Məhkəmə qərarları › İş №e-2(001)-5297/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5297/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5297/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Vəliyeva (Yukina) Alyona Leontyevnaya və Cavabdeh2 qarşı “mülkiyyət hüququ üzrə məxsus olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Vəliyeva (Yukina) Alyona Leontyevnaya və Cavabdeh2 qarşı “mülkiyyət hüququ üzrə məxsus olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 ona mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən 102 nömrəli mənzildə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli verilmiş Çıxarışın əsasında ünvan 1 ünvanda yerləşən 102 nömrəli mənzilin mülkiyyətçisidir. Mənzil bir yaşayış otaqından ibarətdir. İddiaçı mülkiyyət hüququ üzrə məxsus olan mənzildə tək yaşayır. Cavabdeh Vəliyeva (Yukina) Alyona Leontyevna iddiaçıya məxsus olan mənzildə bir gün yaşamayıb, lakin qeydiyyatdadır. Cavabdeh Alyona Vəliyeva (Yukina) vətəndaş X5 ilə rəsmi nikahdadır və onunla və qızı Cavabdeh2 ilə daimi olaraq əri Elçin Vəliyevə məxsus olan evdə yaşayır. İddiaçı hesab edir ki, cavabdeh Alyona Vəliyeva (Yukina) və onun qızı Cavabdeh2 iddiaçıya məxsus olan mənzildə istifadə hüququnu itirmişlər. Qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehlər mübahisəli mənzildə heç vaxt yaşamadıqlarına görə faktiki olaraq iddiaçıya məxsus olan mənzildə istifadə hüququnu itirmişlər. Onların mübahisəli mənzildə qeydiyyatı tamamilə formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin yazılı vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusu olmuşdur. İddiaçını 65-67 ildir ki tanıyır. Cavabdehləri ümumiyyətlə mübahisələndirilən evdə yaşayan görməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin yazılı vəsatəti ilə dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur. 15 ildir ki, iddiaçını tanıyır. Cavabdehləri tanımır, ümumiyyətlə görməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində istifadədə olan 0.15688 ha torpaq sahəsində yerləşən 22/24 nömrəli, 5 mərtəbəli binada, 33.99 kv.m ümumi, 16.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 102 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 409 nömrəli reyestr kitabının 38041 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi xx.xx.2007-ci ildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, X4 ünvan 1, mənzil 102 ünvanında qeydiyyatdadırlar. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası MPM-nin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdehlər qeyd olunan ünvanda qeydiyyatda olsalar da, lakin orada yaşamırlar və ümumiyyətlə orada heç vaxt yaşamamışlar. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh Alyona Vəliyeva (Yukina) hazırda X5 ilə rəsmi nikahdadır və əri və qızı Cavabdeh2 ilə daimi olaraq əri Elçin Vəliyevə məxsus olan evdə yaşayır. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Vəliyeva (Yukina) Alyona Leontyevnanın və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 102 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Vəliyeva (Yukina) Alyona Leontyevnaya və Cavabdeh2 qarşı “mülkiyyət hüququ üzrə məxsus olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Vəliyeva (Yukina) Alyona Leontyevnanın və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 102 nömrəli mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar