Məhkəmə qərarları › İş №e-2(001)-484/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-484/2022

10.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-484/2022 10.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün, övladları X20 və X12 ilə bərabər Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 5, 7 saylı mənzilin iki otağına köçürülməsi və cavabdehlər tərəfindən mənzildə yaşamalarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: O, X13 ilə 1999-cu ildə faktiki nigaha girərək ailə qurmuşdur. Ailə qurarkən cehiz əşyaları ilə bərabər baldızı Cavabdeh1 Mirislam qızı və qaynanası Cavabdeh2 istifadəsində olan ünvan 1 ünvanına köçmüşdür. X13 ilə birgə nikahlarından 13 oktyabr 2001-ci il təvəllüdlü X18 və 06 oktyabr 2006-cı il təvəllüdlü X12 anadan olmuşdur. X32 və onun ərizəsinə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2018-ci il tarixli 246 saylı sərəncamı ilə qızı Əliyeva İmamənin adının dəyişdirilərək “Rəna” olması barədə qərar qəbul edilmişdir. X36 (İmamə) 2002-ci ildən, oğlu Əliyev Mirislam isə 2007-ci ildən ünvan üzrə qeydiyyata əsasən 20 saylı uşaq poliklinikasında qeydiyyata alınmışlar. 1999-cu ildən son bir neçə ayadək həmin mənzildə yaşamış və övladları dünyaya gələndən sonra beş otaqdan ibarət mənzilin iki otağı onun və övladlarının istifadəsində olmuşdur. Hər üçü mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavadehlərlə tez-tez mübahisələri yaranır və haqqları olan mənzildə dinc yaşamağa imkan verilmir. Bir neçə ay bundan öncə yenə də cavabdehlərlə aralarında ciddi mübahisə, dava-dalaş oldu və onlar övladları ilə birlikdə onu küçəyə atdılar. Hazırda kirayədə yaşayır. Uşaqları heç bir yerdə işləmir. O isə məktəbdə müəllimə işləyir və aldığı əmək haqqı kirayə puluna heç çatmır. Həyat yoldaşı X13 Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə ömürlük azadlıqdan məhrum edilmişdir. Bütün əşyaları Binəqədi rayonu Ş.Məmmədova küçəsi ev 5, 7 saylı mənzildə qalmış və yaşadığı evə buraxılmır. Həmçinin mənzildən istifadəyə cavabdehlər tərəfindən manelər yaradılır. Belə olan halda hesab edir ki, yaşamağa yeri olmadığı və mənzilə ehtiyacı olduğu üçün iki uşağı ilə bərabər haqları olan mənzilə köçürülməlidirlər.

3. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, barışıq sazişini imzaladığı təqdirdə qeyd edilən məbləğin ona dərhal ödənilməsini istəyir. Əks təqdirdə hər hansı barışığa nail olmaq mümkün deyil. X4 münasibətdə iddia tələbini azaltmaq niyyətində deyil.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, 23 noyabr 2000-ci il tarixində(iddia ərizəsində 1999-cu il göstərilsə də iddiaçı sonradan həmin tarixi dəqiqləşdirmişdir) X13 ilə toyu olmuş və həmin tarixdə ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Cavabdehlərdən Məlahət baldızı, Ümbülbanı isə qaynanasıdır. Həmin mənzildə 21 il yaşamışdır. Lakin son aylarda Məlahət ona təzyiq göstərib, onu döyüb, evdən qovmuşdur. Mənzil 5 otaqdan ibarətdir. Onun 2 otağı onun və uşaqlarının istifadəsində olmuşdur. Hazırda əşyaları həmin mənzildə qalmışdır. Mənzil əvvəlcə qaynatasının mülkiyyətində olmuş, qaynatası təxminən 2005-2006-cı illər arası bir tarixdə vəfat etmişdir. Bundan sonra mənzil üzərində Zayra Nəsirova və Miryusif Əliyevin hər birinin ¼ hissədə, Cavabdeh1 və Ümbülbani Məmmədovanın 2/4 hissədə payları müəyyən olunmuşdur. X30 arasında rəsmi nikah yoxdur. Həyat yoldaşı azadlıqdan məhrum edildiyinə görə rəsmi nikaha girə bilməmişlər. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. İddiaçı X4 münasibətdə iddia tələbini azaltmaq niyyətində deyil. Tərəflər arasında barışıq sazişinin imzalanacağı barədə razılıq olsa da, pul məbləğinin ödəniləcəyi tarix dəqiq olmadığından tərəflər arasında barışıq əldə edilə bilmir. Bu baxımdan tərəflər arasında imzalanması nəzərdə tutulan barışıq sazişini məhkəməyə təqdim edərək, cavabdehin kompensasiya ödəməyə razılığının nəzərə alınmasını xahiş edir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdehlər iddiaçını və uşaqlarını həmin mənzildən qovmuşlar. İddiaçının həyat yoldaşı ömürlük azadlıqdan məhrum olunmuşdur. Arxivdən əldə etdiyi sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı 2007-ci ildə mənzilə istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu barədə iddia ərizəsinin surəti olsa da, işin nəticəsi barədə məlumat yoxdur. Həmçinin mənzil iddiaçının qayınatasının mülkiyyətində olmuş, rəhmətə gedəndən sonra onun arvadının və qızlarının mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilən barışıq sazişində göstərilən məbləği birdəfəlik ödəmək imkanına malik deyildir. Həmçinin həmin məbləği yalnız iddiaçı və uşaqları həmin mənzildən qeydiyyatdan çıxacaqları təqdirdə ödəyə bilər.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçı onun qardaşı ilə faktiki nikahda olmuş, 2000-ci ilin 23 noyabrında onların mənzilinə gəlin köçmüşdür. Uşaqlardan biri onların evində, digəri başqa yerdə anadan olmuşdur. Mədinə və uşaqları qardaşı həbs edilməmişdən əvvəl evdən getmişdilər. 2007-ci ildə onu və uşaqları mənzilə qeydiyyata salmışlar. 2019-cu ildə Mədinə anasını döydüyünə görə ona cinayət işi açılmışdır. Sonuncu dəfə 2021-ci ildə anasını yenə döymüş, onu isə hədəqorxu gələrək öldürəcəyi ilə hədələmişdir. Sonuncu münaqişələrindən sonra iddiaçını polis aparmışdır. 1 həftə sonra iddiaçı yenidən evə qayıtmaq istəyəndə onu evə buraxmamışdır. İddiaçı həmin mənzildə 1 otaqda uşaqları ilə yaşayıb, əşyaları da oradadır. Evdən gedərkən otağının qapısını bağlayıb. O, iddiaçının ona və anasına xəsarət yetirəcəyindən qorxur. Ona görə də onu evə buraxmır. İddiaçının onların evində qeydiyyatı olsa da, mənzilə istifadə hüququnun tanınması ilə bağlı hər hansı qətnamənin mövcudluğundan məlumatı yoxdur.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının və uşaqlarının həmin mənzilə köçürüləcəyi təqdirdə evdə olan söz-söhbətlər artacaq, ailə üzvləri ilə arasında münaqişələr olacaqdır. Çünki iddiaçı ona dəfələrlə xəsarət yetirmiş və onu döymüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

11. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən, 5 saylı evin, 7 saylı mənzilinə xüsusi mülkiyyət hüququ ¼ hissədə X7, ¼ hissədə X5, 2/4 hissədə Cavabdeh1 və Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 445 nömrəli reyestr kitabının 41269 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. X28, X16 və X9 tərəfindən Bakı şəhəri 27 saylı notariat kontorundan yazılmış **********151 saylı ərizədən görünür ki, ərizəni təqdim edən şəxslər, İddiaçı tanıdıqlarını bildirmişlər və onun ünvan 3 ünvanında 2 övladı ilə birgə yaşadığını təsdiq edirlər.

13. Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilən 23.08.2021-ci il tarixli, 515 saylı arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, 5 saylı evin ,7 №-li mənzilində 10.07.2007-ci il tarixdən qeydiyyatdadır. X36 (İmamə) Miryusif qızı-13.10.2001-ci il təvəllüdlü, oğlu X12 06.10.2006-cı il-təvəllüdlü yuxarıda göstərilən ünvanda 21.01.2008-ci il tarixindən qeydiyyatdadırlar.

14. İş materiallarında İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyn qızı və Cavabdeh1 qarşı “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, 5 saylı evin ,7 №-li mənzilinə istifadə hüququnun tanınması və qeydiyyata alınması” tələbinə dair Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinin surəti olsa da, bu barədə hər hansı qətnamənin qəbul edilməsi barədə məlumat yoxdur.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-2743/2007 saylı, 24.09.2007-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı cavabdeh X5 13 oktyabr 2001-ci il tarixdə anadan olmuş X10 və 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X6 ataları olması faktının müəyyən olunması və 13 oktyabr 2001-ci il tarixdə anadan olmuş X10 və 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X6 adına doğum haqqında şəhadətnamələrin verilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsinə həvalə edilməsi barədə tələbinin təmin edilməsi, İddiaçı 13 oktyabr 2001-ci il tarixdə qız uşağı və 06 oktyabr 2006-cı il tarixdə olan uşağı doğması faktının müəyyən edilməmiş hesab edilməsi, doğumun qeydə alınması və doğum şəhadətnaməsinin verilməsinin Binəqədi rayonu VVADQ şöbəsinə həvalə edilməsi qət edilmişdir.

16. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 05.09.2018-ci il tarixli 246 saylı sərəncamı ilə ünvan 6 ünvanında yaşayan yetkinlik yaşına çatmayan X10 adının dəyişdirilməsinə və doğum haqqında şəhadətnamədə ad qrafasında “Rəna” yazılmasına icazə verilmişdir.

17. Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X21 tərəfindən qəbul edilən 16 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı, Cavabdeh1 və X17 barəsində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün, həmçinin X6 yetkinlik yaşına çatmadığını nəzərə alaraq onun üzərində profilaktik nəzarətin aparılması üçün Binəqədi RPİnin 5-ci PB-nə göndərilməsi qərara alınmışdır.

18. Qərarda qeyd edilir ki, şəxsi münasibətlər zəminində baş vermiş hadisə nəticəsində Cavabdeh2, İddiaçı sağlamlığa zərərvurmayan bədən xəsarəti almış, X23 isə X24 oğlunun ona bıçaqla ehtiyatsızlıqdan zərbə endirməsi nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. A.İ.Həsənovun öz ərizə və izahatında qeyd etdiyi İddiaçı tərəfinədən bıçaqla endirilmiş zərbə nəticəsində xəsarət almasına dair xüsusatlar isə hadisə yerində olmuş şahidlərin izahatları və digər sübutlarla öz təsdiqini tapmamış, material üzrə toplanmış sübutlar kifayət qədər olmadığından təqsirsizlik prezumpsiyası prinsipi rəhbər tutularaq cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlinmişdir.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil tərəfindən 07 fevral 2022ci il tarixli imzalanmamış barışıq sazişi təqdim edilmiş və Saziş aşağıdakı formada tərtib edilmişdir:

20. İddiaçı, Cavabdeh1 və X3 qarşı ünvan 7 ünvanında yerləşən mənzilə köçürülmə barədə iddia tələbinə dair aşağıdakı şərtlərlə Barışıq sazişini bağlayırlar:

21. Cavabdeh1 və X1 Mədinə Hüseyn qızı və onun ailə üzvüləri olan X20 və X12na ünvan 7 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaqla mənzilin boşaldılmasına qarşılığıda 15 000 (on beş min) manat (kompensassiyanı) pulu Barışıq sazişi əsasında 01 mart 2022-ci il tarixində İddiaçı verməyi öhdəsinə götürür;

22. İddiaçı razılaşır ki, bu sazişlə müəyyən olunmuş 15000 (on beş) manat (kompensassiyanı) pulu Cavabdeh1 və X2 aldığı andan, ailə üzvüləri X20 və X12 ilə bərabər ünvan 7 ünvanında yerləşən mənzilə olan istifadə və yaşayış hüquqlarına xitam verilir;

23. İddiaçı ailə üzvləri X20 və X12 ilə bərabər 01 mart 2022-ci ildə Binəqədi rayonu, 8-ci mikrorayon Şövkət Məmmədova küçəsi ev 5, mənzil 7 ünvanından pasport qeydiyyatından çıxmağı, həmin ünvanda olan özünə məxsus əşyaları çıxartmağı və mənzili boşaltmağı öhdəsinə götürür;

24. Tərəflər hazırkı mübahisə üzrə bütün məsələlərdə tam razılığa gəldiklərinə görə bir-birlərinə qarşı bütün iddialarından əl çəkməyi və bu barədə bir daha məhkəmədə mübahisə etməməyi öhdələrinə götürürlər.

25. X37 4 nüsxədə tərtib edilir (hər nüsxə iki səhifədən ibarətdir) və hər biri eyni hüquqi qüvvəyə malikdir. Hər bir Tərəfə bir nüsxə verilir, bir nüsxə isə təsdiq edilmək üçün məhkəməyə təqdim edilir.

26. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Tərəflər X37ni imzalayır və sazişin təsdiq olunmasını, Sazişin bütün bəndlərində göstərilən müddəaları təsdiq və ehtiva edən qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

27. Cavabdeh1 İddiaçı faktiki baldızı, Cavabdeh2 isə onun faktiki qayınanasıdır.

28. İddiaçı ilə X12 arasında faktiki nikah münasibətləri olmuş, bu münasibətlərdən 13.10.2001-ci il təvəllüdlü Əliyeva Rəna (adı dəyişdirilməmişdən əvvəl İmamə olmuş) Miryusif qızı və 06.10.2006-cı il təvəllüdlü X12 doğulmuşdur. Uşaqlardan 13.10.2001-ci il təvəllüdlü X20 yetkinlik yaşına çatmışdır. X12 isə ömürlük azadlıqdan məhrum edilmişdir.

29. İddiaçı 2007-ci ildən, uşaqları isə 2008-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən, 5 saylı evin, 7 saylı mənzilində qeydiyyatdadırlar.

30. İddiaçı iddia ərizəsində 1999-cu ildən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən, 5 saylı evin, 7 saylı mənzilinə gəlin köçdüyünü bildirsə də, məhkəmə iclasında iştirak edən zaman 23 noyabr 2000-ci il tarixində baş tutan toyundan sonra həmin mənzilə gəlin köçdüyünü bildirmişdir. Cavabdeh1 da məhkəmə iclasında iştirak edən zaman iddiaçının 23 noyabr 2000-ci il tarixindən onların mənzillərinə gəlin köçdüyünü təsdiq etmişdir.

31. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən, 5 saylı evin, 7 saylı mənzili İddiaçı qayınatasına məxsus olmuş, daha sonra sonuncu vəfat etdiyindən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən, 5 saylı evin, 7 saylı mənzil vərəsələr arasında bölünərək, ¼ hissədə X7, ¼ hissədə X5, 2/4 hissədə Cavabdeh1 və Cavabdeh2 payları müəyyən edilmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* saylı çıxarış qeydə alınmışdır.

32. Tərəflərin baş verən ailədaxili münaqişələri nəticəsində hüquq-mühafizə orqanlarında izahatları alınmış, lakin cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir.

33. Sonuncu məhkəmə iclasında tərəflər imzalanması üçün məhkəməyə barışıq sazişinin şərtlərini təqdim etmiş və şərtlərin qanunvericiliyə uyğun olduğu təqdirdə tərəflərin həmin barışıq sazişini məhkəmə zalında imzalayacaqlarını bildirmişlər. Məhkəmə həm iddia ərizəsində, həm barışıq sazişində yetkinlik yaşına çatmış şəxsin, yəni X14 prosessual fəaliyyəti qabiliyyətli olduğunu və həmin şəxsin hüquq və vəzifələrinə dair məsələnin onun tərəf olmadığı iş üzrə həll edilməsinin qanunsuz olduğunu tərəflərin diqqətinə çatdırdı. Bundan sonra tərəflər barışıq sazişini imzalamaqdan imtina edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

34. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarı)

35. İddiaçının irəli sürdüyü tələb mənzilə köçürülmə və mənzildə yaşamağa yaradılan maneənin aradan qaldırılması olsa da, faktiki olaraq mənzilə köçürülmə özündə istifadə ilə bağlı digər hüquqi nəticələri də ehtiva edir.

36. Mənzilə köçürmə ilə bağlı iddia tələbinin hüquqi əsasını müəyyən etmək üçün əvvəla mübahisəli mənzilə dair tərəflər arasında hansı münasibətlərin olması araşdırılmalıdır. Yəni mənzilə köçürülmək istəyən şəxsin mənzilə dair hansı əşya hüquqlarının və ya məhdud əşya hüququnun(istifadə hüququnun), o cümlədən əşyadan(əmlakdan) istifadə edilməsi ilə bağlı digər hüquqların olması aydınlaşdırılmalıdır.

37. Eyni zamanda iddiaçı iddia tələbinin hüquqi əsası kimi 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir.

38. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı faktiki gəlin kimi 23 noyabr 2000-ci ildə mübahisənin obyekti olan mənzilə köçərək 2021-ci ilədək orada yaşamışdır.

39. Bu səbəbdən tərəflər arasında mübahisəli hüquq münasibəti həmin tarixdə qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. Eyni zamanda tərəflərin izahatları ilə işin mübahisəsiz halı kimi müəyyən edilən digər məqam, iddiaçının mənzilə köçdüyü vaxt mənzilin mülkiyyətçisinin onun faktiki nikahda olduğu ərinin atası olması və sonradan paylı mülkiyyətçilərə münasibətdə ailə üzvü olmaması olmuşdur.

43. İddianı həmin aspektlərdən qiymətləndirdikdə iddiaçının mübahisəli mənzilə Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından istifadə hüququnun yaranmamsı müəyyən edilir.

44. Bundan başqa istifadə hüququnun davam edən münasibət olduğu, mülkiyyətçilərin dəyişməsi və iddiaçının 2021-ci tarixədək orada yaşaması da nəzərə alındıqda, onun qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi baxımından da istifadə hüququ yaranmadığı müəyyən edilir.

45. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

47. Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

48. Həmin məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

49. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

51. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

52. Yuxarıda sadalanan normalardan, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı mövqədən və işin müəyyən edilmiş hallarından məhkəmə o qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü zaman mənzilin faktiki qaynatanın mülkiyyətində olması köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinin analogiya üzrə tətbiqini istisna etdiyindən, həm Mülki Məcəllənin 228-ci maddəsinin, həm qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbi baxımından iddiaçı mülkiyyətçilərin nə ailə üzvü, nə keçmiş ailə üzvü, nə də digər qohumu olduğundan iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.

53. Bu səbəbdən iddiaçının yetkinlik yaşına çatmamış X12 ilə bərabər Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 5, 7 saylı mənzilin iki otağına köçürülməsi(istifadə hüququnun həyata keçirilməsinə mane) tələbi təmin edilməməlidir.

54. İddiaçının yetkinlik yaşına çatmış X15 münasibətdə mübahisəli mənzilə köçürülməsi tələbi isə ona görə əsassız hesab edilməlidir ki, X20 yetkinlik yaşına çatmışdır və onun tərəfindən iddiaçıya məhkəmədə iddia qaldırmaq üçün səlahiyyət verilməmişdir və müraciətin əsası qanundan irəli gəlməmişdir. Bu səbəbdən iddiaçı X14 adından cavabdehlərə qarşı hər hansı tələb irəli sürməkdə haqlı olmamışdır.

55. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1 və 28.2-ci maddəsində qeyd edilmişdir ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

57. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.

58. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Tətbiq edilən prosessual normalar:

59. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

62. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

63. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

64. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

66. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

67. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə:

68. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

69. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və cavabdeh tərəfindən mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar