Məhkəmə qərarları › İş №e-2(001)-4149/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4149/2023

22.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4149/2023 22.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavadov Elçı̇ n Cəmı̇ l oğlunun cavabdeh E AND R GROUP MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işə bərpa və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehMMC-nin direktoru vəzifəsindən azad olunmağı barədə verilmiş əmr və Qərar ləğv olunaraq əvvəlki işinə qaytarılmağı, alabilmədiyi və haqqı olan rəsmi əmək haqqını 1000 AZN, Əmək Məcəlləsinin 172.5-ci bəndində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 400 AZN, ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş 1830 azn, ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiyməti 1561 azn,mediasiya prosesi üçün ödədiyi 50 azn və maddi və mənəvi zərərə görə isə 20000 azn cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, CavabdehMMC-nin baş direktoru vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə təsisçi Ramil Xanalıyev onu ƏM-nin 68.2.a bəndi ilə işdən çıxarmışdır. Bildirmək istəyir ki, Cavabdeh MMC-ni Ramil Xanalıyevlə birlikdə yaratmış və ona göstərdiyi etimad və inamın nəticəsi olaraq Ramil Xanalıyevi təsisçi kimi təqdim etmişdir. Xitamın qanunsuz olduğu bildirməklə yanaşı qeyd edir ki, 2023-cü ilin aprel ayı üzrə əmək haqqısını, xarici ezamiyyə xərclərini, əmək kitabçasını müəssisənin yeni direktoru kimi qeydiyyatdan keçmiş Ramil Xanalıyev vermir. Hətta son haqq-hesabının hesablanıb ödənilməsində qanun pozuntuları mövcuddur. Əmək kitabçası təqdim olunmadığı üçün işdən çıxarılma səbəbini də bilinmir. İşdən azad olunma haqqında nə onun ərizəsi var, nə də ki qarşı tərəfin hər hansı bir sənədi. Əmək haqqı 1000 azn olmuşdur. Pozulmuş əmək hüquqlarının araşdırılması üçün etibarnamə üzrə nümayəndəsi Pərvin Abbasov Cavabdeh MMC-nin ofisində olmuş və onun şəxsi işinin zəruri sənədlərindən çıxarışlar almışdır. Nümayəndəsi cavabdehin nümayəndələrinə bildirmişdir ki,aprel ayı üçün məzuniyyət hesablayırsınız və nə üçün aprel ayının əmək haqqısını hesablayıb ödəmirsiniz. Bu məsələ ilə bağlı DƏMX Bakı şəhər idarəsinə müraciətləri də, olub. Müfəttişlik bildirib ki, cavabdehə rəsmi müraciət olunsa da o, sənədləri təqdim etməkdən boyun qaçırır. Ona məhkəməyə müraciət etməyi və 3 cü şəxs kimi X1 iştirak etməsi izah olunub. Cavabdehə mediasiya təklifi göndərmiş, cavabdeh mediasiya prosesində iştirak etməyib və bu səbəbdən iddia müddətini buraxmadığını Məhkəmənin nəzərinə çatdırır. Etibarnamə üzrə nümayəndəsi bir neçə dəfə müəssisədə olub və müəssisə rəhbərliyi ilə məsələnin qanunvericiliyə uyğun həllini təklif edib. Lakin,müəssisə rəhbərliyi bugünədək əmək haqqını və digər ödəmələrini ödəməkdən qəsdən və bilərəkdən yayınır. Hesab edir ki,cavabdeh onu Əmək Məcəlləsinin və digər normativhüquqi aktların tələblərini pozaraq işdən çıxarıb və hətta əmlakına zərər vurduğu da, görülməkdədir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, işdən çıxarıldığı günədək müəssisədən alabilmədiyi və haqqı olan rəsmi əmək haqqını 1000 AZN, Əmək Məcəlləsinin 172.5-ci bəndində nəzərdə tutulmuş qaydada gecikdirilmiş əmək haqqının 1 faizi məbləğinə əlavəyə görə 400 AZN, ezamiyyə xərcləri üçün bir gün üçün Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş gündəlik norma 366 manat(200 avro) ,həmin ölkəyə ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiyməti 1561 təşkil edir. Ümumilikdə müəssisədən rəsmi olaraq 1000 manat əmək haqqı və gecikdirilmiş əmək haqqına görə isə Əmək Məcəlləsinin 172.5-ci bəndində nəzərdə tutulmuş qaydada 400 manat, ezamiyyə xərcləri üçün bir gün üçün Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş gündəlik norma 366 manat (200 avro), həmin ölkəyə ezamiyyətə getməyi üçün aldığı aviabiletin gediş-dönüş qiyməti 1561 manat olmaqla, alacağı vardır. Şirkətin 700000 manat kreditinə onu zamin edib və bu böyük məsuliyyətin əziyyətin, psixoloji sarsıntıların keçirdir. Onu tanıyan kim varsa hər kəsin yanında işdən çıxarılma səbəbinin oğurluq etdiyini aşkarladığını deyərək onun şərəf, ləyaqətini ləkələyib və gələcəkdəki karyerası və iş həyatını demək olar ki məhv edib. Onu bütün iş adamları, şirkət rəhbərləri qaşısında nüfuzdan salıb. Kollektiv içindəki hörməti, yaxın ətrafımın keçirdiyi stress, kollektiv arasında gözdən salınmağı məqsədi ilə barəsində Qərəzli Əmrin verilməsi onun CavabdehMMC-ni Ramil Xanalıyevə qarşı mənəvi ziyana görə təzminat tələb etməyinə əsas verir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü tarixində ondan məcburi qaydada ərizə yazmaqla işdən çıxması təkid edilmiş, lakin belə bir ərizə yazmaqdan imtina etmişdir. Bu məsələ barədə xx.xx.2023-cü il tarixində əmək müfəttişliyinə müraciət etmişdir. Həmin ayda yəni mübahisəli vaxtda işinə gedib-gəlmişdir. Aprel ayının 25-ində isə AR ƏM-nin 68.2.”a” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin nə əmək kitabçası, nə də ki, əmrin surəti ona verilməmişdir. Sonhaq hesab zaman isə 2023-cü ilin yanvar, fevral və mart ayları üzrə əmək haqqını alsa da, aprel ayı üçün nəzərdə tutulan əmək haqqını almamışdır. Həmin ərəfədə əmək müfəttişliyinə bir dəfə də, müraciət etmiş, lakin əmək müfəttişliyi cavabdehin tələb olunan sənədləri təqdim etməməsinə görə məsələyə tam münasibət bildirə bilməmişdir. Ümumiyyətlə əmək haqqı 1000 manat olmuş, tutulmalardan sonra isə 889 manat almışdır. Ezamiyyət məsələsinə münasibətdə isə qeyd etmək istəyir ki, işi ilə əlaqədar İspaniya və İsveçrədə ayaqqabı ticarətinə göə danışıqlar aparırdı. Ölkələrdən gələn dəvətlərə münasibətdə, rəhbərin əmri ilə ezam edilir, otel xərci və yox xərci şirkət tərəfindən qarşılanırdı. Lakin biletin pulu şirkətə aid edilirdi. Dəvətnamə gələn şəhərlərə dəvətnamələri və şəhər və ölkələrə giriş çıxışları məlumdur. Hətta ezamiyyətlə bağlı şirkətin əmri var. Aprel ayının 25-indən iddia verilən iyun ayına kimi 40 gün hesablamaqla cavabdehdən əmək haqqını gecikdirdiyi hər günə görə gecikmiş əmək haqqının 1 % məbləğini tələb edir. Maddi zərər hissəsində iddia ərizəsində texniki yalnışlıq olsa da, cavabdehdən 20000 manat məbləğində mənəvi zərər təqdim edir. Çünki rəhbəri onun barəsində, onu işgüzar nüfuzdan salan hərəkətlər etmişdir. Belə kimi, işdən çıxarılmasına əsas olan hal kimi, onun şirkətdən oğurluq edilməsi göstərilmişdir. Digər şirkət rəhbərləri barəsində maraqlandığı zaman onlara da, yanlış məlumat verməkdədir. Hazırki qətnamənin qəbulu ilə işə bərpa edilməsi, əslində yaranmış mübahisənin həlli üçün və ona qarşı olan ittihamların yalan olduğunu sübut etmək üçün kifayətdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, təsisçi heç bir əsas olmadan qanunsuz olaraq onu işdən azad edib. İşdən çıxarılmağı barədə əmr qanunsuzdur və əmr ləğv olunmalıdır. Belə ki, təsisçi Ramil Xanalıyev onu Əmək Məcəlləsinin 68.2.a bəndi ilə işdən çıxarmışdır. Lakin işdən çıxmaqla bağlı ərizə yazmamışdır. Cavabdeh MMC-ni o, Ramil Xanalıyevlə birlikdə yaratmış, hətta şirkətin adının baş hərfi onun adından götürülüb. İlk əvvəl şirkətin təsisçisi özü olmuş və asan imza da onda olmuşdur. Şirkət olaraq geyim sahəsi ilə məşğul olurlar. Şirkətə bu ilin mart ayında İspaniya və İsveçrədən yeni markaların gətirilməsi ilə bağlı dəvətnamələr daxil olmuşdu və o, xx.xx.2023-cü ildə artıq bileti almışdı. Bununla bağlı əmr və smeta var. Ramil Xanalıyev asan imzanı məndən aldığı üçün ezamiyyət xərclərinin-smetasının ödənişlərini icra edə bilməmişdir. Lakin biletləri aldığı üçün və həmin ərəfədə münasibətləri o qədər də pisləşmədiyi üçün xx.xx.2023-cü il tarixdə həmin ölkələrə getmişdir. Lakin qayıtdıqdan sonra Ramil Xanalıyev ona özü üçün getdiyini və heç bir ödənişin ona ödənilməyəcəyini bildirdi. Ramil Xanalıyev xx.xx.2023-cü il tarixdə ezamiyyət xərclərini ödəməmək üçün asan imzanı dəyişdirmişdir və bu səbəbdən mühasibatlıq əmək haqqını, ezamiyyət xərclərini ödəyə və bank əməliyyatlarını icra edə bilməmişdir. Ona 2023-cü ilin aprel ayının əmək haqqısı ödənilməyib. Ramil Xanalıyev 03-04 aprel 2023-cü il tarixdə ona öz xoşu ilə işdən çıxmağı bildirilsə də, razılaşmamışdır. Bundan sonra Ramil Xanalıyev onun aprel ayı üçün nəzərdə tutulan əmək haqqını ödəmədi, eyni zamanda işdən çıxarılma səbəbinin oğurluq etdiyimi aşkarlandığını deyərək onu ləkələyib işdən çıxaracağını bildirdi. xx.xx.2023-cü il tarixdə X4 Xidmətinə müraciət etmiş və onu DOST mərkəzinə dəvət edərək mərkəzdə yazılı müraciətini qəbul etdilər. Lakin ona aid olan sənədlər Cavabdeh MMC tərəfindən təqdim edilməmişdir. X4 Xidməti etdiyi müraciətlərə cavab olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətinə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsinin mümkün olmadığı bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də şikayət ərizəsi ilə müraciət etmiş, nazirlik şikayətini Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə yönləndirmişdir. Lakin Cinayət təqibindən kənar icraatlar idarəsi də Cavabdeh MMC-dən ona aid sənədləri tələb etsə də, MMC sənədlərimi təqdim etməmişlər. Dəfələrlə şikayət etməyinə baxmayaraq Cavabdeh MMC sənədlərini vermir. İşə bərpa olunacağı təqdirdə şirkətdə işlədiyi dövr ərzində yoxlamların aparılması üçün audit çağırmaq fikrindədir. X5 hər yerdə onun şirkətdən oğurluq etdiyini, bu səbəbdən işdən kənarlaşdırdığını deyir və Ramil Xanalıyev bu hərəkətləri ilə onun işgüzar nüfuzuna xələl gətirir. Ramil Xanalıyev məni tanıyan kim varsa hər kəsin yanında, alış-veriş mərkəzlərinin rəhbərlərinin yanında onun işdən çıxarılma səbəbinin oğurluq etdiyini aşkarlandığını deyərək, onu ləkələyib və gələcəkdəki karyerasını və iş həyatını məhv edib. Onu bütün iş adamlarının, şirkət rəhbərlərinin qarşısında nüfuzdan salıb. Ramil Xanalıyevə onu işə bərpa etməsini və ya mənə məxsus sənədlərimin qaytarılmasını bildirmişdir. X6 heç nə ilə razılaşmır.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Bununla belə cavabdeh hüquqi şəxsin rəhbəri olan X2 imzası ilə xx.xx.2023cü ildə elektron məhkəmə sisteminə bir neçə sənəd yerləşdirilmişdir. Həmin sənədlərin sırasında İddiaçı cəmiyyətin baş direktoru təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli əmr, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr, əmək müqaviləsinin surəti, İddiaçı direktor təyin edilməsi barədə təsisçilərin xx.xx.2021-ci il tarixli qərarı, əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş, X2 baş direktor təyin edilməsi barədə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə elektron bildiriş və.s sənədlər olmuş, lakin işçinin işdən çıxması barədə xahişini əks etdirən ərizə əlavə edilməmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-17-512-121131/2023 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı Cavabdeh MMC-dən əmək hüquqlarının pozulması bardə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, İddiaçı müraciətinə aydınlıq gətirilməsi və ona aid sənədlərin təsdiq olunmuş surətlərinin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir.

9. İddiaçı tərəfindən X4 Xidmətinə edilən xx.xx.2023-cü il tarixli müraciət vərəqindən görünür ki, İddiaçı şikayətində Cavabdeh MMC –də direktor vəzifəsində çalışdığını göstərmiş və təsisçi tərəfindən ona təzyiqlər göstərilərək, işdən çıxması üçün öz təşəbbüsü ilə ərizə yazması tələb olunur. Ona mart ayı ərzində əmək haqqı ödənilməmişdir. Bildirmişdir ki, rəsmi əmək haqqı 1000 manat qeyd edilsə də, 3500 manat ödənilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən 23 iyun 2023-cü il tarixli, 3-17-5/2-C-2338216/2023 saylı məktubunda göstərilir: müraciətinizə dair tərəfimizdən Cavabdeh MMC-nin ünvanına məktubla müraciət olunaraq, sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin tələb olunan sənədlər təqdim olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirərkən sizinlə bağlamış əmək müqaviləsi bildirişinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilməsi ilə bağlı bildirişin qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin müraciətinizdə qeyd etdiyiniz məsələlərlə əlaqədar yenidən X4 Xidmətinə verdiyiniz izahatınızda əmək haqqınızın bir qismini bank kartı vasitəsilə aldığınızı, bir qismini isə nağd formada əldən aldığınızı bildirmisiniz. Təqdim etdiyiniz əmək haqqı bank hesabınızdan çıxarışa baxış zamanı Sizə əmək müqavilənizə xitam verildiyi gün , yəni xx.xx.2023-cü il tarixində 2029 manat ödənişin olduğu müəyyən edilmişdir. Nağd formada ödənişlə bağlı isə hər hansı təsdiqedici sənədinizin olmadığını bildirmisiniz. Eyni zamandan izahatınızda əsas tələbinizin işinizə bərpa edilməyiniz, 2023-cü il aprel ayı üzrə ödənməmiş əmək haqqınızın, ezamiyyə haqqınızın ödənilməsi və əmək kitabçanızın təhvil verilməli olduğunu bildirmisiniz. İzahatınıza əlavə etdiyiniz xidmət haqqının hesablanması cədvəllərinə baxış zamanı sənədlərdə müəssisəyə aid möhür və imza olmadığı üçün həmin sənədləri təsdiqedici sənəd kimi qəbul etmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Sahibkarlıq sahəsində aparılan yoxlamalarında dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respubliksı ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024cü il tarixinədək dayandırıldığından müraciətinizdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən tələb olunan sənədlərin təqdim olunması üzrə tədbir görülməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmişdir. Sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılaraq, cavab veriləcəkdir. Bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarından biri olduğunu nəzərə alaraq, yenidən əvvəlki işinizə bərpa olunmağınız ilə əlaqədar işəgötürənə müraciət etməyinz tövsiyyə olunur. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.

11. Bakı 12 saylı Mediasiya Şurası tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00522 saylı ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixində göndərilmiş, Cavabdeh MMC mediasiyada iştirak etməmiş, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

12. Cavabdeh MMC-nin təsisçisi X3 tərəfindən verilən 01/21-K seriyalı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı cəmiyyətə xx.xx.2021-ci il tarixdən Baş direktor vəzifəsinə təyin edilməsi, əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilməsi, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılması əmr edilmişdir. Əmrin əsası kimi təsisçinin qərarı və İddiaçı ilə Cəmiyyət arasında bağlanmış əmək müqaviləsi göstərilmişdir.

13. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əsas baş direktor vəzifəsinə təyin edilmiş, işçinin işə başlama tarixi xx.xx.2021-ci il olaraq göstərilmiş, əmək haqqı məbləği hər ay 1000 manat qeyd edilmişdir.

14. Cavabdeh MMC-nin təsisçisinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direkto vəzifəsinə İddiaçı təyin edilmişdir.

15. Cavabdeh MMC-nin direktoru X3 tərəfindən verilən xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında 83 saylı əmrdən görünür ki, Cavabdeh MMC bölməsində “baş direktor” vəzifəsində işləyən İddiaçı Cəmil oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 41 məzuniyyət gününün son haqq-hesabınının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işinin əmək kitabçasında lazımi qeydlər aparılaraq, özünə təhvil verilməsi əmr edilmişdir.

16. Xitam haqqının hesablanması cədvəlindən görünür ki, İddiaçınna çataq son haqq-hesab məbləği 1286,87 qəpik kimi hesablanmışdır. Hesablama zamanı 2023-cü ilin İ, İİ və İİİ ayları nəzərə alınmışdır.

17. Əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR ƏM-nin 68.2 “a” bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2021-ci il tarixinə aiddir.

18. İsveçrənin “Tally Weijl” Trending AG tərəfinən göndərilən xx.xx.2023-c üil tarixli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi kimi İsveçrəyə işgüzar səfərə dəvət edilmişdir.

19. İspaniyanın Menbur S.A şirkətindən gələbn xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi kimi Granadaya işgüzar səfərə dəvət edilmişdir.

20. Cavabdeh MMC-nin baş direktoru İddiaçı tərəfindən verilən xx.xx.2023-cü il tarixli 69 saylı direktorun xidməti ezamiyyətə getməsi haqqında ezam əmrindən görünür ki, İsveçrə Konfidrasiyasına və İspanya Krallığına xx.xx.2023 və xx.xx.2023-cü il tarixində daxil olmuş dəvətlə əlaqədar zərurət yarandığından Cavabdeh MMC-nin baş direktoru İddiaçı xx.xx.2023-cü il tarixində daxil olmuş məktuba əsasən iş ilə əlaqədar zərurət yarandığından xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 təqvim günü müddətində Bazel Viaduktstrasse 42 A, 54051 Tally Weijl kampusunda keçiriləcək görüşə ezam olunması, mühasibatlıq ezamiyyə xərclərinin smetasına uyğun olaraq direktora avans pulunun ödənilməsinin həyata keçirilməsi və s. əmr edilmişdir.

21. xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X3 xx.xx.2023-cü il tarixindən Cavabdeh MMC-də əmək müaviləsi üzrə müddətsiz olaraq direktor vəzifəsində çalışır və aylıq əmək haqqı 600 manatdır.

22. Kart vasitəsilə edilən ödənişə dair qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixində hava limanı kateqoriyası üzrə 1718,81 manat ödəniş edilmişdir.

23. İddiaçı adına olan **********471 saylı aviabiletdən görünür ki, bilet xx.xx.2023cü il tarixində Bakıdan-İstanbula, İstanbuldan isə Madrid Barjasa uçuş üçün alınmışdır.

24. İddiaçı adına olan aviabiletdən görünür ki, bilet xx.xx.2023-cü il tarixində İspaniyanın Madrid şəhərindən İsveçrənin Zürih şəhərinə uçuş üçün alınmışdır. 1 nəfərlik biletə görə 153.38 avro ödəniş edilmişdir.

25. İddiaçı adına olan **********088 saylı aviabiletdən görünür ki, bilet 14 aprel 2023-cü il tarixində Zürih şəhərindən Varşava şəhəri, Varşavadan isə Bakı şəhərinə dönüş üçün alınmışdır. Bilet üçün tək nəfərə 248.50 dollar ödəniş edilmişdir.

26. İddiaçı məxsus xarici pasporta vurulmuş ştampdan görünür ki, sonuncu xx.xx.2023-cü il tarixində Madrid-Barjas istiqamətinə ölkəyə girşi etmiş, xx.xx.2023-cü il tarixində Varşavadan çıxmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

27. İddiaçı xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC-də baş direktor vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqı 1000 manat, əmək müqaviləsi müddətsiz olmuşdur.

28. 2023-cü ilin aprel ayında direktor kimi İddiaçı təsisçi X3 arasında münasibətlərinin gərginləşdiyi dövrdən işəgötürən tərəfindən ona öz ərizəsi ilə işdən çıxması təklif edilmiş, təklif işçi-İddiaçı tərəfindən qəbul edilməmişdir. İşçi tərəfindən təzyiqlərlə bağlı Əmək Müfəttişliyinə müraciət edilmişdir. Daha sonra işəgötürənin xx.xx.2023-cü il tarixli, 83 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə “AR ƏM-nin 68.2. “a” – tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xitam verilmişdir.

29. Hazırda iddiaçı iddia edir ki, işdən çıxmaqla bağlı işəgötürənə müraciəti olmamış, ona bu barədə xəbərdarlıq edilmədən, əmək müqaviləsinə təsisçinin qərəzli mövqeyi və öz istəyi ilə əsassız yerə xitam verilmiş, əmək kitabçası ona təqdim edilməmiş, aprel ayı üçün ödənilməli olan 1000 manatlıq əmək haqqı ödənilməmiş, son haqq-hesab zamanı nəzərə alınmamışdır.

30. Digər tərəfdən direktoru olduğu şirkətin nümayəndəsi kimi bir neçə xarici dövlətlərdən işgüzar səfərlə bağlı dəvət almış, işdən çıxmamışdan əvvəl həmin səfərlərə görə işəgötürənlə mübahisə olmadığı dövrdə yəni xx.xx.2023-cü il tarixində aviabiletləri almış və aidiyyəti ölkələrə səfərləri olmuşdur. Biletin dəyərini və rəsmi səfərlərini iş materiallarına əlavə etdiyi sənədlərlə, səfəri şəxsi məqsədlər üçün etmədiyini isə iş materiallarında olan dəvət məktubları sübut etməyə çalışır.

31. Cavabdehə isə məhkəmə iclaslarında iştirak etməsi barədə dəfələrlə bildiriş göndərilmiş və işdən çıxarılma barədə əmrin verilməsinə əsas olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndəsi vasitəsilə elektron sistemə sənədlər yükləmiş və həmin sənədlərin arasında işçinin işdən çıxmaq barədə ərizəsi olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

32. Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

33. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

34. 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları belədir: a) əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

36. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

37. 300.1-ci maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

38. İddia ərizəsindən də məlum olduğu kimi iddiaçının cavabdehə qarşı bir neçə tələbi var. Bunlar: 1) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi; 2) işlədiyi 2023-cü ilin aprel ayı üçün ödənilməyən əmək haqqı; 3) Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən ödənilməyən əmək haqqına görə gecikdirilmiş müddət üçün 1 faiz məbləğində ödənc 4) ezamiyyət xərcləri ilə bağlı ödənilməyən 1830 manat vəsaitin tutulması, 5) ezamiyyətlə bağlı səfərə getməyi üçün ödənilməyən təyyarə biletlərinin əvəzi qismində 1561 manat vəsaitin tutulması, 6) mənəvi zərərə görə 20000 azn məbləğində pulun cavabdehdən tutulması.

39. 1-ci tələblə bağlı qeyd aşağıdakıların qeyd edilməsini zəruri hesab edirəm.

40. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülki məcəllənin tələbinə uyğun olaraq baş direktor təyin edilsə də, tərəflər arasında münasibətlər əmək məcəlləsinin tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Belə ki, cavabdehin təsisçisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Cavabdeh MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilsə də, həmin tarixli əmrlə və əmək müqaviləsi ilə İddiaçı direktor vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsindən irəli gələn əmək münasibətləri yaranmışdır. Bundan əlavə Cavabdeh MMC-nin direktoru X3 xx.xx.2023-cü il tarixdə 83 nömrəli əmr qəbul etmiş və təsisçinin qərarına istinad edərək Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh MMC-də baş direktor vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Yəni cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmr də əmək qanunvericiliyinə əsaslanaraq qəbul edilmişdir. Hansı ki, Əmək Məcəlləsinin 68.2(a) maddəsi tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxarılmanın ümumi əsaslarını müəyyən etməklə, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi çıxış etmir. İddiaçı isə ümumi əsasa istinad etməklə, Mülki Məcəllənin tələblərinə əsaslanaraq tərəflər arasında olan əmək münasibətlərinə xitam vermişdir. Halbuki əmək qanunvericiliyinin tələbinə əsasən tərəflərdən birinin təşəbbüsü dedikdə, burada əmək müqaviləsinin işçi tərəfindən ləğvi ( ƏM 69-cu maddəsi) və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi (ƏM 70-ci maddəsi) nəzərdə tutulmuşdur. Bununla belə tərəflər Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında əmək münasibətlərinə xitam verə bilərlər.

41. Lakin cavabdehdən dəfələrlə işdən çıxarma barədə sənədlərin təqdim edilməsi tələb edilsə də, o, nə təsisçinin və ya ümumi yığıncağın qərarını, nə tərəflərin qarşılıqlı razılığı barədə sənədləri, nə işçinin işdən çıxmaq barədə ərizəsini məhkəməyə təqdim etmişdir.

42. Halbuki işdən çıxma barədə əmr əsaslandırılmalı olduğu halda, cavabdeh tarixi və nömrəsi qeyd olunmayan naməlum qərara istinad etməklə mülki hüquq münasibətlərinə əsaslanaraq əmək müqaviləsinə xitam verilmə barədə əmr qəbul etmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində qeyd edilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

43. Göstərilənlərə görə hesab edirəm ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilməli və Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir.

44. 2-ci tələb üzrə isə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, işçiyə 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətdə əmək haqqı ödənilməmişdir.Belə ki, son haqq hesabın hesabatından görünür ki, işçiyə son haqq-hesab ödənilən zaman 2023-cü ilin tam işlədiyi yanvar, fevral və mart ayları nəzərə alınsa da, 25 gün işlədiyi aprel ayı nəzərə alınmamışdir. Halbuki işçinin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Odur ki, işçiyə 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə ödənilməyən əmək haqqı cavabdehdən tutulmalıdır. Bunun davamı olaraq iddiaçının məhkəməyə müraciət edildiyi tarixədək, tələbinə əsasən konkret olaraq 40 gün müddətində gecikdirilmiş vaxt üçün ödənilməyən əmək haqqının 1 faizi məbləğində ödənc verilməsi barədə tələbi də əsaslı hesab edilməlidir.

45. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin dispozisiya şərtləri iddiaçının tələbinin faktiki əsası ilə uzlaşır.

46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

47. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

48. 178-ci maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

49. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərilir işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

50. Odur ki, cavabdehdən 2023-cü ilin aprel ayı üçün(25 gün üçün) ödənilməyən əmək haqqının 40 faizi miqdarında pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

51. Ezamiyyə xərclərinin ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmənin mövqeyi:

52. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli qərarından görünür ki, İsveçrə üçün bir günlük ezamiyyə xərci 210, İspaniya üçün 200 avrodur.

53. İddiaçı ezamiyyə xərci kimi 1830 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Belə ki, sadalanan iş materiallarından göründüyü kimi işəgötürənin(hansı ki, həmin müddətdə iddiaçının özü baş direktor vəzifəsini mübahisəsiz qaydada icra etmişdir) xx.xx.2023-cü il tarixli, 69 saylı əmri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 5 təqvim günü müddətinə İsveçrədə keçiriləcək görüşə ezam olunmuşdur. Həmin əmrə əsasən isə ezamiyyə xərclərinin işçiyə ödənilməsi nəzərdə tutulmuşdur.

54. Necə ki, iddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində Bakı-İstanbul-Madrid reysi ilə uçmuş, xx.xx.2023-cü il tarixində isə Zürih-Varşava-Bakı reysi ilə ölkəyə qayıtmışdır. Ezamiyyətdə olduğu 5 təqvim günü üçün İsveçrədə olması nəzərə alınarsa, ((bir günlük normaya görə 210 avro x 5) =1050 avro (1894,54 manat hazırki məzənnə ilə)) iddiaçının ezamiyyə xərclərinə görə 1830 manat məbləğində tələbi əsaslı sayılmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbi ilə bağlıdır və hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 218.3).

55. Biletlər üçün iddiaçının çəkdiyi xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinə münasibətdə məhkəmənin mövqeyi:

56. İddiaçı tələbində ezamiyyətə getməsi ilə bağlı təyyarə biletlərinə görə şəxsi vəsaitindən ödədiyi 1561 manat məbləğində pulun tutulmasını istəyir.

57. İşin müəyyən edilən hallarından da göründüyü kimi iddiaçı tərəfindən Bakı- İstanbul-Madris reysi üçün təyyarə biletinə görə 860 manat, Zürih-Varşava-Bakı reysi üçün təyyarə biletlərinə görə 153.38 avro və 248,50 abş dolları ödənilmişdir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfindən ödənilmiş həmin vəsait cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmin vəsait ödəniş anının məzənnəsinə uyğun olaraq 1561 manat təşkil edir. Məhkəmə bu məqamda da iddia tələbindən kənara çıxılmasının yol verilməzliyini diqqətə almışdır.

58. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini məhkəmə əsassız hesab edir.

59. Belə ki, iddiaçı onun barəsində işgüzar nüfuzunu ləkələyən məlumatlar yayıldığına və bunu müəssinin təsisçisi tərəfindən edildiyinə istinad etsə də, nə həmin şəxsə qarşı iddia qaldırmış, nə də istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir.

60. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

61. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Tətbiq edilən prosessual normalar:

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

63. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

64. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

65. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:

67. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 83 saylı əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdeh MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməli, 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə ödənilməyən əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödnilməli, cavabdehdən 2023-cü ilin aprel ayı üçün(25 gün üçün) ödənilməyən əmək haqqının 40 faizi miqdarında pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, o cümlədən ezamiyyə xərclərinə görə 1830 manat, alınan biletlərə görə 1561 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

68. Həmçinin 50 manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

69. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

70. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli, 83 saylı əmri ləğv edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilsin. 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə(25 gün) ödənilməyən əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 2023-cü ilin aprel ayı üçün(25 günə görə) ödənilməyən əmək haqqının 40(qırx) faizi miqdarında pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ezamiyyə xərclərinə görə 1830(bir min səkkiz yüz otuz) manat, yol xərclərinə görə 1561(bir min beş yüz altmış bir) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar