Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5458/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bağlanmış müqavilə üzrə 1900 manat məbləğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0.5% hesablanmaqla 6963 manat dəbbə pulunun və ödənilmiş 108,63 manat dövlət rüsumu olmaqla, cəmi 8971,63 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, “Təhsil xidmətlərinin göstərilməsinə dair” İdrak Liseyinin Bakı filialı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən lisey tərəfindən iddiaçının övladı X3 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 1 (bir) təhsil ili üçün ödəniş haqqı 8000 manat təşkil etsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, 2019-2020-ci illər üzrə 1900 manat məbləğində təhsil haqqını ödəməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, borcu ödəməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi K.Qafarlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil yazılı formada təqdim etdiyi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi ilə tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli müqaviləsindən və təhsil haqqının ödənilməsi qaydaları haqqında ərizədən müəyyən olunur ki, “Lisey”də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 8000 manat təşkil edir və Cavabdeh 2018-2019-cu il təhsil ili üçün ilkin ödəniş olaraq 4 ay (sentyabr, oktyabr, noyabr, dekabr) üçün 4000 manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019-2020-ci il tədris ili üzrə 5700 manat məbləğində ödəniş etmiş, pandemiya dövründə olan güzəştli tədbiq etdikdən sonra qalan 1900 manat məbləğində təhsil haqqını ödəməmişdir. - xx.xx.2022-ci il tarixli son xəbərdarlıq məktubuna əsasən, iddiaçı cavabdehi öhdəliyinin tam yerinə yetirilməsi üçün xəbərdarlıq etmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2020-ci il tarixli 01/07 saylı əmrə əsasən, 2019-2020-ci tədris ili üçün təhsil haqqında güzəştlər müqavilə məbləğinə uyğun olaraq aparılmış, və müqavilə məbləği 8000 manat üçün 400 manat güzəşt edilmişdir. - Cavabdehin nümayəndəsi-vəkili tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinə etiraz və əlavələr (iddia müddətinin tətbiqi barədə). Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının iddia ərizəsində borcun ödənilməsi ilə bağlı tələbi 2019/2020-ci tədris ilini əhatə edir. Müqavilə üzrə cavabdeh tərəfin borcu məhz 2019-2020ci tədris ilində yaranmışdır və məhkəmədən tələb olunan da həmin tədris ilinin borcunun ödənilməsidir. İddiaçı həmin borcun ödənilməsi üçün 2018-ci ildə bağlanmış müqaviləyə istinad edir. Göründüyü kimi, bununla iddiaçı 13 avqust 2018-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” Müqavilənin (bundan sonra Müqavilə) 5.1-ci maddəsində göstərilən tədris haqqının cavabdeh tərəfindən ödənildiyini etiraf edir. Müqavilənin həmin bəndinə əsasən, təhsil haqqının 1 (bir) tədris ili üçün dəyəri müəyyən edilmiş, ilkin ödəniş və qrafik üzrə hissəvi ödənişləri göstərilmişdir. Qrafik üzrə ödənişlərin son tarixi cədvəldə may 2019-cu il olaraq müəyyən edilmişdir. Bununla yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarında olan cavabdehin təhsil haqqının ödənilməsi qaydaları haqqında ərizədə də son ödəniş may 2019-cu il olaraq göstərilmişdir. Eyni zamanda Müqavilənin 6.1-cı bəndinə əsasən, Müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədə olur. Nəzərə alınsa ki, Müqavilə üzrə təhsil haqqı dəyəri 1 (bir) tədris ili üçün müəyyən olunmuşdur, deməli elə Müqavilə də bir tədris ili üçün qüvvədədir və öhdəliklərin yaranması üçün hər il yenidən bağlanmalı və ya Müqavilənin hər hansı müddəası bu məsələni tənzimləməlidir. Lakin, Müqavilənin heç bir bəndində bununla bağlı müddəa göstərilməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində tələb etdiyi 2019/2020-ci tədris ili üzrə tərəflər arasında müqavilə olmamış, əksinə cavabdeh məhkəməyə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi təqdim etdiyi 13 avqust 2018-ci il tarixli Müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. İddiaçının iddia etdiyi vəsaitin ödənilməsi üçün 2018-ci ildə bağlanmış müqaviləyə istinad etməsi isə qəbuledilməzdir. Nəzərə alınmalıdır kı, istər həmin müqavilədəki cədvəl üzrə, eləcə də iş materiallarında olan və iddiaçının özü tərəfindən təqdim edilən cavabdehin təhsil haqqının ödənilməsi qaydaları haqqında ərizədə də son ödəniş may 2019-cu il olaraq göstərilmişdir. Lakin, buna baxmayaraq iddiaçı qəsdən həmin cədvəl üzrə ödənişləri göstərməmiş və müqavilənin olmamasını pərdələmək üçün istinad kimi 2018-ci il tarixli Müqaviləni öz ərizəsinə əlavə etmişdir və yalnız cavabdehin təqdim etdiyi ərizəyə münasibət (etiraz) bildirən zaman bunu etiraf etmişdir. Bu hal isə qəbuledilməzdir. Belə ki, tərəflər arasında müqavilə olmadığı təqdirdə, müqavilə üzrə öhdəlik də yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hazırki münasibətlər, yəni iddiaçının 2019/2020ci il tarixində cavabdehə (övladına) göstərdiyi təhsil xidmətinə görə tələbi Mülki Məcəllənin 1091ci maddəsinin təsiri altına düşür. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olsa da, sonradan bu hal aradan qalxmışdır. Lakin iddiaçı cavabdehin övladına təhsil üzrə xidmət göstərməyə davam etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı pul məbləğinin qaytarılması üçün hüququnun ona məlum olduğu vaxtdan iki il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçının və cavabdehin nümayəndələrinin izahatları, işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 2019-cu ildən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir, lakin məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-5458/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5458/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver