Məhkəmə qərarları › İş №e-2(001)-526/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-526/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-526/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi(anası) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 817 saylı bağ ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəmə mübahisəsi dövründə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməklə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivi, 817 saylı bağ sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı Bağlar massivi, 817 saylı bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh adına verilmiş tam pay hüququ ilə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, xx.xx.2024-cü tarixli ərizəsində ilkin iddia tələbini müdafiə etdiyini bildirmiş və ilkin iddia tələbi üzrə iddiasının təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-314/2022 saylı qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 Cavabdeh yanında saxlanması müəyyən edilmişdir. Artıq xeyli müddətdir ki, cavabdehlə aralarında ər-arvad münasibəti yoxdur. Əmlaklarının bir hissəsi Bakı şəhəri Binəqədi rayonu Novxanı ərazisi 817 saylı bağ ərazisində yerləşən fərdi evdə yerləşir. Artıq iki ildir ki, cavabdehlə birgə təsərrüfat idarə edərək yaşamır. Aralarında tez-tez mübahisələr olduğundan əri onu bağ evinə buraxmır. Həmin fərdi yaşayış evini birgə nikah dövründə tikmişlər. özüm heç yerdə işləmir. Onun bütün şəxsi əşyaları və əmlaklarının bir hissəsi hazırda Bakı şəhəri Binəqədi rayonu Novxanı ərazisi 817 saylı bağ ərazisində yerləşən fərdi evdə qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, torpaq sahəsində tikintiyə 2003-cü ilin payızında başlanılmışdır. Aralıqlarla davam edən təmir 2004-2005-ci ilə kimi davam etmişdir. Ordakı tikintidə onların bütün ailəsinin əməyi var. Lakin sadəcə qızının əməyinin qarşılıqsız qalmamasını istəyir. Sumqayıtda olan ev birgə nikah dövründən əvvəl alınmış, birgə nikah dövründə cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin evə köçürülmə ilə bağlı iddaya baxılması davam etdirilir. Yerli baxış zamanı aydın oldu ki, həyətdəki tikililər bir-birindən fərqlənir. Həmin tikili əmsinin tikdiyindən tamam fərqlənir. Tikən əmidisə bütün tikililəri eyni tikə bilərdi. Evin hamam-tualeti, artırması sonradan tikilib. Torpaq əvvəl cavabdehin adına qeydiyyata alınsa da, sonradan məhkəmə mübahisəsi dövründə cavabdeh torpağı bacısının adına bağışlamışdır. Cavabdehin torpağı bağışlamaq niyyəti olsaydı, məhkəmə mübahisəsindən əvvəl bağışlayardı. Görünür ki, bu addımı qəsdən atıb. Cavabdeh özü fərqli fərqli izahatlar verir. Əvvəlki məhkəmə iclaslarında evin 14 yaşında tikildiyini bildirsə də, indi fərqli izahlar verir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdehin izahatı əsassızdır. Belə ki, tərəflərin birgə nikah dövründə mübahisəli bağ sahəsi daha dəqiq 2004-cü il tarixdə cavabdehin istifadəsinə verilmişdir. Qızı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edəndən sonra isə cavabdeh bağ sahəsini bacısının adına rəsmiləşdirmişdir. Bundan başqa bağ sahəsinə tərəflərin iştirakı ilə baxış keçirildiyi təqdirdə torpaq sahəsində 3 otaqlı evin olduğunu müəyyən etmək olar. Qızı cavabdehlə nikahda olan zaman Sumqayıt şəhərində cavabdehə məxsus evdə yaşamışlar, yay aylarında və tətil vaxtlarında isə bağda yaşamışlar. Sumqayıt şəhərindəki ev tərəflər nikahda olan zaman alınmasa da, lakin tərəflərin birgə nikahı zamanı cavabdeh tərəfindən özəlləşdirilmişdir. Hazırda qızının həmin evə köçürülməsi ilə bağlı iddia Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Cavabdeh məhkəmə iclaslarında torpaq sahəsində yerləşən fərdi yaşayış evini yox, torpaq sahəsini bacısına bağışladığını bildirmişdir. Bağ evində qızı 19 il əziyyət çəkmişdir. Hətta o və əri də həmin bağ evində çox əziyyət çəkmişlər. Torpaq sahəsində ilk əvvəl cavabdehə məxsus 1 otaqlı çox köhnə tikili olmuşdur. Lakin cavabdeh qızı ilə nikaha daxil olduqdan sonra əlavə olaraq 2 otaq, 1 mətbəx, sanitar qovşağı tikmişlər və evin qarşısında geniş artırma işləri görmüşlər.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının iddiasına dair hər hansı sübutu yoxdur. Ev 2000-ci illlərdən əvvəl əmisi tərəfindən tikilib.

7. Əvvəlki məhkəmə iclaslarında cavabdeh izahatında bildirmişdir ki, onun bağ evi yoxdur. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin alınması barədə məlumatı yoxdur. Əvvəllər onun bağ ev yox, torpaq sahəsi olmuşdur. Torpaq sahəsi böyük və əmisinin adına olmuş, orda ev olmamışdır. Torpaq sahəsi ona atasından miras əmlakı kimi qalmışdır və orda balaca 1 otaqlı köhnə ev vardır. O, 7 yaşında atasını itirmiş, atası rəhmətə gedəndən sonra əmisi torpaq sahəsini aralarında bölmüşdür. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 817 saylı bağ sahəsini xx.xx.2024-cü il tarixdə bacısına bağışlamışdır. Bağ sahəsinin xx.xx.2024-cü il tarixədək çıxarışı olmamışdır. Əvvəl bağın istifadəyə verilməsi haqqında müqavilə olmuşdur. Torpaq sahəsi əvvəlcə əmisinin adına olmuşdur, daha sonra əmisi notarial qaydada torpağın ona istifadəyə verilməsinə razılıq vermişdir. Əmlak Komitəsində sənədlərin kökü vardır. Sumqayıt Şəhər Məhkəməsinədə iddiaçının digər Sumqayıt şəhərində yerləşən evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı həmin evə istifadə hüququnun itirilməsi tələbi ilə bağlı qarşılıqlı iddia təqdim etmişdir. Torpaq sahəsində əmimdən qalan köhnə 3 otaqlı köhnə tikili vardır. İddiaçı ilə nikahda olan zaman evdə heç bir yaxşılaşdırma işləri aparılmamışdır. Sadəcə olaraq, evin sanitar qovşağının qapısı dəyişdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Novxanı Ərazisindəki 817 nömrəli bağın istifadəyə verilməsi haqqında 7451 saylı, xx.xx.2004-cü il tarixli Müqavilədən görünür ki, xx.xx.2004-cü il tarixli protokol əsasında hərəkət edən və gələcəkdə istifadəçi adlanacaq Cavabdeh, Birlik Binəqədi rayonu, Novxanı ərazisində 0,05 hektar torpaq sahəsi olan 1817 №-li bağı istifadəyə vermişdir.

9. 7451 saylı, xx.xx.1970-ci il tarixli Bağ sahəsinin və tikililər üçün müddətli icarə müqaviləsindən görünür ki, 1963-cü il tarixli, 9 №-li tarixli protokol əsasında hərəkət edən və gələcəkdə istifadəçi adlanacaq X12 ərazisində 0,25 hektar torpaq sahəsi olan bağ istifadəsinə vermişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Novxanı Bağ massivi, 817 saylı bağ sahəsi Cavabdeh adına xx.xx.2024-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

11. Hədiyyə verən Cavabdeh ilə hədiyyə alan X5 arasında bağlanan xx.xx.2024cü il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini X3 həddiyə etmişdir (bağışlamışdır.)

12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Novxanı Bağ massivi, 817 saylı bağ sahəsi X2 adına xx.xx.2024-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: Sizin Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 817 saylı bağ sahəsinə dair ilkin məlumat və sənəd surətinin verilməsinə dair xx.xx.2024-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 817 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 (sənəddə olduğu kimi) arasında xx.xx.1970-ci il tarixli, 7451 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0.25 ha topaq sahəsi olan 817 saylı bağ sahəsinin 0.20 ha hissəsinin hər biri 0.10 ha olmaqla digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.05 ha hissəyə dair Cəfərov Rəsul (sənəddə olduğu kimi) arasında xx.xx.2001-ci il tarixli, 7451 saylı müqavilə bağlanılmışdır və onun razılıq ərizəsi əsasında Cavabdeh adına keçirilmiş 7451 saylı, xx.xx.2004-cü il tarixli müqavilə ilə rəsmiləşdirilmişdir. Daha sonra həmin müqavilə əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır, hazırda mülkiyətindədir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-314/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X7 Cavabdeh yanında saxlanılması qət edilmişdir.

15. 28.01.2025-ci il tarixli, e-2(001)-526/2025 saylı yerində müayinə protokoluna görə müəyyən edilən hallar: torpaq sahəsi üzərində yerləşə fərdi yaşayış evi bir birinə bitişik otaqlardan ibarətdir. İlk daxil olunan otaq, hansı ki, bünövrəsinin hörüldüyü daşların köhnəlməsi, tavanının taxta materialdan olması ən köhnə tikili otağın həmin otaq olduğunu göstərir. Otağa bitişik içəridən sol tərəfdə yerləşən digər otağın və ona bitişik mətbəxin divarlarının hörülməsində istifadə olunan daşların quruluşu, tavanının betondan olması həmin hissələrin sonradan tikilmiş olduğunu göstərir. Əsas otağa bitişik sağ tərəfdə bayıra çıxıntı kimi yarım tikili otaq olsa da, qapısı qoyulmamışdır. Evin arxa hissəsindən ümumi baxışda təzə və köhnə tikinti arasında olan fərq hiss olunan dərəcədədir.

16. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, tikililər arasında olan fərq aydın görünür.

17. Cavabdeh izahatında bildirmişdir ki, tikililərin hamısı köhnədir. Hətta pəncərələrindən də, aydın görmək olar. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

18. İddiaçı ilə Cavabdeh xx.xx.2003-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Aralarında olan nikah xx.xx.2022-ci il tarixində pozulmuşdur. Hazırda iddiaçı əvvəlcə cavabdehə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 817 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmək istəyir. İddiasını isə onunla əsaslandırır ki, bağ sahəsində olan fərdi yaşayış evi birgə nikah dövründə birgə vəsait hesabına yaxşılaşdırılmışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, üzərində olan 30-40 kv.m lik 3 otaqlı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan həmin torpaq sahəsi cavabdehin bacısı X3 bağışlanmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tələbini məhz Cavabdeh yönəltməsini onunla əsaslandırır ki, bağışlama müqaviləsi torpaq sahəsi ilə bağlı olduğundan G.Ağayevanın tikiliyə hər hansı hüququ yaranmamışdır və iddiaçının həmin fərdi yaşayış evinə köçməsinə maneə törədən cavabdehdir. Cavabeh isə iddianı qəbul etmir, etirazını isə mübahisəli tikilinin nikaha qədər mövcud olması ilə əsaslandırır.

19. İşin mübahisəsiz halı bunlardan ibarətdir:1) Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 817 saylı 0.05 ha bağ sahəsi ər-arvadın birgə nikah dövründə əldə edilməmişdir, 2) Torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, torpaq sahəsində yerləşən fərdi yaşayış evi qeydə alınmamışdır, 3) Torpaq sahəsi hazırda cavabdehin bacısının mülkiyyətindədir, 4) tərəflər xx.xx.2003-cü il tarixindən xx.xx.2022-ci il tarixədək nikahda olmuşlar, 5) Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçının cavabdehə qarşı mənzilə köçürmə tələbi barədə mülki iş vardır.

20. Tədqiq edilmiş sübutlarla isə müəyyən edilmişdir ki, torpaq sahəsində yerləşən 3 otaqlı bağ evi təxminən 40 kv.m-dir. Otaqlardan biri digərlərinə nisbətən daha köhnə tikilidir. Tikilinin ümumi vəziyyəti onun uzun illər ərzində aşındığı və qiymətinin cuzi olduğu qənaəti yaradır. Ümumiyyətlə yaşamaq üçün tam yararlı vəziyyətdə hesab oluna bilməz.

21. İşin mübahisələndirilən halı isə 2 otağın birgə nikah dövründə birgə gəlirlər hesabına inşa edilməsidir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

24. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

26. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

27. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər

28. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

29. 240.3-cü maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

31. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009-cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Məhkəmənin mövqeyi:

36. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. İddiaçı birgə nikah dövründə birgə gəlirlər hesabına mübahisəli mənzildə yaxşılaşdırmalar apardıqlarını iddia edir və bu əsasla mənzilə köçürülməsini tələb edir. Halbuki, iddiaçının bildirdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəf istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, yerli baxış zamanı fərdi yaşayış evinin müəyyən hissələrinin sonradan tikilmiş olması tikintinin xüsusiyyətlərindən aşkar görünsə də, təmirin birgə nikah dövründə birgə vəsait hesabına aparılmış olması mötəbər sübutlarla təsdiq olunmamışdır. Bununla belə, yerində müayinə zamanı müəyyən edilmişdir ki, hətta əlavə otaqlar birgə nikah dövründə tikilmiş olsalar belə, onun ümumi əmlak kimi dəyərinə xüsusi təsir etmir. Çünki həmin fərdi yaşayış evi ümumiyyətlə yaşayış üçün yararsız olmaqla, ən azı 20 il(iddiaçının özünün bildirdiyi kimi) təmir olunmadan, yaxşılaşdırılmadan aşınmaya məruz qalmışdır. Odur ki, həmin bağ sahəsinin bir bütün kimi qiymətinin əsas hissəsini məhz torpaq sahəsi təşkil edir və bu səbəbdən başqasının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən tikilinin ümumi birgə mülkiyyət kimi sayılmasına hüquqi əsas yoxdur.

38. Bundan əlavə həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ümumiyyətlə həm məhdud əşya hüququ kimi, həm də mənzil hüququnun elementi kimi istifadə hüququnun tanınmasından və ya mövcudluğundan söhbət gedə bilməz və bu əsasla mənzilə köçürmə tələbi əsassız sayılmalıdır.

39. Bundan əlavə, ehtimal edək ki, iddiaçı məhz işin bu hallarını nəzərə alaraq yalnız mənzilə köçürmə tələbini irəli sürmüşdür, bu halda da onun tələbi əsassızdır. Çünki mənzilə köçürülmə barədə tələbin mahiyyəti məhz şəxsin yaşayış sahəsinə olan ehtiyacını aradan qaldırmaqdır. Halbuki, köçürülmə tələb olunan fərdi yaşayış evi istifadəyə yararsız olmaqla, tərəflərin nikahda olduqları dövrdə də yalnız mövsümi bağ kimi istifadə edilmişdir. Eyni zamanda iddiaçı mənzilə köçürmə barədə cavabdehə qarşı iddia irəli sürmüş və həmin tələb başqa məhkəmənin icraatındadır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı valideynlərinin yanında yaşamaqla yaşayış sahəsinə ehtiyacını artıq 3 ildir ki qarşılayır. Göstərilənlər baxımından və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarından o qənaət formalaşır ki, iddiaçı hazırki tələbi irəli sürməklə və iddiasının təmin edilməsi halında köçürülmə baş tutmadan faktiki olaraq gələcəkdə kompensasiya əldə etmək hüquqi nəticəsini arzulayır. Hansı ki, iddiaçının nümayəndəsi dəfələrlə məhkəmə iclaslarında iddiaçının əziyyətinin qarşılıqsız qalmasından narazı olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun əldə etməyə çalışdığı nəticə baxımından seçdiyi hüquqi üsul uğursuzdur. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

44. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır;

45. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar