Məhkəmə qərarları › İş №e-2(001)-4630/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4630/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4630/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1000,00 (bir min) manat əsas borcu, 2075 manat hesablanmış penya, əldən çıxmış fayda qismində 56.86 (əlli altı, səksən altı) manat, cəmi 3131,86 (üç min yüz otuz bir, səksən) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 51.32 manat dövlət rüsumunun tutulmasına haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 04/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 1200,00 (bir min iki yüz) manat dəyəri olan stomatoloji xidmət göstərilmişdir. Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbuledib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş 3 ay müddətinə hissə-hissə ödəyəcəyi təqdirdə göstərilmiş xidmətə endirim tətbiq edilərək cəmi 850,00 (səkkiz yüzəlli) manat məbləğində pulməbləğinin ödənilməsinə razılaşdırılmışdır. Göstərilən xidmətin dəyərindən bugünədək cəmi bir dəfə xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat ödəniş edilmişdir və bundan sonra heç bir məbləğ ödənilməmişdir. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Xidmət müqaviləsi üzrə ona göstərilmiş stomatoloji xidmətin dəyərini ödəməkdən müxtəlif bəhanələr ilə yayınmışdır Bundan sonra Cavabdeh pretenziya göndərilmiş və bildirilmişdir ki, göstərilmiş stomatoloji xidmətlərin dəyəri vaxtında ödənilmədiyinə görə stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilənin 4.5-ci bəndinə əsasən sizə tətbiq edilmiş endirimli qiymət ləğv edilir. Hal-hazırda göstərilən xidmətin dəyərindən 1000,00 (bir min) AZN məbləğində borc qalmaqdadır. Cavabdeh Xidmət müaviləsinin Əlavə №2-nə əsasən (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, bununla da müqavilə şərtlərinin 4.2-ci bəndini pozmuşdur. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə1000,00 (bir min) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini 2 ildir icra etməmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, Sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, İcraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, Sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. Cavabdehə tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir. Qeyd olunan gündən məhkəməyə müraciət edilən günədək 415 gün gecikmə günü yaranır. Müqavilə şərtlərinə əsasən (1000*0.5%=5.00; 5.00*415=2075) cavabdehə 2075 manat penya hesablanmışdır. İddiaçı MMC 2019-cu il tarixdən stomatoloji klinika kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (415 gün) (1000*5%=50; 50/365=0.137; 0.137*415=56.86) 56.86 (əlli altı, səksən altı) manat maddi ziyan dəymişdir. Bu məbləğdə məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş kötüyünə imza etdirilməklə, rəsmi qaydada təqdim edilmiş, lakin cavabdeh tərəfindən iddiaya dair əsaslandırılmış etiraz verilməmişdir. Məhkəmə təqdim edilmiş sübutların əsaslılığını və iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №04/23 saylı stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı tərəflərin razılaşdırdığı müddət ərzində sifarişçiyə pullu tibbi stomatoloi xidmət göstərməyi, sifarişçi isə göstərilən stomatoloji xidməti qəbul etməyi və bu Müqavilənin şərtlərinə uyğun olaraq, xidmətin qiymətini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.6-cı bəndinə əsasən, Sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, İcraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, Sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.5-ci bəndinə əsasən İcraçı tərəfindən göstərilən stomatoloji xidmətlərə tətbiq edilmiş endirimli qiymətlərin ödəniş planına Sifarişçi tərəfindən əməl edilmədikdə. Bu zaman tətbiq edilmiş endirimlər İcraçı tərəfindən ləğv edilir və stomatoloji xidmətlərin tam dəyəri Sifarişçidən tələb edilir. xx.xx.2023-cü il tarixli stomaloji xidmətin təhvil-təsliminə dair aktdan görünür ki, sadalanan xidmətlər xx.xx.2023-cü il tarixində sifarişçiyə istifadəyə yararlı şəkildə təhvil verilmişdir. Müqaviləyə 1 saylı iş növlərinin təsviri və qiymətinə dair Əlavədən görünür ki, sifarişçiyə Airflow ilə təmizlənmə (sayı 2, birinin qiyməti 30 manat olmaqla), kanal müalicəsi (sayı 3, birinin qiyməti 20 manat olmaqla), estetik restovrasiya (sayı 4, birinin qiyməti 100 manat olmaqla), kompozit restovrasiya (sayı 7, birinin qiyməti 40 manat olmaqla), komposit bərpa (sayı 1, birinn qiyməti 50 manat olmaqla) adlı 850 manat dəyərində xidmətlər göstərilmişdir. 0001237 saylı müştəri kartının surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1200 manat, endirimli qiyməti 850 manat olan xidmətlər göstərilmişdir. Müqaviləyə 2 saylı müqavilədən irəli gələn öhdəliklərin hissə-hissə icra olunmasına dair Əlavəyə görə 1 sayllı əlavədə göstərilən işlərin dəyəri 4 ay müddətinə hər növbəti ayın 5-nə kimi aylıq 200 manat şəklində ödənilməlidir. İlk ödəniş xx.xx.2023-cü il tarixində 200 manat olmaqla, icra edilmişdir. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən müqavilə üzrə göstərilən xidmətlərinin qalıq dəyərinin 10 gün müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində məhkəmədə iddia qaldıracağı barədə xəbardarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, №04/23 saylı stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçiyə müqavilənin 1 saylı əlavəsində göstərilən Airflow ilə təmizlənmə (sayı 2, birinin qiyməti 30 manat olmaqla), kanal müalicəsi (sayı 3, birinin qiyməti 20 manat olmaqla), estetik restovrasiya (sayı 4, birinin qiyməti 100 manat olmaqla), kompozit restovrasiya (sayı 7, birinin qiyməti 40 manat olmaqla), komposit bərpa (sayı 1, birinn qiyməti 50 manat olmaqla) adlı 850 manat dəyərində xidmətlər göstərmişdir. Sifarişçi isə həmin xidmətlərin dəyərini 4 ay müddətinə ayda 200 manat və müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə isə ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsinə dair öhdəlik götürmüşdür. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərin vaxtında və tam həcmdə icra edilməmiş və cavabdehin iddiaçıya 1000,00 manat əsas borcu, 2075 manat hesablanmış penya, əldən çıxmış fayda qismində 56.86 manat, cəmi 3131,86 manat borcu var. Belə ki, sifarişçi tərəfindən xidmətlərin dəyəri vaxtında ödənilmədiyindən tətbiq edilmiş endirimli qiymətlər (endirimsiz 1200, endirimli 850) icraçı tərəfindən ləğv edildiyindən, qalıq qalmış 650 manat borc yerinə artıq sifarişçiyə 1000 manat əsas borc hesablanmışdır. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 51,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş şəxsən təqdim edilmiş, lakin məhkəməyə iddiayla bağlı hər hansı etiraz təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış stomatoloji xidmətlərin göstərilməsinə dair müqaviləyə görə icraçı müqavilədə göstərilən xidmətləri icra etmiş, sifarişçiisə xidmətin dəyərini razılaşdırıldığı kimi ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Belə ki, tədqiq edilən sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyini razılaşdırıldığı kimi ödəmədiyindən müqavilə şərtlərinə uyğun endirimli qiymətlər ləğv edilməklə, qalıq qalmış 650 manat borc, 1000 manat olmaqla, tələb edilir. Çünki endirimsiz xidmətlərin dəyəri 1200 olmuş, cavabdeh tərəfindən isə sadəcə 200 manat ödəniş edilmişdir. Digər tərəfindən cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi keçən 415 gün üçün (illik 5 %) gecikdirilmiş faiz məbləği kimi hesabladığı 56,86 manat pulu tələb edir. Halbuki, xx.xx.2023-cü il tarixindən iddia verilən xx.xx.2025-ci il tarixinə və ya iddiaçının özünün qeyd etdiyi xx.xx.2025-ci il tarixinə kimi 415 gündən çox vaxt keçmişdir. Məhkəmə isə iddia tələbindən kənara çıxa bilmədiyindən həmin hissədə iddiaçının tələbi ilə razlaşmaqla, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş faiz borcu kimi 56,86 manat pul vəsaiti tutulmalıdır. Bundan başqa məhkəmə cavabdehdən müqavilə üzrə tələb edilən cərimə məbləğini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış cərimə məbləği endirilməli və 100 manat məbləğində müəyyən edilməli həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 04/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə əsas borca görə 1000 manat, cərimə borcuna görə 100 manat, gecikdirilmiş faiz borcuna görə 56,86 manat olmaqla, ümumilikdə 1156,86 manat məbləğində pul vəsaiti və 51,32 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 04/23 saylı Stomatoloji xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə əsas borca görə 1000 manat, cərimə borcuna görə 100 manat, gecikdirilmiş faiz borcuna görə 56,86 manat olmaqla, ümumilikdə 1156,86 manat məbləğində pul vəsaiti və 51,32 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (MPM-nin “Əlavə 2”-də nəzərdə tutulmuş Apellyasiya şikayətinin formasına uyğun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar