Məhkəmə qərarları › İş №e-2(001)-5111/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5111/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5111/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və mənzilə qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* №li Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 149 nömrəli mənzil onun mülkiyyətindədir. O, həmin mənzili nikahdan əvvəl əldə etmiş və dəyərini tam şəkildə ödəmişdir. Cavabdehlə nikahda olduqları dövrdə cavabdehin həmin mənzilə qeydiyyata alınmasına icazə vermişdir. Birgə nikahlarından olan uşaqları Abdullah və Aminə də, həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5586/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X1 və X2 onun, yəni Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Cavabdeh artıq neçə ildir ki, qeyd edilən mənzili tərk etmişdir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ona məxsus olan bütün əşyalar da qeyd edilən mənzildən çıxarılmışdır. Qanunvericiliyin tələbləri baxımından cavabdehlə nikahlarına xitam verildiyini andan onun həmin mənzildən istifadə hüququna xitam verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günə qədər onun mülkiyyətində olan mənzildə heç bir qanuni əsas olmadan qeydiyyatda qalmaqda davam edir. O, hesab edir ki, cavabdehin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 149 nömrəli mənzildə qeydiyyata qalması tamamilə qeyri-qanuni və əsassız olmaqla onun hüquqlarını pozur. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.1, 29.2, 29.3, 152.1, 152.5-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə əsaslandıraraq, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 149 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzilə olan qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 149 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5586/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Nəcəfəliyeva (Vəliyeva) Vəsilə Qabil qızı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1673 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları Cavabdeh yanında saxlanılması və xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay iki üşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7803/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı Cavabdeh və qeyrilərinin üçüncü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 468706 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında X3, X4 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 72, 149 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2581/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı cehiz əmlakın qaytarılması, birgə nikah dövründə alınmış mənzil və avtomobilə payların müəyyən edilməsi barədə ilkin, İddiaçı əmlakın qaytarılması və birgə nikah dövründə alınmış əmlakların bölünməsi barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-46/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-46/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, mübahisəli mənzilin cavabdehin xüsusi mülkiyyəti kimi tərəflərin birgə nikahda olduqları (həmçinin birgə təsərrüfat apardıqları) xx.xx.2013-cü il tarixdə qeydiyyata alınması da qeyd edilən həmin hissədə ilkin iddianın əsaslı olduğu qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, mənzil cavabdeh tərəfindən nikahdan əvvəl dəyəri ödənilməklə əldə edildiyindən mənzil üzrərində onun hüquqlarının sonrakı tarixdə qeydə alınması fərqli nəticəyə gəlməyə əsas vermir. Birinci instansiya məhkəməsinin mübahisəli mənzil üzrə gəldiyi nəticə, yəni həmin mənzilin ər-arvad olmuş hazırki iş üzrə tərəflərin birgə əmlakı saymaqda, mənzilin üzərində tərəflərin paylarını müəyyən etməkdə haqlı olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və Miqrasiya İdarəsinin Bakı İnzibati Məhkəməsinin hakimi cənab Həmid Ağalarova ünvanladığı məktubundan görünür ki, Baş Pasport qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən hakim H.Ağalarovun müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətdə göstərilən xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar və qeyd olunan ünvana qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, həmin ünvanda qeydiyyatda olan X5 və X3 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh iddia tələbinə etiraz edərək, ərizəsində göstərmişdir ki, İddiaçı onun qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin onun iddiası Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7803/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İddiaçı məhkəməyə müraciət etsə də, iddianın təmin edilməməsi barədə qərarı gizlətmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin eyni predmet barəsində qərarı mövcuddur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı iddiasının təmin edilməməsini etiraz ərizəsində məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərarda Plenum qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya-hüquqi mənasına uyğun olaraq Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları özü-özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il qərardadında məhkəmə qeyd etmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 72 saylı evin 149 saylı mənzili İddiaçı adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, mənzil iddiaçı tərəfindən nikahdan əvvəl dəyəri ödənilməklə əldə edilmişdir. Bu fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2581/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar və tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və hazırda cavabdeh həmin mübahisəli mənzildə yaşamır və köçərək həmin mənzili tərk etmişdir. İddiaçı isə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin keçmiş ailə üzvü olmaqla yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların mövcud olması, maddi vəziyyəti və özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən diqqətə layiq digər hallar barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyini əsas tutaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xitam verildiyindən, bununla da cavabdeh iddiaçının keçmiş ailə üzvü hesab edildiyindən, iddia əsaslı olduğundan təmin olunmalı və Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən 72 saylı evin 149 saylı mənzilinə dair istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu MKR, Mir Cəlal küçəsində yerləşən 72 saylı evin 149 saylı mənzilinə dair istifadə hüququna xitam verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar