Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-446/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı və mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti cəlb edilməklə “torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 evin arxa hissəsində yerləşən torpaq sahəsinin aerokosmik görünüşü və kordinatlarına əsasən “Q” şəkilli baş hissədən 9.42 metr, qurtracaq ayaq hissədən 28.63 metr, yan sol hissədən 68.34 metr, yan sağ hissədən 55.03 metr və “Q” hərfinin qurtaracaq uc hissəsi 15.93 metr, yan hissəsi 19.71 metr, cəmi 0,10 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ortadan zəbt olunmuş hissəsindən dəmir lövhələrlə bağlanmış arakəsmənin öz hesablarına sökülərək buradan götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq mənə təhvil verilməsi və mənim torpaqdan istifadəmə yaradılmış maneənin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 evin arxa hissəsində yerləşən torpaq sahəsinin aerokosmik görünüşü və kordinatları ilə müəyyən olunmuş “Q” şəkilli baş hissədən 9.42 metr, qurtracaq ayaq hissədən 28.63 metr, yan sol hissədən 68.34 metr, yan sağ hissədən 55.03 metr və “Q” hərfinin qurtaracaq uc hissəsi 15.93 metr, yan hissəsi 19.71 metr,cəmi 0,10 ha torpaq sahəsi qonşuların imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli “AKT”lara əsasən və 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 579 №-li xx.xx.2023-cü il tarixli təsdiq olunmuş arayışına əsasən mənim istifadəmə verilmişdir. Həmin torpaq sahəsi mənim istifadəmə verilməmişdən öncə baxımsız qalmış, zibilliyə çevrilmiş, həyətin darvazasıçürümüş, cardaq kimi quraşdılmış dəmir barmaqlıq və lövhələrlə üstü örtülmüş əşyalar bizim və uşaqlarımızın səhhəti və həyatları üçün təhlükələr yaratmış, burada tez-tez biz tanımadığımız şəxslər toplaşaraq səs-küylər yaratmış, ictimai qaydaları pozmuşlar. Yuxarıda qeyd olunan sənədlərə əsasən torpaq sahəsi mənim istifadəmə və nəzarətimə verildikdən sonra mən, burada abadlıq işləri aparmağa başladım, ərazini zibildən təmizlədim, həyat üçün təhlükəli olan yararsız hala düşən darvazanı təzə darvaza ilə əvəz etdim, işıq çəkdirdim, suvaq işləri gördürdüm və cardaq quraşdırılmış barmaqlıqların üzərində bərkidilməmiş dəmir lövhələrini buradan yığışdırtdım. Ümumilikdə isə buranın təmizlənməsi və abadlaşdılması işlərinə, təzə darvazanın qoyulmasına, işığın çəkilməsinə 4.000 manata qədər xərc çəkdim. Bu xərclər tərəmidən 2021-2022-ci illərdə çəkilmişdir. Bundan bir müddət sonra yəni 24 dekabr 2021-ci il tarixdə Q.Paşayev mənə yaxınlaşıb torpağın onun olmasını bildirdi və mən sahə müvəkkilinə zəng edir bura çağırtdırdım. Bundan sonra mənə qarşı X4 “zəbt olunmuş torpaq sahəsinin boşaldımasına dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək “Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi E.Nemətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılması, torpaq sahəsini və tikintini əvvəlki vəziyyətə gətirilməsi, cavabdeh İddiaçı tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamənin qəbuledilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin e-2(001)-1182/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsiA.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi təmin edilməsin qət edilmişdir. İddiaçı X2 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin e-2(001)- 1182/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-848/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1182/2022 saylı iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı X4 Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-848/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbuledilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli 2(102)-2002/2023 nömrəli Qərarı ilə iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-848/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adı çəkilən məhkəmə aktları qəbul edilərkən iddiaçının tələbi ilə bağlı subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Həmin işə baxılarkən iş üzrə icraat dayandırılmış, mütəxəssis və ekspert rəylərialınaraq işə əlavə olunmuşdur. Məhkəmədə işləri tam qurtardıqdan sonra mən, 2023-cü ildə yenidən burada əlavə xərclər çəkdim, torpağı bütövlükdə zibillikdən təmizlədim, su, kanalizasiya çəkdirdim, qarajın üstünə beton töktürtdüm, içini suvatdırdım, sanuzel qovşağı düzəltdirdim, həyətdə 150 kv.m ərzaziyə beton tökdürdüm, ağaclar əkdim, uzunluğu 30 metr hündürlüyü 2,20 metr hasar tikdirdim ki, bunlara da 9 500 manat xərc çəkdim. X4 işi uduzduqdan sonra o, hazırkı iş üzrə cavabdehlərlə əlaqəyə girərək onları öyrətmişdir ki, torpaq mənim əlimdən çıxdı, heç olmasa siz, həmin torpaq sahəsini ələ keçirin. Bundan sonra cavabdeh öz həyətinin hasarından mənim istifadəmə verilmiş, torpaq sahəsinə qanunsuz qapıaçaraq girmiş, həmin torpaq sahəsini ortadan kəsərək mənə maneçiliklər yaratmış və torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bununla bağlı mən, Binəqədi RPİ-yə zəbt olunmuş torpaq sahəsinin boşaldılması və cavabdehlər barəsində müvafiq tədbirlərin görülməsini xahiş etdim, iş buradan 4-cü PB-nə göndərildi. Burada işə baxılaraq 05 iyun 2023-cü il tarixli Qərarla cinayət işinin başlanması rədd edildi, mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququmun olduğu bildirildi. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 1979-cu ildə ünvan 2, 4 saylı mənzilinə köçmüşük. Bina 1952ci ildə tikilib və bizdən əvvəl mənzil Kazakov Aleksandra verilib. Binada 12 qonşu yaşayır və hər mənzil sahibinin evinin qarşısında torpaq sahəsi var. 10 qonşunun torpaq sahəsi binanın arxa hissəsində, 2 qonşunun torpaq sahəsi isə yanbayan yerləşir. Həmin torpaq sahələri bina sakinlərinə dövlət tərəfindən verilib. Biz ora köçəndə atam bizə aid torpaq sahəsini qonşumuz Vahaba müvəqqəti istifadə etmək üçün vermişdir. Vahab binadan köçdükdən sonra torpaq sahəsi uzun illər baxımsız qalaraq xarabalığa çevrilmişdir. Torpaq sahəsində dəfələrlə müxtəlif vaxtlarda narkomanlar yığışırdı, onların qeyri-etik davranışları məndə ciddi narahatçılıq yaratmışdır. Hətta orada qızımın başına dəmir düşmüşdür. Bu hadisədən sonra qızım danışa bilmir. Mən atam tərəfindən torpaq sahəsinin bizə məxsus olmasını bildikdən sonra oranın əvvəlki vəziyyətinin şəklini, videogörüntüsünü çəkdim. Bununla bağlı 145 saylı MKİS-nə müraciət etdim və mənə torpaq sahəsini abadlaşdırmağa icazə verdilər. Bundan sonra mən torpaq sahəsində müxtəlif ağaclar əkdim, işıq çəkdim və digər abadlıq işlərini gördüm. Cavabdehlərin torpaq sahəsi əvvəllər rus milliyətindən olan Kvıkin Vladislava məxsus olub, Kvıkin Vladislav həmin torpaq sahəsini adını bilmədiyim erməni milliyyətindən olan şəxsə satıb. Daha sonra erməni milliyyətindən olan şəxs torpaq sahəsini Firudin adlı şəxsə satıb və Qurban Paşayev torpaq sahəsini 1994-cü ildə Firudindən almışdır. Mən polis əməkdaşı olmuşam və mən işdə olan zaman evdən məni yığaraq bizə aid olan torpaq sahəsində hasarın sökülməsini bildirmişlər. Mən qayınıma zəng edərək mən ora gələnədək gedib hasarın kimlər tərəfindən sökülməsini aydınlaşdırmasını bildirmişəm və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişəm. Polis əməkdaşları ora gələn zaman mənə mübahisənin mülki məsələ olduğundan məhkəməyə müraciət etməyimi bildiriblər. Cavabdehlər mənə məxsus həyətin yarısının onlara məxsus olmasını bildirirlər. Cavabdehlər torpaq sahəsini bələdiyyədən qanunsuz olaraq alıblar və 1500 manat verərək qeydiyyata düşüblər. Qonşularım hamısı istifadələrində olan torpaq sahəsində ev tikiblər, yalnız mən ev tikməmişəm. işdə olan zaman in mənim hasarımı sökərək mənim istifadəmdə olan torpaq sahəsinə giriblər. Torpaq sahəsində qaraj Kazakovun vaxtında olub, hətta Qurban Paşayevin hazırda zəbt etdiyi torpaq sahəsi Kazakovun təkər yeri olub. cavabdehlər bizim binanın sakinləri deyillər, bizim binaya yaxın özbaşına ev tikiblər.
4. Bundan əlavə iddiaçı suallara cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi təxminən 3,5-4 sotdur. Vahab onlarla qonşu idi və binanın 2-ci mərtəbəsində yaşayırdı. Vahabın torpağı binanın yan tərəfində idi. Vahab vəfat etmişdir. Onun hazırda istifadə etdiyi torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin arasında heç vaxt hasar olmamışdır. Həmin binada iki mənzil onlarındır. 4 saylı 1979-cu ildə və digər 5 saylı mənzil isə 1991-ci ildə dövlət tərəfindən orderlə atasına verilmişdir. Şahid hazırda yaşadığı torpaq sahəsi 5 saylı mənzilə ayrılmış torpaq sahəsidir. Atası sadəcə olaraq humanistlik etmiş, onların ermənistandan qaçqın düşdüklərini üçün torpaq sahəsini tələb etməmişdir. Cavabdeh tərəfindən dəvət olunmuş şahidin dedikləri yalandır. Vahab onun bibisioğluna 2002-ci ildə kirayəyə vermişdir.
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianı müdafiə etmiş və bundan əlavə bildirmişdir ki, mübahisəli torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 6, 4 saylı mənzilinin sakini İddiaçı istifadəsinə verilmişdir və halhazırda da onun istifadəsindədir. Torpaq sahəsini İddiaçı istifadəsində olması iş meteriallarına əlavə edilmiş qonşuların imzası ilə tərtib olunmuş aktla və 145 saylı MKİSnin arayışı ilə təsdiq olunur. İddiaçı həmin torpaq sahəsində abadlıq işləri aparmış, dəmir qapını dəyişdirmiş və daş hasar çəkmişdir. İddiaçı daş hasarın çəkilməsinə 9500 manat və ümumi abadlıq işlərinin aparılmasına isə 4000 manat xərci çəkmişdir. Mübahisəli torpağa dair cavadeh tərəfin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçının isə mənzili orada yerləşir və mənzil 1979-cu ildə Neft-Qaz Çıxarma İdarəsi tərəfindən iddiaçının atasına verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ekspert rəyində də iddiaçının istifadə etdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi göstərilmişdir. İddiaçının istifadə etdiyi mübahisəli torpaq sahəsinin binada yaşayan şəxslərin ümumi istifadəsində olan torpaq sahəsidir. Cavabdeh tərəf məhkəməyə iddiaya etiraz təqdim etsələr də, etiraza heç bir sənəd əlavə etməyiblər və etirazları formal cümlələrdən ibarətdir. Cavabdeh tərəfin bu ilin iyun ayında Binəqədi RPİnin 4-cü PŞ-də izahatları alınan zaman mübahisəli torpaq sahəsinə dair sənədlərinin olmasını və bu barədə Binəqədi Rayon Məhkəməsinə müraciət edəcəklərini bildirmişlər. Lakin 4 ay keçməsinə baxmayaraq cavabdeh tərəf məhkəməyə müraciət etməmişdir və hazırda da heç bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etməmişlər. Cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinə qanunsuz olaraq daxil olublar.
6. Bundan əlavə iddiaçının nümayəndəsi, vəkil bildirmişdir ki, hər iki tərəfdən dəvət edilmiş şahidlər torpaq sahəsindən Vahabın istifadə etdiyini təsdiq etdilər. Torpaq sahəsinin əvvəlki sahibi Kazakov adlı şəxs olmuşdur. Kazakovun yaşadığı mənzil iddiaçının atası Vəli İbrahimova dövlət tərəfindən verilib. Mənzilə görə ayrılmış torpaq sahəsindən isə Vahab istifadə etmişdir. Daha sonra isə Qurban həmin torpaq sahəsinə saxta sənəd düzəltmişdir. Müvafiq məhkəmə qətnamələri ilə Zaur X3rşı iddiası təmin edilmiş və Qurban Paşayev torpaq sahəsindən çıxarılmışdır. Bundan sonra Zaur torpaq sahəsini abadlaşdırmışdır. Bu fakt qonşuların aktı və digər sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa torpaq sahəsi təsərrüfat işləri ilə bağlı binada yaşayan sakinlər üçün ayrılmışdır. Lakin Cavabdeh1 nə binanın sakinidir, nə də ki, torpağa dair hər hansı hüquqverici sənədi yoxdur. Eyni zamanda Cavabdeh1 tərəfindən torpağın alınması ilə bağlı heç bir sübutu yoxdur.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianı qəbul etməmiş və izahatlarında bildirmişdir ki, mübahisəli torpaq sahəsini yaşadığı evin torpaq sahəsi az olduğundan 1995-ci ildən Vahab adlı şəxsdən 7000 ABŞ dollarına almışdır. O həmin torpaq sahəsində toyuq və qaz saxlayır. Bundan başqa mübahisəli torpaq sahəsində yüksək təzyiqli işıq xətti keçirdi. Təxminən 2 il əvvəl işıq xətti həmin ərazidən çıxarılandan sonra iddiaçı sözügedən torpaq sahəsinə yiyələnmək istəyir. Bundan başqa yerli baxışdan sonra iddiaçının atası onlara gələrək mübahisəli torpaq sahəsinin onlara məxsus olmadığını, torpaq sahəsinin Qurbana məxsus olduğunu etiraf etmişdir. İddiaçının atası o vaxtı yaxşı pulu olduğundan mübahisəli torpaq sahəsini Vahab adlı sürücüsünə verdiyini bildirmişdir. Onda hətta bu barədə iddiaçının atasının səs yazısı vardır. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsi isə ilk əvvəl Vahabın qayınatasının olmuş, sonra Vahabın qayınatası torpağı Vahaba vermişdir. Daha sonra isə Vahab torpaq sahəsini Qurbana satmışdır. O, öz həyətini 1990-cı ildə Firidun adlı şəxsdən 5000 köhnə rus rubluna almışdır. Kanalizasiyanı o və Vaqif müəllim çəkmişdir. İddiaçının atasından kanalizasiya xəttinin bərpasına görə pul almamışıq. Hətta iddiaçı qalan binada su xətti dəyişdiriləndə iddiaçının atası mənzilinə su xəttini mənim həyətimdən keçirmişdir. Mən ağsaqqal kişi olduğu üçün icazə verdim. Əgər iddiaçı torpaq sahəsindən istifadə etsə idi, suz xəttini öz torpaq sahəsindən çəkərdi. Vahab iddiaçını və atasını torpaq sahəsinə girməyə icazə vermirdi.
8. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 nümayəndəsi, Vəkil2 iddaya etiraz edərək, yazılı etirazının dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddia ərizəsində göstərilir ki, guya İddiaçı torpaq sahəsindən istifadə etdikdən sonra Cavabdeh1 torpaq sahəsindən istifadə etməyə başlamışdır. Lakin məhkəmə iclasında izahatı alınmış şahidlər torpaq sahəsinin Cavabdeh1 tərəfindən 4-5 il əvvəl istifadəsində olduğunu bildirmişlər. İddiaçı mübahisəli torpaq sahəsindən heç vaxt istifadə etməmişdir. Ali Məhkəmənin qərarında da torpaq sahəsinə İddiaçı və Qurban Paşayevin hər hansı hüquqlarının olması və ya əmələ gəlməsi anlamına gəlmədiyi göstərilmişdir. Hesab edirəm ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ yoxdur.
9. Cavabdeh1 tərəfindən imzalanmış iddiaya etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsini uzun müddətdir ki heç bir mübahisəsiz istifadə edir. Bütün qonşular bu faktı təsdiq edə bilər. İddiaçının həmin torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçı həmin küçədə yaşadığı binada ümumi istifadədə olan sahəni zəbt edərək təkbaşına istifadə edir. İndi də gözünü tikib onun torpağına. Bu insan belə işlərlə məşğuldur və bütün qonşular da bilir. İddiaçının həmin torpaq sahəsinə hər hansı mülkiyyət hüququ yoxdur. Hazırki iddianın əsaslılığına qiymət verilməzdən əvvəl iddiaçı mübahisə etdiyi torpaq sahəsi üzərində subyektiv hüququnun olması sübuta yetirilməlidir.
10. Lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində bildirmişdir ki, o, təxminən 7 ay olar ki, ünvan 1 ünvanından köçmüşdür, lakin köhnə evinə yaxınlıqda yaşayır. O, ünvan 1 ünvanında yerləşən mənzilinə dövlət tərəfindən ayrılmış 2 sot torpaqda ev tikmiş, daha sonra binada yerləşən evini satmışdır. Onun tikdiyi ev mübahisəli torpaq sahəsinə baxırdı. Mübahisəli torpaq sahəsində həmişə İddiaçı görmüş və Zaur oranı təmizləmişdir.
12. Şahid verilən suallara cavab olaraq bildirdi ki, 2003-cü ildən ünvan 2 ünvanında yaşamışdır.Hazırda istifadə etdiyi torpaq sahəsini Zaur özü abadlaşdırmışdır. O, ilk əvvəl binada yaşamış və həmin ev rus milliyətindən olan Petya adlı şəxsə məxsus olmuşdur. Evini Şahin adlı şəxsə satmış, lakin evini satmamışdan əvvəl mənzilinə ayrılmış torpaq sahəsində fərdi həyət evi tikmişdir. Binada evi 2 otaqdan ibarət olmuşdur və ona dövlət tərəfindən 2 sot torpaq sahəsi verilmişdir, lakin heç vaxt ona qonşulardan hansı səbəbə görə az ölçüdə torpaq sahəsinin verilməsini maraqlanmamışdır. Azatın həyətinə axıra kimi keçmədiyindən orda qapı açılıb-açılmadığını bilməmişdir. Vahabı qonşu kimi tanımış, lakin münasibəti olmamışdır. Vahabın torpaq sahəsinin hansı hissəsindən istifadə etdiyini bilmir. Zaurgilin torpaq sahəsindən əvvəllər Vahab istifadə edirdi. Qurbanı bir-iki dəfə görmüş, münasibətim olmamışdır və torpaq sahəsindən istifadə etdiyini görməmişdir. Mübahisəli torpaq sahəsi zibillik idi, torpaq sahəsini Zaur təmizlətdirdi. Zaurgilə ayrılmış torpaq sahəsinin ölçüsünü bilmir və Zaurun torpaq sahəsinə tam daxil olmamışdır. Zaurun hazırda istifadəsində olan torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin arasında çəpər var idi, lakin çəpərin nə vaxt qoyulduğunu bilmir. Hazırda Zaurun istifadə etdiyi torpaq sahəsinə sonuncu dəfə təxminən 2 il olar girmiş və sahəsi 4 sota yaxın olardı. Torpaq sahəsinin əvvəllər Vəli tərəfindən istifadə olunub-olunmamasını bilmir.
13. Məhkəmə iclasında şahid kimi dindirilən X10 ifadəsində bildirmişdir ki, o, Zaur və Azat ilə qonşudur. Bina 1952-ci ildə tikilib, o, 1960-cı ildə anadan olmuş və anadan olandan həmin binanın 11 saylı mənzilində yaşamışdır. Onun xalasının baldızının Cənubi Azərbancandan olan əri də həmin binanın 3 saylı mənzilində yaşayırdı. Həmin şəxs mühacir idi və Bakı şəhərində tək yaşayırdı, onun ailəsi o vaxtları İranda qalmışdı. O, Bakı şəhərində mühəndis işləyirdi. Onun həmin qohumunun torpaq sahəsi Kazakovun torpaq sahəsi ilə qonşu idi. Həmin torpaq sahəsi 4 metr enində və 35 metr uzunluğunda idi. Qohumu 1972-ci ildə Bakı şəhərində vəfat edəndən sonra torpaq sahəsini xalasının əri onlara verdi. O orada 1990-cı illərdə qaraj tikdi. Onun indiki torpaq sahəsi ilə qonşu olan Azad adlı şəxs maşın aldığından ona tikdiyi qarajla onun torpaq sahəsini dəyişməyi təklif etdi. O da Azada məxsus 4 sot torpaq sahəsini öz torpağıma qatmış və qarajı Azada vermişdir. Azad bir müddət qarajda maşın saxlamış, daha sonra komputer salonu kimi işlətmişdir. Azad cavan rəhmətə getdi və Azadın anası qarajı Kazakovun həyətini alan şəxsə yəni Qurbana satdı. Bundan sonra Kazakovun həyətinin eni 9 metr oldu. Hazırda həmin eni 9 metrlik olan torpaq sahəsi Zaurun istifadəsindədir. Buna qədər isə 1978-ci ildə Kazakovun arvadı vəfat edən zaman 12 saylı mənzilin sakini Vahab, Kazakovun Qarik adlı oğluna yaxınlaşaraq onun da anasının rus milliyətindən olmasını bildirərək, torpaq sahəsini ona verməsini xahiş etmiş və Qarik də hazırda Zaurun istifadəsində olan və mübahisəli torpaq sahəsini Vahaba vermişdir. Vahabın torpağın müqabilində Qarikə pul verməsini bilmir, Qarik spirtli içki aludəçisi idi. Vahab torpaq sahəsini binadan köçənədək, yəni 2007-ci ilədək özü istifadə etmişdir. Vahab hətta torpaq sahəsində balaca otaqlar tikərək kirayəyə də verirdi. Vahabın mənzili 1 otaqlı olduğundan o və ailəsi çox vaxt torpaq sahəsində olurdular, orada yemək bişirirdilər və günlərinin çox hissəsini orada keçirirdilər. Hətta Zaurun anası Vahabın arvadı ilə rəfiqə idilər, onlar orada birgə çay içib, söhbətləşirdilər. Vahab orada özü üçün balaca otaq da tikmişdi, çox vaxt orada qalırdı. O, 1992-ci ildə onlara ayrılan torpaq sahəsində özünə ev tikmişdir. Onun torpağının sağ tərəfinə bitişik iş üzrə cavabdeh Azatın torpağıdır. Azat əvvəllər onun hasarıma bitişik toyuq-cücə saxlayırdı. Azat hazırda yaşadığı torpaq sahəsini belə almışdır ki, Kvıkinin oğlu spritli işçki aludəçisi idi, 1980-cı illərdə erməni milliyyətindən olan Robik adlı şəxsə o vaxtki məzənnə ilə 2000 rubla satdı, Robik həmin ərazidə özünə qaraj tikdi, lakin qaraj sonradan dövlət tərəfindən qanunsuz tikildiyi üçün söküldü, 1988-ci ildə erməni məsələsi olanda Robik daha Rəsulzadə qəsəbəsindəki evinə gəlmədi, Robik prokurorluğunda yanında yaşayırdı, təxminən 3-4 il Robikin torpaq sahəsi yiyəsiz qaldı. O vaxtı qonşuluqda Həsən qalırdı, Həsən qıfılı sındıraraq Robikə məxsus torpaq sahəsinin ələ keçirir, lakin Vahabın Həsənlə arası olmadığı üçün Robiklə evini dəyişmiş Qərbi Azərbaycandan qaçqın düşmüş Firidun adlı şəxsi taparaq, Robikə məxsus torpaq sahəsinin olduğunu bildirir, bundan sonra Firidun Həsənin yanına gələrək həmin ərazidən çıxmasını bildirir, Həsən çox abırlı adam olduğu üçün həmin torpaq sahəsini Firiduna verir, Firidun isə 1995-ci ilədək torpaq sahəsinə arabir baş çəkir, 1995-ci ildə isə Cavabdeh1 satır, Firidun Azata torpaq sahəsini satanda orada Robikin vaxtından yarımtikili ev var idi. Bundan başqa 1-2 olar ki, Zaur ondan onlara ayrılmış torpaq sahəsinin harada yerləşdiyini soruşdu. Zaurun atası Vəli bilirdi, lakin Zaur da ondan dəqiqləşdirmək üçün sorşudu. O, hesab edir ki, Zaurgilin 1979cu ildən hüquqları pozulub.
14. Şahid verilən suallara cavab olaraq bildirdi ki, Binada yaşayanlara mənzilin eni qədər təxminən 4-5 metr enində, 40-50 metr uzunluğunda torpaq sahəsi verilirdi ki, həmin torpaq sahəsi həmin dövrdə təsərüffatla məşğul olmaq üçün dövlət tərəfindən bina sakinlərinə verilirdi, onun torpaq sahəsi Q şəkilli idi, Azatın torpağı düz idi, Azatın evində 1-2 il əvvəl olmuşdur, mübahisəli torpaq sahəsi ilə Azatın torpağı arasında daş hasar var idi, Azat sonradan təxminən 4-5 il əvvəl daş hasarın kiçik bir hissəsini sökərək öz toyuqcücələrini həmin əraziyə buraxırdı, Kazakov 1973-cü ildə vəfat etmişdir. Kazakovun torpaq sahəsi eni təxminən 4-5 metr, uzunluğu isə 70 metr olardı, torpaq sahəsi Q şəkilli idi. 10 saylı mənzildə Kvıkin, 4 saylı mənzil də isə Kazakov adlı şəxs yaşayırdı. Vahab 12 saylı mənzildə yaşayırdı, Vahaba məxsus mənzilin torpaq sahəsi yox idi. Vəli, evi alanda Vahab artıq Zaurgilə məxsus torpaq sahəsindən istifadə edirdi. Vahab binadan köçəndə torpaq sahəsini Vəliyə verəcəyəni demişdir. Lakin Vahab binadan köçəndə torpağı Qurbana satmışdır. Kanalzasiyanı təmir etmək üçün Azata Qurbandan 100 manat pul almasını bildirmişəm, Azat da Qurbanda 100 manat alaraq mənə vermişdir. Biz qonşularla birgə kanalizasiyanı təmir etdik. Azat toyuq-cücələrini ilk əvvəl mənim hasarıma bitişik saxlayırdı, daha sonra öz həyətindən mübahisəli torpaq sahəsinə balca deşik açaraq orada saxlayırdı. Cavabdeh1 mübahisəli torpaq sahəsini 1995-ci ildə alması yalandır, çünki həmin ərazidən Vahab 2007-ci ilədək istifadə edib. Qurban 15 ildə bir dəfə də olsun gəlməyib, torpaq sahəsi zibillik içində idi. Zaurun hazırda istifadə etdiyi torpaq sahəsində sonuncu dəfə 1 ay olar ki olmuşdur, çəpərin kim tərəfindən çəkildiyini soruşduqda Azat tərəfindən çəkildiyini bildirmişdir. Torpaq sahəsini Zaur abadlaşdırıb.
15. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid əvvəlcə ifadəsində bildirmişdir ki, 1979-cu ildən Bakı şəhərində, 1988-ci ildən isə ünvan 3 ünvanında yaşayır. Onun ailəsi ermənistadan qaçqın düşüb. Qaçqın düşən zaman ermənistandakı ata yurdunu Bakı şəhərində yaşayan erməninin evi və torpağı ilə dəyişmişdir. Həmin erməni əsilli şəxsin evi Rəsulzadə qəsəbəsində yerləşən köhnə Univermağın yanında olmuş, torpaq sahəsi isə mübahisəli torpaq sahəsi ilə qonşuluqda yerləşir. Evini dəyişərkən torpaq sahəsini özünə, Univermağın yanındakı evi isə qardaşına vermişdir. Həmin erməninin iddiaçının yaşadığı binada 1 otaqlı mənzili olmuş və ona da dövlət tərəfindən 5 sot torpaq sahəsi ayrılmışdır. Həmin mənzil 5 saylı mənzil idi və mənzil hazırda iddiaçının istifadəsindədir. O erməni ilə evi dəyişən zaman torpaq sahəsinin içərisində köhnə 1 mərtəbəli ev var idi. O hazırda həmin torpaq sahəsində iki mərtəbəli ev tikmişdir. Sonralar hazırda istifadə etdiyi torpaq sahəsinə qapı qoyan zaman Zaurdan torpağı neçəyə aldığını soruşmuş, Zaur isə halallaşdığını bildirmişdir. O isə Zaura demişdir ki, bilsəydim torpaq sahəsi satılır, öz oğluma alardım.
16. Şahid verilən suallara cavab olaraq bildirdi ki, Azat hazırda yaşadığı torpaq sahəsini 1991-1992-ci illərdə Firidun adlı şəxsdən almışdır. Azatın istifadə etdiyi torpaq sahəsi düz idi. Mübahisəli torpaq sahəsi ilə öz həyəti arasında qapı var idi. Vahab mübahisəli torpaqda toyuq-cücə saxlayırdı, daha sonra toyuq-cücə saxlanılan yeri Azat tikib. O, Azatı 1990-cı ildən tanımışdır, 1995-ci ildən isə gediş-gəlişləri olub, Azatdan toyuq-cücə, hinduşka alırdı. 5 saylı mənzilə ayrılmış torpaq sahəsinin Zaura məxsus olmasını bilməmiş və ona heç vaxt həmin torpaqla bağlı heç bir söz deməmişdir. Vahabı tanıyırdı, lakin Kazakov adlı şəxsi tanımamışdır. Mübahisələndirilən torpaq sahəsinə Vahab sahiblik edirdi və Vahab istifadə etdiyi vaxtdan çəpər var idi, lakin həmin çəpərin nə üçün çəkildiyini soruşmamışdır. Vahab orada pomidor, xiyar əkirdi, toyuq-cücə saxlayırdı. O Qurban adlı şəxsi tanımamış, lakin eşitdiyinə görə Vahab torpaq sahəsini Qurbana satmışdır. Zaur heç vaxt torpaqdan istifadə etməmişdir. Mübahisəli torpaq sahəsini Azat təxminən 6000-7000 ABŞ dollarına Vahabdan almışdır. Azat mübahisəli torpaq sahəsini Vahabdan alanda arada çəpər var və qapı var idi. Vəli heç vaxt torpaq sahəsində təsərrüfat işləri görməmişdir. Vahab 1995-ci ildən köçüb, həmin vaxtdan mübahisəli torpaq sahəsini Azat alıb və o istifadə edib. İddiaçı iddia etdiyi torpaq sahəsinin yarısını Vahab digər hissəsini isə Azat istifadə edirdi, lakin Azata qədər ümumi torpaqdan Vahab istifadə edirdi. Qurbanla nə o, nə də ki, Azat qohum deyildir.
17. Növbəti məhkəmə iclasında ifadəsi dəqiqləşdirilən Şahid bildirdi ki, İddiaçı hazırda istifadəsində olan torpaq sahəsi düz formada axıra kimi olmuş və Vahabın istifadəsində olmuşdur. 2007-ci il tarixədək bu torpaq sahəsindən Vahab istifadə etmişdir. Cavabdehlər Azatın və Zöhrabın öz evlərinin yanında çəkdikləri hasar düz formada axıra kimi çəkilmişdir. Mübahisələndirilən torpaq sahəsini Vahabdan 7000 ABŞ dollara Azatın almasını bilmirəm, görməmişəm, bunu Azatdan eşitmişəm. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
18. e-2(001)-185/2022 saylı mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsindən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdeh İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Lakin Bakı şəhəri üzrə hazrılanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır.
19. Azərbaycan SSR-nin Bakı şəhəri X13 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1979-cu il tarixdə verilən 183135 saylı orderindən görünür ki, Ağa-Neymatulla küçəsi, Kirov qəsəbəsi, ev 6, mənzil 4 ünvanda yerləşən 30 kv.m mənzil yaşamaq üçün X7 və ailə üzvlərinə verilmişdir.
20. Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, bina 6-da yaşayan İddiaçı, X11, X8 tərəfindən xx.xx.2021-ci il tarixli AKT-da qeyd edilmişdir ki, yaşadığımız binanın arxasında yerləşən 4 saylı mənzilə məxsus həyətyanı sahə mən hələ uşaq ikən ailəmiz tərəfindən müvəqqəti olaraq vaxtilə qonşumuz Əhmədov Vahaba təsərrüfat fəaliyyəti üçün verilmişdi. Sonradan qonşumuz Əhmədov Vahab bu binadan köçdükdən sonra ona verilmiş həyətyanı sahə uzun illər baxımsız olaraq xarabalığa çevrilib. Baxımsız qalan bu həyətyanı sahə dəfələrlə müxtəlif vaxtlarda gənc insanların oraya yığışması, mübahisə edərkən qeyri-etik davranışları, kriminal ab havanın olması onlarda narahatlıq yaratmışdı. Bu həyətyanı sahənin ailəsinə məxsus olduğunu bildikdən sonra gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün həyətə baxış keçirdilər. Orada gördükləri natəmizliyi və.s nəzərə alaraq abadlıq işlərinə onun tərəfindən başlanılmışdır.
21. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli İddiaçı verilən arayışında qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən yaşayış binasının arxasında olan torpaq sahəsinə sanitar təmizlik işlərinə qonşuların xx.xx.2021-ci il tarixli aktına əsasən İddiaçı nəzarət edir.
22. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin vəkil sorğusuna 28 aprel 2022-ci il tarixli cavabından görünür ki, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsi, bina 6, mənzil 4 sözügedən mənzil 17 oktyabr 1952-ci ildə “Kirovneft” Neft-Qaz Çıxarma İdarəsində sürücü işləyən X1 ailəsinə verilmişdir. Həmin ailə göstərilən ünvandakı mənzili boşaldıb təhvil verdikdən sonra xx.xx.1979-cu il tarixli, N 183135 saylı orderlə X5 4 nəfər ailə üzvü üçün ayrılmışdır. Yaşayış binası 1952-ci ildə tikilib istifadəyə verilmişdir. 1952-ci ildən 2012-ci ilin aprel ayına qədər Azərbaycan Dövlət Neft Şirkətinin balansında olmuşdur. 2012-ci ilin aprel ayından Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin balansına verilmişdir. Sözügedən mənzil xx.xx.2006-cı il tarixli N ******* saylı Çıxarışa əsasən X5 mülkiyyətinə verilmişdir. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir.
23. 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısının qərarından görünür ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin zəbt olunması barədə şikayəti əsasında aparılmış araşdırmanın nəticəsində mübahisənin mülki xarakterli olduğu bildirilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
24. İddiaçı X2 cavabdeh İddiaçı qarşı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymatulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1182/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
25. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ünvan 5 ünvanda yerləşən binanın arxa hissəsində yerləşir. Mübahisələndirilən torpaq sahəsi “Г” şəkilli ərazinin perependikulyar olan hissəsi ilə bağlıdır. Mübahisəli hissənin ərazisi təxminən 3-4 sot olar. Mübahisəli torpaq sahəsi həm iddiaçının, həm də sağ tərəfdən qonşunun istifadə etdiyi torpaq sahəsi ilə kəsişir və iddiaçı tərəfdən setka, taxta və dəmir lövhələrdən olan çəpərlə, qonşu tərəfdən isə setka ilə ayrılır. İddiaçı istifadə etdiyi hissəsinin girişində yeni darvaza qoyulmuş, həmin sahəyə daxil olarkən həyətin giriş hissəsinin sağ tərəfində yarımtikili yerləşir. Mübahisəli torpaq sahəsinə faktiki olaraq Cavabdeh1 hazırda yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yuxarı tərəfindən keçid vardır. Cavabdeh1 yaşadığı evin yerləşdiyi torpaq sahəsindən mübahisəli torpaq sahəsinə daxil olarkən müəyyən edildi ki, həmin sahə ümumi olaraq istifadəsizdir. Bununla belə dəmir və taxta olan çəpərə bitişik setka ilə bağlanmış toyuq hini və it damı vardır. Torpaq sahəsinin ortasında elektrik dirəyi yerləşir. Torpaq sahəsinin sonunda yarım köhnədən qalmış yarımtikili vardır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
26. Tərəflər arasında olan mübahisə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağa Neymətulla küçəsində yerləşən 6 saylı binanın arxa tərəfində olan və iddiaçının faktiki istifadə etdiyi 300 kv.m torpaq sahəsinə bitişik olan və dəmir, taxta hasarla ayrılmış torpaq sahəsi ilə bağlıdır. Həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilsə də, mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur.
27. İddiaçı həmin torpaq sahəsinin ona və ailə üzvlərinə məxsusluğunu belə əsaslandırır ki, qeyd edilən binanın arxa və yan hissələrində yerləşən torpaq sahələri binanın sakinləri üçün ayrılmışdır. Belə ki, binada 12 mənzil var və müvafiq olaraq 12 pay torpaq sahəsi də nəzərdə tutulmuşdur. “Г” şəkilli torpaq sahələri çox otaqlı mənzillərin sahibləri tərəfindən istifadə edilirdi. Mübahisələndirilən torpaq sahəsi isə məhz onun atasının mülkiyyətində olan mənzilin arxasında yerləşir və onun faktiki istifadəsində olan torpaq sahəsinin davamıdır. Hansı ki, həmin torpaq sahəsi cavabdehlər tərəfindən öz torpaq sahələrindən keçid açmaqla(hasardan giriş üçün yer açmaqla) qanunsuz olaraq istifadə edilir. Eyni zamanda iddiaçı torpaq sahəsinin ona və ailə üzvlərinə məxsusluğunu onunla əsaslandırır ki, qeyd edilən torpaq sahəsi bütün olaraq hal-hazırda yaşadıqları mənzilin əvvəlki sahibi X1 istifadəsində olmuşdur və mənzil onun atasına verildikdən sonra təbii olaraq torpaq sahəsi də onun sahibliyinə keçməlidir. Bundan əlavə onun atası torpaq sahəsini müvəqqəti olaraq Əhmədov Vahaba vermiş və o, binadan köçdükdən sonra məntiqi nəticəsi olaraq torpaq sahəsi də ona qayıtmalıdır. Eyni zamanda cavabdehlərin həmin bina ilə heç bir əlaqəsi olmadığına görə torpaq sahəsinə də hər hansı hüquqları yoxdur. Bundan əlavə X2 ona qarşı iddiası uğursuz olduqdan sonra cavabdehlər onunla əlbir olaraq belə addım atmışlar. Bundan başqa qonşular tərəfindən tərtib edilən AKT-a əsasən orada sanitar təmizlik işlərinə nəzarət ona həvalə edilmiş və bu faktı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 145 saylı Mənzil-Kommunal İstismar Sahəsi də təsdiq etmişdir.
28. Cavabdeh1 və nümayəndəsi iddianın əsassız olduğunu onunla əsaslandırmışlar ki, əvvəla iddiaçının qeyd edilən torpaq sahəsinə dair hər hansı subyektiv hüququ yoxdur. Bundan əlavə o, torpaq sahəsini 1995-ci ildə 7000 abş dolları ödəməklə Əhmədov Vahabdan almışdır. Nə o vaxta qədər, nə ondan sonra iddiaçının və ya atasının qeyd edilən torpaq sahəsinə dair mübahisəsi olmamış və o, torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etmişdir. X18 iddiaçının istifadə etdiyi torpaq sahəsini Paşayev Qurbana, digər hissəsini isə, yəni hazırda mübahisələndirilən hissəsini isə ona satmışdır.
29. Şahid ifadələri ilə müəyyən edilir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının atasına məxsus mənzilin əvvəlki sahibi olan Kazakov Aleksandrın istifadəsində olmuşdur və iddiaçının atası öz ailə üzvləri ilə 1979-cu il tarixdə həmin mənzilə köçənədək artıq Əhmədov Vahab adlı şəxsin sahibliyinə keçmişdir. X17 isə 2007-ci il tarixdə həmin ərazidən köçmüş və torpaq sahəsini iddiaçının atasına verəcəyini desə də, ona verməmiş, Qurban adlı şəxsə satmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
30. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Bundan başqa iddia tələbinin qanuni əsasının tapılması işə baxan məhkəmə üçün ona görə vacibdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. İşin müəyyən edilmiş halları baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur.
33. Belə ki, baxmayaraq ki, iddiaçı mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Mülki Məcəllənin normalarına istinad etmişdir, lakin işin faktiki halları baxımından müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını sahibliyin müdafiəsi təşkil edir. Çünki iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədi yoxdur. Halbuki mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
34. Bununla belə Mülki Məcəllənin 164-cü maddəsində qeyd edilmişdir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
35. Bundan başqa Mülki Məcəllənin 166.3-cü maddəsində qeyd edilmişdir ki, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
36. Tədqiq edilmiş şahid ifadələri ilə müəyyən edilir ki, iddiaçının sahiblik hüququnun müdafiəsindən irəli gələn subyektiv hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi mənzil mülkiyyətçilərinə ayrılan torpaq sahəsi kimi onun və ya atasının istifadə və sahibliyində nə əvvəllər, nə də ki sonralar olmuşdur. İddiaçının da etiraf etdiyi kimi qeyd edilən torpaq sahəsini 1979-cu ildən 2007-ci ilə qədər Əhmədov Vahab adlı şəxs istifadə etmiş və həmin tarixdən sonra isə nə özünün, nə də ki atasının istifadə və sahibliyi müəyyən edilmir. İddiaçının sahibliklə bağlı mübahisəsi həmin torpaq sahəsinə bitişik olan torpaq sahəsinə faktiki sahiblik etməsindən sonra yaranmışdır. Bundan əlavə qonşuların tərtib etdiyi və Mənzil-Kommunal İstismar Sahəsinin təsdiq etdiyi AKT isə onun hazırda istifadəsində və sahibliyində olan hissə ilə bağlı olmuş, torpaq sahəsinin digər hissəsi ilə bağlı isə iddiaçının sahibliyinin ehtimal edilməsinə əsas müəyyən edilmir.
37. Odur ki, iddiaçının sahibliyin müdafiəsi ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüququ olmadığından iddia əsassızdır. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
43. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
44. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı və mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti cəlb edilməklə “torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev