Məhkəmə qərarları › İş №e-2(001)-4735/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-4735/2022

18.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-4735/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanuni təmsilçilikdən azad edilmə və sair” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanuni təmsilçilikdən azad edilmə və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən və qanuni təmsilçilikdən məhkəmə qaydasında azad olunması, təsisçilərdən biri olan və hazırda Azərbaycan Respublikası ərazisində yaşayan Cavabdeh4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi qismində qeydə alınması, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən və qanuni təmsilçilikdən məhkəmə qaydasında azad olunması, təsisçilərdən biri olan və hazırda Azərbaycan Respublikası ərazisində yaşayan Cavabdeh4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi qismində qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məlumat bazasında müvafiq dəyişikliklərin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İlk növbədə qeyd edilir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, iddiaçının və cavabdehlər qismində göstərilmiş şəxslərin yaşayış yeri (hüquqi ünvanı) və ya olduğu yerlər ərizədə qeyd edilməmişdir. İkincisi, iddia ərizəsinin giriş hissəsində beş cavabdeh cəlb olunmasına baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində hər bir cavabdehə qarşı olan tələb konkret olaraq göstərilməmişdir. Üçüncüsü isə iddiaçının tələblərindən biri ümumiyyətlə cavabdeh qismində cəlb edilməmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı irəli sürülmüşdür. Qeyd edilməsi zəruridir ki, prosessual qanunvericiliyin əsas prinsiplərindən biri çəkişmə prinsipidir. Ona görə də çəkişmə prinsipinin təmin edilməsi üçün, dolayısı ilə məhkəmə bildirişinin ehtimal olunan şəxsə deyil, konkret olaraq cavabdeh kimi cəlb edilmiş şəxsə (dəqiq rekvizit məlumatları göstərilməklə) və həmin şəxslərin ünvanına (rəsmi qeydiyyatda olduğu) göndərilməsi vacibdir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanuni təmsilçilikdən azad edilmə və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə izah edilir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar