Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4803/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə X8 arasında bağlanmış 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı “Hazırlıq kursları”na “Alman dili müəllimi” vəzifəsinə işə qəbul edilmiş, müqavilə müddətsiz bağlanmışdır. Cavabdeh tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülməklə xitam verilmiş, iddiaçı işdən azad edilmişdir. İddia tələbi: İddiaçı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ildir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X8 ilə əmək müqaviləsi bağlayaraq onun rəhbərlik etdiyi müəssisəsdə alman dili müəllimi işləyir. Aralarında əmək müqaviləsinin müddəti vaxtarışı yenilənmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixində aralarında əmək müqaviləsi bağlayaraq alman dili müəllimi vəzifəsində işini davam etdirmişdir. Lakin, bir müddət işlədikdən sonra cavabdehlə birlikdə işləyə bilməyəcəklərini başa düşmüş və fəaliyyət göstərdiyi “X7 und X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi ünvana ərizə ilə müraciət edərək 03 mart 2023-cü il tarixdən öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməyini xahiş etmişdir. Ərizə ilə müraciət etdikdən sonra bir neçə gün işə getsə də, daha oraya getməmiş, düşünmüşdür ki, onu ərizəsi əsasında artıq işdən azad etmişlər. Lakin, bununla bağlı ona hər hansı bildiriş gəlmədiyindən bir müddət sonra mühasibdən xahiş etmişdir ki, elektron sistemdə hər hansı dəyişiklik olub-olunmamasını yoxlasınlar. Sistemə baxan zaman, yəni, xx.xx.2023cü il tarixdə “sosial.gov.az” elektron məlumat sistemində şəxsi məlumatlarında dəyişiklik olduğunu və xx.xx.2023-cü il tarixində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi, əsas olaraq isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərildiyini görmüşdür. Halbuki onun tərəfindən nə öhdəliklərinin yerinə yetirilməməsi, nə də əmək vəzifələrinin kobud şəkildə pozulması halı baş verməmişdir. Bundan əlavə, işəgötürən tərəfindən ona əmək müqaviləsinə xitam verilən zaman heç bir əsaslandırıcı sənəd təqdim edilməmişdir. Ümumiyyətlə hazırda cavabdeh qanunla əmək müqaviləsinə xitam verilən zaman təhvil verilməli olan sənədlərin verilməsindən imtina edir. Göründüyü kimi hazırda iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və digər qanunlarla təmin olunan hüquqları kobud şəkildə pozulmaqdadır. Məlumat aldıqdan sonra dərhal 31 may 2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmişdir və əldə olunmuş 13 iyul 2023-cü il tarixli MŞB/18/2023-00927 nömrəli arayışdan da görünür ki, 13 iyul 2023-cü il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. Belə ki, ilkin mediasiya zamanı mübahisənin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü qənaətinə gəlindiyi üçün hazırda məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Məhkəmədə icraat: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 03 mart 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmiş, bundan sonra bir neçə gün işə getmiş, sonradan getməmişdir. 31 may 2023cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, cavabdeh onu öz xahişi ilə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla işdən çıxarmışdır. Halbuki, cavabdeh iddiaçının ərizəsinə baxmaması, onun işə çıxmalı olması barədə heç bir xəbərdarlıq, bildiriş təqdim etməmişdir. Belə olan halda iddiaçı cavabdehlə əmək münasibətlərinə məhz onun ərizəsi əsasında xitam verildiyini düşünmüşdür. İddiaçının işə çıxmamaq üçün əsası olduğu halda, cavabdeh iddiaçıya heç bir xəbərdarlıq etmədən, 07 aprel 2023-cü il tarixdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair əmr vermişdir. Halbuki, iddiaçı ərizəsinin cavabdeh tərəfindən qəbul edilmədiyini bilsəydi, işə çıxmağa davam edərdi. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, fərdi sahibkar olaraq hazırlıq kursu işlədir. Şagirdlərə dərs keçilməsi üçün valideynləri tərəfindən ödəniş edilmişdir. İddiaçı isə poçt vasitəsilə işdən öz xahişi ilə azad edilməsinə dair ərizəni “X7 und X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərməklə, 01 mart 2023-cü il tarixdən özbaşına işə gəlməmiş, ərizə 03 mart 2023-cü il tarixdə onlara çatmışdır. Nəticədə şagirdlərə dərslər keçilməmişdir. Onlar dəfələrlə iddiaçıya zəng vurub işə gəlib təhvil-təslim edilməsini təklif etsələr də, iddiaçı gəlməmiş, sonradan isə ümumiyyətlə telefona cavab verməmişdir. Buna görə də o, iddiaçının işdən azad edilməsinə dair əmr vermişdir. İddiaçının işə gəlməməsi ilə bağlı aktlaşdırma aparılmamış, iddiaçıya heç bir sənəd göndərilməmişdir. Həmçinin, iddiaçı işdən azad edilməsi barədə ərizəsini müqaviləni bağladığı şəxsə, yəni ona göndərməli olduğu halda MMC-yə göndərmişdir. Halbuki, iddiaçı ilə MMC arasında müqavilə olmamışdır. Sonda M.E.Ədilov məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Tədqiq edilən sübutlar: - Fərdi sahibkar X8 ilə İddiaçı arasında bağlanmış 28 mart 2022-ci il tarixli “Əmək müqaviləsi”ndən görünür ki, İddiaçı “Hazırlıq kursları”na Alman dili müəllimi vəzifəsinə işə qəbul edilmiş, müqavilə müddətsiz bağlanmışdır. - İddiaçı 03 mart 2023-cü il tarixdə “X7 und X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı ərizədə 03 mart 2023-cü il tarixdə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsini xahiş etmişdir. - X8 tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 0704/23 nömrəli əmrə əsasən, “Hamburg” bölməsində “Alman dili müəllimi” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 aprel 2023-cü il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. - 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. - 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasını sübut etmək vəzifəsi işəgötürənin, yəni hazırki iş üzrə cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Buna münasibətdə Əmək Məcəlləsinin 71-ci maddəsini nəzərə almaqla məhkəmə qeyd edir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməsi üçün onun yol verdiyi pozuntunun konkret mənfi nəticələrə (əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya zərərin vurulmuş olması) səbəb olması tələb edilir. Maddədəki “zərər” ifadəsi “maddi zərər” olaraq qəbul edilməməlidir və maddədə mənfi nəticə dedikdə, yalnız zərər vurulması deyil, həm də əmək və icra intizamının normal ahənginin pozulmuş olmasının başa düşüldüyü öz əksini tapmışdır. İşin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxması ilə bağlı cavabdehin qanuni təmsilçisi olduğu “X7 und X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək 03 mart 2023-cü il tarixdən öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməyini xahiş etmişdir. Cavabdeh isə məslə ilə bağlı heç bir araşdırma aparmadan 07 aprel 2023-cü il tarixdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair əmr vermişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdeh yuxarıda sadalanan neqativ halların mövcudluğuna dair əsaslı sübutlar təqdim etməli olduğu halda, izahatında şagirdlərə dərsin keçilməməsini bildirməklə kifayətlənmiş, bu fakt hər hansı qaydada rəsmi qeydə alınmamış (aktlaşdırılmamış), habelə, iddiaçıya işə çıxması ilə bağlı hər hansı təklifin, bildiriş göndərilməsi barədə də sübut məhkəməyə təqdim edilməmişdir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il Qərarı”nda qeyd olunmuşdur ki, “Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu baxımdan, işçinin işəgötürənə münasibətdə tabeli vəziyyətdə olması, habelə hüquqi və maddi imkanlarına görə adətən daha zəif tərəf olduğu nəzərə alınmaqla, dövlət tərəfindən işçilərin hüquqlarını və sosial müdafiəsini təmin etmək, onları işəgötürənin mümkün sui-istifadələrindən qorumaq məqsədilə əmək qanunvericiliyində xüsusi imperativ qaydalar müəyyən edilir.”. İddiaçının cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verilməzdən əvvəlcədən müəyyən müddət ərzində işə getməməsi həm iddiaçının, həm də cavabdehin izahatı ilə öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla xitam verməsi üçün bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan kifayət qədər əsas olmamış və ya cavabdeh belə əsasların olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 0704/23 nömrəli əmr ləğv edilməli, iddiaçı cavabdehlə bağladığı 28 mart 2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu iş yeri üzrə tutduğu vəzifəyə qaytarılmalıdır. İddia tələbinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, bu hissədə iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, müəyyən edilir ki, iddiaçı 03 mart 2023-cü il tarixdə cavabdehin qanuni təmsilçisi olduğu “X7 und X6” Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmiş, sonradan ərizəsini geri götürməmiş və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə ilə müraciət etməmişdir. Yəni, iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi niyyəti olmuşdur. Hazırki qətnamə ilə cavabdeh tərəfindən verilmiş əmr ləğv edilsə də, iddiaçının öz niyyətini, bunu ifadə edən ərizəsini nəzərə almaqla, məhkəmə iddiaçının cavabdeh tərəfindən işdən azad edildiyi tarixdən işə bərpa olunan tarixədək olan dövrü məcburi işburaxma dövrü kimi nəzərə ala bilməz. Beləliklə, iddia bu hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1 və 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki halda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə və iddia qismən təmin edildiyinə görə, ödənilməli dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə X8 tərəfindən qəbul edilmiş 07 aprel 2023-cü il tarixli, 0704/23 nömrəli əmr ləğv edilsin, İddiaçı bu əmr verilənədək tutduğu sonuncu vəzifə üzrə işə bərpa edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Ödənilməli dövlət rüsumunun əvəzi kimi 80 manat məbləğində pul vəsaiti X2 tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-4803/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4803/2023
11.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver