Məhkəmə qərarları › İş №e-2(001)-4480/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4480/2025

05.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4480/2025 05.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 18 aprel 2025-ci il tarixli, 18-1-47/3-1-358/2025 saylı əmrinin ləğv edilməsi, onun, yəni İddiaçı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Ginekologiya və doğum” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, habelə mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pul vəsaitinin cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən və X1 Xidmətindən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətini müəyyən edən norması olaraq 35-ci maddəsi təsbit edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdehlər qismində İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini, cavabdehlərin qeydiyyat ünvanı kimi isə müvafiq olaraq İsmayıllı rayonu, X2 küçəsi və Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 107 ünvanını göstərmiş, mülki prosessual qanunvericiliyin 36.2-ci maddəsinə istinad etməklə cavabdehlərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ünvanının ünvan 1ırki iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, tərəflər arasında yaranmış mübahisənin predmetini əmək mübahisəsi təşkil edir, əmək münasibətlərində isə tərəflərdən yalnız İddiaçı və İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi çıxış edir və həmin publik hüquqi şəxs tərəfindən qəbul edilmiş əmrin qanuniliyi mübahisələndirilir. Hazırkı iş üzrə isə iddiaçı iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cavabdeh qismində cəlb edərək, ona qarşı formal tələblə, yəni mənəvi zərərin vurulması tələbini irəli sürmüş, həmin cavabdehin hazırki mübahisədə mənəvi zərərin vurulmasında rolu, təqsiri, əmək qanunvericiliyinin tələblərinin həmin publik hüquqi şəxs tərəfindən pozulması ümumiyyətlə ərizədə əsaslandırılmamış, iddia tələbi faktiki olaraq yalnız digər cavabdehə qarşı yönəlmişdir. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, iddiaçı iddia ərizəsini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı formal olaraq tələb irəli sürülmüş, məhz həmin cavabdehin ünvanına əsaslanmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bununla da prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 30 may 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 150 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 30 may 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 150 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar