Məhkəmə qərarları › İş №e-2(001)-4420/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4420/2022

06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4420/2022 06.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli birgə fəaliyyət müqaviləsinin ləğv edilməsinə və 7000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli birgə fəaliyyət müqaviləsinin ləğv edilməsinə və 7000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı təşkilatçı olaraq birgə fəaliyyətin göstərilməsi ilə əlaqədar xərclərin qarşılanması üçün 10000 manat məbləğində pulu birdəfəlik icraçı olan Cavabdeh ödəməyi öhdəmə götürmüş və bu öhdəliyini icra etmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Cavabdeh iddiaçının 10000 manat məbləğində pulu ödəməsini bəyan etmişdir. Müqavilənin 3.3.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan 1 il müddətində və ya müqaviləyə dərhal xitam verildikdə, ləğv edildikdən dərhal sonra müqavilənin 3.1.4-cü bəndində göstərilən ödənişin iki qatını, yəni 20000 manat pulu cavabdeh iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə əsasən müqavilə üzrə icraçı olan cavabdeh bəyan etmişdir ki, müqaviləyə vaxtından əvvəl xitam verildikdə və ya ləğv edildikdə bu müqavilənin 3.1.4-cü bəndində göstərilən pulun iki qatını, yəni 20000 manat pulu dərhal təşkilatçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1.1-ci bəndinə əsasən icraçı tərəfindən bu müqavilənin şərtləri pozulduğu halda və ya birgə fəaliyyətin normal gedişinin pozulduğu halda təşkilatçı tərəfindən istənilən vaxt müqavilə ləğv edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Müqavilənin şərtlərini pozmuşdur. İddiaçı müqavilənin ləğv edilməsi barədə pretenziya qaydasında riayət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər razılıq əldə etmişlər. Cavabdeh iddiaçıya əvvəl 2500 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat qaytarmışdır. Ona görə də iddia tələblərini dəqiqləşdirərək tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsinə, Cavabdeh İddiaçı xeyrinə 7000 manatın, ödənilmiş dövlət rüsumuna görə 150 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən 10000 manat almış, aralarında baş vermiş anlaşılmazlığa görə münasibətləri pozulmuş, bu səbəbdən öhdəliklərini icra edə bilməmişdir. Bundan sonra o, əvvəl 2500 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat olmaqla cəmi 3000 manatı iddiaçıya qaytarmışdır. Hal-hazırda İddiaçı tələbini qəbul edir, müqavilənin ləğv edilməsinə, iddiaçıya olan 7000 manat borcunu hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağa razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Təşkilatçı İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, təşkilatçı İddiaçı birgə fəaliyyətin göstərilməsi ilə əlaqədar xərclərin qarşılanması üçün 10000 manat məbləğində pulu birdəfəlik icraçı Cavabdeh verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.4-cü bəndindən müəyyən olunur ki, icraçıya birgə fəaliyyətin göstərilməsi ilə əlaqədar xərclərin qarşılanması üçün 10000 manat həcmində birdəfəlik ödəniş etmək təşkilatçının vəzifəsidir. İddiaçı Cavabdeh ünvanladığı pretenziyadan müəyyən olunur ki, iddiaçı xx.xx.2021ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsi təklifini cavabdehə göndərmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla tərəflərin bağladıqları xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin ləğv edilməsinə, həmin müqavilə üzrə cavabdehin iddiaçıya 7000 manat ödəməsinə qarşılıqlı razı olmaları müəyyən olunduğundan məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən, 7000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla cəmi 7150 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar