Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5459/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının bərpası və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X4, X8 və X5 cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə dair istifadə hüquqlarının bərpa olunması və evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 2007-ci ilin mart ayında el adəti ilə ailə quraraq, cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, ev 20 saylı evə gəlin köçmüşdür. Nikahları xx.xx.2008-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010cu il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqları ilk müddətdə ailə münasibətləri normal olmuş, daha sonra xasiyyətlərinin uyğun olmaması, bir-birlərini başa düşmədiklərinə söz-söhbət olmuş və cavabdehlər evə yaşamağa imkan verməyərək zor tətbiq etməklə onu və uşaqları evdən çıxartmağa çalışmış, 2020-ci ilin noyabrında o, uşaqları ilə birlikdə məcburi olaraq evdən çıxarılmışdır. Evdən çıxarkən yalnız geyim əşyalarını götürə bilmişlər. Digər cehiz əşyaları(yataq dəsti 1 ədəd, servant 1 ədəd, divan kreslo, servislər, paltaryuyan maşın və.s) isə evdə qalmışdır. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların saxlanması üçün Cavabdeh1 cəmi 390 manat alimentin tutulması qərara alınmışdır. Bildirmək istəyir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, ev 20 saylı evə cavabdehlərin razılığı ilə gəlin köçmüşdür, uşaqları həmin evdə dünyaya gəlmişdir. Qeyd olunan ev 1 zal, 3 yataq otağı, mətbəx, dəhliz, hamam və sanitar qovşaqdan ibarətdir. Hazırda cavabdehlər həmin evdə, o uşaqları ilə birlikdə kirayədə qalır. Hesab edir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54 –cü maddələrinə əsasən qeyd edilən evə cavabdehlərin razılığı ilə köçdüyündən həmin evə dair istifadə hüququ yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, evdən onu çıxartmaq üçün 102 xidmətinə zəng vurulub, evin işığı və suyu kəsilib. Cehiz əşyalarını evdən özü çıxarmamışdır. Uşaqlarına görə cavabdehə təklif etmişdir ki, ər-arvad kimi olmasa da, uşaqlarına görə bir evdə yaşasınlar. Həm də, ata kimi uşaqlarından arxayın olar. Cavabdeh isə ailəsi ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Valideyləri isə əvəzində oğullarına onun yanına getməməsini, özümə xəsarət yetirəcəyim təqdirdə oğullarının boynunda qalacağını bildirməklə, birlikdə yaşamalarına razı olmamışlar.
4. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı keçmiş ərinə xəyanət etməmişdir, əks halda cavabdehlər onu analıqdan məhrum edərlərdi. İddiaçı uzun müddət mübahiəsli mənzildən istifadə edib və uşaqları da həmin evdə doğulmuşdur və ona görə də evə istifadə hüququ yaranmışdır. Bununla belə iddiaçı evdən zorla çıxarılmışdır və hazırda kirayədə yaşayır. İddiaçının vəkilə müraciət etmək üçün maddi imkanı olmadığından evdən çıxarıldıqdan uzun müddət sonra məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsin oğlu ilə nikaha daxil olduqdan sonra onların razılığı ilə evə gəlin köçmüşdür və cavabdehlərin razılığı ilə qeydiyyata düşmüşdür. İddiaçı ilə Cavabdeh2 xəyanət üstündə boşanmışlar. Belə ki, iddiaçı nikahda ola-ola başqa şəxslərlə münasibətdə olmuşdur. Cavabdehlər iddiaçının qeyri-rəsmi münasibətdə olduğu şəxslərin iş yerinə şikayət etmişlər. Bu söz söhbətlərdən sonra iddiaçı bəzi əşyalarını evdə saxlamaqla evdən çıxıb getmişdir. Hüquqlarını təmsil etdiyi şəxs iddiaçıya qarşı qeydiyyatdan çıxarılma barədə məhkəməyə müraciət edəcəkdir. Ev özbaşına tikilidir, evin hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Lakin evə yaşayan vətəndaşların qeydiyyatını əks etdirən ev kitabı var. Ev 4 otaqdan ibarət olsa da, otaqlar balacadır. Orada bir ailənin ata və ana ilə birlikdə yaşaması mümkün deyildir. Bundan başqa evin girişi və çıxışı fərqli deyil ki, bir ehtimal evdə yaşayış mümkün olsun. Mülki Məcəlləsinin mənzildən istifadə hüququnun tənzimləyən 228-ci maddəsinin heç bir bəndi iddiaçıya evə istifadə hüququ vermir. Xanım evə formal qeydiyyata düşüb. Ümumiyyətlə onun mənzilə hansı əsaslarla qeydiyyata düşməsi mübahisəlidir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda qeydiyyata düşmənin əsasları göstərilib. İddiaçı tərəf xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinə istinad etsə də, tələbinin heç bir əsası yoxdur. Çünki həmin məcəllədə belə söhbət mübahisə predmeti olan mənzildən gedir. Hazırki ev isə qanunsuz tikilidir. Cavabdehin 102 qaynar xəttinə yığmasına səbəb, tərəflər arasında olan münaqişə zəminində iddiaçının özünə və ya başqasına xəsarət yetirməsi ehtimalından qaynaqlanıb. İddiaçının dəqiq ünvanı bilinməsə də Binəqədi rayonu ərazisində yaşaması cavabdehlərə məlumdur. Cavabdeh2 tərəfindən iddiaçıya aliment ödənilir və iddiaçı nikahın pozulması barədə qətnamə qəbul edilmədən evdən çıxıb getmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsinin etirazının dəlillərinə qatıldığını qeyd edərək, əlavə olaraq bildirmişdir ki, həmin evi “ev kitabı” əsasında almışlar və pulunu o şəxsən vermişdir. İddiaçı 2020-ci ilin oktyabr-noyabr aylarında evdən çıxmışdır. Onun evində yaşamasını istəmir. Çünki bu yaşdan sonra qocalar evində qala bilməz. Evin suyu və işığı kəsilməyib. İşığa görə borc olduğundan işıq kəsilib. İşıq kəsilən vaxt özü rayonda olub. Odur ki, iddiaçının evdən məcburi çıxması üçün tədbir görülməyib. Hətta 2 qıza görə onu evinə qəbul etməyə hazır olub. Lakin münaqişə böyüdükdən sonra bu hal mümkünsüzdür. Evdən çıxarılan zaman 43-cü PB-dən əməkdaşlar gəlmişdilər. İddiaçı özü 102 xidmətinə zəng vurmuşdur.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ərinə xəyanət edən gəlinin onun evində yaşamasına etiraz edir. İddiaçı heç bir təzyiq olmadan özü ərazi üzrə sahə müvəkkilinin yanında bütün əşyalarını götürüb evdən çıxmışdır. Onlar 2003-cü ildə 8-ci mkr-dakı evlərini satıb hazırki evi 9000 manata almışlar. İddiaçı ailə qurduqdan sonra ev kitabçası əsasında onların razılığı ilə qeydiyyata düşmüşdür. İddiaçını evə buraxmaq niyyəti yoxdur. İddiaçı onun ailəsinə layiq hərəkətlər etməyib. Hara gedir, harada yaşayır ona maraqlı deyil. Evi 2003cü ildə almış, iddiaçı 2008-ci ildə gəlin gəlmiş, 2009-cu ildə qeydiyyata düşmüşdür.
8. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, ev alınanda o cəzaçəkmə müəssisəsində olmuş və valideynləri tərəfindən alınmışdır. İddiaçı evdən çıxarkən bütün əşyalarını evdən götürmüşdür. O da atasına məxsus İsmayıllı rayonu, Basqal kəndindəki evdə qalır və əvvəllər rayonda usta işləsə də, hazırda işsizdir. Əgər iddiaçı uşaqlara baxa bilmirsə, uşaqlarını ona verə bilər. Ama evə köçürülməsi mümkün olan hal deyil. Ev 80 kv.m olmaqla 4 otaqdan ibarətdir. Aralarında xəyanət məsələsinə görə mübahisə 2020-ci ilin sentyabr ayından noyabr ayına kimi olan dövrü əhatə edib. Həmin vaxt özü müəyyən qədər də, araşdırma aparmalı idi. Evlərində mübahisə olan günü anası polisə yığmaq məcburiyyətində qalıb ki, xanımı evdən çıxarsınlar. Hesab etmişlər ki, iddiaçının bu hərəkətlərinə görə hüquq mühafizə orqanlarına, polisə müraciət etməlidirlər. Hətta bir dəfə iddiaçıya təklif etmişdir ki, ata anası ilə danışıb onları razı saldıqdan sonra evi satıb, 2 ayrı ev alsın ki, uşaqları orada yaşasınlar. Hətta bu təklifində belə, iddiaçı təklifini bəyənməmiş, alınacaq evi daha bahalı ərazidən istəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı ilə Cavabdeh2 29 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.Onların birgə nikahlarından 3 yetkinlik yaşına çatamayan uşaqları vardır. Nikaha daxil olmamışdan təqribən 1 il əvvəl faktiki ailə həyatı quraraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə gəlin köçmüşdür. İddiaçı gəlin köçən zaman ev cavabdehlərin faktiki istifadə və sahibliyində olmuşdur. Həmin evin hüquq müəyyənedici sənədi yoxdur. Şəxslərin qeydiyyatını əks etdirən Cavabdeh3 adına xx.xx.2003-cü ildə tərtib edilmiş ev kitabı vardır. Həmin ev kitabında həm iddiaçının, həm himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların, həm də cavabdehlərin qeydiyyata alındığı əks olunmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1140/2021 saylı qətnaməsinə əsasən pozulmuş və uşaqların anasının yanında qalması müəyyən edilmişdir. İddiaçı 2020-ci ilin sonlarında evdən uşaqları ilə birlikdə çıxmışdır.
10. İddiaçı hazırda cavabdehlərin razılığına əsasən köçdüyünə, qeydiyyata alındığına, uşaqlarının orda doğulduğuna, cehiz əşyalarının orda qaldığına əsaslanaraq, qazın, işığın kəsilməsi ilə məcburi olaraq çıxmağa məcbur qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə istifadə hüququnun tanınmasını(bərpa edilməsini) və həmin evə köçürülməsini tələb edir. Məhkəməyə isə maddi imkanı olmadığına görə gec müraciət etdiyini və kirayədə yaşamağa çətinlik çəkdiyini bildirir.
11. Cavabdehlər isə iddianı qəbul etmirlər və etirazlarını cavabdehin ailə dəyərlərinə xəyanət etməsinə görə birlikdə yaşamalarının mümkünsüzlüyü və ümumiyyətlə iddiaçının tələbinin hüquqi əsası olmadığı ilə əsaslandırırlar. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
12. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
13. Tələbin mahiyyətindən də görünür ki, iddiaçı mübahisəli evə istifadə hüququnun mövcudluğu qənaətindədir və himayəsində saxlanılan yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin hüququn məhkəmə qaydasında tanınmasını tələb etməklə evə köçürülmək istəyir. Yəni iddiaçı istifadə hüququnun mövcudluğuna əsaslanaraq, köçürülməklə onun istifadəsi üçün törədilən maneənin aradan qalxması hüquqi nəticəsini arzulayır. İddiaçı da fərqindədir ki, istifadə və sahiblik hüququnun həyata keçirilməsini tələb etməyin hüquqi əsası əşya və ya məhdud əşya hüquqlarının mövcudluğundan irəli gəlir.
14. Lakin işin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, mübahisəli evə dair hər hansı istifadə hüququnun yaranmasından, tanınmasından, bərpasından söhbət gedə bilməz. Çünki evə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə ev faktiki dəyər kimi mövcud olduğundan və faktiki olaraq cavabdehlərin sahibliyində və istifadəsində olmaqla yaşayış üçün istifadə edildiyindən bu cür tələblərə baxılması prosessual olaraq mümkündür və məhkəmə təcrübəsində mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evlərinə köçürülmə tələbi qanunun anologiyası üzrə əmlakdan istifadə üçün hüquqi əsasın mövcudluğu ehtimalına əslanmaqla həll edilir.
15. Bunun üçün əvvəla evin alınmasında, yaşayış üçün yararlı hala gətirilməsində, təmirində evə köçürülmək istəyən şəxsin iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır ki, onun həmin tikiliyə münasibətdə əmlak(iqtisadi) marağı olduğu təsdiq olunsun.
16. Lakin işin müəyyən edilmiş mübahisəsiz hallarından aydın olduğu kimi iddiaçının evin alınmasında, təmirində nə özünün şəxsən, nə də ər-arvadın birgə gəlirləri hesabına ərinin iştirakı olmamışdır. Belə ki, qeyd edilən fərdi yaşayış evi alınarkən iddiaçı ilə Cavabdeh2 nikahda olmamış və iddiaçı qayınatası və qaynanasının evinə gəlin köçmüşdür. Ümumiyyətlə həmin fərdi yaşayış evinin iddiaçının qaynatası və qaynanasına məxsus olması iddiaçı tərəfindən mübahisələndirilmir.
17. Bundan əlavə tərəflər arasında olan mübahisəli hüquq münasibətinin 2009cu ilin oktyabr ayının 1-dək, konkret olaraq 2007-2008-ci ildə yarandığı nəzərə alındıqda, istifadə hüququ ilə bağlı məsələləri Mülki Məcəllənin 228-ci maddəsi tənzimləyir.(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı)
18. Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).
20. Göründüyü kimi məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdı.
21. Lakin iddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi yaşayış sahəsi nə onun keçmiş ərinin mülkiyyətindədir, nə də onun ailə üzvü hesab edilməyən qaynatası və ya qaynanası ilə arasında notarial qaydada bağlanmış müqavilə vardır. Yəni mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, onun məhdud əşya kimi istifadə hüququnun yaranması üçün notarial qaydada müqavilənin bağlanması gərəkli idi.
22. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında, o cümlədən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci vəAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.
23. Beləliklə məhkəmə hesab edir ki, mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evinə istifadə hüququnun tanınması(bərpası) mümkün olmadığından və mübahisəli fərdi yaşayış evinin alınmasında, təmirində, yaşamaq üçün yararlı hala gətirilməsində nə iddiaçının, nə birgə nikah dövründə ər-arvadın iştirakı olmadığından, o cümlədən mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, iddiaçının ailə üzvü olmayan həmin şəxslərlə arasında notarial qaydada müqavilə bağlanmadığından iddiaçının tələbi əsassızdır. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
25. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X1 cavabdeh X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) mənzildən “istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının bərpası və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev