Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4566/2022 05.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən debitor borc üzrə (sayğac vasitəsilə ilə istifadə) 2.027,03 manat pulun və 41 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 2.068,03 manat pulun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 22 iyun 2022-ci il tarixdə AKX-04180xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və həmin müqavilə əsasında iddiaçı abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişikliyindən sonra abonentin istifadəsində olmuş smart kart tipli sayğacın göstəricisi mənfiyə getdiyindən ona qaz itkisi hesablanmış və nəticədə abonentin 2.031,25 manat əlavə borcu yaranmışdır. Cavabdehin ödənilməmiş 2022-ci ilin aprel-iyun ayları üzrə 70,32 manat sərfiyyat borcu və limitdən əlavə 16,96 manat sərfiyyat borcu, cəmi 2.118,53 manat məbləğində sərfiyyat borcu qalmışdır (2.031,25+70,32+16,96=2.118,53). 2022-ci ilin aprel ayından 2022-ci ilin iyun ayına qədər cavabdeh cəmi 91,5 manat məbləğində ödəniş etmişdir. Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 2.027,03 manat debitor borcu qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, 2006-cı ilin mart ayından hal-hazırki vaxta qədər ünvan 2 ünvanında yerləşən evində iddiaçı Birlik tərəfindən 09 aprel 2015-ci il tarixdə mexaniki sayğac – Smart tipli sayğacla (akt № 2426569) əvəz edildi, 07 mart 2018-ci il tarixdə xətdən – xəttə sayğac (akt № 5738615) bayıra çıxarıldı və 18 aprel 2022-ci ildə Smart sayğac yenidən mexaniki sayğacla (akt № 6615973) əvəz edildi. Bundan əlavə, 10 aprel 2015-ci il tarixdə (Müqavilə № 6061) və 14 oktyabr 2021-ci il tarixdə (Müqavilə № 07-07-40) qazın alqı-satqısına dair müqavilələr bağlanmışdır. 14 oktyabr 2021-ci il tarixli müqavilə 2008-ci ildə rəhmətə gedən həyat yoldaşı X1 adına yazılmışdır. Sual olunur hansı əsasla? Əgər həqiqətən də onun 2.027,3 manat debitor borcu var idisə, nə üçün onunla yeni müqavilə bağlanırdı? Bundan əlavə, Smart tipli sayğac dəyər ödənilməzsə qazı buraxmır, debitor borc necə yarana bilər? Sonuncu sayğac dəyişmə əməliyyatında (18 aprel 2022-ci il tarixində) onun iştirakı təmin edilməmişdir. Ona qaz mühəndisi telefonla bildirmişdir ki, 452 m3 qazdan dəyəri ödənilməmiş istifadə etmişdir. Bu rəqəm 18 aprel 2022-ci il tarixli ******* nömrəli aktda da qeyd edilmişdir. 2 aydan sonra isə ona bildirildi ki, 2.027 manat debitor borcu var və heç bir məhkəmə qərarı olmadan 21 iyun 2022-ci il tarixdə axşam saatlarında ona qaz verilməsi gizlicə dayandırılmışdır. Səhəri gün, 22 iyun 2022-ci il tarixdə görmüşdür ki, qaz xəttinə plomb vurublar. Dərhal iddiaçı Birliyə şikayət ərizəsi vermişdir. Ərizəsini alan gün iddiaçı Birlik dərhal onunla qazın alqı-satqısına dair yeni (AXK-04180xx/xx-2022) müqavilə bağladı və axşam saatlarında təxminən 22:00-da qaz verilişini bərpa etdilər. Görünür ki, iddiaçı Birlik öz qanunsuz əməllərini ört-basdır etmək üçün heç bir əsas olmadan məhkəməyə onun barəsində iddia ərizəsi vermişdir. Daha sonra cavabdeh məhkəməyə etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, iddiaçı Birlik tərəfindən 18 aprel 2022-ci il tarixdə onun iştirakı olmadan elektron qaz sayğacı mexaniki sayğacla əvəz edilmişdir. Sadəcə ona telefonla bildirildi ki, 452 m3 işlətdiyi qazın dəyəri ödənilməmişdir. 2 aydan sonra ona şifahi olaraq telefonla bildirildi ki, onun 2.027 manat debitor borcu var. O da öz növbəsində əlində olan əsaslı faktlarla Binəqədi QİS-nə gedib, öz iradını bildirmişdir. Nəticədə onlar 21 iyun 2022-ci il tarixdə təxminən axşam radələrində müqavilə şərtlərinə zidd olaraq (müqavilənin 5.3-cü bəndinə zidd) heç bir xəbərdarlıq etmədən gizlincə qaz verilişini kəsdilər. Bu barədə 22 iyun 2022-ci il tarixdə iddiaçı birliyin baş direktoru R.Əliyevə şikayət ərizəsi vermişdir. 2 aydan çox keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Nəyə görə? Əksinə ərizəsini alan günü 22 iyun 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Birliyin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq onlarla bağladığı müqavilənin 2.1.6, 2.17.7, 2.1.10 və 2.1.11-ci bəndlərini kobud şəkildə pozmuşdur. Bundan başqa, iddiaçı birliyin əməkdaşları hüquqları çərçivəsindən kənara çıxaraq, müqavilənin 2.2.1, 2.2 və 2.2.3-cü bəndləri əsasında deyil, vətəndaşdan özbaşlarına görə təhdid yolu ilə əsassız debitor borcu tələb edir və qaz verilişini müqavilənin 5.3-cü bəndinə zidd olaraq kəsirlər. Onun nə "xxxx" ASC-yə nə də ki "xxxx" ASC idarələrinə heç vaxt borcu olmamışdır. Nəyə görə qaza borcu olmalıdır ki? Vətəndaş olaraq bildirir ki, kommunal xidmətlər vaxtlı-vaxtında və ya avans olaraq öncədən ödənilməlidir. İddiaçı Birliyin yarıtmaz fəaliyyətinin nəticəsidir ki, 18 aprel 2022-ci il tarixdə qoyduğu təzə sayğacı 2 aydan sonra yenisi ilə əvəz edib. İddiaçının etibarnamə əsasında nümayəndəsi X5 məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 18 aprel 2022-ci il tarixdə ******* saylı akt tərtib edilməklə 1405AZ**********87 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmişdir. Sayğac çıxarılan zaman onun ekranı fotoçəkilişlə lentə alınmışdır. Həmin fotodan və 18 aprel 2022-ci il tarixdə ******* saylı aktdan da göründüyü kimi sayğacın elektron hissəsinin göstəriciləri (20454 m3) ilə mexanika hissəsinin (29296 m3) göstəriciləri arasında fərq olmuş, toplam kredit 20151 m3 təşkil edilmişdir. Fərqin yaranma səbəbi isə sayğacın mənfiyə işləməsi, yəni sayğacın elektron hissəsinin düzgün işləməməsi, sərfiyyatın qeydiyyatının düzgün aparılmaması olmuşdur. Lakin sayğacın mexaniki hissəsi daim işlək vəziyyətdə olmuş, istehlak edilən qaz sərfiyyatının dəqiq uçotu aparılmışdır. Elektron göstərici ilə mexaniki göstərici arasında yaranan fərq istehlakçının istifadə etdiyi sərfiyyatla, ödəniş etdiyi sərfiyyat arasında yaranan fərq (29296 m3 - 20151 m3) = 9145 m3 təşkil etmişdir. 2017-ci il tarixdən istehlakçının 1700 m3 istifadə olunmamış limiti qalmış olduğu üçün həmin hissə 0.10 manat qiymətlə (1700 m3 x 0.10 manat = 170 manat), yerdə qalan sərfıyyat isə 0.25 manat tarif qiyməti ilə (9145-1700) x 0.25 manat = 1861.25) manat hesablanmışdır. 170 manat +1.861,25 manat=2.031,25 manat. 1405AZ**********87 saylı sayğacın yoxlanması barədə Metrolojiya Departamentinin 19 may 2022-ci il tarixli aktı əsasında “Sayğacın klapanı işlək deyil, göstəricilər arasında fərq mövcuddur. Sayğac mənfiyə işləyib ...” şəklində rəy verilmişdir. Rəy əsasında dəymiş zərərin məbləği 2.031,25 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Bunu da bildirir ki, 1405AZ**********87 saylı sayğac 07 mart 2018-ci il tarixdə ******* saylı aktla çıxarılıb yenidən quraşdırılan zaman sayğacın elektron və mexaniki göstəriciləri bərabər olmuşdur. Yəni mənfiyə getmə dəqiq surətdə 2018-ci ilin mart ayından sonrakı tarixə təsadüf edir. Smart sayğacın “Gasrep” proqramı üzrə saldosundan da aydın şəkildə görünür ki, 2020-ci il ərzində sərfiyyat 5765 m3, ödəniş 933.00 manat olsa da, 2021-ci il ərzində cəmi sərfiyyat 2780 m3, ödəniş isə 375 manat təşkil etmişdir. Göstəricilər arasında olan 2985 kub fərq məhz mənfiyəgetmə halı ilə bağlı yaranmış faktiki vəziyyətdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh sayğacın mənfiyə işləməsini bilmiş olsa da hərəkətsizlik etməklə paylayıcıya ziyan vurmuşdur. İddiaçı İB məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraza uyğun izahat verərək iddianın edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 09 aprel 2015-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 “C” ünvanına məxsus mexaniki tipli qaz sayğacı yeni itron tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində istehlakçı Sevda Həsənovanın iştirakı təmin edilmişdir; İddiaçı ilə Cavabdeh arasında 10 aprel 2015-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 6060 saylı müqaviləyə əsasən, birlik istehlakçını təbii qazla təmin etmək, istehlakçı isə, birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 07 mart 2018-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 “C” ünvanına məxsus itron tipli qaz sayğacı yeni itron tipli qaz sayğacı ilə əvəz edilmişdir. Aktın tərtib edilməsində Cavabdeh iştirakı təmin edilmişdir; AZ-İ 296754 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 may 2008-ci il tarixdə ölmüşdür; İddiaçı ilə X2 arasında 14 oktyabr 2021-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-4070 saylı müqaviləyə əsasən, birlik istehlakçını təbii qazla təmin etmək, istehlakçı isə, birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı ilə Cavabdeh arasında 22 iyun 2022-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-04180xx/xx- 2022 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktın surətindən görünür ki, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 “C” ünvanına məxsus itron tipli qaz sayğacı honeywell tipli qaz sayğacı ilə əvəz edilmişdir; Sayğacın elektron göstəricisi 204512 m3, mexaniki göstəricisi isə 29296 m3-dir. Aktın tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmişdir; **********00000 nömrəli abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin iyun ayının əvvəlinə borc 2.072,03 manat təşkil edir; “Gasrep” adlı sənəddən görünür ki, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 44 “C” ünvanına məxsus GPG14731287 sayğacında 2015, 2018-2022-ci illər üzrə ümumi sərfiyyat 20151 m3, ödəniş isə 3.096 manat olmuşdur; Metrologiya Departamentinin sayğacın müayinəsi laboratoriyasının rəyindən görünür ki, 1405AZ**********87 nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyil. Göstəricilər arasında fərq mövcuddur. Sayğac mənfiyə işləyib. Sayğac alarm – 5 rejiminə salınmışdır və Alarm – 5 rejimindən çıxarıldı. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm – 1 rejimi aşkar olunmayıb. Xətalar normaya uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 18 aprel 2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmiş, yalnız iddiaçı təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Bundan əlavə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materiallarında olan sənədlərdən də görünür ki, istehlakçı hər ay qaz sərfiyyatına görə ödənişini etmişdir. Sayğacda baş verən hər hansı qüsura görə istehlakçı deyil, qaz paylayıcı məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “debitor borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4566/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4566/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver