Məhkəmə qərarları › İş №e-2(001)-5014/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5014/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5014/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh ona məxsus ünvan 1A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 saylı ev (keçmiş L.Şmit 16A) Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1963-cü il tarixli Pasporta əsasən ona məxsusdur. Qeyd olunan ünvana dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Kadastrı və reyestri X9 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən – yeni qaydalarla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 saylı ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun qızıdır. Uzun müddətdir ki, ailə quraraq başqa ünvana köçüb. Hal-hazırda ona məxsus evdə formal qeydiyyatdadır, lakin yaşamır. Soruğularına cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X5 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli Arayışda mübahisəli evin onun digər qızı – X2 tək yaşaması qeyd olunur. Digər sorğularına cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən, cavabdeh Xırdalan şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 73 ünvanında qeydiyyatsız yaşayır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiasının rədd edilməsi və onun və uşaqlarının xx.xx.2010-cu ildə anadan olmuş Hüseyn və xx.xx.2013-cü il təvəllüdlü Əziz adlı övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 nömrəli evə köçürürlmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, icraatda İddiaçı ona qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi əsasında başlanılmış mülki iş vardır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun anasıdır. 1974-cü ildə həmin evdə anadan olmuş və yaşamışdır. Ailə qurduqdan sonra da həyat yoldaşı ilə orada yaşamağa davam etmişdir. Həmin dövrdə onun iki uşağı doğulmuşdur. Bundan sonra anası ilə aralarında münasibətlər pozulduöuna və azyaşlı uşaqlara bu pis təsir etdiyinə görə məcbur olaraq oradan köçərək kirayədə yaşamışlar. Ümid edirdi ki, münasibətləri düzələcək. Lakin sonradan bilmişdir ki, anası onun barəsində məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, o, ailə üzvləri ilə nirlikdə mübahisəli mənzildən fasiləsiz olaraq, maneəsiz istifadə etmişdir. Sonrada, evə qayıtmaq istəyən zaman anası İddiaçı onu mübahisəli mənzili buraxmamışdır. Hazırda aralarında qeyd olunan mənzil ilə bağlı mübahisə yaranmışdır. Belə ki, İddiaçı qeyd olunan mənzilə onu və uşaqlarını buraxmamaqla, həmin mənzildən istifadə imkanından onu məhrum etmişdir. Odur ki, o da məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. Azyaşlı uşaqları ilə kirayədə yaşayır. Lakin hazırda yaşadığı evdə normal şərait yoxdur. Məhz bu səbəbdən hazırda qeydiyyatda olduğu mübahisəli mənzilə köçmək məcburiyyətindədir. Qeyd edir ki, o, mübahisəli mənzildə daimi qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur. O, ünvan 1 ünvanında 1988-ci ildən yaşayır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248 saylı evdə qonşusu X4 tək yaşayır. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində bildirdi ki, o, iddiaçının qızıdır. O, həmin ünvanda 1971-ci ildə anadan olmuşdur və həmin vaxtdan orada tək yaşayır. Bacısı Cavabdeh ailə qurandan sonra orada yaşamayıb. O, gəlin gedəndən sonra Xıradalan şəhərində baldızının adında olan evə köçmüş və hazırda ailəsi ilə birgə orada yaşayır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1A (Yeni qaydalarla: AZ 1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Fai Rüstəmov küçəsi, 248) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2023-cü ildir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X5 Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, əməkdaşları tərəfindən sorğuda qeyd olunan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev 16A (Yeni qaydalarla: AZ 1130, ünvan 2 ünvana baxış keçirilmiş və qonşular tərəfindən təsdiq olunmuş akta əsasən vətəndaş X1 ünvanda tək yaşadığı müəyyən olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Əliyeva X3 şəhəri, 28-ci məhəllə, ev 21, mənzil 73 ünvanında qeydiyyat yoxdur, ancaq orada yaşayır. Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı 113580 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Y.Şmidt (Faiq Rüstəmov) küçəsi, ev 16A İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 40 nömrəli reyestr kitabında xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 16A saylı evdə daimi pasport qeydiyyatındadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 863 saylı xx.xx.1997-ci il tarixli sərəncamına, xx.xx.1997-ci il tarixli 508 saylı forma 2 arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 16A saylı fərdi yaşayış evi (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 248) İddiaçı adına xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı mübahisə predmeti təşkil edən mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdeh qeyd edilən evdə yaşamır, lakin orada qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, lakin orada yaşamır. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh 1999-cu ildə ailə qurduğdan mübahisəli mənzildə yaşamayıb, ancaq valideyinlərini ziyarət etmək üçün gəlib və həmin mənzildə heç bir təsərrüfat aparmamışdır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Qarşılıqlı iddiaya gəlincə məhkəmə hesab edir ki, Cavabdeh “mənzildə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, sözügedən ünvanda Cavabdeh qeydiyyatda olsa da, hazırda orada yaşamır və hazırki iş üzrə ilkin iddia təmin olunaraq onun həmin ünvandan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 1A (Yeni qaydalarla: AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 248) saylı evə istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı “mənzildən köçürülmə” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşlıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar