Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4201/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə İddiaçı MMMC-nin Cavabdeh qarşı “xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 918 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 948 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMMC Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə uyğun təsis olunmuş və qeyri-kommersiya təşkilatı olmaqla, Mənzil Məcəlləsinin tələblərinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi fəaliyyətini həyata keçirir. İddiaçı MMMC-nin üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir. İddiaçı MMMC-yə 918 manat məbləğində borcu yaranmış Cavabdeh İddiaçı MMMC 13 may 2024-cü il tarixdə 8/24 saylı xəbərdarlıq göndərilərək kommunal xərclərə görə borcun qısa zamanda ödənilməsinin təmin olunması xahiş edilsə də, hazırki vaxtadək Cavabdeh tərəfindən ödənilməli olan kommunal xərclər ödənilməmişdir. Yuxarıda sadalanan xüsusatlara, eləcə də istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edirik ki, Cavabdeh İddiaçı MMMC-nin xeyrinə 2022-2024-cü illər üzrə kommunal xidmətlərə ödənilməmiş, ümumilikdə 918 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, İddiaçı MMMC 2022-ci ilin noyabr ayında yaradılmışdır. Cavabdeh özü də MMMC-nin yaradılması ilə bağlı iclasda iştirak etmişdir. Hətta iclasda cavabdehə idarə heyətinin üzvü olması təklif edilmiş, lakin cavabdeh əsəbləşərək təkliflə razı olmamış və iclası yarımçıq tərk etmişdir. MMMC-də bugünə kimi təxminən 95 faizə yaxın kommunal ödənişlər yığılmaqdadır. Cavabdeh bizimlə heç bir məsələdə razılaşmır və kommunal ödənişləri ödəməkdən yayınır. Onlar hər ay gördükləri işlərlə və xərclərlə bağlı bina sakinlərinin vatsap qrupuna hesabat verirlər. Bu yaxınlarda binanın həyətinə 1000 kv.m çox hissəsinə asfalt çəkmiş və işıqlandırma ilə təchiz etmişlər. Cəmiyyət bununla bağlı 9000 manat ödəniş etmişdir. Bundan başqa FHN müvafiq təlimatına əsasən liftlə qalxmaq üçün kart qoymuşuq, lakin liftlə düşməyə karta ehtiyac yoxdur. Bildirmək istəyir ki, cavabdeh onunla eyni mərtəbədə yaşayır. Onlara məlum olmadan yerdən kart əldə edib və liftdən maneəsiz istifadə edir. MMMC yaradılan zaman sədri X7 seçilmişdir. Lakin 6 ay sonra Dilbər mənzilini satmış və ərizə ilə müraciət edərək sədr vəzifəsindən çıxmaq istədiyini bildirmişdir. Bundan sonra İddiaçı MMMC-nin iclası keçirilmiş, həmin iclasda cavabdeh də iştirak etmiş və həmin iclasda bütün səlahiyyətlər Məhərova Nərgizə keçmişdir. Daha sonra N.Məhərova 255 səs çoxluğu ilə sədr seçilmişdir. N.Məhərova sədr vəzifəsini 29000 manat borcla qəbul etmişdir. Onlar həmin borcu 1 il ərzində hissə-hissə olmaqla ödəmişlər.
4. Verilən suallara cavab olaraq bildirdi ki, İddiaçı MMMC-nin sədri X3r. Onlar sənədin dəyişilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişlər. İddiaçı MMMC-nin qanuni təmsilçisi X7dır, qanuni təmsilçi X2 Nərgiz Əliməmməd qızına etibarnamə vermişdir. Binada kommunal ödəniş 0.3 qəpik təşkil edir. Tələb etdikləri borc xx.xx.2022-ci il tarixdən hesablanmışdır.
5. Məhkəmə iclaslarında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onlar ƏN-də qəbulda olarkən İddiaçı MMMC-nin sədri Dilbər Məmmədova olduğu bildirilmişdir. X1 tanımırlar. MMMC-nin əvvəlki sədri Dİlbər Məmmədova evini sataraq qaçmışdır. O, Nərgiz Məhərovanı MMMC-nin sədri kimi qəbul etmir, o, özbaşına özünü sədr seçmişdir. O, iddiaçının xidmətini istəmir. Onunla İddiaçı MMMC arasında heç bir müqavilə bağlanmamışdır. Onlar liftə kart qoyulmasını istəmirdilər və bu barədə iradlarını bildirsələr də, onlara qulaq asan olmamış və kartın artıq qoyulduğunu bildirmişlər. MMMCnin sədri özbaşına hərəkətlər edir. MMMC tərəfindən ona iki kart satılmışdır. Hazırda onun kartı bloklanmışdır və o, 13-cü mərtəbəyə piyada qalxır.
6. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, kommunal ödənişləri MMMCnin xidmətindən narazı olduğu üçün 2022-ci ilin dekabr ayından ödəmir. Binaya çəkilən xərclər şişirdilibdir. Xidmət zəifdir, binanın mühafizəsi yoxdur. O, 2016-cı ildən həmin binada yaşayır, MTK olan dövrdə kommunal ödənişlərə görə 20 manat ödəniş etmişdir. Blokun işıqlandırılması var. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. ünvan 1 ünvanda yerləşən çoxmənzilli binanın idarə edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMMC-nin təsis edilməsi ilə bağlı bir qrup sahə mülkiyyətçisi ümumi yığıncaq keçirmiş və 237 nəfər mülkiyyətçinin yekdil qərarı ilə "xxxx" MMMC-nin təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi, sədrin seçilməsi, hüquqi ünvanın müəyyən edilməsi, servis xidməti haqqı müəyyən edilməsi qərara alınmışdır. Həmin iclasda X7 MMMC-nin sədri seçilmiş və xidmət haqqının hər kv.m görə 30 qəpik müəyyən edilmişdir.
8. 23.10.2022-ci il tarixdə 247 sahə mülkiyyətçisinin ümumi yığıcağının qərarı ilə cəmiyyətin adı İddiaçı MMMC-yə dəyişdirilmişdir.
9. İddiaçı MMMC xx.xx.2022-ci il tarixdə qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmışdır.
10. 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 1, bina 4, blok 3, mənzil 139(168.5 kv.m) ünvanda yaşayan Cavabdeh kommunal xidmətə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməyən 918 manat borcu vardır.
11. Cavabdeh MMMC yaradıldıqdan sonra kommunal xidmətə görə ödəniş etmədiyini qəbul edir və bunun MMMC-nin idarəçiliyindən narazı olduğu ilə əsaslandırır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi dəyərləndirməsi:
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
13. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
14. 120.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir.
15. 122.1.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq ; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək ; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və.s kimi hüquqları vardır.
16. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
17. 127.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclası cəmiyyətin idarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin qərarları protokolla rəsmiləşdirilir
18. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
19. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.
20. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq.
21. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
22. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.
23. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
24. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
25. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
26. Sadalanan normaların məzmunundan da aydın olduğu kimi çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulmuşdur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Necə ki, hazırki mübahisədə olduğu kimi binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə binanın idarə edilməsi üsulu seçilmiş və bu əsasla mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Bununla belə Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Lakin Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında da qeyd edilmişdir. Bununla belə cavabdeh mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə müqavilə bağlamasa da, faktiki olaraq istifadə edilmiş kommunal xidmətə görə haqq ödəməmişdir. Hansı ki, cavabdeh faktiki olaraq mübahisənin yarandığı vaxtadək liftdən istifadə etmiş, yaşadığı mənzilin bloku işıqlandırılmış, zibillərin daşınması xidmətindən istifadə etmişdir. Bundan əlavə idarə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburi olduğundan, cavabdehin seçilmiş idarəetmə üsulundan imtina etməsi və faktiki istifadə edilmiş xidmətə görə haqq ödəməməsi hüquqdan sui-istifadədir. Bununla bağlı Mülki Məcəllənin 16.1-ci maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.152.6-cı maddəsində qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir.
27. Beləliklə məhkəmə iddiaçının istifadə edilmiş kommunal xidmətlərə görə cavabdehdən haqq tələb etməsini əsaslı hesab edir.
28. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, göstərilən xidmətin keyfiyyətindən, müəyyən edilən xidmət haqqından sahə mülkiyyətçisi narazıdırsa, bununla bağlı Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada cəmiyyət qarşısında məsələ qaldırmaq hüququ vardır. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
33. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə:
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 918 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMMC-yə ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 918(doqquz yüz on səkkiz) manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Hakim İlkin Əliyev