Məhkəmə qərarları › İş №e-2(001)-532/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-532/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-532/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh 1765,05 manat debitor borcun və iddiaçı tərəfindən ödənilmiş 37,66 dövlət rüsumu olmaqla ümumilikdə 1802,71 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə Cavabdeh arasında imzalanmış 17 aprel 2020-ci il tarixli, 07-566 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alıq-satqısı barədə” müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və cavabdehə **********00163 saylı abonent kodu verilməklə fərdi yaşayış evinin qazla təchizatı təmin edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, habelə “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, eyni zamanda 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarına əlavə edilmiş abonent saldosundan bəlli olur ki, cavabdeh tərəfindən faktiki olaraq quraşdırılmış qaz sayğacı üzrə sərfiyyat həyata keçirilsə də həmin sərfiyyat üzrə borc tam ödənilmədiyindən debitor borc yaranmış və həmin borcun məbləği 1765,05 (bir min yeddi yüz altmış beş manat 05 qəpik) manat təşkil etməkdədir. Qeyd edilən borc məbləği 2020-ci ilin aprel ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla mövcud olan dövrü əhatə edir ki, cavabdeh həmin qazın sərfini həyata keçirsə də dəyərini tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı İB – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. **********00163 nömrəli abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, onun 2023-cü ilin iyun ayına debitor borcu 1765,05 manat təşkil edir; həmçinin həmin saldo ilə müəyyən edilir ki, istehlakçı 2020-ci ildə təbii qazdan istifadə etsə də, 2020-ci il üzrə cəmi 10 manat, 2021-ci il üzrə 10 manat ödəniş etmiş, 2022-2023 cü illər üzrə isə heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Məhkəmə qeyd edir ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya təbii qazdan istifadəyə görə 1765,05 manat məbləğində debitor borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən debitor borc üzrə 1765,05 manat borcun tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış cəmi 1765,05 manat məbləğində debitor borc İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 37,66 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1765,05 (bir min yeddi yüz altmış beş manat 05 qəpik) manat məbləğində borc və 37,66 (otuz yeddi manat 66 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1802,71 (bir min səkkiz yüz iki manat 71 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar