Məhkəmə qərarları › İş №e-2(001)-4924/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4924/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4924/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “avadanlıqların geri qaytarıması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmeti olan iddiaçının mülkiyyətində olan avadanlıqların (ünvan 1 ünvanında quraşdırılmış (çağırış blokunun quraşdırılması üçün blok dəstinin, yəni domofon audiosistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları( mənzilin daxilində olan abonə dəsti istisna olmaqla)) cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qərar qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən

1. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 2-ə;

2. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən Bakışəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 1 -ə;

3. xx.xx.2019-cu il 1№-li tapşırıq müqaviləsinə əsasən Bakışəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 3-ə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini, yani domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları quraşdırılmışdır. Qeyd edilən müqavilələr iddiaçı və həmin binanın sakinləri arasında bağlanmışdır. Həmin sakinlər də “BİNƏQƏDİ31” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradaraq binaların faktiki idarə edilməsini həyata keçirirlər. Mübahisə predmeti olan avadanlıqlar iddiaçının mülkiyyətindədir, xidmət müqavilələrinə əsasən, həmin avadanlıqlar yalnız istifadəyə verilmişdir. Hazırda Sakinlər (cavabdeh) tərəfindən İddiaçının mülkiyyət hüquqularından istifadə etməsinə imkan verilmir. Mülkiyyət hüququ mütləq hüquqdur. Qanuna görə o hər kəsdən müdafiə edilir, yəni qeyri-müəyyən dairədə şəxslərdən qorunmalıdır, çünki mülkiyyət hüququnu hər kəs poza bilər. Buna görə də qanun, mülkiyyətçiyə, onun səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək hüququ vermişdir. Bu zaman o, özünümüdafiə tədbirlərindən də istifadə edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hələ Cavabdeh yaradılmamışdan əvvəl bina 1, blok 1,2,3 üçün sakinlərin razılığı ilə blok dəstinin və abunə dəstini, yani domofon audiosistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları quraşdırılmışdır. Aylıq haqq isə 2 manat sakinlər tərəfindən ödənilirdi. Müqavilədə qeyd olunduğu kimi çağırış bloku onlara məxsusdur. Cavabdeh qanunsuz istifadə edir. Telefon dəsti istisna olmaqla müqavilədə qeyd olunan çağırış blokları onlara qaytarılmalıdır. Xidmət müqaviləsi bağlanarkən hər mənzildən ödəniş olaraq 50 manat məbləğində pul alınıb. Hazırki iş üzrə müqavilə şərtləri pozulub, onlara aid olan mülkiyyət qaytarılsın. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında göstərmişdir ki, bina 2-də 96 mənzil var və hər mənzildən 80 manat məbləğində pul alıblar. O, özü də həmin məbləği ödəmişdir. Nümayəndəsi olduğu birliklə iddiaçı arasında heç bir müqavilə bağlanmamış təhvil təslim olunmamışdır. Quraşdırılmış qurğular xarab olanda başqa şirkət gəlib təmir edib. İddiaçının istinad etdiyi müqavilə Lətif Kərimovla bağlanıb, sakinlərə isə müqavilə təqdim edilməyib. O, həmçinin göstərdi ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaranana kimi hər ay 2 manat pul ödənilib. Hazırda həmin qurğulara şirkət xidmət göstərmir. Hesab edir ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə müqavilə bağlanmadığından cavabdeh məsuliyyət daşımır. Həmçinin Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda aşağıdakılar göstərilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMMC- yə qarşı qaldırılan iddia ərizəsi əsassızdır. Ona görə ki, Cavabdeh MMMC 2022-ci ilin noyabr ayında yaranıb. Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi, 3068-ci məhəllədə yerləşən çoxmənzilli yaşayış kompleksində 1, 2 və 4 saylı binalardan ibarətdir. Bina 1 cəmi 3 blokdan, Bina 2 cəmi 2 blokdan və Bina 4 cəmi 3 blokdan ibarətdir. İddiaçı MMC-nin iddia ərizəsində göstərilən Bina 2 blok 3 mövcud deyil. Həmçinin bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMMC arasında heç bir müqavilə bağlanmamışdır. Qeyd edilən müqavilədə Cəmiyyətin heç bir imzası yoxdur. Bildirir ki, həmin domofonlar 2019-cu ildə quraşdırılanda hər mənzildən İddiaçı MMC işçiləri tərəfindən 80 manat (ümumilikdə 96 mənzildən) pul yığılıb və rəsmi qəbz verilməyib. Üstəlik hər ay 2 manat servis pulu yığılıb və bununla bağlı çoxuna rəsmi qəbz təqdim olunmayıb (nəticədə yığılan puldan ödənilən vergi sual altındadır). Eyni zamanda həmin domofonların işıqları qanunsuz olaraq sakinlərin işıq sayğaclarına və Cavabdeh MMMC-nin işıq şitlərinə qoşulmuşdur və heç bir yerə işıq pulu bu müddət ərzində ödəməyiblər. Bununla bağlı İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 2 ünvanında yaşayan sakinlərin hesabı və adından “18 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X6 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 blok 1 ünvanında yaşayan sakinlərin hesabı və adından “24 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X6 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür. ünvan 2 ünvanında yaşayan sakinlərin hesabı və adından “29 yanvar 2019-cu il” tarixli etibarnamə əsasında çıxış edən məsul şəxs X6 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 29.01.19/1 nömrəli tapşırıq müqaviləsindən görünür ki, Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və bunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət rəzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür. 18.01.19/1 nömrəli müqaviləyə əsasən aylıq abunə haqqının 2 manat ödənilməsi ilə bağlı protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 2 (bəzi) sakinləri "xxxx" MMC-nə binanın girişinin məhdudlaşdırılması və ona nəzarət audio domofon sistemi avadanlığının texniki xidmətinin göstərilməsinə öz razılıqlarını vermişlər. Aylıq abunə haqqının 2 manat ödənilməsi ilə bağlı razılaşmadan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 3068 bina 1 saylı evin 1 saylı blokunun (bəzi) sakinləri "xxxx" MMC-nə binanın girişinin məhdudlaşdırılması və ona nəzarət audio domofon sistemi avadanlığının alınması, montajı və ona sonrakı texniki xidmətinin göstərilməsinə öz razılılarını vermişlər. Onlar həmçinin müqavilənin məzmunu ilə, tapşırıq müqaviləsi, alqı-satqı müqaviləsi, texniki xidmət müqaviləsi ilə tanış edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 X4 1122-MM9-0265 qeydiyyat nömrəli Şəhadətnaməsindən görünür ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Hazırkı halda iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dispoziya şərtlərinə görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakmı geri tələb etməsi məcmu şəklində aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bu hallarda məhkəmə müəyyən etsə ki, cavabdeh mülkiyyətçinin əmlakına qanunsuz yiyələnmişdir, həmin əmlakm mülkiyyətçiyə qaytarılması barədə qətnamə qəbul etməlidir. Başqasının mülkiyyətçinin əmlakına qanunsuz yiyələnməsi dedikdə həmin əmlakı hüququ əsaslar olmadan özündə saxlaması başa düşülür. Hazırkı halda isə qeyd olunan halların mövcudluğu iş üzrə müəyyən edilmir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanlarında yaşayan sakinlərin hesabı və adından etibarnamə əsasında çıxış edən məsul şəxs X6 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli, 24 yanvar 2019-cu il tarixli, 24.01.19/1 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 29.01.19/1 nömrəli tapşırıq müqavilələrinə əsasən Şirkət Sifarişçiyə çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materialları çatdırmağı öhdəsinə götürmüş, sifarişçi isə avadanlığı, yəni çağırış blokunun quraşdırılması üçün blok dəstinin və abunə dəstini istifadəyə qəbul edir, abunə dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarının dəyərinin ödənişini öhdəsinə götürür, çağırış blokunun quraşdırılması üçün blok dəstinin xidmət müqaviləsinin qüvvədə olduğu müddət ərzində istifadəyə qəbul edir və xidmət müqaviləsinə xitam verildiyi təqdirdə Şirkətə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi hazırda İddiaçı MMC ünvan 1 ünvanında quraşdırılmış çağırış blokunun quraşdırılması üçün blok dəstinin, yəni domofon audio-sistemini və giriş kontrolu sisteminə daxil olan avadanlığı və məxaric materiallarını Cavabdehndən tələb etsə də, bununla bağlı tərəflər arasında bağlanmış hər hansı müqaviləni və ya həmin qurğuların cavabdehə verilməsi ilə bağlı təhvil-təslim aktını məhkəməyə sübut kimi təqdim etməmişdir. Halbu ki, sübutetmə yükü baxımından mübahisəli əmlakların iş üzrə cavabdehə müqavilə əsasında verilməsi və hazırda da ondan tələb edilməsi tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı tələbində ona əsaslanır ki, tapşırıq müqavilələri iddiaçı və həmin binanın sakinləri arasında bağlanmış, həmin sakinlər də “Binəqədi 31” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini yaradaraq binaların faktiki idarə edilməsini həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, nəzərə alsaq ki, hüquqi şəxs olan cavabdeh çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə edən, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyidir o halda qanunvericiliyin tələblərinə əsasən qeyd olunan müqavilələr ən azından cəmiyyətinin icra orqanı olan idarə heyəti ilə bağlanmalı idi (Mənzil Məcəlləsinin 128-ci maddəsi). Lakin belə bir müqavilə mövcud deyil. İddiaçının istinad etdiyi müqavilələr üzrə sifarişçi X6 olduğu halda iddia tələbinin Cavabdehnə qarşı irəli sürülməsinin heç bir maddi hüquqi əsası yoxdur. Bununla yanaşı məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh 16 noyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 X4 1122-MM9-0265 qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Yəni ünvan 3 ünvanlarında yaşayan sakinlərin hesabı və adından etibarnamə əsasında çıxış edən məsul şəxs X6 ilə “Şirkət” adlanan və "xxxx" MMC arasında 2019-cu ildə (3 müqavilə) müqavilələr bağlanarkən, iş üzrə cavabdeh olan Cavabdeh hələ hüquqi şəxs kimi ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda Cavabdeh tərəfindən iddiaçı qarşısında xx.xx.2019-cu il 1№-li və xx.xx.2019-cu il 1№-li müqavilələr üzrə öhdəlikləri yarana bilməzdi, həmçinin Cəmiyyət yaranandan sonra iddiaçı ilə domofon audio-sistemi və giriş kontrolu sisteminə daxil olan avadanlıqlara dair hər hansı müqavilənin bağlanması iş üzrə müəyyən edilmir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar