Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5216/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı və Bakı 11 saylı Mediasiya Təşkilatının da üçüncü şəxs qismində cəlb olunduğu “barışıq sazişinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması faktının müəyyən edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh MMC-yə qarşı və Bakı 11 saylı Mediasiya Təşkilatının da üçüncü şəxs qismində cəlb olunduğu “barışıq sazişinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması faktının müəyyən edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması faktının müəyyən edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş əmrə hüquqi qiymət verilməsi və həmin əmrin qanunsuz hesab edilməsi, əmək müqaviləsinə xitamın Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) əsasında rəsmiləşdirilməsinin müəyyən edilməsi, ixtisar faktına əsasən ona qanunvericiliklə müəyyən edilmiş kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi, cavabdehin hərəkətsizliyi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsi, məhkəmə və digər əlaqədar xərclərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, tələblərini qeyri-müəyyən ifadə etmiş, iddia ərizəsini mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, bir-biri ilə bağlı olmayan və birlikdə baxılması qeyri-mümkün olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, mülki prosessual qanunvericiliyin Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair müddəalarında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilmə imkanı nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin iddiaçı xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması ilə bağlı tələbini digər tələblərlə birlikdə iddia icraatı qaydasında irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı və Bakı 11 saylı Mediasiya Təşkilatının da üçüncü şəxs qismində cəlb olunduğu “barışıq sazişinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmaması faktının müəyyən edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-5216/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5216/2025
22.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver