Məhkəmə qərarları › İş №e-2(001)-415/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-415/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-415/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Mahal MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Mahal MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2019-cu il tarixli, 201 nömrəli müqavilənin şərtlərinə əsasən Mahal MTK ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m təşkil edən 2 otaqdan ibarət 1 nömrəli mənzilini 126264 manat, xx.xx.2019-cu il tarixli, 202 nömrəli müqavilənin şərtlərinə əsasən isə ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m təşkil edən 2 otaqdan ibarət 3 nömrəli mənzilin 122820 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə dair mülkiyyət hüququnu əldə edir. Buna baxmayaraq, iddiaçının müqavilələr ilə istifadəsinə verilən mənzillərinə Mahal MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir, mənzillərin təmiri üçün alınan xammal isə yararsız vəziyyətə düşür və iddiaçı ailəsi ilə birgə həmin mənzilləri yaşayış üçün istifadə edə bilmir. Faktiki olaraq qarşı tərəf müqavilə üzrə öz öhdəliklərinin icrasından yayınmaqla bərabər iddiaçının istifadə və sahiblik hüququnu həyata keçirə bilməsi üçün maneələr yaradır. Bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzillərin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını iddiaçı xahiş etsə də bununla bağlı heç bir tədbir görülməmişdir. Ona görə də ünvan 3 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m təşkil edən 2 otaqdan ibarət 1 nömrəli mənzilin və ünvan 4 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilin Mahal MTK tərəfindən iddiaçıya təhvil verilməsinə, qeyd olunan mənzillərə iddiaçının sahiblik və istifadə hüququna dair Mahal MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, həmin mənzillərdə təmir işlərinin aparılmasına Mahal MTK və digər şəxslər tərəfindən maneə yaradılmasının qadağan olunmasına, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunmasına, cavabdehin üzərinə iddiaçının liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulmasına, həmin mənzillərə su, elektrik enerjisinin, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mahal MTK-nın nümayəndəsi və vəkili Vəkil2 Əlsəfər oğlunun məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.metr sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzillər İddiaçı faktiki olaraq Mahal MTK tərəfindən satılmamışdır. Həmin mənzillər Saleh Abdullayev adlı şəxsə Mahal MTK üçün müəyyən işlərin görülməsi müqavilində təminat olaraq verilmişdir. Belə ki, Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası X12 MTK-ya yaşayış binalarınm tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi, qulluq mövqeyindən istifadə etməklə nüfuzlu şəxslərlə MTK rəhbərini tanış etmək və onların MTK-ya havadarlıq etməsini təşkil etmək müqabilində MTK tərəfindən inşa olunan ünvan 3 ünvanında, 16-cı mərtəbədə yerləşən, 100,42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 4 ünvanında, 13-cü mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili X1 adına, ünvan 5 ünvanında, 8-ci mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 3 ünvanında, 15-ci mərtəbədə yerləşən 100,42 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 6 ünvanında inşa edilən yaşayış binasında, 12-cı mərtəbədə (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət mənzili X2 adına, ünvan 4 ünvanında, 14-cü mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 3 ünvanında 14-cü mərtəbədə yerləşən 105,22 kv.metrdən ibarət 2 otaqlı mənzili İddiaçı adına, ünvan 4 ünvanında 15-ci mərtəbədə yerləşən 102,35 kv.metrdən ibarət 2 otaqlı mənzili, ünvan 3 ünvanında, 16-cı mərtəbədə yerləşən 105,22 kv.metrdən ibarət 2 otaqlı mənzili və ünvan 6 ünvanında 12-ci mərtəbədə yerləşən 184,73 kv.metrdən ibarət 4 otaqlı mənzili nəvəsi X5 adına, ünvan 7 ünvanında 12-ci mərtəbədə yerləşən 64,61 kv.metrdən ibarət 1 otaqlı mənzili sürücüsü Heydər Məmmədovun anası X6 adma rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər (sürücü xaric) Saleh Abdullayevin yaxın qohumlarıdır. Yuxarıda qeyd olunan mənzillərə dair müqavilələr tərtib olunduqdan sonra Saleh Abdullayevin sürücüsü Heydər Məmmədov tərəfindən Mahar MTK-ya məxsus ofisdən götürülmüşdür. Yuxarıda qeyd olunan, adlarına mənzil rəsmiləşdirilmiş şəxslərdən heç biri Mahal MTK-nın ofisinə gəlməmiş və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələri Saleh Abdullayev tərəfindən MTK-ya təqdim olunmuş və adlarına rəsmiləşdirilən müqavilələr isə Saleh Abdullayevin sürücüsü olan Heydər Məmmədov tərəfindən götürülmüşdür. Bu günə qədər də həmin müqavilələrin MTK-ya çatan nüsxələri MTK-ya ümumiyyətlə təqdim olunmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqabilində MTKya heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə MTK-ya hər hansı bir vəsait ödənilməmişdir. Saleh Abdullayevin həmin mənzilləri öz adına deyil, qohum, tanışlarının adlarına keçirməkdə niyyəti gələcəkdə həmin mənzilləri ələ keçirməkdən ibarət olmuşdur. Bu hal Saleh Abdullayev tərəfindən MTK-nın etibarından suistifadə kimi qiymətləndilir. Bu səbəbdən də yuxarıda adları qeyd olunan şəxslərlə bağlanmış sözügedən müqavilələrin və ona əlavə olunmuş sənədlərin 5 iş günü ərzində Mahal MTK-ya təhvil verilməsi və həmin müqavilələrin ləğvi ilə bağlı sənədləşmə işlərinin aparılmasında şəxsən iştirak edilməsi adlarına mənzillər olan şəxslərdən və Saleh Abdullayevdən tələb olunmuş, bu barədə həmin şəxslərə xəbərdarlıq məktubları da ünvanlanmışdır. Bu məktublardan sonra həmin mənzillərdən yalnız ikisinə, X4 və X7 (nəvəsi) aid sənədlər MTK-ya geri qaytarılmış və həmin mənzillərə görə müvafiq imtina ərizələri və etibarnamələr verilmişdir. Lakin qalan mənzillərə dair sənədlər dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq geri qaytarılmamışdır. Bu məsələnin həlli ilə bağlı Mahal MTK-nın sədr müavini Qəhrəman Rəhimov 2020-ci ilin may ayının ortalarında Saleh Abdullayevin oğlu, o zaman Şirvan şəhərinin Prokuroru olan X11 şəhərində görüşmüş məsələnin ciddiliyini Natiq Abdullayevin nəzərinə çatdırmış və bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Çünki yuxarıda qeyd olunan mənzillərdən üç mənzil məhz Natiq Abdullayevin oğlu və Saleh Abdullayevin nəvəsi olan Orxan Abdullayevin adına rəsmiləşdirilmişdir. Bu görüşdən sonra X12 MTK-ın rəhbərliyinə zəng edərək iki həftə ərzində məsələnin öz həllini tapacağını bildirmiş və mənzillərə dair müqavilələrin, digər sənədlərin MTK-ya təhvil veriləcəyinə vəd vermişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Saleh Abdullayev öz vədinə əməl etməmiş, dəfərlə telefonla edilmiş zənglərə, xəbərdarlıqlara məhəl qoymayaraq müxtəlif bəhanələr gətirməklə hər dəfə görüşlərdən yayınmışdır. 2021-ci ilin iyul ayında MTK rəhbərliyi Natiq Abdullayevlə görüşmüş, həmçinin xx.xx.2021-ci il tarixdə telefonla əlaqə saxlayaraq bu məsələnin tez bir zamanda həll olunmasını xahiş etmişdir. Natiq Abdullayev tərəfindən bildirilmişdir ki, atası Saleh Abdullayevlə bu məsələnin həlli ilə bağlı söhbət aparıb məsələnin müsbət həll olunmasına nail olacaqdır. Lakin artıq xeyli vaxt keçməsinə baxmayaraq nə Natiq Abdullayev tərəfindən, nə də, Saleh Abdullayev tərəfindən məsələnin həlli istiqamətində heç bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalaraq baş prokurorluğun idarə rəisi olan Natiq Abdullayevə xx.xx.2021-ci il tarixdə məktub ünvanlanaraq məsələnin ciddiliyi bir daha onun nəzərinə çatdırılmışdır. Lakin bu günədək həmin məktuba da heç bir reaksiya verilməmişdir. Saleh Abdullayevin və oğlu Natiq Abdullayevin bu əməlləri nəticəsində MTK-ya təxminən ******* manat məbləğində ziyan vurulmuşdur. Mahal MTK tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə şikayət ərizəsi ünvanlanaraq Mahal MTK-ya vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün köməklik göstərilməsi, Saleh Abdullayev və onun oğlu Natiq Abdullayev barəsində ciddi şəkildə qanunamüvafıq tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin şikayət ərizəsi hal-hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır. Sadalanan işin faktiki hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyinə əsasən iddiaçı ilə cavabdeh Mahal MTK arasında bağlanmış mənzillərə dair müqavilələr etibarlı əqdlər hesab oluna bilməz. Ona görə də İddiaçı cavabdeh Mahal MTKya qarşı Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.metr sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzillərə sahiblik və istifadə hüququna dair Mahal MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təmir işlərinin aparılmasına Mahal MTK tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavadehə qadağan olunması barədə iddia tələblərinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh Mahal MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Mahal MTK məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Mahal MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mahal MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 201 saylı yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, payçı Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 8 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 105,22 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən 2 otaqdan ibarət, 1 nömrəli mənzilin 126264 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Müqavilənin 1.2-ci bəndindən müəyyən olunur ki, kooperativ pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını payçıya təqdim edir. Müqavilənin 1.3-cü bəndindən müəyyən olunur ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 4 M14 m1 saylı ümumi sahəsi 105,22 m2 olan mənzilə dair daşınmaz əmlak üzərindəki huquq daşınmaz əmlakın dövlət reyestrində 3166 nömrəli reyestr kitabının 295585 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qabaqcadan qeydiyyata alınmışdır. Mahal MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 202 saylı yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında müqavilənin 1.1.-ci bəndindən müəyyən olunur ki, payçı Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, 102,35 kv.metr (ümumi sahəyə mənzilin daxili divarları tam, çöl divarlarının isə 50% hissəsi daxildir) təşkil edən 2 otaqdan ibarət, 3 nömrəli mənzilin 122820 manat təşkil edən pay dəyərini kooperativə tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 6 M14 m3 saylı ümumi sahəsi 102,35 m2 olan mənzilə dair daşınmaz əmlak üzərindəki huquq daşınmaz əmlakın dövlət reyestrində 3159 nömrəli reyestr kitabının 295005 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına qabaqcadan qeydiyyata alınmışdır. İddiaçı Mahal MTK-ya xx.xx.2022-ci il tarixdə ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət rüyestrində qeydə alınan Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 105,22 kv.m sahəsi olan 2 otaqdan ibarət 1 saylı və sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 saylı mənzillərə 3 gün ərzində onun daxil olmasına və orada hər hansı təmir-bərpa işlərinin görülməsinə Mahal MTK tərəfindən qoyulmuş məhdudiyyətin dərhal aradan qaldırılmasını və mülkiyyətində olan mənzillərə münasibətdə istifadə hüquqlarının bərpa edilməsini və mənzillərin ona təhvil verilməsini tələb etmişdir. Mahal MTK-ın İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 66 saylı, xx.xx.2021-ci il tarixli 78 saylı, xx.xx.2022-ci il tarixli 31 saylı və xx.xx.2022-ci il tarixli 15 saylı xəbərdarlıqlarının surətindən müəyyən olunur ki, MTK ərizəsində qeyd etdiyi mənzillərə dair müqavilələr MTK-ya təhvil verilmədiyi və müqavilənin ləğvi barədə prosedurlar iştirakı ilə həyata keçirilmədiyi təqdirdə müqavilələrin etibarsızlığı və Mahal MTK-ya vurulmuş ziyanla bağlı müvafiq məhkəmə və hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlanacağı barədə İddiaçı xəbərdar etmişdir. Mahal MTK-ın X3 ünvanladığı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli 25 saylı və xx.xx.2022-ci il tarixli 35 saylı xəbərdarlıqlarının surətindən müəyyən olunur ki, qısa zaman ərzində Bakı şəhəri S.Bəhlulzadə küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasında yerləşən mənzillərə dair müqavilələr MTK-ya təhvil verilmədiyi və müqavilənin ləğvi barədə prosedurlar iştirakları ilə həyata keçirilmədiyi təqdirdə müqavilələrin etibarsızlığı və Mahal MTK-ya vurulmuş ziyanla bağlı müvafiq məhkəmə və hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlanacağı barədə S.N.Abdullayev xəbərdar etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/250 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Mahal MTK və İddiaçı adlarından olan xx.xx.2019-cu il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 201 saylı müqavilədə və xx.xx.2019-cu il tarixli yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 202 saylı müqavilədə İddiaçı yazılarından aşağıdakı imzalar İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mahal MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 201 saylı və xx.xx.2019-cu il tarixli 202 saylı müqavilələrə əsasən MTK Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında ünvan 8 ünvanında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən, sahəsi 105,22 kv.metr olan 2 otaqdan ibarət, 1 nömrəli mənzilini və ünvan 2 ünvanında inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində sahəsi 102,35 kv.metr olan 2 otaqdan ibarət, 3 nömrəli mənzilini pay dəyərini tam ödədikdən sonra İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddia tələblərinə qarşı etirazında iddiaçı ilə bağlanan müqavilələrin əhəmiyyətsiz əqd olmasını bildirsə də, məhkəmə araşdırması zamanı etirazında istinad etdiyi halları sübuta yetirə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin özünün tərtib etdiyi xəbərdarlıqları, müraciətləri, iddiaçıya və iddia ərizəsində tələb olunan mənzillərə dair hər hansı bir məlumatı özündə əks etdirməyən səs yazılarını əqlərin etibarsız olması qənaətinə gəlmək üçün mötəbər sübut növü olaraq qəbul etmir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilələr üzrə ödənişlərin aparılmamasına dair dəlilinə münasibət bildirib qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələrin 1.2-ci bəndlərinə əsasən, pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədlərin, o cümlədən də maliyyə arayışının payçıya təqdim edilməsi MTK-ın vəzifəsi olaraq müəyyən edilmişdir. İddiaçının bağladığı hər bir müqavilə üzrə aldığı mənzilə dair mülkiyyət hüquqlarının xx.xx.2019-cu il tarixdə DƏDRX-də qabaqcadan qeydiyyata alınması faktı məhkəməyə iddiaçının müqavilə üzrə öhdəliklərini icra etməsinə, yəni aldığı əmlakların dəyərini tam ödəməsi qənaətinə gəlməyə əsas verir. Ona görə də məhkəmə cavabdehin iddia tələblərinə qarşı etirazını əsassız hesab edib qəbul etmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 201 saylı və xx.xx.2019-cu il tarixli 202 saylı etibarlı əqdlər üzrə cavabdehin öhdəliklərini icra etməməsi, yəni mənzilləri faktiki olaraq iddiaçıya təhvil verməmklə yanaşı onun həmin mənzillərə sahiblik, istifadə hüquqlarına maneələr yaratması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbləri əsaslıdır, ona görə də tam həcmdə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. ünvan 8 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m. olan 2 otaqdan ibarət 1 nömrəli mənzilin və ünvan 2 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Mahal MTK-ya həvalə edilsin. ünvan 8 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m. olan 2 otaqdan ibarət 1 nömrəli mənzilə və ünvan 2 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilə dair İddiaçı sahiblik və istifadə hüququna yaratdığı manelərin aradan qaldırması vəzifəsi Mahal MTK-ya həvalə edilsin. ünvan 8 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m. olan 2 otaqdan ibarət 1 nömrəli mənzilində və ünvan 2 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilində İddiaçı tərəfindən təmir işlərinin aparılmasına Mahal MTK və digər şəxslər tərəfindən maneələr yaradılması qadağan edilsin. ünvan 8 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m. olan 2 otaqdan ibarət 1 nömrəli mənzilinə və ünvan 2 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilinə İddiaçı müəyyən etdiyi 3-cü şəxslərin daxil olmasına maneə yaradılması Mahal MTK-ya qadağan edilsin. İddiaçı liftdən istifadə etməsinə şərait yaratması vəzifəsi Mahal MTK-ya həvalə edilsin. ünvan 8 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 105,22 kv.m. olan 2 otaqdan ibarət 1 nömrəli mənzilinə və ünvan 2 üvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində (yaşayışın 12-ci mərtəbəsi) yerləşən sahəsi 102,35 kv.m olan 2 otaqdan ibarət 3 nömrəli mənzilinə suyun, elektrik enerjisinin, təbii qazın verilməsinin dayandırılması Mahal MTK-ya qadağan edilsin. Mahal MTK-dan ekspertiza tədqiqatının dəyərinə görə 140 manat dövlət nəfinə tutulsun. Mahal MTK-dan dövlət rüsumuna görə 100 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar