Məhkəmə qərarları › İş №e-2(001)-4643/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-4643/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4643/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən verilmiş mənzilin təmir edilməsi öhdəliyin qoyulması, eləcə də xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək hər ay üçün ödənilməmiş 400 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 2 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat Kontorunun xüsusi notariusu X2 tərəfindən 3M-236 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada “Mülkiyyətçi”nin, yəni onun söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 1 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət rüyüstrindən çıxarışda göstərilmiş 22.7 kv.m. olan yaşayış sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə ümumi sahəsi 637 kv.m. olan 1 otaqlı təmirli mənzili onun mülkiyyətinə verməyi, mülkiyyətçi, yəni o isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilimiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən cavabdeh yeni binanın tikintisi başa çatanadək ona hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsini, eləcə də yeni tikiləcək bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib ona təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtında və layiqincə yerinə yetirilməmişdir. Belə ki, hazırkı vaxtadək ona verilmiş mənzilin təmiri aparılmamaqla yanaşı ona ödənilməli olan kirayə haqlarının da ödənilməsi hazırkı vaxtadək icra olunmamışdır. Tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətində cavabdehdən xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icrası xahiş olunsa da həmin müraciətin göndərilməsindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh nəinki öhdəliyini icra etməmiş, hətta onlara ünvanladığı müraciətini belə cavablandırmamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsinə razı olduğunu bildirdi. Razılıq barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair razılıq ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini (vəkili) dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 54 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan 1 otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 22.7 kv.m. olan yaşayış sahəsinə çirkət tərəfindən əlavə güzəşt etməklə ümumi sahəsi 63.7 kv.m. olan 1 otaqlı təmirli mənzil “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 194873 qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rəfiyev küçəsi, 29 saylı evin, 22.17 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı, 13 saylı mənzili Ağayeva (Həziyeva) Ülviyyə Məmmədağa qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1073 saylı reyestr kitabında xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. AZ-İ seriyalı 316960 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə X1 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 311 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Həziyeva” soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada müqavilə bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirməlidir. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-nin üzərinə xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Xətai rayonu, Rəfiyev küçəsi, 29 saylı evin, 13 saylı mənzilin təmir edilməsi öhdəliyi qoyulmalı, eləcə də xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək hər ay üçün ödənilmiş 400 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə xx.xx.2017-ci il tarixli, 34 nömrəli müqaviləyə əsasən verilmiş Bakı şəhəri, Xətai rayonu, Rəfiyev küçəsi, 29 saylı evin, 13 saylı mənzilin təmir edilməsi öhdəliyi qoyulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək hər ay üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar