Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-498/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Cavabdeh, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qardaşının həyat yoldaşı olmuş və hazırda nikahları faktiki olaraq bitmişdir, eyni zamanda tərəflərin arasında nikahın pozulmasına dair mübahisə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmaqdadır. Qardaşı ailəsi ilə ayrıldıqdan sonra həmin mübahisəli evdən çıxsa da, cavabdeh onun tələb və israrlarına baxmayaraq mənzildə qalmaqla onun mülkiyyət hüquqlarını pozur və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 ilə X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan anadan olmuş uşaqları analarının himayəsində saxlanmışlar. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2023-cü il tarixdə verilərək qeydiyyata alınmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır və miras qalan əmlak Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m., yaşayış sahəsi 48.9 kv.m., yardımçı sahəsi 9.5 kv.m., 3 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyatı aparılmışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə eyni zamanda iddia tələbinin digər şəxlərin mənzildən çıxarılmasına dair hissələrini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, ünvan evin İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin həmin evdə yaşaması iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına görə mübahisəli ev hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh onun keçmiş qardaşı arvadı olub və həmin mənzilə xx.xx.2019-cu ildə nikaha daxil olmaqla həmin evə köçmüşdür. Nəzərə alınmalıdır ki, işin məhkəmə tərəfindən müəyyən edilən halına görə Cavabdeh 2019-cu ildə qayınatanın (X3) mülkiyyətində olan mənzilə (qeydiyyat vəsiqəsi əsasında) köçüb, belə olan halda, mübahisəyə Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələri tətbiq edilməlidir. Həmçinin müəyyən edilir ki, hazırda Cavabdeh ilə X2 ( M.Kosayevin oğlu) arasında nikahın pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan Reyhan Umarova ilə Sevinc Umarova arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da S.Umarovanın qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də iddia tələbi cavabdehin mənzildən çıxarılma və mənzilin boşaldilaraq təhvil verilməsi hissəsində təmin edilməlidir. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh və ailə üzvləri mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh mübahisəli evdən çıxarılmalı və ev boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə hesab edir ki, ünvan evə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə iddia tələbinin “digər şəxslərin mənzildən çıxarılma və s.” hissəsinə münasibətdə hesab edir ki, iddia ərizəsində qeyd olunan “digər şəxslərin” dairəsi dəqiq göstərilmədiyindən, yəni qeyri-müəyyən olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılmalı və ev (mənzil) boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı sıra, 1-ci döngə, 4 saylı evdən (mənzildən) çıxarılsın və ev (mənzil) boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-498/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-498/2024
22.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver