Məhkəmə qərarları › İş №e-2(001)-5040/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5040/2022

18.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5040/2022 18.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması barədə iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin Saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində, 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçilməsinə ciddi maneə yaratdığından, İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-cı əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X13 Bi.Vi., ARDNŞ-in Ortaq Neft Şirkəti və X12 şirkətləri arasında imzalanmış X6 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin hec bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması, mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə xx.xx.2000-ci il tarixli 724 saylı Binəqədi RİH-nin sərəncamına əsasən Sulutəpə yaşayış sahəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq 26 avqust 2009-cu il tarixdə bacısı X3 etibarnamə vermişdir. İş üzrə iddiaçı həmin etibarnaməni əsas götürərək birinci hazırkı iddia ərizəsi ilə cavabdehin bacısı X3 qarşı məhkəməyə müraciət etmişdir. Həmiş işdə də iddia ərizəsinə eyni sənədlər əlavə edilmiş, ancaq adlar fərqli idi. Həmin icraat çərçivəsində ikinci məhkəmə iclasında isə baxış dayandırımış və İddiaçı Şirkəti torpağın sənədlərini ləğv etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişsdir. Bakı İnzibati Məhkəməsi iddiani mümkün saymamışdır. Bundan sonra İddiaçı Şirkəti sənədləri məhkəmədən geri götürmüş və cavabdehin adını dəyişərək yenidən məhkəməyə müraciət etmişdir. Bu iddiaçının cavabdehə və onun bacısına qərəzli münasibətinin göstəricisidir. Həmin qərəzin səbəbi də ondan ibarətdir ki, onlar şirkətin tələblərini yerinə yetirmək imkanında deyillər. Şirkətin hüquqşünasları və əməkdaşları başa düşmürlər ki, sənədlərin kökü eynidir və sənədlər qanunidir. Eyni zamanda, X4 əsasən yerli icra hakimiyyətləri tərəfindən 31 dekabr 2000-ci il tarixədək fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin ayrılması tam qanunidir. Cavabdehə də torpaq sahəsi xx.xx.2000-ci il tarixdə verilmişdir Verilmiş bütün sənədlərin Dövlət arxivində təsdiq olunmuş surətləri var. Cavabdeh 22 ildir ki, bu evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdehin evinə qədər hər tərəfdən yüzlərlə yaşayış evləri tikilib. Onun evinin yaxınlığında və ətrafında heç bir neft və kommunikasiya xətti keçmir. İddiaçı Şirkətinin əməkdaşları bu gün də neft buruqları ətrafinda tikilən tikililərə göz yumur, cavabdehi isə rahat yaşamaqa qoymur Məhkəmə iclasında iştirak edən İddiaçı Şirkətinin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamından görünür ki, həmin Sərəncamla aşağıdakılar qərara alınmışdır: “1. Bakı şəhəri İcra hakimiyyəti Başçısının 693 saylı, 29.07.99-cu il tarixli sərəncamı ilə Sulu-təpə yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılsın və inşaat işlərinin aparılmasına icazə verilsin.

2. Rayon memarı sahənin naturada nişanlanmasını həyata keçirsin və layihələşdirmə üçün tapşırıq versin.

3. Vətəndaş Cavabdeh tapşırılsın ki, torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlasın.

4. Müqavilə bağlandıqdan sonra, vətəndaş Cavabdeh üzərinə kommunal xətlərin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyi qoyulsun.

5. Vətəndaş Cavabdeh üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyi qoyulsun. ...” İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamının və cizginin surətini Milli Arxiv İdarəsinə ərizə ilə müraciət etməklə əldə etmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehə qanuni əsaslarla Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamı ilə ayrılmış, cavabdehin həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları tərəfindən nəinki etiraz edilməmiş, hətta Sərəncamla onun üzərinə öhdəlik qoyulmuşdur ki, bir aydan gec olmayaraq tikintiyə başlasın və iki il ərzində tikintini başa çatdırsın. Göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə sökülməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə ki, müvafiq dövlət orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və cavabdeh ailə üzvləri ilə birlikdə uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Bu illər ərzində cavabdehin orada yaşamasına maneçilik törədilməmiş, əksinə cavabdehin və ailə üzvlərinin həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafıq haqq da alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafıq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi prinsiplərə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı" iş üzrə qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Nəhayət "Əhmədova Azərbaycana qarşı" xx.xx.2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “ ... 8-ci maddənin mənasında “ev” anlayışı ... qanuni əsaslarla tikilmiş evlərlə məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq. ... ərizəçi sözügedən evdə 2007-ci ilin iyulunda onu aldıqdan sonra qızı ilə birlikdə yaşayıb. Buna görə də, bu ev Konvensiyanın 8-ci maddəsinin mənasında ərizəçinin evi olub. ... Qeyri-qanuni tikintiyə gəldikdə, bu baxımdan vacib ola biləcək amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilərək evləri tikibtikməməsi, sözügedən qanunsuzluğun mahiyyəti və miqyası, söküntü ilə qorunacaq maraqlar və söküntüdən təsirlənənlər üçün uyğun alternativ yaşayış yerinin olubolmaması. ... Beləliklə, maraqlı şəxs müdaxilənin mütənasibliyini bu cür dəlillər əsasında mübahisələndirirsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlar üçün adekvat əsaslar gətirməlidirlər. ... Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçinin evinin sökülməsi və ərizəçinin evdən çıxarılması barədə qərar qəbul edərkən daxili məhkəmələr onun yalnız dövlət torpaqlarında tikilmiş icazəsiz tikili olmasına diqqət yetiriblər. Ərizəçinin apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq imkanları olmadığına görə evdən çıxarılsa, qızı ilə birlikdə evsiz qalacağını iddia etməsinə baxmayaraq, daxili məhkəmələr buna tamamilə məhəl qoymamışd və rəqabət edən maraqları bir-birinə münasibətdə qiymətləndirməmişlər. ... Bundan əlavə, bu tip işlərdə mütənasiblik birbaşa dövlətin torpağı qaytarmaq istəyinin məqsədi ilə əlaqədardır. Hazırkı işdə nə Azneft yerli məhkəmələr qarşısında iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün təcili olaraq lazım olduğunu iddia etməyiblər. ... ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat yenidən baxılmasına imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, çıxarılma haqqında qərar belə bir yoxlama olmadan icra olunarsa, Konvensiyanın 8-ci maddəsi pozulacaq”. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə belə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir. Hazırkı işdə isə ümumiyyətlə tikilinin qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. Torpaq vətəndaşa Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamı ilə ayrılmış və Sərəncamla vətəndaşın üzərinə " ... müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyi qoyul"muşdur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Göründüyü kimi mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməli və belə olan halda, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar