Məhkəmə qərarları › İş №e-2(001)-4631/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4631/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4631/2022 27.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs9, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Maraqlı şəxs8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər qismində Bakı şəhəri 20 saylı notariat ofisi, Maraqlı şəxs9, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, X9, X3, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4 cəlb edilməklə) mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 07 avqust 1975-ci il tarixdə vəfat etmiş atası Qurban Pirverdi oğlundan miras qalmış Goradil qəsəbəsi, 0,16 ha torpaq sahəsi olan 1647 saylı bağın onun tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 avqust 1975-ci il tarixdə vəfat etmiş atası Qurban Pirverdi oğlundan Goradil qəsəbəsi, 0,16 ha sahəsi olan 1647 saylı bağ miras qalmışdır. Atası öldüyü vaxtdan həmin bağ sahəsindən istifadə edir, bütün kommunal xərclərini ödəyir və bununla da mirası faktiki olaraq qəbul edib ondan öz amlakı kimi istifadə edir. Maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu özünün 19 aprel 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Miras açıldığı vaxtdan onun istifadəsində olduğu üçün və bunu başqa qaydada müəyyən etmək mümkün olmadığı səbəbindən mirasın qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Onlar 8 bacı və qardaş olmuşlar. Sağ olan bacı və qardaşları, ölmüşlərin isə uşaqları mirası faktiki olaraq qəbul etməmələrinə dair ərizələr vermişlər. Mirasın qəbulu və bölgüsü ilə bağlı mübahisə yoxdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, bacısı X8 mirasın ərizəçinin adına rəsmiləşdirilməsi barədə notariat ofisinə ərizəsini vermiş, lakin sonra vəfat etmişdir. X1 01 iyul 2016-cı il tarixdə ölmüş, onun vərəsələri olmamışdır. Digər qardaşı X13 10 mart 2020-ci il tarixdə ölmüş, onun vərəsələri mirasın onun adına rəsmiləşdirilməsi barədə notariat ofisinə ərizələrini vermişlər. X2 12 fevral 2022-ci il tarixdə ölmüş, onun da vərəsələri mirasın onun adına rəsmiləşdirilməsi barədə notariat ofisinə ərizələrini vermişlər. Məhkəmə tərəfindən cəlb edilmiş digər maraqlı şəxslər işləri olduqlarına görə məhkəməyə gələ bilməmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs6, Maraqlı şəxs9 və Maraqlı şəxs2 ərizəçinin dediklərini təsdiq edərək bildirdilər ki, ərizəçi onların qardaşıdır. X4 öldükdən sonra ondan miras qalan Goradil qəsəbəsi, 0,16 ha sahəsi olan 1647 saylı bağ ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Onlar heç biri buna etiraz etməmiş və mirasın ərizəçinin adına rəsmiləşdirilməsi barədə notariat ofisinə ərizələrini vermişlər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs7 və Maraqlı şəxs8 ərizəçinin dediklərini təsdiq edərək bildirdilər ki, ərizəçi onların əmisidir. Ataları vəfat etdiklərinə görə vərəsə olaraq onlar, anaları və bacıları mirasın ərizəçinin adına rəsmiləşdirilməsi barədə notariat ofisinə ərizələrini vermişlər. Maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasının ofisin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 noyabr 1968-ci il tarixli, 13322 nömrəli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin bağ tresti tərəfindən Goradil qəsəbəsi, 0,16 ha sahəsi olan 1647 saylı bağ Qurban Pirverdi oğluna icarəyə verilmişdir. 11 yanvar 2010-cu il tarixli, AZ-İ 460922 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qurban Pirverdi oğlu 07 avqust 1975-ci il tarixdə ölmüşdür. 11 may 2022-ci il tarixli, DA-00805-2022 nömrəli arxiv arayışının surətindən görünür ki, Biləcəri qəsəbəsi üzrə nikah haqqında qeydiyyat kitabında 08 iyul 1937-ci il tarixdə X5 ilə Cəbrayılova Fatmanın nikahı qeyd olunmuşdur. 10 dekabr 2017-ci il tarixli, AZ-İ 445651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02 iyul 1979-cu il tarixdə ölmüşdür. Ərizəçi tərəfindən ünvan 1 ünvanlanmış ərizədən görünür ki, o, Qurban Pirverdi oğlundan miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1647 saylı bağ sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Maraqlı şəxs6, Maraqlı şəxs9, Maraqlı şəxs2 və X8 tərəfindən ünvan 1 ünvanlanmış ərizələrindən görünür ki, onlar X4dan qalmış miras əmlakı faktiki olaraq qəbul etməmiş, etmirlər və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəklər. 388621 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 iyul 2016-cı il tarixdə ölmüşdür. 17 fevral 2022-ci il tarixli, AZ-İİ 234969 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 fevral 2022-ci il tarixdə ölmüşdür. 30 noyabr 2010-cu il tarixli, AZ-İ 442025 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30 noyabr 2010-cu il tarixdə ölmüşdür. Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 Mahir oğlu tərəfindən ünvan 1 ünvanlanmış ərizələrindən görünür ki, onlar babaları Qurban Pirverdi oğlundan qalmış miras əmlakı faktiki olaraq qəbul etməmiş, etmirlər və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəklər. 29 aprel 2020-ci il tarixli, AZ-İİ 051246 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10 mart 2020-ci il tarixdə ölmüşdür. X3, X9, Maraqlı şəxs8 və Maraqlı şəxs7 tərəfindən ünvan 1 ünvanlanmış ərizələrindən görünür ki, onlar babaları Qurban Pirverdi oğlundan qalmış miras əmlakı faktiki olaraq qəbul etməmiş, etmirlər və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcəklər. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 19 aprel 2022-ci il tarixli, 143 nömrəli məktubdan görünür ki, onun 07 avqust 1975-ci il tarixdə vəfat etmiş atası Qurban Pirverdi oğlunun vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmışdır. Müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür ki, abunəçi Məmmədov X7 bağlarında yerləşən evdə elektrik enerjisindən istifadəyə görə 2015-ci ildən ödəniş edir. 28 iyun 2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə ərizənin verilməsi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.9-cu maddələrinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10 və 10.-ci bəndlərində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası Qurban Pirverdi oğlu 07 avqust 1975-ci il tarixdə vəfat etmiş, ondan Goradil qəsəbəsi, 0,16 ha torpaq sahəsi olan 1647 saylı bağ miras qalmış və həmin bağ ərizəçi tərəfindən qəbul edilmişdir. Həmin bağ ilə bağlı vərəsələr arasında mübahisə yoxdur. Belə ki, digər vərəsələr notariat ofisinə ərizə təqdim edərək həmin əmlakı qəbul etmədiklərini bildirmişlər. Ərizəçi miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat ofisinə müraciət etsə də, notariat ofisindən imtina almışdır. Məhkəmə həmçinin qeyd edir ki, miras qoyanın ölümündən artıq 50 ilə yaxın müddət keçmiş və belə olan halda mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanı ərizəçi tərəfindən itirilmişdir. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 07 avqust 1975-ci il tarixdə vəfat etmiş Qurban Pirverdi oğlundan miras qalmış Goradil qəsəbəsi, 0,16 ha torpaq sahəsi olan 1647 nömrəli bağ sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 07 avqust 1975-ci il tarixdə vəfat etmiş Qurban Pirverdi oğlundan miras qalmış Goradil qəsəbəsi, 0,16 ha torpaq sahəsi olan 1647 nömrəli bağ sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar