Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5178/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi X13 və Maraqlı şəxs2 cəlb edilməklə) “miras payının tamamlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin X2 adında açıq saxlanılmış 34/120 hissəsinə vərəsəlik hüququmun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi ev 17 ünvanında yerləşən 10 saylı mənzil, iddiaçının atası X5 mülkiyyətində olmuş, 1993-cü ildə o rəhmətə gedəndən sonra, sözügedən mənzilə dair onun qanun üzrə birinci növbədə vərəsələri olan, iddiaçının nənəsi X2, babası X6, anası Maraqlı şəxs2 və özü X3 vərəsəlik hüquqları tanınmışdır. İddiaçının babası X15 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra, babasından miras qalmış paya nənəsi X2 və özü X3 vərəsəlik hüquqları tanınmışdır. 28 mart 2008-ci ildə X10 rəhmətə getmişdir. İddiaçının nənəsi rəhmətə getdikdən sonra, Binəqədi rayon məhkəməsinin 2(001)-1094/2009 saylı qətnaməsi ilə ondan miras qalmış Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi ev 17 ünvanında yerləşən 10 saylı mənzilinin 17/30 hissəsi onun birinci növbə vərəsələri – oğlu X13, qızları İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızı, həmçinin iddiaçının atası X16 vəfat etdiyindən iddiaçının arasında bərabər olmaqla bölünmüş, miras payının 17/120 hissəsinə X3, 17/120 hissəsinə X4 vərəsəlik hüquqları tanınmış, İbrahimova (Hüseynova) Natella Mübariz qızı və Məmmədova (Hüseynova) Afət Mübariz qızına çatası payı, yəni 34/120 hissəsi isə mərhum X2 adında açıq saxlanmışdır. Hal-hazırda yuxarıda qeyd olunan mənzilin 29/120 hissəsi X7, 17/120 hissəsi cavabdeh X8, 40/120 hissəsi Maraqlı şəxs2, 34/120 hissəsi isə açıq saxlanılmaqla X2 adına paylı mülkiyyət hüququ əsasında məxsusdur (çıxarış əlavə olunur). Göründüyü kimi miras açıldığı vaxtdan artıq 13 ilə yaxın bir müddətin keçməsinə baxmayaraq, cavabdehlər miras əmlakda açıq saxlanmış payın qəbulu üçün heç bir təşəbbüs göstərməmişlər, miras payının qəbul edilməsinə dair hər hansı hərəkət etməmişlər, nəticədə mənzilə miras payı hələ də açıq saxlanılmışdır. Eyni zamanda qeyd edir ki, mübahisəli mənzildə X13 öz ailəsi ilə yaşayır, cavabdehlərdən Cavabdeh2 isə mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında yalnız iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehlər və üçüncü şəxslər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclasda iştirak etməmişlər. İddiaçının nümayəndəsi Vəkil isə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iş üzrə icraata xitam verilməsi üçün əsas görmür. Məhkəmə ona görə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq mövcuddur. Belə ki, mübahisənin obyekti iddiaçının nənəsi X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzildir. İddiaçı tələbini “miras payının tamamlanması” kimi təqdim etsə də, onun tələbi mirasın faktiki olaraq təkbaşına qəbul edilməsindən ibarətdir. Çünki iddiaçı miras əmlakın 34/120 hissəsinin miras qoyanın adında açıq saxlanıldığını iddia edir və mirasda payların yenidən bölüşdürülməsini və həmin hissəyə dair vərəsəlik hüququnun tanınmasını tələb edir. Halbuki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1094/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçılar X18 və X17 cavabdeh X8, Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsə kimi tanınma, miras əmlaka payların müəyyən olunması, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17 saylı evin, 10 saylı mənzilinin 17/30 hissədə payçısı X1 miras qalmış 17/30 hissəyə dair vərəsəlik hüquqlarının tanınması və həmin mənzilə dair vərəsələr arasında miras payın müəyyən olunması və paylara müvafiq olaraq mülkiyyət hüquqlarının müəyyən olunması, onların Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilinə köçürülməsi və cavabdeh X4 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X13 cavabdehlər X18, X17, Bakı şəhəri 16 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “miras əmlakda paya vərəsəlik hüququnun tanınması, paya müvafiq çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Ə.Məmmədov küçəsi 17 saylı evin 10 saylı mənzilindən anası X2 17/30 hissə miras əmlakdan və atası X6 3/30 hissə açıq qalmış miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında hüququnun tanınması, ona çatacaq paya müvafiq olaraq çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1094/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17 saylı evin, 10 saylı mənzilinin 17/30 hissəsi onun birinci növbə vərəsələri-oğlu X11, qızları İbrahimova(Hüseynova) Natella Mübariz qızı və Məmmədova(Hüseynova) Afət Mübariz qızı, həmçinin onun mərhum oğlu X5 qızı-X18 arasında paylarının bərabər olmaqla bölünməsi, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17 saylı evin, 10 saylı mənzilinin 17/120 hissəsinə X12, 17/120 hissəinə X4 vərəsəlik hüququnun tanınması, mənzilin İbrahimova(Hüseynova) Natella Mübariz qızı və Məmmədova(Hüseynova) Afət Mübariz qızına çatası payı, yəni 34/120 hissəsinin mərhum X2 adında açıq saxlanılması və s müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minənədək icraya yönəldilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17 saylı evin, 10 saylı mənzilə dair xx.xx.2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat aparılmaqla X18 çıxarış almışdır. MA seriyalı, ******* nömrəli çıxarışda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 17 saylı evin, 10 saylı mənzilin 29/120 hissəsinin X12, 17/120 hissəsinin X4, 40/120 hissəsinin X9 paylı mülkiyyətində olduğu, 34/120 hissənin isə açıq saxlanılmaqla mərhum X2 adında qaldığı müəyyən edilir. Göründüyü kimi X1 miras qalmış əmlak artıq vərəsələr arasında bölünmüşdür. Buna baxmayaraq iddiaçı cavabdehlər İbrahimova(Hüseynova) Natella Mübariz qızı və Məmmədova(Hüseynova) Afət Mübariz qızının payının 13 ildir ki açıq saxlanıldığını göstərməklə, onların mirası qəbul etmədiyi qənaətindədir. Bundan başqa iddiaçı iddiasını cavabdehlər İbrahimova(Hüseynova) Natella Mübariz qızı və Məmmədova(Hüseynova) Afət Mübariz qızının mübahisəli mənzildə qeydiyyatlarının olmasına baxmayaraq, həmin mənzildə yaşamamaları ilə əsaslandırır. Mübahisənin eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla olduğu qənaətinə gəlmək üçün əvvəla iddianın predmeti və iddianın əsası anlayışına nəzər yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdığı hüquqi mövqe ondan ibarətdir ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar birbirindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Hazırki tələbdən görünür ki, iddiaçı miras payının tamamlanmasını xahiş etsə də, əslində burada miras payının tamamlanmasından söhbət getmir. Tələbin mahiyyəti cavabdehlərin daşınmaz əmlaka dair öz adlarına çıxarış almaması və ya onların miras əmlakda formal qeydiyyat səbəbindən irəli gələrək, miras qoyanın adında açıq saxlanılmış payın yenidən bölüşdürülməsini həyata keçirməkdir. Yəni əvvəlki və hazırki iddianın predmeti və əsası vərəsəlik hüququnun həyata keçirilməsi və miras əmlakın bölüşdürülməsi olmaqla eynilik təşkil edir. Halbuki miras əmlak məhkəmə qətnaməsinə əsasən artıq bölünmüş və vərəsələrin payları artıq müəyyən edilmişdir. Baxmayaraq ki, həmin məhkəmə qətnaməsində hazırki mülki iş üzrə cavabdehlər tərəf olmamışdır, məhkəmə onlara susmuş vərəsə(MM 1273-1) kimi qiymət verməmiş və onların da mirası qəbul etməsi qənaətinə gəlməklə miras əmlakdakı paylarını müəyyən etmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdehlər əvvəlki məhkəmə qətnaməsində tərəf olmasa da, məhkəmə aktında onların hüquqları və vəzifələri də müəyyən edilmişdir. Bu isə mübahisənin eyni tərəflər arasında olduğu nəticəsini doğurur. O ki qaldı cavabdehlərin paylarına uyğun Çıxarış almamaları barədə məsələ, bu fakt mirasın qəbul edilməməsi, mülkiyyət hüququnun yaranmadığı qənaətini formalaşdırmır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir və Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış mülkiyyət hüququnun qeydiyyatını əks etdirən sənəddir. Nəticədə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından(MM 1255), miras əmlakın 34/120 hissəsi cavabdehlərin mülkiyyəti hesab olunur. Bununla yanaşı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsində qeyd edilmişdir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Odur ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olduğundan və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci madəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi X13 və Maraqlı şəxs2 cəlb edilməklə) “miras payının tamamlanması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-5178/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5178/2022
04.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver