Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4597/2025 08.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı 02 fevral 2021-ci il tarixdən "xxxx" MMC-nin Lənkəran qrupunda işləmişdir. İş prosesində yüksək məsuliyyət, peşəkarlıq və intizam nümayiş etdirmişdir. Müəssisədə vəzifəsi üzrə yeganə ali təhsilli işçi olmuş və fəaliyyəti ərzində işəgötürən tərəfindən ona qarşı hər hansı rəsmi töhmət, cəza və ya intizam tənbehi tətbiq edilməmişdir. 2023-cü ilin oktyabr ayında onunla iş yoldaşı arasında baş vermiş sözlü mübahisədən sonra rəhbərlik tərəfindən psixoloji təzyiqlərə məruz qalmış, onu “rəisin adından” məcbur etmişlər ki, işdən azad edilməsi barədə ərizə yazsın. Əks halda əmək fəaliyyətinə mənfi təsir göstərəcək intizam tədbirlərinin görüləcəyi bildirilmişdir. O, 23 oktyabr 2023-cü il tarixdə təzyiq nəticəsində ərizə yazaraq 30 oktyabr 2023-cü il tarixdən işdən çıxmasını xahiş etmişdir. Lakin artıq 26 oktyabr 2023-cü il tarixdə fikrindən daşınaraq rəsmi qaydada həmin ərizənin geri götürülməsi barədə poçt vasitəsilə və elektron şəkildə yenidən müraciət etmişdir. Həmin vaxt işəgötürən onun yerinə yeni işçi təyin etməmiş və xəbərdarlıq müddəti də başa çatmamışdır. Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən: “Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçi götürülməsi barədə işçiyə yazılı xəbərdarlıq etməmiş olsun.” Buna baxmayaraq, işəgötürən 30 oktyabr 2023-cü il tarixdə ərizənin etibarsız sayılması barədə müraciətinə məhəl qoymadan əmək müqaviləsinə xitam vermişdir. O, bu qanunsuzluqla bağlı mediasiya və məhkəməyə müraciət etmiş, nəticədə məhkəmənin qərarı ilə işinə bərpa olunmuşdur. Lakin yenidən, 2024-cü ilin aprel ayında – işə bərpa olunduqdan təqribən 6 ay sonra – bu dəfə X2 başa çatması bəhanəsi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, hesab edir ki, işə məhkəmə qərarı əsasında bərpa olunduğundan sınaq müddətinə əmək müqaviləsi anlayışı tətbiq edilməməlidir, çünki bərpa edilən əmək münasibətləri əvvəlki şərtlərlə bərpa olunur. Əmək Məcəlləsinin heç bir maddəsində işçinin yenidən sınaq müddəti ilə və ya yenidən müddətli müqavilə ilə işə götürülməsi tələb edilmir. Əvvəlki iş şərtləri eyni qaydada bərpa olunmalı idi. Müddətli əmək müqaviləsinin başa çatması formal əsas kimi istifadə olunmuşdur. O, işə bərpa edilməzdən əvvəl 4 il 2 ay müddətində əmək müqaviləsi fasiləsiz olaraq vaxtaşırı uzadılmışdır. Lakin məhkəmə qərarı ilə işə bərpa olunduqdan cəmi bir neçə ay sonra, sanki o, yeni işçi və ya sınaq müddəti ilə işə götürülmüş kimi əsassız və səbəbsiz şəkildə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, məhkəmə qərarı ilə əvvəlki əmək münasibətləri, bütün şərtləri ilə birlikdə bərpa olunmalı idi. Bu isə hüquqi və faktiki baxımdan əsassız və qərəzli yanaşmadır. Əslində isə ştat saxlanılmış və onun yerinə heç bir yeni işçi götürülməmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən: “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.” Əmək müqaviləsinə bu şəkildə xitam verilməsi hüquqi əsaslardan məhrum, qərəzli və məqsədli şəkildə həyata keçirilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, işçi olaraq peşəkarlığı, ailə vəziyyəti, maddi durumu və ştatın mövcudluğu da nəzərə alınmamışdır. Müəssisədə onun ştatı saxlanılmış və vəzifəsinə uyğun yeni işçi işə götürülməmişdir. Bundan başqa işdən azad edilmə barədə əmr ona rəsmi şəkildə təqdim edilməmiş, yalnız işdən çıxarıldıqdan sonra poçt vasitəsilə «X2 Bitməsi Haqqında “09” 04 2025-ci il № 172 saylı Bildiriş» göndərilmişdir. Bu, hüquqi baxımdan pozuntu və şəffaflığın olmamasıdır. Əlavə olaraq, o, ailə başçısıdır və iki oğul övladı vardır. Onlardan biri – Əli Ağazadə – yüksək balla (668.4 bal) Qarabağ Universitetinə qəbul olunmuş ilk hüquq tələbəsidir. Digəri isə məktəblidir. Hazırkı işsizlik vəziyyəti övladlarının təhsil imkanlarına və ailəsinin rifahına ciddi mənfi təsir edir. Göstərilənləri nəzərə alaraq, o, hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi hüquqi baxımdan əsassız, qərəzli və qanunazidd olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin 584/k nömrəli xitam əmrinin ləğv olunması və cavabdeh tərəfindən ona 12 may 2025-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə "xxxx" MMC-nin Lənkəran qrupunun Mühafizəçi vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi X5 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, MMC tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin normalarına düzgün əməl edildiyini əsas gətirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01053 nömrəli arayışdan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 11:00-dan 11:30-dək keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Lakin Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İş materiallarında olan Lənkəran Dövlət Universiteti tərəfindən verilmiş A seriyalı, 098899 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 08 iyun 2002-ci il tarixli qərarı ilə İddiaçı Maarif ixtisası verilmişdir. Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ali peşə istiqaməti üzrə balakavr dərəcəsi verilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış **********335 nömrəli əmək müqaviləsindən görünür ki, işəgötürən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilə işçi İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq, işçi İddiaçı Lənkəran qrupuna əsas mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətli hesab edilməklə və hər ay 546 manat əmək haqqının ödənilməsi göstərilmişdir. Əmək müqaviləsinin 2.3-cü bəndində qeyd edilmişdir ki, Bu Əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res.Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2023-cü il tarixinədək 2 il 9 ay 8 gün müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2022-ci il tarixli 26/Ş saylı əmrinin surətindən görünür ki, funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyri-ciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana görə Lənkəran qrupunun qrup rəisi İddiaçı, qrupun böyük atıcıları X3, X4 intizam tənbehi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi tədbir görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Başqa işə keçirilmə haqqında” xx.xx.2022-ci il tarixli 64/k saylı əmrinin surətindən görünür ki, İddiaçı - xx.xx.2022-ci il tarixdən bağlanmış Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq Lənkəran qrupunun qrup rəisi vəzifəsindən həmin qrupa əməyin ödənilmə dərəcəsi 6 olmaqla böyük atıcı vəzifəsinə keçirilməsi və onunla əvvəl bağlanmış Əmək Müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İntizam tənbehinin verilməsi barədə” xx.xx.2023-cü il tarixli 139/Ş saylı əmrinin surətindən görünür ki, funksional vəzifə borcunun yerinə yetirilməsinə qeyri-ciddi münasibət bəsləyərək xidmətdə yol verdikləri nöqsana və xüsusi geyim formasının daşınması qaydalarını pozduqlarına görə Lənkəran qrupunun böyük atıcıları X6 və İddiaçı “töhmət” intizam tənbehinin verilməsi, bir daha belə hallara yol verərlərsə haqqında daha ciddi tədbirlər görüləcəyi barədə onlara xəbərdarlıq edilməsi əmr edilmişdir. İş materiallarında olan Lənkəran qrupunun böyük atıcısı İddiaçı tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Təhlükəsizlik və Mühafizə İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Yusif Ağarzayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin Həmkərlar İttifaqı Təşkilatının xx.xx.2023-cü il tarixli protokolunun surətindən görünür ki, Lənkəran qrupunun böyük atıcısı İddiaçı yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən azad olunmağa laiq olduğu, lakin ailə vəziyyətinin ağır olması və tutduğu vəzifədən azad olunması barədə yazdığı ərizəsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Təhlükəsizlik və Mühafizə İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Yusif Ağarzayev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 57/k nömrəli əmrdən görünür ki, İddiaçı - "xxxx" MMC-nin Lənkəran qrupunun böyük atıcısı, işçinin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 30 oktyabr 2023-cü il tarixdən xitam verilməsi, son haqq-hesab işlərinin mövcud qanunvericiliyə uyğun olaraq aparılması əmr edilmişdir. (Əsas: İddiaçı ərizəsi) İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4338/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Təhlükəsizlik və Mühafizə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X11 Xidməti cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli № 57/K saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Cavabdeh Lənkəran qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Təhlükəsizlik və Mühafizə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İşə bərpa olunma barədə” xx.xx.2024-cü il tarixli 106/K saylı əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 57/k nömrəli əmri ilə Lənkəran qrupunun böyük atıcısı vəzifəsi üzrə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ləğv olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-4338/2025 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5660/2024 nömrəli qətnamələrinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 57/k nömrəli əmri ləğv edilmişdir. Ağazadə X8 qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər - xx.xx.2024-cü il tarixinədək məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi əmr edilmişdir. (Əsas: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(001)-4338/2024 saylı qətnaməsi) İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 172 saylı bildirişdən görünür ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC ilə aralarında bağlanmış müddətli Əmək Müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. Bununla bağlı Əmək müqaviləsinin müddəti bitdiyindən (AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən) xx.xx.2025-ci il tarixdən etibarən (AR Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə əsasən xx.xx.2025-ci il tarixi qeyri iş gününə təsadüf etdiyi üçün) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan qrup rəisi X12, mühafizəçilər X9, X10 və X7 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Lənkəran qrupunun mühafizəçisi İddiaçı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 172 nömrəli bildiriş təqdim edilmiş, lakin o, bildirişlə tanış olması barədə məlumatı qeyd etməkdən imtina etmişdir. İş materiallarında olan qrup rəisi X12, mühafizəçilər X9 və X10 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Lənkəran qrupunun mühafizəçisi İddiaçı təqdim edilmiş xx.xx.2025-ci il tarixli 172 nömrəli bildirişlə tanış olmuş, lakin yazılı bildirişi imzalamaqdan imtina etməsi barədə aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin rəisi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 584/k nömrəli əmrdən görünür ki, İddiaçı - "xxxx" MMC-nin Lənkəran qrupunun mühafizəçisi, X2 qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 12 may 2025-ci il tarixdən xitam verilməsi, xx.xx.2024-xx.xx.2025-ci iş illəri üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə 27 (iyirmi yeddi) təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: İddiaçı əmək müqaviləsi. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən X2 qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli X2 bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı Lənkəran qrup rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran qrupunun böyük atıcı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsinin “İşə bərpa olunma barədə” xx.xx.2024-cü il tarixli 106/K saylı əmri ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 57/k nömrəli əmri ilə Lənkəran qrupunun böyük atıcısı vəzifəsi üzrə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən ləğv olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-4338/2025 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5660/2024 nömrəli qətnamələrinə əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 57/k nömrəli əmri ləğv edilmişdir. Ağazadə X8 qrupunun böyük atıcısı vəzifəsinə işə bərpa edilmiş və xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər - xx.xx.2024-cü il tarixədək məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilmişdir. Hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin rəisi Nümayəndə tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli 584/k nömrəli əmrlə təsdiq edilir ki, İddiaçı ilə "xxxx" MMC-arasında bağlanılmış əmək müqaviləsinə, X2 qurtarması səbəbilə xitam verilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, hazırda İddiaçı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən qanunsuz olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 584/k nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini, habelə mülki işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının əmək hüquqlarının cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-4597/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4597/2025
08.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver