Məhkəmə qərarları › İş №e-2(001)-422/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-422/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-422/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanından istifadə hüququna 50000 (əlli min manat) kompensasiya verilməklə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə mənzildən məcburi çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 114 saylı Müqaviləyə əsasən üzvlüyə qəbul edilməklə payçı olmuş, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili əldə etmişdir. xx.xx.2002-ci il tarixli, 170 saylı Qəbzə əsasən mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER verilmişdir. xx.xx.2003-cü il tarixdə BŞİH-nin 437 saylı Sərəncamına əsasən 001014 saylı ORDER-də özü və azyaşlı uşaqları xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və 1984-cü il təvəllüdlü İ.Zamanova ilə birgə ailə tərkibi qeyd edilmişdir. Sonradan qızı 1984-cü il təvəllüdlü İ.Zamanova kooperativdən çıxmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özləşdirərək mülkiyyət hüquqlarını qeydiyata aldırmış, buna dair xx.xx.2018-ci il tarixdə Çıxarış verilmişdir. 2024cü ilin fevral ayında iddiaçı ilə birgə mənzildə yaşayan Cavabdeh1 Müzəffər oğlu və həyat yoldaşı olan Cavabdeh2 İddiaçı xəsarətlər yetirərək mənzilindən çıxarmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən məcburi çıxarılması, İddiaçı mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mənzildən istifadəyə maneələrin aradan qaldırılması və qeyri-qanuni hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsinə dair iddia verilmiş, məhkəmənin qətnaməsi qismən təmin edilərək Cavabdeh1 istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinin mümkün olmaması müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişlər ki, İddiaçı öz oğlu Cavabdeh1 ilə birlikdə “Mahir" MTK ilə bağlanmış 114 saylı payçı müqaviləsinin əsasında əldə edilmiş ünvan 2 ünvanında olan mənzildə 2002-ci ildən bir yerdə yaşamışdır. Sonradan ailə həyatı qurmuş və həyat yoldaşı Cavabdeh2 və övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə birlikdə həmin evdə yaşamağa davam etmişlər. İddiaçı ilə aralarında heç bir zaman sonuncunun iddia ərizəsində göstərdiyi münaqişə olmamış, mehriban ailə münasibətində olmuşlar. Hər bir ailədə olduğu kimi, ara-sıra ailə münasibətləri zəminində mübahisələr olsa da, bu münaqişələr fiziki zorakılıq, təhqir və böhtan həddinə gəlib çatmamışdır. İddiaçı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsine ərizə ilə müraciət edərək guya oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 onu döyərək xəsarətlər yetirməsi və nalayiq söyüşlərlə söyüb təhqir etmələri və onu öldürməklə hədəmələri səbəbi ilə sonunculardan şikayətçi olmuşdur. Toplanmış materiallar araşdırılmanın davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlı tərəfindən material üzrə AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh1 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilmişdir. Lakin Binəqədi rayon prokurorluğu tərəfindən qərar əsassız olduğu üçün ləğv edilmişdir. Göründüyü kimi, İddiaçı döyülməsi iftiradır və əsassızdır. Həmçinin İddiaçı X5 ilə 1990-cı iyununda nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Buzovna qəsəbəsində, Ağa Nerrətulla küçəsində ev almışdılar. İndiki, ünvan 3 ünvanında yerləşən mənzili isə, məhz Cavabdeh1 atası X2 vəfatından sonra Buzovna qəsəbəsində yerləşən evlərini satdıqdan sonra əldə etmişdilər. Məlumdur ki, qanunverciliyin tələbinə əsasən valideynlərin mülkiyyətində olan əmlaklarda övladların payı vardır. Bu səbəblə də, qanunvericiliyin tələbini nəzərə almaqla iddiaçının öz oğlunu kompensasiyasız mənzildən çıxarmaq istəməsi əsassızdır və qanuna uyğun deyil. Eyni zamanda, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və adı çəkilən mənzilin anası İddiaçı adına özəlləşdirilməsi üçün ərizə vermiş və nəticədə xx.xx.2018-ci il tarixdə sonuncunun adına AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Əlavə olaraq, cavabdeh iddia ərizəsində qeyd edir ki, onun mənzildən istifadəsinə dair cavabdehlər tərəfindən maneələr yaradılıb. Lakin maneələrin nədən ibarət olması da göstərilmir. Cavabdehlər İddiaçı öz evinə geri qayıtması üçün dəfələrlə əlaqə saxlamağa cəhd etsələr də, İddiaçı ilə əlaqə saxlaya bilməmişlər. İddiaçı hazırda yaşadığı qızının evinə gəlməyə cəhd etmələrinə baxmayaraq, sonuncular tərəfindən suni maneələr yaradılmış və bu görüşlər baş tutmamışdır. Əlavə olaraq, nə Cavabdeh1, nə də Cavabdeh2 İddiaçı evinə qayıtmasına etiraz etmir və hətta geri qayıtmasına çalışırlar. Bundan əlavə, cavadehlər tərəfindən adı keçən mənzilin təmir-bərpası üçün 30000 (otuz min) manata qədər vəsait xərclənib. Bu xərc özlüyündə həmin mənzilin bugünə olan real bazar qiymətinin 1/6 hissəsini təşkil edir. Öhdəliklərində xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı iki az yaşlı övladları vardır. İddiaçının tələbi ilk növbədə bu uşaqların hüquqlarının kobud surətdə pozulması deməkdir. Bütün bunlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən kompensasiya əsasında çıxarılmasına dair iddiası qanuna zidd və əsassızdır. Göstərilənlərə və qanunvericiliyin tələbinə əsasən iddianın əsassız sayılaraq rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2018-ci il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçıovnaya verilən 001014 saylı, xx.xx.2003-cü il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə ailə tərkibi İddiaçı, İ.M.Zamanova, F.M. Zamanov qeyd edilmişdir. "xxxx" MTK tərəfindən verilən 169 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 48000000 manat ödəniş etmişdir. "xxxx" MTK tərəfindən verilən 170 №li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçıovna xx.xx.2002-ci il tarixli, 114 saylı müqaviləyə əsasən kooperativ mənzil üçün xx.xx.2002-ci il tarixində 31200000 manat ödəniş etmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 989268 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında xx.xx.2014-cü il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 989 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Zamanova” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 606624 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 475697 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixində Bakı şəhərində doğulmuş, atası Cavabdeh1, anası Cavabdeh2dır. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində DİN tərəfindən verilən ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı ilə yanaşı, Cavabdeh1 və X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. "xxxx" MMC-nin 0137 saylı hesabından görünür ki, ünvan 2 saylı (yeni qaydalarla 56, M9, m.3) ünvanında yerləşən mənzilin bazar qiyməti 165000 (bir yüz altmış beş min) manat, kirayə haqqı isə 660 (altı yüz altmış) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli 9/9844 saylı ekspert rəyindən görünür ki, ünvan 2 saylı ünvanında yerləşən, faktiki sahəsi 71,60 kv.m. olan, 2 otaqlı (3 otağa düzəlmə) orta təmirli mənzilin orta bazar qiyməti 186160 (bir yüz səkkən altı min bir yüz altmış) manat, kirayə haqqı isə 700 (yeddi yüz) manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mənzildən məcburi çıxarılması, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərin iddiaçının mənzildən istifadəsinə maneələrin aradan qaldırılması və qeyriqanuni hərəkətlərinə son qoyulması” barədə iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, iddiaçı mübahisəli mənzil üzərində Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ yaranmış oğlu Cavabdeh1 hər hansı kompensasiya ödəmədən onun yaşayış sahəsindən çıxarılması tələbini irəli sürdüyündən həmin hissədə iddia əsaslı hesab edilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil Bakı şəhər icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və order əsasında 2002-ci ildən iddiaçıya məxsus olmuş və onun həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Cavabdeh1 iddiaçının oğludur, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən onun mübahisəli mənzil üzərində istifadə hüququ yaranmışdır. Digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdehlər 2014-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar və hazırda mübahisəli mənzildə azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. İddiaçı ailə mübahisəsi zəminində evdən çıxmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2626/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehlərə qarşı olan iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzilə köçürülməsi qət edilmiş, onun Cavabdeh1 çıxarılması tələbi isə hər hansı kompensasiya ödəmək istəməməsi səbəbindən təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 mübahisəli mənzil üzərində Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ yaranmış olduğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı məhz bu hala əsaslanmaqla, Cavabdeh1 50000 kompensasiya təklif edərək onun istifadə hüququna xitam verilməsini, onun və digər Cavabdeh2 əmlakları ilə birgə ona aid mənzildən məcburi çıxarılmalarını istəmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və onların yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Qeyd edildiyi kimi, iddiaçı Cavabdeh1 50000 kompensasiya təklif etmişdir. Məhkəmənin qənaətinə görə, həmin kompensasiya məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə oxşar şəraitli başqa yerdə yaşamaq imkanı verir. Belə ki, təyin olunan ekspertizalarla mübahisəli mənzilin bazar qiymətinin 165000-186160 manat, kirayə haqqının isə 660-700 manat həddində olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə Cavabdeh1 ailəsi ilə birlikdə 6 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Cavabdehlərin “mübahisəli mənzilin təmir-bərpası üçün 30000 (otuz min) manata qədər vəsait xərclədikləri” arqumentinə münasibətdə isə məhkəmə vurğulayır ki, həmin dəlil hazırki iddia üzrə fərqli qənaətə gəlməyə əsas deyildir. Məhkəmənin qənaətinə görə, cavabdehlər müvafiq iddia qaldırmaqla mübahisəli mənzilin təmir-bərpası üçün xərclədikləri məbləği mülkiyyətçidən tələb etmək hüququna malikdir və həmin iddianın əsaslı olub-olmamasına işə baxan məhkəmə qərar verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzildən istifadə hüququna 50000 (əlli min manat) kompensasiya verilməklə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılmalıdırlar. Həmçinin ekspert tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18A ünvanında yerləşən 60 saylı mənzildən istifadə hüququna 50000 (əlli min manat) kompensasiya verilməklə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakları ilə birgə həmin mənzildən məcburi çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1nndan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar