Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4184/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair (Açar sözlər: əmək müqaviləsi, ləğv, məcburi iş buraxma, əmək haqqı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında 11/3-1-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsinə işə bərpa edilməsi, iddiaçının əmək müqaviləsinə xitam verildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləməyə başlamışdır. İddiaçı ilə cavabdeh arasında müvafiq əmək müqaviləsi bağlansa da, həmin müqavilənin nüsxəsi iddiaçıya təqdim edilməmişdir. İşlədiyi dövrdə əmək funksiyalarının icrasında və ya öhdəliklərinin yerinə yetirilməsində hər hansı bir pozuntuya yol verməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuş əmək vəzifələrinin kobud pozuntularını törətməmişdir. Bununla belə iddiaçıya 2024-cü ilin aprel ayının əvvəllərində cavabdehin nümayəndəsi tərəfindən şifahi olaraq məlumat verilmişdir ki, o Əmək Məcəlləsinin “ç” bəndinə uyğun olaraq işdən azad olunur, onunla əmək müqaviləsinə xitam verilir və o artıq iş yerinə gəlməməlidir. İddiaçı şifahi şəkildə işdən çıxarılmasının səbəbləri barədə sual versə də, ona aydın və dəqiq heç bir cavab verilməmiş, onun adının hansısa siyahıda olması ilə əlaqədar işdən çıxarıldğı bildirilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr, eyni zamanda əmək kitabçası ona təqdim edilməmiş, ona son haqq-hesab ödənilməmişdir. İddiaçının faktiki olaraq hüquqları pozulduğundan o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə və cavabdehə müvafiq ərizələrlə müraciət etmiş, hüquqlarının qorunması üçün müvafiq tədbirlərin görülməsini, cavabdehdən eyni zamanda onunla əmək müqaviləsinə xitam verilməsinin səbəblərinin izah edilməsini, həmçinin müvafiq əmrin surətinin göndərilməsini xahiş etmişdir. X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçının ərizəsi əsasında araşdırma aparılmaqdadır və izahatının alınması məqsədilə X8 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə dəvət olunur. İddiaçı məktubun alınmasından qısa müddət sonra qeyd edilən regional şöbəyə gedərək yazılı izahatını vermiş, onun hüquqlarının pozulmasını, əmək müqaviləsinin nüsxəsinin ona təqdim edilmədiyini, həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin də verilmədiyini, ümumiyyətlə hansı səbəb və əsaslara görə işdən məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq azad edilməsinin ona məlum olmadığını bildirmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti göndərilmiş və yalnız bundan sonra iddiaçıya məlum olmuşdur ki, onun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli əmr verilmiş, həmin əmrə əsas idarə həmkarlar təşkilatının qərarı, idarə işçiləri tərəfindən tərtib olunmuş akt və kadrlar şöbəsinin məlumatı olmuşdur. Lakin həmin sənədlərin surəti əlavə edilmədiyindən iddiaçıya onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin verilməsi əsasları və səbəbləri qeyrimüəyyən olaraq qalmışdır. Digər tərəfdən iddiaçının idarə həmkarlar ittifaqının qərarından, idarə işçilərinin tərtib etdiyi aktdan heç bir məlumatı olmamış, ona hər hansı bir irad bildirilməmiş, həmin qərar və aktın tərtib edilməsi zamanı onun iştirakı olmamışdır. Əmrin surətindən görünür ki, cavabdeh Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə yanaşı Məcəllənin 72-cimaddəsinin “c” bəndinə istinad etmişdir. Hesab edir ki, cavabdehin 11/3-1- 112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçı işə bərpa olunmalı və ona əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən işə bərpa edilən tarixə qədər məcburi iş buraxma dövrü üçün əmək haqqıməbləğləri hesablanaraq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğu üçün əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçının işə bərpa olunması təmin edilməli, iddiaçıya işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı ödənilməlidir. Bundan başqa, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş vəsait də cavabdehdən alınaraq ona ödənilməlidir. Belə ki, iddiaçı qanunsuz olaraq işdən çıxarıldığı üçün mediasiyaya və məhkəməyə müraciət etməli və buna görə lüzumsuz yerə xərc çəkməli olmuşdur. İddiaçı cavabdehə qarşı “Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi tələbi” ilə mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MSB/2-0543/2024 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, uzun illərdir sürücü kimi fəaliyyət göstərmiş, əmək intizamı qaydalarına əməl etmişdir. Barəsində cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə olan töhmətlə bağlı olan əmr yalnız onun tərəfindən tək icra edilmiş hərəkət nəticəsində deyil, bütün əməkdaşlar həmin gün işə çıxmaqdan imtina etdiyi üçün olub. Ümumilikdə istifadəsində olan yük avtomobildə olan asfalt örtüyü istifadəyə yararsız olub və avtomobilin kuzasına yapışmamaq üçün yolun əks tərəfində olan boş çuxur hissəyə boşaldılıb. Yolun əks hissəsinə gedən zamabn cəmiyyətin işçiləri tərəfindən uzaqlaşmaması barədə xəbərdarlıq edilməsini eşitməyib, asfalt örtüyü boşaltdığı zaman iş yoldaşları yaxınlaşmış, səbəbini soruşduqda kuzaya yapışmaması üçün boşaltdığını bildirmiş və bu barədə izahatında da göstərmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında məhkəməyə bildirdi ki, iddia tamamilə qanuni və əsaslıdır. İddiaçı tərəfindən işə götürənə maddi ziyan vurulmayıb, boşaldılmış asfalt örtüyü fotoşəkillərdən göründüyü kimi cavabdehin iddia etdiyi kimi yarım ton deyildir. İddiaçı işəgötürənin əmlakını satmaqla məşğul olmayıb. Hər hansı sübut olmadan işdən çıxarılmış, rəsmi sənədlər təqdim edilməmişdir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Siyəzən rayonuna ezam olunmuş sürücü İddiaçı cəmiyyətə məxsus asfalt yükləyib Siyəzən rayonuna aparmalı olsa da, həmin ünvanda kuzafa olan asfaltı tam boşaltmayıb, qalan hissəni özü bildiyi ünvana aparıb və satıb. Ondan əvvəl də işçi işə çıxmadığı üçün barəsində töhmət verilmişdir. İşçiyə əmrin və son haqq hesabın gec verilməsi əmrin ləğvinə əsas deyil, bu barədə inzibati xəta tərkibi yarandığı üçün cəmiyyyət səlahiyyətli orqan tərəfindən inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, əmr əsaslı və qanunidir, iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X8 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-də müddətsiz əmək müqaviləsi ilə sürücü kimi işləmişdir. - xx.xx.2024-cü il tarixli aktdan və məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1 Nömrəli MYİ-nin istifadəsində Siyəzən rayonuna ezam olunmuş TATRA-815 markalı **-JZ- *** nişanlı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi avtomaşınla asfalt yükləyib Siyəzən rayonuna aparmalı idi. Lakin təyin olunan ünvanda asfalt kuzadan tam boşaltmayıb, qalan hissəsini (təxminən yarısını) özü bildiyi ünvana aparıb satmışdır. Bu barədə İstismar şöbəsinin rəhbərliyinə məlumat verilmişdir. - xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, sürücü asfalt boşaldan zaman asfalt yayan maşının sürücücsü əllə işarə edərək kuzanı aşağı salaraq təmizləmək məqsədi ilə getmiş və “Beşbarmaq” pirinin qabağında boş çalaya boşaltmışdır. - xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, asfaltın boşaldılması ilə bağlı **- JZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı izahat tələb olunmuş və akt tərtib edilmişdir. İddiaçı akta imza etməkdən imtina etmişdir. - "xxxx" MMC-nin Həmkarlar İttifaqı komitəsinin iclasının 10 saylı, xx.xx.2024-cü il tarixli ptorokolunun surətindən görünür ki, **-JZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi TATRA-815 markalı nəqliyyat vasitəsilə Siyəzənə aparmalı olduğu asfaltı qeyd olunan ünvanda tam boşalmayaraq kuzada qalan hissəni özü bildiyi ünvana aparıb satdığından onun Əmək qanunvericiliyinin müvafiq maddəsinə əsasən işdən azad olunması məqsədəuyğun hesab olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi barədə 11/3-1-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrin surətindən görünür ki, "xxxx" MMC bölməsində sürücü vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndinə əsasən xitam verilmişdir. - "xxxx" MMC-nin 21 saylı, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh haqqında” Əmrin surətindən görünür ki, Qubadlı-Laçın avtomobil yolunun tikintisinə ezam olunmuş İddiaçı xx.xx.2022-ci il tarixdə üzürsüz səbəbdən işə çıxmadığına görə son xəbərdarlıq və şiddətli töhmət elan olunmuşdur. - Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli izahatın surətindən görünür ki, onun xəbəri və məlumatı olmadan xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndinə əsasən xitam verilmiş, ona məxsus əmək kitabçası təqdim olunmamış, ona çatacaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. - MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyindən, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyyətə cəlb olunaraq, 700 manat cərimə tətbiq edilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, 307,17 manat pul vəsaiti "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı hesabına köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 verdiyi ifadəsində bildirdi ki, onun vəzifəsi asflat tökən maşınlara istiqamət verənlərə nəzarət etməkdir. İddiaçıın maşını arxaya verərək kuzanı yarımçıq qaldırdığını və bir miqdar yük-asfalt boşaltdığını görmüşdür. Bundan sonra sürücü Vüsal bir qədər irəli gedib dayanmış, daha sonra avtomobili sürmüş, lakin asfaltı tam boşaltmamışdır. Əslində isə maşın irəli getdikdən sonra yenidən arxaya gəlməli, kuzada qalan asfaltı boşaltmalı idi. Lakin iddiaçı daynayaraq və görməli olduqları işi bitirmədən avtomobili irəli sürüb körpünü fırlanaraq yolun əks istiqamətinə gedib Pir tərəfə sürüb getmiş, həmin yerdə asfaltı boşaltmışdır. Ümumiyyətlə qaydaya görə asflatı bir qədər boşaldılır, asfalt yayan maşın həmin tökülən asfaltı yaydıqdan sonra yenidən asfalt tökülməlidir. Sürücü ona bildirilən yerdən təxminən 300 metr aralı əraziyə yükü boşaltmışdır. Onun iddiaçının asflatı satması barədə məlumatı yoxdur. Həmçinin 2-3 ton asfaltın neçə diametr ərazini əhatə etməsi, yerə vurulma miqdarından və sayından aslıdır. Asfalt kafenin qabağına tökülüb və hamı da şahidi olub. Məhkəmə iclasında şahid qismində dindirilən X5 verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə birlikdə işlədiyindən onu tanıyır. Asflat maşınları yükü boşaldarkən döngə olan zaman maşın dönmədiyi üçün bir qədər qabağa gedərək boşaldılır. Həmin gün Vüsal maşının kuzasında olan asfaltı bir qədər boşaldıqdan sonra qalan hissəsini bir qədər qabağa getməsini bildirmiş, lakin Vusal dayanayaraq 450 m aralaşaraq irəli getdi və maşının içində olan asflatı Quba şəhərindən Bakı şəhəri istiqaməti olan yola keçərək həmin əraziyə boşaltdı. O, Vüsalın arxasınca həmin yerə getməmişdir. Bu barədə sahə rəisinə məlumat vermiş, sonuncu da Vüsalın arxasınca getmişdir. İddiaçının pul qarşılığında asflatı satmasına və ya başqa yerə tökməsini görməmişdir. Asfaltı satmasında müəssisə işçilərinin məlumatı olmaması mümkündür, hər işçiyə nəzarət edilməsi mümkün olmur. Adətən işləyən zaman Asflatı yaxın yerə, yəni yol çəkilən ərazinin yaxınlığında olan əraziyə boşaldılır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə bir yerdə işləmişlər. Həmin gün saat 7-8 radələrində Vüsal avtomobilin kuzasında olan asfaltın bir hissəsini boşaltmış, avtomobil yüklü olduğu üçün dönə bilmədiyindən asfaltı tamamilə boşalda bilməmişdir. Avtomobildə qalan asfaltı boşaltmalı olsa da, kuzanı aşağı salaraq Bakı şəhəri istiqamətinə sürmüş, pirin qabağına qalan asflatı boşaltmışdır. Maşında asfaltın qalmasından Vüsalın məlumatı olmasa, boşaltmaq üçün həmin əraziyə getməzdi. Təmir işləri zamanı operator məsafə olaraq hündürlükdə dayanır və işlərin görülməsinə nəzarət edir. Həmin operator Vüsalın istifadəsində olan avtomobilin kuzasında asfaltın qaldığını bildirmişdir. İddiaçının asfaltı boşaltdığını hər kəs görmüş, hətta şəkili belə çəkilmişdir. Ümumiyyətlə bir kamazın kuzası 16-17 ton, bəzən 20 ton asfalt götürür. Həmin gün Vüsal kuzanı tam boşaltmamışdı. Yarı kamaz asfaltın nə qədər ərazi əhatə etməsi kv.m hesablamaqla müəyyən etmək olar, ehtimalla bildirmək mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində bildirdi ki, iddiaçı ilə həmkəndlidir. 2024-cü ilin aprel ayının 6-si İbrahimxəlil ilə birlikdə şəxsi avtomobili ilə Bakı şəhərinə gedirdi. Siyəzən ərazisində “pirin” altında, yol kənarında mübahisənin getdiyini görüb, həmin əraziyə yaxınlaşmışdır. Məlum olmuşdur ki, mübahisənin mahiyyəti 4-5 araba miqdarında asfalt örtüyü ilə bağlı mübahisə gedir. O, həmin çuxura asflatın tökülməsini görməmişdir. Belə ki, hadisə yerinə gedəndə artıq asvalt tökülü idi. Təxminən 5-6 araba miqdarında idi, mübahisə təzə pirin altında gedirdi. Mübahisə kənddə qonşusu olan Vüsalla bir neçə şəxs arasında idi. O, həmin ərazidə iddiaçının asfaltı pulla satılmasını eşitməmişdir. O, asfaltın neçə araba olmasını təxmin etmiş, asfaltın başqa yerə tökülməsini görməmişdir. Asfalt kamazın dibində qalan asfalt olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 verdiyi ifadəsində bildirdi ki, o, iddiaçı ilə bir kənddə yaşayır. Özü Ağanzərlə Bakı şəhərinə gedərkən yolun kənarında pirin altında olan kafedə çay içirdilər. Həmin zaman pirin altına asflat töküldüyü üşün orda mübahisə gedirdi. Vüsalın maşınının dibində 6-7 araba asflat var idi, yerə səpmişdi. O, yaxınlaşaraq Vüsaldan mübahisənin səbəbini aydınlaşdıran zaman bildirdi ki, idarənin kamazının dibində asflat qaldığından savab niyyətinə asfaltı çökəklərə tökmüşdür. İdidaçı bu hərəkətinə görə heç kimdən pul almadığını bildirdi. Həmin ərazidə siqarət dükanı işlədən oğlan var idi. Həmin oğlan da bildirid ki, asvaltın həmin yerə tökülməsi üçün pul verməmiş, hətta dönər təklifini belə iddiaçı rədd etmişdir. Şahid əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə axşam vaxtı olub. 6-7 araba asfaltın tökülməsi ilə bağlı iddiaçının pul almasını görməmişdir. Hadisənin dəqiq tarixini xatirlamır. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 11/3-1-112/2024 saylı əmri verərkən cavabdeh əmək qanunvericiliyinin tələblərinə əməl etdiyindən iddia tələbləri təmin edilə bilməz. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı 2016-cı ildən "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. "xxxx" MMC-nin 21 saylı, xx.xx.2022-ci il tarixli “inzibati tənbeh haqqında” əmrinə əsasən Qubadlı-Laçın avtomobil yolunun tikintisinə ezam olunmuş İddiaçı xx.xx.2022-ci il tarixdə üzürsüz səbəbdən işə çıxmadığına görə son xəbərdarlıq və şiddətli töhmət elan olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə 11/3-1-112/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrinə əsasən "xxxx" MMC bölməsində sürücü vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə **-JZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi TATRA-815 markalı nəqliyyat vasitəsilə Siyəzənə aparmalı olduğu asfaltı qeyd olunan ünvana aparmış, yolların çəkilməsi zamanı asfaltın müəyyən hissəsindən istifadə edildikdən sonra görülən işlər başa matmadan istifadəsində olan avtomobilin kuzasında qalan asfaltı həmin vaxt yolların çəkilməsinə nəzarət edən operator tərəfindən edilmiş xəbərdarlığa əhəmiyyət vermədən qeyd olunan ünvanın istiqamətinin əksində yerləşən ünvana gedərək boşaltmışdır. Bu barədə işə götürənin məsul əməkdaşları tərəfindən yerində akt tərtib edilmiş, sürücünün izahatı alınmışdır. İddiaçı məhkəəm iclasında həmin asfaltın qalıq kimi kuzaya yapışmaması üçün boşaldığını bildirsə də, məhz asfaltın çəkilməsi ilə əlaqədar Siyəzən rayonunda işlərin görülmə yerində yol kənarında olan çuxura deyil, məhz həmin ünvanın əksi olan istiqamətə gedərək boşaltmasının səbəblərini ağlabatan əsaslalrla izah edə bilməmişdir. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş şahidlər X4 və X1 məhkəməyə verikdləri ifadələrində iddiaçının həmkəndlisi olmaqla həmin gün Bakı şəhərinə getdiklərini və bu məqsədlə ərazidə olan kafedə birlikdə çay içdiklərini, iddiaçının həmin asfaltı satış məqsədi olmadan boşaldığını təsdiq etmiş, lakin iddiaçının asfaltı məhz həmin əraziyə satış məqsədi olmadan boşaltmasını həmin ərazidə olan kafe işlədən şəxsin sözləri əsasında məlumatlı olduqlarını bildirmişlər. Baş vermiş hadisə nəticəsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra ona çatacaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmiş, gecikdirilmə inzibati xəta tərkibi yaratdığından qanunla müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi şahid ifadələrini müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 və X1 hadisənin birbaşa şahidi olmadıqlarından və məhkəmə iclasında verdikləri ifadələri ilə iddiaçının işəgötürən tərəfindən ona etibar edilmiş məhsulunu hansı məqsəd ilə təyinatı üzrə olmayan ərazinin əks tərəfində yerləşən çuxura boşaltmasını təsdiq edə bilmədiklərindən və iddianın əsaslılığını təsdiq olunmadığından onların ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, onun tərəfindən cavabdehə heç bir zərər vurulmamışdır. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. *maddənin məzmunundan göründüyü kimi, izahat verməkdən imtina özü-özlüyündə hər hansı intizam tənbehinin verilməsi üçün əsas ola bilməz. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, habelə, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğu, bu hərəkətinə görə işlədiyi müddətdə intizam tənbehinə məruz qaldığı, daha sonra isə işəgötürən tərəfindən sürücü kimi istifadəsində olan avtomobillə ona etibar edilmiş asfaltı işəgötürənin məlumatı və razılığı olmadan, hadisə yerində olan məsul şəxsin xəbərdarlığına məhəl qoymadan təyinatına uyğun olmayan əraziyə boşaltması məhkəmə iclasında və iş materialları ilə sübuta yetirildiyindən, bununla da işçinin etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməyərək müvafiq iş yerində-Siyəzən rayonu ərazisində cəmiyyətin digər işçiləri ilə birlikdə asfalt çəkilən zaman işin normal ahəngini pozması, yaralı olan asfaltın təyinatın uyğun olmayan əraziyə boşaldılmaqla işəgötürənə maddi ziyan vurması təsdiqin tapdığından onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində göstərilən halların onun əməllərində mövcud olmaması barədə iddia ərizəsinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində cəlb olunduğu “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-4184/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4184/2024
03.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver