Məhkəmə qərarları › İş №e-2(001)-4021/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4021/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4021/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 68,94 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 08 yanvar 2018-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 17 mart 2020-ci il tarixli e-2(001)-1953/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1” MMC ilə bağlanmış 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh 25 iyun 2020-ci il tarixindəki 100 manat və 03 iyul 2022-ci il tarixindəki 359,62 manat məbləğlərindəki vəsait “X2” MMCnin vasitəsi ilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMCyə 68,94 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh (lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15%-i həcmində, yəni ümumilikdə 68,94 manat məbləğində xidmət haqqı ödəmişdir. “X3 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış 08 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(001)- 4021/2022 saylı qərardadı ilə iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında qəbul edilmiş 2(001)-4021/2022 saylı mülki iş iddia icraatına keçirilmişdir. Cavabdeh məhkəmənin elektron poçt ünvanına məktub ünvanlayaraq bildirmişdir ki, onun iddiaçıya olan borcu maaşından tutulmuşdur. İndi isə ona borcunun olması ilə bağlı yenidən bildiriş verilir. Bu işin araşdırılmasını və onun borcunun ödənilməsi ilə bağlı məlumat verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirib, işə mahiyyəti üzrə baxıb tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında 08 yanvar 2018-ci il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqaviləsinə əsasən bank müştəriyə cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(001)- 1953/2020 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh əsas borc 294,65 manat, faiz borcu 38,41 manat, cərimə 80,46 manat, komisyon haqqı 4 manat, 3,40 manat məbləğində bildirişlərin göndərilməsi üzrə poçt xərci olmaqla, cəmi 420,92 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X3 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir; “X1” MMC ilə “X3 Azərbaycan” QSC arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və /və ya İstehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% nisbətində hüquqi xidmət haqqı (vəkillik) xərci ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). (Büro tərəfindən icra sürəcində (məhkəməyə əvvə verilmiş) olan dosyelərlə bağlı icra nəzarəti başlandıqdan (iş dosyesi) (iş qovluğu təhvil alındıqdan) sonra olan dosyelər üzrə isə pul (bocların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və.s) yığılmasından (geri ödənişlərdən) cəmi 25% nisbətində hüquqi xidmət (vəkillik) haqqı(xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında); Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən ödənilən 25 iyun 2020-ci il tarixindəki 100 manat və 03 iyul 2021-ci il tarixdəki 359,62 manat “X1” MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də “X3 Azərbaycan” QSC tərəfindən MMC-yə 68,94 manat məbləğində xidmət haqqı ödənilmişdir; “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 06 may 2022-ci il pretenziya bildirişinin surətindən görünür ki, ondan “X1” MMC-yə köçürülmüş 68,94 manat məbləğində xidmət haqqının 5 iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Qeyd olunan bildirişin göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, bildiriş Cavabdeh çatdırılmışdır; Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 02 avqust 2022-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(001)-1953/2020 saylı icra vərəqəsinə əsasən Cavabdeh cəmi 420,92 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi ilə bağlı 01 iyun 2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. 03 may 2021-ci il tarixində tələb borclunun əmək haqqına yönəldilmişdir. Əmək haqqına yönəldilmə məktubunda icra vərəqəsində göstərilən məbləğ yəni 440,92 manat və 7 faiz icra ödənişi yəni 30,87 manat qeyd olunmuşdur. Tələbkarın 20 iyul 2022-ci il tarixli icraata xitam verilməsinə dair ərizəsi əsasında 25 iyul 2022-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir; Məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 01 iyun 2020-ci il tarixli qərarın və bildirişin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(001)-1953/2020 saylı icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 2 ünvanladığı məktubların surətlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(001)-1953/2020 saylı icra sənədinə əsasən borclu Cavabdeh əmək haqqının hər ay 50%-nin tutularaq tələbkarın hesabına, həmçinin ödəniş bitdikdən sonra ödənilməli olan məbləğin 7%-nin yəni 30,87 manat məbləğində icra ödənişinin borclunun əmək haqqından tutularaq Binəqədi rayon icra şöbəsinin hesabına köçürülməsinin təmin edilməsi xahiş edilmişdir; Məktuba əlavə edilmiş “X3 Azərbaycan” QSC-nin Binəqədi rayon İcra şöbəsinə ünvanladığı məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən borc bağlanmışdır, bununla əlaqədar qanunvericilikdən irəli gələn tədbirlərin görülməsi sonuncudan xahiş edilmişdir; Məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 25 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(001)-1953/2020 saylı icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra işi üzrə icraata xitam verilməsi qərara alınmışdır; 27 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 08 yanvar 2018-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi” üzrə öhdəliklərini yerinə yetirməmiş, bununla bağlı iddiaçı bank iddia ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmışdır. İddiaçı “X1” MMC ilə bağlanmış 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etmiş və bunun üçün bank tərəfindən 68,94 manat xidmət haqqı ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği cavabdehdən tutulmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir; 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və icrası hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrası səlahiyyətləri hər hansı hüquqi şəxsə, o cümlədən iddiaçıya və “X1” MMC-yə verilməmişdir və onlar tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə tələbkardan, yəni hazırki iş üzrə iddiaçıdan icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı hər hansı ödənişin alınması nəzərdə tutulmamışdır, əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Borcludan bununla bağlı icra məmuru tərəfindən 30,87 manat məbləğində icra ödənişi də tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar