Məhkəmə qərarları › İş №e-2(001)-5035/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5035/2022

07.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5035/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi, onun MMC-nin X1 Şöbəsinin müdir müavini vəzifəsinə bərpa edilməsi və 13 iyun 2022-ci il tarixdən məcburi işburaxmaya görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər məbləği hesablnamlaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və 73-cü maddəsinin 2-ci hissəsinə əsasən iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsindən azad edilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam verilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İddiaçı 1993-cü ildən 2022-ci il tarixinə qədər nəqliyyat sahəsində çalışmışdır. 2000-ci ildən başlayaraq əmək fəaliyyətini Nəqliyyat Departamentində davam etdirmişdir. 2015-ci ildən 2016-cı ilə qədər Bakı şəhər X4 Şöbəsinin müdiri vəzifəsində, 2016-2018-ci illərdə X2 və X4 Şöbəsinin müdiri vəzifəsində, 2018-ci ildən 2022-ci ilə qədər X4 Şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Nəqliyyat sahəsində çalışdığı 29 il ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1 aylıq əmək müqavilələri imzalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, cavabdehi iddiaçı ilə əmək müqaviləsini müddətsiz bağlamalı idi, belə ki, iddiaçı artlq uzun müddət idi ki, göstərilən sahədə işləmişdir. Müqavilə qanunsuz olaraq müdətli bağlandığından, həmin müddətin bitməsi ilə cavabdeh 13 iyun 2022-ci il tarixli əmr vermiş, iddiaçı işdən azad edilmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qənamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixində X5 Xidmətinə ərizə ilə müraciət edərək həmin ildə həyata keçirilmiş struktur dəyişikliyi ilə əlaqədar onu “Sərnişin daşımalarının tənzimlənməsi şöbəsi”nin müdir müavini vəzifəsinə keçirilməsini xahiş etmiş və bununla əlaqədar onunla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində qeyd edilən məzmunda müddətli müqavilə bağlanaraq iddiaçı həmin vəzifəyə işə qəbul edilmişdir. İddiaçının Cəmiyyətdə işlədiyi müddət ərzində onunla bağlanmış əmək müqavilələrinin müddəti uzadılmış və son olaraq xx.xx.2022- ci il tarixdə onunla bağlanmış müqavilənin müddəti bitdiyinə görə qanunauyğun olaraq müqaviləyə xitam verilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2022-ci il tarixli 1 nömrəli əlavəyə əsasən bir aylıq uzadılaraq, sonuncu iş günü kimi xx.xx.2022-ci il tarixi qeyd edilmiş, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə 16 iyun 2022-ci il tarixli əmri ilə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 47-ci maddəsinin “f” yarımbəndinə əsasən əmək müqaviləsi müddətli olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanıla bilər. Qeyd edilən maddələrdən göründüyü kimi, tərəflər müddətli əmək müqaviləsinin bağlanıb-bağlanmamasında sərbəstdirlər və əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilənləri təsdiq etdiyini bildirib, iddianın rədd edilməsini xahiş etdi. Mülk işin materiallarında olan: - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh 04 dekabr 2006-cı il tarixdə "xxxx" MMC-də bölmə rəisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. - 08 iyul 2015-ci il tarixdə İddiaçı ilə Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və X7” MMC-nin baş direktoru arasında əmək müqaviləsi bağlanmış İddiaçı Sərnişin daşımalarının təşkili şöbəsinə şöbə rəisi vəzifəsinə işə götürülmüşdür, müqavilədə onun müddəti göstərilməmişdir. - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin 18 may 2016-cı il tarixli, 173-ş/h saylı əmrində göstərilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 02 may 2016-cı il tarixli, 52/ü nörməli əmri ilə X5 Xidməri “Bakı Sərnişin və X7” MMC-nin adının dəyişdirilməsi, yeni strukturun və ştat cədvəlinin təsdiq olunması nəzərə alınaraq, əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə aşağıda adları çəkilən işçilərin (onlardan biri də iddiaçıdır) 18 may 2016-cı il tarixdən "xxxx" MMC-də vəzifəsi dəyişikliyi haqqında X5 Xidmərinin 16 may tarixli, 122/k nömrəli əmri nəzərə alınmaqla, X9 “Bakı Sərnişin və X8” MMC-nin Sərnişin daşımalarının təşkili Şöbəsinin rəisi vəzifəsindən azad olunaraq, "xxxx" MMC-nin Regional qurumlarla iş şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. - iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 may 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı regional qurumlarla iş şöbəsinə şöbə rəisi vəzifəsinə qəbul edilmiş əmək müqaviləsi müddətsiz bağlanmışdır. - iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı X2 və daşımaların tənzimlənməsi şöbəsinə şöbə rəisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. - 14 may 2018-ci il tarixdə iddiaçı ərizə ilə X5 Xidmətinin rəisinə müraciət edərək, Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinə müdir müavini vəzifəsinə keçirilməsinə etiraz etmədiyini göstərmişdir. - 16 may 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. - 02 iyul 2021-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 oktyabr 2021-ci il tarixədək 3 ay, sonradan isə 02 yanvar 2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır. - 02 yanvar 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 02 fevral 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. - 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 mart 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. - 16 mart 2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" MMC ilə Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixədək 1 ay müddətinə uzadılmışdır. - cavabdeh tərəfindən iddiaçıya ünvanlandırılmış 15 aprel 2022-ci il tarixli xəbərdarlıqda göstərilmişdir ki, “Sizinlə bağlanmış 16 may 2018-ci il tarixli, 11 nömrəli əmək müqaviləsinin müddəti 16 aprel 2022-ci il tarixdə bitdiyindən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sözügedən müqaviləyə xitam veriləcəkdir.” - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-nin baş direktoru tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 90- Ş/h saylı əmrə əsasən, MMC-nin sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müdir müavini İddiaçı 13 iyun 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin maddənin 2-ci bəndinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin maddənin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndi ilə bağlı qeyd edir ki, Qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında sərbəst şəkildə, 16 may 2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqaviləyə bir neçə dəfə edilmiş əlavələrlə onun müddəti əlavələrdə göstərilən müddətlərə uzadılmış, həm müqavilə, həm də əlavələr iddiaçı, eləcə də cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, lakin müqavilə faziləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş və 13 iyun 2022-ci il tarixdə müqavilə müddətinin qurtarması əsası ilə iddiaçı ilə cavabdehin əmək münasibətlərinə xitam verilmişdir Göründüyü kimi tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətli bağlanması ilə bağlı tələbi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixli, 90-Ş/h saylı "xxxx"in ləğv edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsaslardan biridir. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X5 Xidməti "xxxx" MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar