Məhkəmə qərarları › İş №e-2(001)-4649/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4649/2022

01.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4649/2022 01.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “işə bərpa, əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu işə bərpa etməsi, onunla əmək müqaviləsi bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 10 may 2022-ci il tarixdə cavabdehə aid “X5” adlı kursda riyaziyyat və ingilis dili müəllimi vəzifəsinə qəbul olunmuşdur. Müsahibə zamanı 700 manat əmək haqqı ödənilməsinə razılaşmışdır. İşə qəbul edildiyi tarixdən əmək müqaviləsi bağlanmasını tələb etsə də, bunun üçün gözləməli olduğu bildirilmişdir. 17 may 2022-ci il tarixdə isə heç bir əsas olmadan onu işdən azad etmişlər. İşlədiyi 1 həftəlik müddət ərzində riyaziyyat və ingilis dilindən tədris aparmışdır. Sonradan güyə bu sahə üzrə pedoqoji təhsili olmaması əsası ilə onu işdən çıxarmışlar. Halbuki, o, bu işlə bağlı öz məmulatlarını cavabdehə göndərəndə cavabdeh onun təhsili ilə bağlı məlumatları da görmüş, buna baxmayaraq, onu sınaq üçün işə dəvət etmişlər. Sınaq dərsindən sonra ona işə uyğun olduğu bildirilmişdir. İşlədiyi 7 gün ərzində mütəmadi olaraq dərslər keçmiş, onlayn dərs materialları yükləmiş, dərslərə hazırlaşmışdır. Cavabdehdən əmək müqaviləsinin bağlanmasını tələb etsə də, cavabdeh mühasib işə başlayan gün onunla müqavilə bağlanacağını bildirmişdir. Sınaq dərsində olan zaman kurda işləyən Nübar adlı işçi ilə cavabdeh dərsə daxil olmuş, sonradan Nübar ona cavabdehi gördükdən niyə ayağa qalxmaması ilə əlaqədar iradını bildirmişdir. Bir neçə gün sonra cavabdeh özü ona niyə salam vermədiyini soruşmuş, beləliklə o başa düşmüşdür ki, onu işdən çıxaracaqlar. O, cavabdehin onu işdən çıxarması ilə bağlı əmək müfəttişliyinə şikayət etmiş, cavabdeh izahatında belə bir işçilərinin ümumiyyətlə olmadığını bildirmişlər. Ona görə də müfəttişlik tərəfindən cavabdeh barəsində heç bir tədbir görülməmişdir. Əgər onu həqiqətən də təhsili ilə bağlı işdən çıxarsalardı müfəttişliyə verdikləri izahatda məhz belə deyərdilər. İşlədiyi 1 həftə ərzində onun həm vaxtı getmiş, həm işə gəlib-getmişdir. İşə uyğun olmadığını əvvəldəcən bildirsəydilər o belə əziyyət çəkməzdi. Uyğun olduğu bildirildiyi üçün əmək müqaviləsi bağlanacağı ümidi ilə işə getmiş, işləmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında hər hansı əmək münasibəti olmamışdır. İddiaçı kursun əməkdaşı Nübar adlı şəxslə əvvəl mobil telefon vasitəsilə kursun fəaliyyəti ilə bağlı maraqlanmış, sonradan 1 dəfə kursa gələrək işləmək istədiyini bildirmişdir. Cavabdeh, yəni kursun rəhbəri Yelena xanım iddiaçını ümumiyyətlə görməmiş, onunla münasibətdə olmamışdır. Nübar adlı əməkdaş iddiaçı barəsində maraqlandıqda onun pedoqoji təhsilinin olmadığı müəyyən edilmiş, beləliklə həmin kursda işləməsinin mümkün olmadığı bildirilmişdir. Buna görə də iddia tamamilə əsassızdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubda göstərilmişdir ki, “araşdırma zamanı Cavabdeh tərəfindən X4 Xidmətinin bakı şəhər İdarəsinə təqdim edilən məktubda fiziki şəxsə məxsus olan “X5” adlı təhsil müəssisəsində çalışmadığınız və Sizində hər hansı əmək münasibətlərində olmadığı bildirilmişdir. Eyni zamanda, tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək Münasibətləri və Məşğulluq” altsisteminə baxış keçirilərkən, Sizinlə fiziki şəxs Cavabdeh arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin qeydiyyatının mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin bildiririk ki, X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyiniz sənədlərdən fiziki şəxs Cavabdeh tərəfindən əmək müqaviləsi bağlanılmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunduğunuzu müəyyən etmək mümkün olmamışdır.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 2-ci bəndinə əsasən, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. - 4-1-ci maddəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. - 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin mövcud olması öz təsdiqini tapmadığından, habelə əmək müqaviləsi olmadan iddiaçının cavabdeh tərəfindən əməyə cəlb edilməsi sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia rədd edildiyindən, iddiaçının mediasiya sessiyasında iştirakla bağlı ödədiyi pul vəsaiti onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “işə bərpa, əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar