Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4083/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-cu il tarixdə rəsmi nikaha daxil olmuşdular. Tərəflərin rəsmi nikaha daxil olmalarına baxmayaraq, toy mərasimi keçirilməmiş, iddiaçı ilə cavabdeh arasında ər-arvad münasibətləri olmamış, onlar ümumiyyətlə bir yerdə bu günə kimi yaşamamışlar. Cavabdehin valideynlərinin belə öz oğlunun nikaha daxil olmasından xəbəri yoxdur. İddiaçı cavabdehdən nə vaxt birgə yaşayacaqlarını, onu valideynləri ilə nə vaxt tanış edəcəyini soruşsa da, cavabdeh müxtəlif bəhanələr tapıb cavab verməkdən qaçırdı. Bir müddətdən sonra (5 ay keçdikdə) iddiaçı cavabdehdən növbəti dəfə soruşanda ki, əgər birlikdə yaşamırıqsa, ailə həyatını qurmuruqsa, valideynlərlə tanış eləmirsənsə və valideynlərinə ümumiyyətlə nikaha daxil olduğumuzu demirsənsə nikaha daxil olmaqda məqsədin nədir, cavabdeh isə iddiaçıya bu sualın cavabı kimi nikahın saxta olmasını bildirərək onun ailə qurmaq niyyəti olmadığı və o, sırf iddiaçının ABŞ vizası (Green card) olduğu üçün onunla rəsmi nikaha daxil olduğunu etiraf etmişdir. Bu səbəbdən də həmin nikah iddiaçının qanuni hüquqlarını və maraqlarını pozduğu üçün iddiaçı qərara gəldi ki, cavabdehlə bağlanılmış nikah etibarsız sayılmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə və xx.xx.2022-ci il tarixdə teleqramla müraciət etmiş, iddia tələbinin qəbul etdiyini, ərizədə göstərilənlərin həqiqət olmasını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, iddiaçı cavabdehdən ödənilmiş dövlət rüsumunu və mediasiya xərcini tələb etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsində qeyd olunanlar həqiqətdir. Belə ki, cavabdehin nikaha daxil olmaq niyyəti olmayıb. O, iddiaçı ilə məhz ABŞ-a köçmək üçün yaxınlaşmışdır. Lakin sonradan bu məsələlər alınmadığına görə, nikahın saxta olmasının üstü açılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2021-ci il tarixdə Səadət sarayında (Bakı Nikah evi) bağlanılmış, bu barədə 1336 nömrəli qeyd icra edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində məhkəməyə bildirdi ki, o, İddiaçı birinci nikahından olan uşağının dayəsidir. Uşağın altı yaşı var və o, uşaq doğulandan onlarla birlikdə yaşayır. Cavabdeh bir dəfə görüb. Bağa qonaq gəlmişdir. Bilirdi ki, Piray onu sevir və onlar rəsmi nikaha daxil olublar. Pirayın valideynləri buna qarşı idi, İsmayılın valideynlərinin isə ümumiyyətlə xəbərləri yox idi. İsmayıl heç vaxt onlarda qalmayıb, onlar Pirayla birlikdə yaşamayıblar. Hətta toyları da olmayıb. Bir dəfə o, onların telefon danışıqlarının şahidi oldu. Piray İsmayıldan soruşurdu ki, nə vaxt onlar birlikdə yaşamağa başlayacaqlar, nə vaxt İsmayıl onu valideynləri ilə tanış edəcək. İsmayıl isə başladı qışqırmağa ki, ümumiyyətlə onunla nikaha formal olaraq green carda görə daxil olub və onun real olar Piraynan bir ailə kimi yaşamaq fikri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Ailə institutu tarixən vətəndaş cəmiyyətinin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və yüksəliş təməli sayılmışdır. Ailə hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən ittifaq kimi dəyərləndirilmişdir. Ailə bioloji, sosial və məişət funksiyalarına görə cəmiyyətin özəyi olmaqla yanaşı, hər bir normal insanın böyük sərvəti, zinəti, həyatının mənasıdır. Ailə əxlaq, mənəviyyat kimi dəyərlərin ucalığında dayanan birlikdir. Ailə institutuna dövlətin verdiyi dəyərin nəticəsidir ki, ailənin qurulmasının əsasını təşkil edən nikahın bağlanılması şərtləri Konstitusiya ilə müəyyən edilmişdir. Konstitusiyanın “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Öz əsas qayəsini Konstitusiyadan götürən ailə qanunvericiliyi ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən etmişdir. Ailə Məcəlləsinin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə qanunvericiliyinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır (Ailə Məcəlləsinin 2.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. "Nikah" və "ailə" anlayışları əlaqəli anlayışlar olsa da, onları eyniləşdirmək olmaz. Ailə üzvləri nikah və ya qohumluq əlaqələri, ümumi təsərrüfat, qarşılıqlı məsuliyyət və sosial zərurətlə birləşdirilən ər və arvad, valideynlər və uşaqlar arasında tarixən formalaşmış xüsusi münasibətlər sistemidir. Nikah isə ailənin qurulması vasitəsidir. Belə olan halda nikah ailə qurmaq məqsədi ilə bağlanmadıqda bu hüquqi nəticələr doğurmalı və nikah etibarsız hesab edilməlidir. Hazırki işin materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından cavabdehin rəsmi nikaha daxil olaraq məsələnin mahiyyətini tam dərk etməsi və real olaraq ailə qurmaq niyyətində olması görünmür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, ... tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 28.1-ci maddəsinə görə, ... etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 25-ci maddəsinin məzmunundan da göründüyü kimi, tərəflər nikaha girərkən onların hər ikisinin ailə qurmaq niyyəti olmalıdır. Hazırkı işdə isə cavabdeh rəsmi nikaha daxil olarkən ailə qurmaq niyyətinin olmamasını bildirmişdir. Tərəflər rəsmi nikaha daxil olsalar da, ər-arvad münasibətlərində olmamış, birgə təsərrüfatı idarə etməmişlər. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) akt qeydləri kitabında 1336 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-4083/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4083/2022
21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver