Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4461/2022 24.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu İddiaçı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsini 24 iyun 2022-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, 147,1 kv.metr ölçülü qeyri-yaşayış sahəsinin “gələcəkdə müsadirə edilə bilən” əmlaklar siyahısına alınması ehtimalı ilə üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini və ona elektron qaydada əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “... cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir... Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.” Beləliklə, Konstitusiya Məhkəməsi qərara almışdır ki,
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işin üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsiləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmyana əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.
3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-3-cü maddəsinə sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1ci maddəsinə uyğun həyata keçirilməlidir.
5. Bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi qərara alınmışdır. CPM-in 122.2, 122.2.2 və 122.2.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Qeyd olunan normaların məzmunundan da görünür ki, iddia ərizəsində irəli sürülmüş tələbə mülki məhkəmə icraatında baxıla bilməz. Digər tərəfdən, o da qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ... iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bu maddənin tələblərinə riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsaslardan biri kimi təsbit edilmişdir. Hazırki iddia ərizəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi cavabdeh kimi göstərilsələr də, iddia tələbi əmlak üzərindən həbsin götürülməsindən ibarət olmaqla, tələbin cavabdehlərdən hansıya yönəlməsi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 2-ci bəndinə əsasən Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində ixtisaslaşdırılmış prokurorluq orqanıdır və Azərbaycan Respublikasının Baş prokuroruna (bundan sonra - "Baş prokuror") tabedir. Həmin Əsasnamədə Baş İdarənin məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etməsi müəyyən edilməmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğun mərkəzi aparatıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğuna birinci müavini, müavinləri, böyük köməkçiləri və köməkçiləri olan Azərbaycan Respublikasının baş prokuroru rəhbərlik edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Digər tərəfdən, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmiş, qəbzin nömrəli 912487746-dır. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti büdcədən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ M:
İddiaçı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Daşınmaz Əmlakın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti (qəbzin nömrəli 9********) büdcədən İddiaçı (AZE********) qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakimi Etibar Mustafayev