Məhkəmə qərarları › İş №e-2(001)-4458/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4458/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4458/2024 25.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küç, 14, mən 12 ünvanında yerləşən yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh ilə 12 sentyabr 2020-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından övladları dünyaya gəlməmişdir. Hal-hazırda qeydiyyatda olduğu ünvan xx.xx.2019-cu il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Ailə qurandan sonra həmin ünvanda yaşamışdır. Sonradan aralarında ailə mübahisələri baş verib və 1 saylı Bakı Asan xidmət mərkəzinin 10 iyun 2024-cü il tarixli, 127 nömrəli qeydi ilə nikahları pozulmuşdur. Hal-hazırda daimi yaşamağa yeri yoxdur. Onun həmin mənzildən istifadəyə ehtiyacı var. Birgə nikah dövründə həmçinin həmin mənzilin yaxşılaşdırılmasında onun da, əməyi olmuşdur. Həmçinin heç yerdə işləmir ki, özünü mənzillə təmin edə bilsin Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2024-cü ilin may ayının 9-da evdən çıxmışdır. Evdən çıxmağa onu cavabdeh vadar etmişdir. Belə ki, cavabdeh iddia etmişdir ki, keçmiş ailəsi ilə barışıb, həmin ailəsi bayırda qalmasın deyə, bu evə köçsünlər deyə, o evdən çıxmalıdır. Cavabdehdin bu rəftarından sonra evdən çıxmalı olmuşdur. Hazırda qardaşının evində yaşayır. Başqa yaşayış yeri yoxdur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, evə görə hər ay 800 manat ödəniş etmişdir. Bundan başqa evin içindəki əşyalar da kreditlə alınmışdır. O, evə gəlin köçəndə ev boş olmuşdur. Cavabdeh 2022-ci ildə evin 3 ay kredit ödənişi qalan zaman maşın almışdır. 2024-cü ilədək isə avtomobilin kreditini ödəmişlər. Lakin cavabdeh avtomobilin kreditini bitirdikdən sonra oni aldadaraq 2024-cü ildə avtomobili oğlunun adına keçirtmişdir. O, gəlin köçəndə ev ipotekada idi və aylıq 800 manat ödəniş edilirdi. Həmin evə 2020-ci ildə gəlin köçmüşdür.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaç əvvəldən də bildirir ki, mənzil alınan zaman təmirli olmuş ola bilər. Lakin sonradan bankdan götürülən 11000 manat məbləğində vəsait evin təmirinə xərclənmiş, kredit birgə nikah dövründə götürülmüş və birgə nikah dövründə ödənilərək, bağlanmışdır. İddiaçının mübahisə predmeti olan evdən başqa yaşayış yeri yoxdur. Xanım birgə nikah dövründə işləməsə də, mövcud olan yanaşmalara görə, onun da, bu ödənişlərdə payı vardır. İddiaçı hazırda qardaşının evində yaşayır. Lakin bu hal müvəqqətidir. Bundan başqa cavabdeh artıq bir dəfə nikahın pozulması, əmlak bölgüsü təcrübəsi yaşadığından, nikah dövründə aldığı maşını da, yoldaşının məlumatsızlığından istifadə edərək, oğlunun adına keçirməyə nail olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ev 30 kv.m sahəsi olan bir otaqlı evdir. Həmin otağı bölərək, iki otaqlı etmişdir. Hansı ki, həmin otaqlardan birinə köçürülmə olsa belə, orada yaşamaq qeyri-mümkündür. Belə olan halda ikisi də, bir-birinə aid olan sahəyə müdaxilə etmiş olacaqlar. İddiaçının ailə qurmamışdan əvvəl Gədəbəy rayonu, Pərizamanlı kəndində atasından qalma evi var. Nikaha daxil olana kimi həmin evdə yaşamışdır. 11000 manat məbləğində vəsaiti bankdan avtomobil üçün götürmüşdür. Avtomobil alınan zaman xanımın adına alınsa da, həmin pulu ödəməyə vəsaiti olmadığından, avtomobili oğlunun adına rəsmiləşdirmişlər. Ödənişlərini isə həmin vaxtdan oğlu etmişdir. Evi heç vaxt ipotekada olmayıb və təmirli bir ev olub. Nikahdan sonra evdə təmir işləri aparılmayıb. Xanım evdən çıxandan sonra əşyalarını da, anasının evinə aparıb. Hazırda həmin evdə özü, arabir oğlu və keçmiş yoldaşı qalırlar. İddiaçı ilə uşaqları olmadığından nikahları pozulmuşdur.

7. Əvvəlki məhkəmə iclaslarında cavabdeh izahatında bildirmişdir ki, ona məxsus olan mübahisəli ev 8x4-ə iç-içə 2 otaqlıdır. Həmin evdə iddiaçı ilə birgə yaşamağı mümkün deyildir. Onun evi ipotekada olmayıb. İddiaçı gəlin köçənədək evində bütün əşyalar olmuşdur. Onun banka 5000 manat kredit borcu olmuşdur. Həmin krediti ödədikdən sonra kreditlə avtomobil almışdır. Lakin bir müddət avtomobilin kreditini ödədikdən sonra maddi vəziyyəti ilə bağlı avtomobili oğluna vermiş və bundan sonra avtomobilin kreditini oğlu ödəmişdir. Bundan başqa o, iddiaçının müalicəsinə xeyli miqdarda vəsait xərcləmişdir. İddiaçı ilə ikinci dəfə nikaha girmişdir.İddiaçı heç bir yerdə işləmir və iddiaçı onun evinə köçəndə ev təmirli idi, iddiaçı evdə heç bir yaxşılaşdırma işi görməyib. Mübahisəli ev ipotekada olmayıb, evi nağd pul ödəyərək almışdır. Evi almaqda çətinlik çəkdiyi üçün "xxxx" ASC-dən 2019-cu ildə 5000 manat kredit götürmüş, həmin krediti də iddiaçı ilə ailə qurmamışdan əvvəl demək olar ki, tam olaraq ödəyib bitirmişdir. Kredit ödənişinə görə hər ay təxminən 300 manat ödəniş edirdi. Hazırda bankdan 15000 manat kredit götürmüşdür. Avtomobili oğluna etibarnamə əsasında bu ilin yanvar ayında vermiş, mart ayında isə avtomobili oğlunun adına keçirtmişdir. Evi 2019-cu ilin dekabr ayında 25000 manata almışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxş tərəfindən verilən çıxarışdan görünür ki, ünvan 2, mənzil 12 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2019-cü il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir.

9. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli, İK- 436422/13 saylı kredit müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən bank borcluya illik 16 % olmaqla, 36 ay müddətinə qaytarmaq şərtilə 11000 manat məbləində kredit verməyi, borcalan isə həmin krediti və kreditə görə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür.

10. "xxxx" ASC-nin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 5387 saylı məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində açılmış hesabında, xx.xx.2024-cü il tarixinə hesab qalığı 0,00 manat təşkil edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Aralarında olan nikah xx.xx.2024-cü il tarixində pozulmuşdur. İddiaçı isə faktiki olaraq evdən xx.xx.2024-cü il tarixində çıxmışdır. Hazırda iddiaçı cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə köçürülmək istəyir. İddiasını isə onunla əsaslandırır ki, həmin mənzil birgə nikah dövründə bankdan götürülmüş vəsait hesabına yaxşılaşdırılmış, evin ipoteka ödənişləri birgə nikah dövründə edilmişdir. Cavabeh isə iddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Belə ki, sonuncu iddia edir ki, mənzili 2019-cu ildə dəyəri tam şəkildə ödəməklə almışdır və bunu təqdim etdiyi çıxarış sübut edir.

12. İşin mübahisəsiz halından biri həqiqətən "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində, İK-436422/13 saylı kredit müqaviləsi bağlanmasıdır ki, həmin müqavilə ilə bank tərəfindən sonuncuya illik 16 % olmaqla, 36 ay müddətinə qaytarmaq şərtilə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bankdan götürülmüş pulun avtomobilin alınmasına sərf edildiyini, həmin avtomobilin isə faktiki olaraq, oğlunun mülkiyyətində olduğunu bildirir. Həmin avtomobilin mövcudluğu və cavabdehin oğlunun istifadəsində olmasını iddiaçı özü də təsdiq edir.

13. İşin bir digər mübahisəsiz halı isə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin həqiqətən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2019-cü il tarixində ********** № ilə qeydiyyatdan keçməsidir. Tətbiq edilən hüquq:

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

15. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

16. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;

17. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar;

18. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi) Məhkəmənin mövqeyi:

20. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

21. Mənzilə köçürülmə tələbinin hüquqi əsası bir neçə hüquqi faktdan irəli gələ bilər. Bunlara əşya hüququ, məhdud əşya hüququ və ya müqavilə münasibətləri aiddir. Hər bir hal üzrə işin müəyyən edilmiş faktiki hallarını yoxladıqda məhkəmə o qənaətə gəlir ki, iddia əsassızdır.

22. Belə ki, iddiaçı birgə nikah dövründə birgə gəlirlər hesabına mübahisəli mənzildə yaxşılaşdırmalar apardıqlarını və ya mübahisəli mənzilin ipoteka ödənişlərini birgə nikah dövründə ödənildiyini iddia edir və bu əsasla mənzilə köçürülməsini tələb edir. Halbuki, iddiaçının bildirdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəf istinad etdiyi halları sübut edə bilməmişdir.

23. Bundan əlavə iddiaçının istifadə hüququ da artıq itirilmişdir.

24. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan və tətbiq edilməli Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından iddiaçının istifadə hüququ itirilmişdir və istifadə hüququnun müəyyən müddətə saxlanması üçün əsas yoxdur.(Bax 18-ci bənd)

25. Çünki tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah xx.xx.2024cü il tarixdə pozulmuşdur, iddiaçı 2024-cü ilin may ayından mənzildən çıxmışdır, onun müvəqqəti məskunlaşmaq üçün yaşayış sahəsi vardır(valideyninin və qardaşının evində). Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

30. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

31. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar