Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-4984/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 01 sentyabr 2010-cu il tarixdə nikaha daxil olmuşdur. Onlar, mübahisəli mənzilə 2010-cu ildən köçməklə birlikdə yaşamışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 489/2021 saylı qətnaməsi ilə onların nikahı pozulmuş və ondan uşaqların saxlanılması üçün aliment tutulmuşdur. 2020-ci ilin aprel ayından cavabdeh onunla dava-dalaş etmiş və onu evdən qovmuşdur. Dəfələrlə o, evə qayıtmaq istəsə də cavabdeh buna imkan verməmiş, qapını açmamış, onu hədələmişdir. Hazırda da cavabdeh onun evə daxil olmağına maneə olur. Bildirir ki, onun başqa yaşayış yeri yoxdur. O, qovulandan Binəqədi rayonunda kirayədə yaşayır. Mübahisəli ev xüsusi mülkiyyət kimi hər hansı bir şəxsin adına qeydiyyatdan keçməmişdir. Ona görə də o, məcbur qalıb evə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzilin yerləşdiriyi torpaq sahəsini o, X1 almışdır. O, torpaq sahəsini aldıqda həmin sahədə hər hansı tikinti (ev) olmamışdır. O, öz vəsaiti hesabına həmçinin qardaşının köməyi ilə evi tikib başa çatdırmışdır. 2010-cu ildə isə cavabdehlə ailə quraraq həmin evdə yaşamağa başlamışdır. Mübahisəli evin hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda əlavə olaraq qeyd etdi ki, mübahisəli ev tərəflərin nikahından əvvəl tikilmiş və təmir edilmişdir. Sonra isə tərəflər nikaha daxil olaraq həmin evdə yaşamağa başlamışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. Qaz, su və işıq sayğacları iddiaçının adınadır. Evin hüquq müəyyənedici sənədi yoxdur, qanunsuz tikilidir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli ev 37 kv.metrdir. Onlar münaqişəli ailə olduqları üçün birgə yaşaya bilməzlər. Evin texniki cəhətdəndə bölünməsi mümkün deyildir ki, bir hissəsində iddiaçı bir hissəsində isə o yaşasın. Onun himayəsində iki azyaşlı uşaq var, onun da həmin evdən başqa yaşayış yeri yoxdur. Bundan əlavə, onlar 2009-cu ildə nişanlanmış 2010-cu ildə isə nikaha daxil olmuşlar. Torpaq sahəsi əvvəlcədən alınsa da, lakin evin tikintisində onun ailəsi tərəfindən də xərclər çəkilmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, evin tikintisinə atası və qardaşı köməklik göstərmişlər. Onların evin tikintisinə sərf etdiyi məbləği dəqiq xatırlamır, çünki üzərindən uzun müddət keçmişdir. Məhkəməyə şahid qismində dəvət edilmiş şəxslər evin tikilməsində işlər görsələr də, nəzərə alınmalıdır ki, onun ailəsi tərəfindən də işlər görülmüşdür. Hazırda mübahisəli mənzildə o və iki azyaşlı uşağı yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Onun özü ev tikintisi ilə məşğul olan ustadır. O və digər usta yoldaşları Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilini 2007-2008-ci illərdə tikmişlər. Həmin ev birmərtəbəlidir. Həmin evin qonşuluğunda da o, öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar evin tikintisi ilə məşğul olanda iddiaçı ailə qurmamışdı. Həmin ev tikilib, təmir edildikdən sonra 2010-cu ildə iddiaçı cavabdehlə ailə qurmuşdur. Cavabdehin ailəsi tərəfindən həmin evin tikintisində hər hansı köməklik olmamışdır. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 15 ildir ki, iddiaçının qardaşı Telmanla birlikdə usta işləyir. Mübahisəli evin tikinti işləri ilə o və digər usta yoldaşları məşğul olmuşdur. Ev birmərtəbəli evdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar evin tikintisi ilə məşğul olanda iddiaçı ailə qurmamışdı. Ev təxminən 2007-2008-ci illərdə tikilmişdir. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu X3 30 iyun 2009-cu il tarixli, 350 nömrəli qərarının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində istifadəsində olan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.metr torpaq sahəsinin 150 kv.m-i vətəndaş X6 mülkiyyətinə ayrılması, vətəndaş X2 mülkiyyətində isə 150 kv.metr saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu X3 678658 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, X7 tərəfindən torpağın dəyəri üçün 240 manat məbləğində vəsait ödənilmişdir. Abunə kodu **********485 olan abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə elektrik enerjisindən sərfiyyata görə abunə hesabı İddiaçı adınadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 2(001)- 489/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 01 sentyabr 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1149 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 04 mart 2013cü il təvəllüdlü X8 anaları Cavabdeh yanında saxlanılması, 12 avqust 2020-ci il tarixdən başlayaraq 10 sentyabr 2011-ci il təvəllüdlü X5 və 04 mart 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, habelə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 iyul 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 485 nömrəli mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. 25 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 01 sentyabr 2010-cu il tarixdə nikaha daxil olmuş, həmin nikahlarından iki azyaşlı övladları 10 sentyabr 2011-ci il təvəllüdlü X10 və 04 mart 2013-cü il təvəllüdlü X11 anadan olmuşdur. Daha sonra tərəflərin münasibətləri korlanmış və onların nikahı 04 fevral 2021ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-489/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqlar cavabdehin himayəsində saxlanmış və iddiaçıdan uşaqların saxlanması üçün aliment tutulmuşdur. Hazırda iddiaçı başqa yaşayış yerinin olmadığını bildirirərək, mübahisəli mənzilə köçürülməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir edir ki, iddiaçının “evə köçürülmə” tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının vəsaiti hesabına əldə edilməsi və ya inşa edilməsi və yaxud təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Məhkəmə iclasında da müəyyən edildi ki, tərəflərin birgə nikahları dövründə birlikdə yaşadıqları (hazırda isə cavabdehin yaşadığı) Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzili 2007-2008-ci illərdə iddiaçı tərəfindən tikilmişdir. Bu hal həm tərəflərin izahatları, həm də şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə köçürülməlidir. Eyni zamanda iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə, 007 saylı evin 0485 saylı mənzilinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-4984/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-4984/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver