Məhkəmə qərarları › İş №e-2(001)-4189/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4189/2025

21.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4189/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı X2 cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin rəhbərliyi tərəfindən vəzifədən azad olunma ilə bağlı qəbul edilmiş əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində işəgötürən qurum tərəfindən attestasiya keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, iddiaçı Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin rəhbərliyi tərəfindən qanunsuz olaraq attestasiyaya cəlb olunmuş, nəticədə vəzifədən azad olunmasıyla bağlı əmr qəbul edilmişdir. İddiaçı hesab edir ki, sözügedən əmr əsassız və qanunsuzdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək İddiaçı barəsində Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin rəhbərliyi tərəfindən "İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrin, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 5 nömrəli protokolun, "İşçinin üzürlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməməsi haqqında" xx.xx.2025-ci il tarixli aktın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin "Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında" 202 nömrəli, xx.xx.2024 tarixli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasırın keçirilməsi Qaydaları"na əlavə Attestasiya vərəqəsinin etibarsız sayılması və İddiaçı vəzifəyə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Həmçini qeyd etdi ki, işəgötürən imtahan barəsində iddiaçıya rəsmi qaydada məlumat verməmişdir. İddiaçıya ani olaraq imtahan olacağı bildirilib. İddiaçı şəkər xəstəsi olduğundan imtahanda onun vəzifəsinə aid olmayan suallar verildiyini və həyəcanlandığını bildirir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbi qəbul etməyək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, attestasiyanın keçirilməsidə hər hansı bir uyğunsuzluq olmayıb. Belə ki, attestasiya keçirilmə qaydası Mədəniyyət Nazirliyi tərəfindən tənzimlənir, məktəb isə sadəcə icraçı funksiyasını yerinə yetirir. Mədəniyyət Nazirliyinin əmrinə əsasən attestasiya keçirilməsinin təşkili məktəbin direktoruna tapşırılır. Attestasiya Nazirliyin əmrinə və 97 saylı Nazirlər Kabinetinin qərarına əsasən həyata keçirilir. Müvafiq məktəbin və həmkarlar ittifaqının nümayəndələrinin iştirakı ilə keçirilib.

6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə razı olmadıqlarını, imtahanın qanuna uyğun formada keçirildiyini bildirdi.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir.

Mülki işin materialları:

8. 30.04.2025-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən cavabdeh tərəf mediasiya prosessində iştirak etməmişdir.

9. 099064 nömrəli, xx.xx.1991-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1987-ci ildə Üzeyir Hacıbəyov adına X4 Musiqi məktəbinə daxil olmuş və 1991-ci ildə həmin məktəbin fortepiano ixtisası üzrə kursu bitimişdir.

10. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildə Bakı şəhəri 11 saylı 11 illik musiqi məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş və xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

11. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

12. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Pedaqoji Şurasının iclasının xx.xx.2025-ci il tarixli Protokoluna əsasən 2025-ci ilin fevral-iyul aylarında nəzərdə tutulan attestasiyanın keçiriləcəyi barədə iclas keçirilib və iclasda 52 müəllim iştirak etmişdir. (İddiaçı iştirakçı kimi imzası yoxdur)

13. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Pedaqoji Şurasının iclasının xx.xx.2025-ci il tarixli Protokoluna əsasən 2025-ci ilin fevral-iyul aylarında nəzərdə tutulan attestasiyanın keçiriləcəyi barədə məlumatlandırmaya dair iclas keçirilib və iclasda 91 müəllim iştirak etmişdir. (İddiaçı iclasd iştirak edib )

14. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli, 202 nömrəli əmrinə əsasən, AR Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri AR NK-nin 2001-ci il 23 may tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5-dək attestasiyanın keçirilməsi əmr edilmişdir.

15. xx.xx.2025-i il tarixli aktdan görünür ki, A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi İddiaçı həmin tarixdə keçirilmiş müəllimlərin attestasiyasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

16. A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 5 nömrəli Protokoluna əsasən A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Minayə Babayeva və İddiaçı tutduqları vəzifələrə uyğun hesab edilməmələri qərara alınmışdır.

17. “Whatsap” mobil tətbiq üzrə yazışmalardan görünür ki, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə məktəbin müəllimlərinə (fortepiano və nəzəriyyə şöbəsi) attestasiya ilə əlaqədar şöbənin iclasının keçirilməsi barədə məlumat verilmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

18. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

19. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

20. 65-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 2-ci hissəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

21. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

22. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər:

23. 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

24. 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

25. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;

26. 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

27. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun:

28. 34.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

29. 35.1 maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

30. 35.2 maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının:

31. 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

32. 2.3-cü maddəsinə əsasən attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

33. 2.4-cü maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

34. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

37. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

38. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

39. Müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində İddiaçı barəsində Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin rəhbərliyi tərəfindən "İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 40 nömrəli əmrin, Bakı şəhəri Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 5 nömrəli protokolun, "İşçinin üzürlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməməsi haqqında" xx.xx.2025-ci il tarixli aktın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin "Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında" 202 nömrəli, xx.xx.2024 tarixli əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasırın keçirilməsi Qaydaları"na əlavə Attestasiya vərəqəsinin etibarsız sayılması və İddiaçı vəzifəyə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Məhkəmə AR NK-nin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə AR-da işçilərin attestasiyasının keçirilməsi qaydalarına əsasən hesab edir ki, attestasiya qaydalara uyğun olaraq keçirilmiş və qanunun tələblərinə riayət edilmişdir.

41. Belə ki, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər, yəni xx.xx.2024-cü il tarixli əmrlə müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Həmçinin “whatsap” mobil tətbiq üzrə yazışmalardan görünür ki, məktəbin müəllimlərinə attestasiyanın keçirilməsi barədə məlumat verilmişdir.

42. Bundan başqa "İşçinin üzürlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməməsi haqqında" xx.xx.2025-ci il tarixli aktın ləğv edilməsinə dair hissədə də iddia tələbi əsassızdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ambulator kitabçadan çıxarışdan görünür ki, həmin tarixdə iddiaçı müayinə üçün xəstəxanaya müraciət etmişdir. Yəni attestasiyada iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli aktdan da görünür ki, A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi İddiaçı həmin tarixdə keçirilmiş müəllimlərin attestasiyasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

43. Məhkəmə iclasında tərəflərin iştirakı ilə attestasiyanın keçirilməsinə dair videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı imtahanda verilən suallara cavab verə bilməməsi, tələb olunan musiqi əsərlərini ifadə edə bilməməsi müşahidə edilmişdir.

44. Məhkəmə iddia tələbinin attestasiya vərəqəsinin etibarsız sayılması hissəsində hesab edir ki, təmin edilməməlidir. Belə ki, attestasiya vərəqəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.

45. Məhkəmə həmçinin iddianın əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir iddia bu hissədə də təmin edilməməlidir.

46. Belə ki, əmrin verilməsinə əsas attestasiyanın keçirilməsi və nəticəsidir. Məhkəmə hesab edir ki, attestasiyanın nəticəsinin ləğv edilməsinə hər hansı bir əsas yoxdur. Ona görə də iddia tələbi əmrin ləğv edilməsi hissəsində təmin edilməməlidir.

47. Hazırki işdən görünür ki, ərizəçi öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

48. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

49. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

50. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

51. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə) qarşı “attestasiya vərəqəsinin etibarsız sayılması, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddiaçı X2 cavabdeh Arif Məlikov adına 11 saylı 11 illik musiqi məktəbinə qarşı (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə) qarşı “attestasiya vərəqəsinin etibarsız sayılması, əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar