Məhkəmə qərarları › İş №e-2(001)-4834/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4834/2024

02.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4834/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: paylı mülkiyyət hüququ, köçürülmə, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun 1/5 hissə pay nisbətində mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42 mənzilinə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42 1/5 hissə pay nisbətində ona məxsusdur. Cavabdeh onun qardaşıdır. Mübahisəli mənzil vərəsəlik hüququ əsasında anasından 4/5 hissə pay nisbətində qardaşının mülkiyyətinə, 1/5 hissə pay nisbətində onun mülkiyyətinə keçmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-ci il tarixli ********** saylı çıxarışı da bunu təsdiq edir. Mənzil onun mülkiyyətindədir. O, öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək istəyir. Cavabdeh buna şərait yaratmır. Məhkəməyə müraciət etməyə məcbur olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, həmin ev 4 otaqlı olmaqla hazırda həmin evdə qardaşı oğlu yaşayır. Cavabdeh özü ticarət sahəsində işlədiyi üçün Rusiya Federasiyasında yaşayır. Özü qardaşının razılığı və təklifi ilə anasının xəstəliyi ilə əlaqədar anasının yaşadığı evə köçmüş, lakin sonradan cavabdeh ona qarşı həmin yaşayış sahəsindən çıxarılma ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə qətnaməsi nəticəsində məcburi olaraq ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarıldığından hazırda xalası oğluna məxsus evdə müvəqqəti yaşayır. Özünün mülkiyyətində olan mənzildə yaşamaq hüququ digər paylı mülkiyyətçinin qanunsuz müdaxiləsi nəticəsində pozulmuşdur, yaşayış sahəsinə ehtiyac vardır. Cavabdeh ona 40000 manat təklif edərək payından imtina etməsini tələb edir və həmin tələblə razılaşmadığı üçün onu mənzildə yaşamaq üçün buraxmır. Əvvəlki məhkəmə iclaslarınnda iştirak edən cavabdehin nümayəndəsi izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Həmin evdə Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev analarından miras qalmış, digər bacı və qardaşlar Cavabdeh xeyrinə öz paylarından imtina etmişdir. Qardaşı Əmiraslan və İlham bir evdə yaşamağı mümkün deyil. Bu səbəbdən mənzildə olan payının əvəzində ona pul təklif edilsə də, o həmin mənzilin tam dəyərini tələb etdiyindən münasibətləri pozulmuşdur. Hazırda həmin evdə İlhamın oğlu yaşayır, idmançıdır. İddiaçının uşaqları balaca olduğundan bir evdə yaşamalrı mümkün deyil. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, sbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42 xx.xx.2021-ci il tarixdə 4/5 hissədə Cavabdeh, xx.xx.2023-cü il tarixdə 1/5 hissədə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. - Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı yaşayış sahəsindən çıxarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060) 4950/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi icra edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Göründüyü kimi, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, mənzil 42 cavabdeh 4/5 hissədə Cavabdeh, 1/5 hissədə İddiaçı mülkiyyətindədir. İddiaçının başqa yaşayış yeri olmamaqla hazırda paylı mülkiyyətində olan mənzildə yaşamaq üçün ehtiyacı olmasına baxmayaraq mülkiyyət hüquqlarından istifadə edilməsi hüququ pozulmuşdur. Hətta iddiaçının başqa yaşayış yerinin olması belə onun paylı mülkiyyətində olan mənzildəki mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hal kimi əsas götürülə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar