Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4811/2024 15.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: 1.İddiaçılar İddiaçı1 və X8 cavabdehlər Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2, 15 saylı mənzil ********** Qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarış əsasında 4/5 hissəsi İddiaçı1, 1/5 hissəsi X3 xüsusi mülkiyyətlərindədir. Həmin mənzil iddiaçıların analarından miras qalmış və cavabdeh həmin mənzilə dair miras payından vərəsəlik işi açılan zaman notarial qaydada imtina etmişdir. Cavabdeh həmin mənzilə istifadə hüququnun olmasına baxmayaraq 20 ildən artıq müddətdir ki, həmin mənzildə yaşamamışdır. Hazırda həmin mənzil mülkiyyətçilər tərəfindən satışa çıxarılmış və cavabdeh notariat ofisinə gəlib razılıq verməkdən imtina etmişdir, o səbəbdən alqı-satqı baş tutmamışdır. Cavabdehin həmin mənzildə qeydiyyatda qalmağı iddaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən də cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə zərurət vardır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, cavabdeh ailə quraraq iyirmi ilə yaxındır ki, mübahisəli mənzildən köçüb və ailə üzvləri ilə birlikdə iddia ərizəsində qeyd edilən ünvanda, Əhmədli qəsəbəsində yaşayır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 58,25 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə X4 adına qeydə alınmışdır.
6. Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2, ünvanında yerləşən sahəsi 58,25 kv.m olan 15 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 4/5 hissədə İddiaçı1, 1/5 hissədə X2 adına rəsmiləşdirilmişdir.
Tətbiq edilən hüquq;
7. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
8. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasinin Mülki Məcəlləsi
9. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
11. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
12. Maddə 178.1.3 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
13. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
15. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmənin mövqeyi:
21. Müəyyən edilmişdi ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2 ünvanında yerləşən sahəsi 58,25 kv.m olan 15 saylı mənzil tərəflərin mərhum anaları X4 mülkiyyətində olmuşdur. Cavabdehin anasının sağlığında orada yaşayaraq istifadə hüququ qazanması işin mübahisəsiz halıdır. Bundan başqa iş materiallarından (şəxsiyyət vəsiqəsində olan qeyddən) müəyyən olunur ki, cavabdeh hələ anasının sağlığında, yəni 2008-ci ildə ailə qurmuşdur.
22. İddiaçı tərəfin bildirdiyinə görə cavabdeh ailə quraraq mübahisəli mənzildən köçmüşdür və hazırda da iddia ərizəsində yaşayış yeri kimi qeyd edilən ünvanda, yəni ünvan 2 Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin əri X9 da Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küşəsi, 20 saylı evdə daimi qeydiyyatdadıər.
23. Cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamaması 113 saylı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli, 222 saylı arayışı ilə təsdiq olunur. Belə ki, həmin arayışda qeyd edilmişdir ki, cababdeh uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır.
24. İş materiallarında olan notariat icraatının surətindən görünür ki, X10 xx.xx.2018ci ildə vəfat etmişdir, onun ölümündən sonra 5 vərəsəsi – övladları İddiaçı1, X5, X7, X8 və atası X11 qalmışdır.
25. xx.xx.2019-cu il tarıxli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak ünvan 1 ünvanında yerləşən sahəsi 58,25 kv.m olan mənzildən və 2.220 manat pul vəsaitindən ibarətdir.
26. Bundan başqa vərəsəlik işindən görünür ki, Cavabdeh notarial qaydada ərizə yazaraq mərhum anası X1 miras qalmış əmlakı qəbul etmədiyini və etməyəcəyini bildirərək ona çatası paydan qardaşı İddiaçı1 xeyrinə imtina etdiyini bildirmişdir.
27. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 58,25 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 4/5 hissədə İddiaçı1, 1/5 hissədə X2 adına rəsmiləşdirilmişdir.
28. Məhkəmə hesab edir ki, hazırda mənzil iddiaçıların mülkiyyətindədir, cavabdeh isə onlarıln ailə üzvü hesab olunmur. Mənzil onların mülkiyyətinə keçdikdən isə cavabdeh iddiaşılarla birgə yaşayıb, birgə təsərrüfat aparmamışdır.
29. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması onun ailə quraraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də onun mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
30. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
31. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
32. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.
33. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər.
34. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.
35. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
36. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə hər hansı bir hüququ mövcud olmadığından və bu hal iddiaçıların mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmağı iddaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur, mülkiyyətçi kimi iddiaçıların hüquqlarına ziddir. Ona görə də cavabdehin istifadə hüquqlarına xitam verilməlidir..
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
38. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
39. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür.
40. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X7 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 27-28).
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
42. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
43. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mülkiyyət hüququ əsasında iddiaçılara məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2, 15 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1 və X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 2, 15 saylı mənzilə olan istifadə hüququ itirilmiş hesab edilsim. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova