Məhkəmə qərarları › İş №e-2(001)-4920/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4920/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4920/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 887.29 (səkkiz yüz səksən yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində bоrcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 20 oktyabr 2023-cü il tariхli Bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ50AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal overdraft bağlamalıdır. Ödənilməyən overdraft məbləği Bank tərəfindən akseptsiz qaydada Müştərinin cari hesablarında olan qalıqlar hesabına silinə bilər. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.4-cü bəndini pоzmuşdur. Belə ki, Cavabdeh cari hesabına xx.xx.2023-cü il tarixdə Birbank mobil tədbiq vasitəsi ilə səhvən 990 məbləğində vəsait mədaxil edilmişdir. Borclu həmin pul vəsaiti ilə Blueprint Builders xarici internet provayder vasitəsi ilə ödənişlər aparmışdır. Sonradan, xx.xx.2023-cü il tarixdə hesaba köçürülmüş 990 manat pul vəsaiti səhv mədaxil edildiyindən xx.xx.2023-cü il tarixdə geri çəkilmişdir. Ona görə də, həmin an borclunun kartında geri çəkilən məbləğ civarında pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və nəticə də 887.29 manat məbləğində overdraft yaranmışdır. Odur ki, borclu onun hesabına pul vəsaitinin səhvən köçürülməsi barədə məlumatın olmasına baxmayaraq həmin vəsaiti bilərəkdən hesabından digər hesaba mədaxil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: 20 oktyabr 2023-cü il tariхli Bank hesabı müqaviləsinə əsasən Cavabdeh açılmış AZ50AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, cari hesab üzrə hesablaşmaların ödəniş kartı ilə aparılması qaydası və şərtləri Ümumi şərtlərin (Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumişərtləri) 3.2-ci bəndi ilə tənzimlənir. Həmin bənddə göstərilən səbəblərdən cari hesabda mənfi qalıq (overdraft) yarandığı halda Müştəri dərhal overdraft bağlamalıdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 17 iyul 2024-cü il tarixinə 887,29 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - Kredit və qeyri-kredit bank xidmətlərinin göstərilməsinin ümumi şərtlərinin 3.7.4.1-ci və 3.7.4.5-ci bəndlərinə əsasən, bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etmək, bu limitlərə riayət etmək, göstərilən xidmətlərə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı dərhal ödəmək, bank kartı ilə aparılan əməliyyatlarının uçotunu aparmaq, etdiyi əməliyyatları daima nəzarətdə saxlamaq (ayda bir dəfədən az olmamaq şərti ilə hesabdan çıxarışla tanış olmaq) və şübhəli əməliyyatlar haqqında Bankıməlumatlandırmaq vəzifələrini hesab sahibi öz öhdəsinə götürür. - Ümumi şərtlərin 3.1.9.-ci bəndinə əsasən, Hesab üzrə hesablaşma və ya digər əməliyyatların aparılması zamanı Bank tərəfindən hər hansı bir texniki səhv (cash back və s.) nəticəsində Müştərinin hesabına artıq vəsait köçürülərsə, Bank bu vəsaiti Müştərinin hesabından silə və ya hesaba köçürülmüş artıq vəsaitin dərhal Banka geri qaytarılmasını tələb edə bilər. - Ümumi şərtlərin 3.2.8.-ci bəndinə əsasən, Hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə edildikdə və ya kart üzrə xidmət haqqı ödənilmədikdə, hesabda artıq istifadə edilmiş və ya ödənilməmiş xidmət haqqı miqdarında texniki overdraft yaranır. Overdraft yaranmış hesaba vəsait mədaxil edildikdə, yaranmış overdraft məbləği Bank tərəfindən Müştərinin hesabından akseptsiz qaydada silinir. Bank, yaranmış overdraft məbləğini Müştərinin Bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. - Ümumi şərtlərin 3.5.9.-ci bəndinə əsasən, Müştəri internet bankçılıq xidmətləri vasitəsi ilə əməliyyatların aparılması üçün zəruri olan özünün istifadəçi adı, şifrəsi və ya digər məxfi məlumatların kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almalı, habelə ona məxsus məlumatları hər hansı üçüncü şəxslərə ötürməməlidir. - Ümumi şərtlərin 3.6.2.2.1.-ci və 3.6.2.2.3.-ci bəndlərinə əsasən, Bank, Müştəriyə xidmət göstərərkən (ödəniş tapşırıqlarının icrası və s. əməliyyatlar zamanı), öz müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya digər səbəblərdən məbləğlərin bloklaşdırılması və geri qaytarılmamasına və Müştərinin hesabından aparılan bütün silinmələrə və imza etdiyi kart-çeklərə görə məsuliyyət daşımır. - Ümumi şərtlərin 3.7.1.6.-ci bəndinə əsasən, Hesabda overdraft yarandığı halda, əsas və əlavə kartları bloklaşdırmaq. Müştərinin ödənişi ilə əlaqədar banka ünvanlanan komplayns sorğuları müqabilində müxbir banklar tərəfindən tətbiq olunan xidmət haqqını Bank akseptsiz qaydada müştərinin hesabından tutur. - Həmin şərtlərin 3.7.1.7-ci bəndinə əsasən, hesab üzrə əməliyyatın baş verdiyi tarixdən 30 təqvim günü ərzində Banka yazılı qaydada pretenziya təqdim edilmirsə, Hesab sahibi tərəfindən əməliyyat qəbul olunmuş hesab edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh cari hesabına xx.xx.2023-cü il tarixdə Birbank mobil tədbiq vasitəsi ilə səhvən 990 məbləğində vəsait mədaxil edilmişdir. Borclu həmin pul vəsaiti ilə Blueprint Builders xarici internet provayder vasitəsi ilə ödənişlər aparmışdır. Sonradan, xx.xx.2023-cü il tarixdə hesaba köçürülmüş 990 manat pul vəsaiti səhv mədaxil edildiyindən xx.xx.2023-cü il tarixdə geri çəkilmişdir. Ona görə də, həmin an borclunun kartında geri çəkilən məbləğ civarında pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və nəticə də 887.29 manat məbləğində overdraft yaranmışdır. Buna görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Beləliklə, hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 887.29 (səkkiz yüz səksən yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar