Ağabala oğlunun nəticəsi) olmasına dair qohumluq əlaqəsində olması barədə hüquq əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova