Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-533/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ev iddiaçının mülkiyyəitindədir. Cavabdeh onun oğludur və uzun illərdir ki, Rusiyada yaşamışdır. Daha sonra Rusiyadan deport edilərək 2014-cü ildə Azərbaycana qayıtmış, orada bütün sənədlərini itirdiyini bildirmişdir. Pis vəziyyətdə olduğuna görə mənzilə qeydiyyata alınmasını ondan xahiş etmiş, lakin 2023-cü ilə qədər onunla yaşamamışdır. Bu ildən onun evində yaşamağa başlamışdır. O spirtli içki aludəçisi olduğu üçün mütəmadi olaraq işki qəbul edir. Bu səbəbdən iddiaçı məcbur olub evi tərk etmişdir. Hazırda qohumları ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsini, 10000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, iddiaçı cavabdehə ekspert rəyinə uyğun olaraq hesablanacaq kompensasiyanı, həmin məbləğ 10000 manatdan artıq olsa da ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, mübahisəli evdə qeydiyyatdadır və evdən çıxmaq kimi fikri yoxdur. Belə ki, həmin mənzil onun puluna alınıb. O, uşaqlıqdan işləyib, sonradan gül biznesi ilə məşğul olub. Vaxt var idi ki, iddiaçıya sayı bilinməyən məbləğlərdə pul göndərib, həmin pulun bir hissəsi də mənzilin alınmasına xərclənib. O, iddiaçıya təklif etmişdir ki, birlikdə yaşaya bilmirlərsə, evi satıb məbləği yarıya bölsünlər və hərə öznə ayrıca ev alsın. O, kompensasiya ödənilməklə mənzildən çıxarılmasına razı deyildir. Təklif olunan məbləğ özünə ev alması mümkün deyil. O, Bakı şəhərində doğulub böyüyən adamdır və hardasa kənarda gedib yaşaya bilməz. Ailəsi ilə birlikdə küçədə qala bilməyəcəyindən yalnız evin satılıb məbləğin bərabər hissədə bölünməsini qəbul edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.1997-ci il tarixli 091359 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.23023cü il tarixli ******* nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil 1997-ci ildən iddiaçının xüsusi mülkiyyətində olsa da, cavabdehin həmin vaxt Azərbaycan Respublikasında yaşamaması və mənzilə münasibətdə hüquqlarının 2014-cü ildən sonra yaranması işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən o da vurğulanmışdır ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Beləliklə, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9601 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 64,62 kv.m mənzilin və ona oxşar mənzilin aylıq icarə haqqının nəzəri qaydada orta bazar qiyməti təxminən 300 manat müəyyən edilmişdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə iddiaçı X1 xüsusi mülkiyyət hüququnun xx.xx.1997-ci il tarixdə qeydə alınması Cavabdeh həmin mənzildə uzun illər yaşamaması və 2014-cü ildən sonra mənzilə qeydiyyata düşərək, daha sonra isə mənzilə köçməsi işin mübahisələndirilməyən hallarındandır. İddiaçı cavabdehin istifadə hüququnun yaranmasını mübahisələndirmir və kompensasiya ödənilməsini təklif edir. İlkin olaraq 10000 manat kompensasiya təklif edilsə də, iddiaçı ekspert rəyinə uyğun hesablanacaq kompensasiyanı ödəməyə razıdır, cavabdeh isə yalnız mənzil satılıb, satışdan əldə edilən pulun yarısı ona verildiyi təqdirdə mənzildən çıxacağını bildirir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində təklif edilmiş 10000 manat məbləğində kompensasiyanı tam olaraq qənaətbəxş hesab etmir. Belə ki, ekspert rəyindən göründüyü kimi, cavabdehə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşaması üçün hər ay təxminən 300 manat pul lazımdır və həmin pulun davamlı şəkildə - ən azı 3 il müddətində ödənilməsi zəruridir. Belə olan halda məhkəmə İddiaçı tərəfindən Cavabdeh Hüseyn oğluna 10800 (300x36) manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh Hüseyn oğluna 10800 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin ünvan 2 ünvanına istifadə hüququna xitam verilməli; 10800 manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh Hüseyn oğlu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, 74 saylı evin, 72 saylı mənzilindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh Hüseyn oğluna 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin ünvan 2 ünvanına istifadə hüququna xitam verilsin. 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənildikdən sonra Cavabdeh Hüseyn oğlu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, 74 saylı evin, 72 saylı mənzilindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh Hüseyn oğlundan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat məbləğində vəsait Cavabdeh Hüseyn oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-533/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-533/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver