Məhkəmə qərarları › İş №e-2(001)-4440/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4440/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4440/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Elxan Şərbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzilə olan yaşayış hüquqlarının itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcmini azaldaraq məhkəmədən Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh və X2 həmin mənzildə qeydiyyatdadırlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6609/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1 iddiaçının yanında saxlanması qət edilmişdir. Uzun müddətdir ki, yuxarıda qeyd edilən mənzildə yaşayır, Cavabdeh və R.Cəfərov həmin mənzildə formal olaraq qeydiyyatda qalması onun hüquqlarını pouzr. Mənzilin bütün kommunal xərclərini özü ödəyir. Buna görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. İddiaçının oğlu ilə nikahları pozulduqdan sonra cavabdehin həmin mənzilə dair hər hansı bağlılığı qalmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzilə dair İddiaçı adına xx.xx.2006-cı il tarixdə Çıxarış verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6609/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında xx xxxxxx 2009-cu il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2010-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. AZ-İ seriyalı, 339034 saylı nikahın pozulması haqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. Azərbaycan respublikası BŞİH Aparatı MKTD 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 154 saylı MKİS 216 saylı xx.xx.2020-ci il tarixli aarayışından görünür ki, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzildə Cavabdeh Vəli qızı və X2 qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, iddia ərizəsi, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla və iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzil iddiaçının xx.xx.2006-cı ildən xüsusi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlini olmuş, 2009-cu ilin avqust ayında onun oğlu ilə cavabdeh nikaha daxil olmuş və gəlin kimi həmin mənzilə köçmüşdür. Cavadeh həmin mənzilə 2009-cu ildə pasport qeydiyyatına salınmışdır. Cavabdehlə onun oğlu arasında bağlanmış nikah münasibətləri 2019-cu ilə bitmiş, tərəflərin birgə nikahlarından doğulmuş uşağın(iddiaçının nəvəsi) anasının yanında qalması müəyyən edilmiş, cavabdeh uşağı ilə birlikdə mənzildən çıxıb getmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2009-cu ildə gəlin kimi iddiaçının mülkiyyətində olan mənzilə köçməklə orada yaşamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 2009-cu ilin oktyabr ayına qədər yarandığına görə mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehin həmin mənzilə münasibətdə hazırda istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. İşin faktiki hallarından da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından “digər ailə” üzvü kategoriyasına aiddir. Digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçinin notarial qaydada təsdiq olunmuş yazılı razılığı lazımdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Lakin mülki iş materiallarında tərəflər arasında yaşayış sahəsindən istifadə ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin həmin yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır və hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə o qənaətə gəlir ki, Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzilə istifadə hüququ yaranmadığından itirilə bilməz və bu əsasla iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, cavabdehin həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməlidir və cavabdehin və yetkinlik yaşına çatmayan uşağının həmin mənzildən istifadə hüququnun olmaması(yaranmaması) onların pasport qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin—müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzilə istifadə hüququnun mövcudluğu sübut edilmədiyindən iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bu Qətnamə Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzil dən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Bu Qətnamə Cavabdeh və xx.xx.2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 7 A, 58 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar