Məhkəmə qərarları › İş №e-2(001)-550/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-550/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-550/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Əzizağa qızının, Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılmaqla qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə ona, yəni, İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə ona, yəni, İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2022-c il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kvadratdan ibarət mənzili X3 almışdır. Bundan sonra, mənzil üzərində hüquqlarını xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. O, mənzili alarkən həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmuşlar. Alqı-satqı müqaviləsi bağlanılarkən, mənzilə təcili ehtiyacı olmadığından, mənzildə qeydiyyatda olmaqla yaşayan 3 nəfərin 6 ay ərzində mənzili boşaltmalı olması barədə razılaşmışlar. Həmin şəxslər alqı-satqı müqaviləsi bağlandıqdan sonra 6 ay ərzində mənzildən çıxacaqlarını öhdələrinə götürsələr də dəfələrlə müraciət etməyinə baxmayaraq hələ də, mülkiyyətində olan mənzildən çıxmağı yubadır və əmlakı qanuni sahibinə verməkdən boyun qaçırırlar. Hal-hazırda həmin şəxslər qanunsuz olaraq heç bir hüquqları olmadığı halda onun mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qalmaları onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, nə evinə köçə, nə də onu kirayə verə bilmir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, sözügedən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur və heç bir yüklülüyü yoxdur. Bundan başqa İddiaçı xx.xx.2022ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m ibarət mənzili X3 alınmışdır. Bundan sonra, mənzil üzərində hüquqlarını xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. İddiaçı mənzili almazdan əvvəl həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qeydiyyatda olmuşlar. Hazırda isə məlum olmuşdur ki, Cavabdeh4 və Cavabdeh5 hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmasalar da, mənzildə qanunsuz yaşamağa davam edirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, evə görə 40000 manat banka ödəniş etmiş, 5000 manatı isə əldən Lətifə ödəmişdir. 5000 manatı isə əldən istəyərkən səbəb kimi göstərmişlər ki, verəcək borcları olduğundan onlara pul lazımdır. Evin satışını Lətif özü təşkil etsə də, evin anasının dostu Günelin adına olduğunu bildirmişdir. Lətiflə onu isə mənzil alğı-satqısı ilə məşğul olan əmisi oğlu Gündüz tanış etmişdir. Mənzili Güneldən alsa da, Güneli ilk dəfə notariusda alğı-satqı rəsmiləşdirilən vaxt görmüşdür. Günel mənzilin 45000 manata satılmasından yəqinki, məlumatlı olmuşdur. Alğı-satqı zamanı o, ümumiyyətlə Mərifəti görməmişdir. Əslində cavabdehlər satışdan sonra evdən 6 ay müddətində çıxmalı idilər. Aralarında olan razılığa əsasən isə evə görə ona aylıq 400 manat kirayə haqqı ödənilməli idi. Lakin cavabdehlər ona kirayə haqqını belə ödəməmişlər. 6 aylıq müddət bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, kürəkəni qazidir və ona ev almaq niyyətində olduğundan rayondakı evini satmış, qohumu vasitəsi ilə isə bu evinin satıldığını bilmişdir. Cavabdeh ola Lətif, qohumu Gündüz və Gündüzün dostu Şirvan adlı şəxslə evə baxmağa getmişdir. Ev orta təmirsiz, 7-ci mkr-da köhnə, qazsız binada yerləşir və sahəsi 35 kv.m-dir. Evin qiymətini 45000 manat olaraq razılaşmışlar. Lətif evin sənədlərinin hazır olduğunu və evin anasının dostu Günelin adına olduğunu, mənzilin Günel tərəfindən satılacağını bildirmişdir. Güneli ilk dəfə 14 saylı notariat ofisində görmüşdür. Mənzilə dair ilk dəfə 40000 manat ödənişi kassada Günelə ödəmiş, 5000 manatı isə Lətif və Gündüzə vermişdir. Günel ona mənzilin Lətifin olduğu deyilməyib. Hətta Günellə aralarında necə bir danışığından xəbəri olmamışdır. Lətiflə aralarında olan danışığa görə 6 ay müddətində evdən çıxacaq və bu müddət ərzində kirayə ödəyəcəkdi. Lakin evin çıxarışını alandan sonra Lətif atasının xəstə olması səbəbindən evi qaytarmaq istədiyindən, o da, haqlı olaraq ev üçün ödədiyi pulu 6 ay ərzində ona qaytarılmasını istəmişdir. Söz-söhbətlərdən sonra evi qaytarmağa razılaşmışdır. Notariusun bütün xərclərini də, özü ödəmişdir. Pul cavabdehdə qaldıqca hər gün dəyər itirmişdir. Evi Güneldən alanda cavabdehlərin qeydiyyatdan çıxacaqlarına dair ərizələri olmuşdur. Daha sonra Lətif ondan banditizmə şikayət etmişdir. O Lətifə borc və ya faizə pul verməmişdir. Əksinə ev almaq üçün 45000 manat pul vermişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəf hazırki mərhələdə əqdin etibarsızlığını mübahisələndirməyə haqlı deyildir. Belə ki, məhkəmə tərəfindən bunun üçün tərəflərə kifayət qədər vaxt verilmiş və çəkişmə prinsipinin təmin edilməsi üçün şərait yaradılmışdır. Lakin cavabdeh bu müddət ərzində sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, keçirilmiş bir məhkəmə iclasına gəlməmiş, digərində qarşılıqlı iddia versə də, rüsumunu ödəməmiş, həmiçinin, Lətifin atası Mərifət məhkəmə iclasında iştirak edərkən, ümumiyyətlə alğı-satqıdan xəbərsiz olduğunu bildirmişdir. Halbuki, alğı satqının həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə vermişdir. Bundan başqa iş üzrə tərəf bir neçə vəkillə müqavilə bağladığından, həmin şəxsin də iş materialları ilə tanış olması üçün şərait yaradılmışdır. X9 arasında bağlanan alğı-satqı müqaviləsi tamamilə etibarlıdır. Müqavilə bağlanan zaman həmin evdə qeydiyyatda qalan şəxslər evdən qeydiyyatdan çıxacaqlarına dair yazılı ərizələrini notarial qaydada təqdim etmişlər. İddiaları əsaslıdır və mötəbər dəlillərə əsaslanır. Mənzildə qeydiyyatda olanlardan Ramin adlı şəxs həmin evdə formal qeydiyyatda olmuş, daha sonra isə çıxmışdır. Lakin artıq məhkəmə iclası baxış mərhələsində olduğundan iddiaya dair dəqiqləşdirmə təqdim edə bilmir. Odur ki, Raminə münasibətdə iddiaya qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxır. Digər cavabdehlər isə faktiki olaraq, Sevda və Lətif qeydiyyatda olmaqla, digərləri isə qeydiyyatsız həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Samirə alğı-satqı gününə kimi Günellə Mərifət arasında olan mübahisədən məlumatsız olmuşdur. Samirə xanım bunu bilsəydi vicdanlı alıcı olmazdı. Halbuki, iş materiallarında Samirənin bu faktı bilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Mənzilin satılmasından Lətifin də, Mərifətin də məlumatı olmuşdur.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, alğı-satqı Günel və Samirə arasında olub. Ev Günelə 2021-ci ilin dekabr ayında satılıb, daha sonra isə martda Samirəyə satılıb. Hər ikisinin alğı satqısında qeydiyyatda olan şəxslərin razılığı alınıb. Mart ayında olan alğı-satqı zamanı isə Lətif, Ramin və Sevdanın razılığı alınmışdır.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, hazırda iddiaçının mənzilə mülkiyyət hüququnu müəyyənləşdirən çıxarış mübahisələndirilir. Nə qədər ki, çıxarış mübahisələndirilir, düşünür ki, həmin mübahisə həll edilməyincə, hazırki işə baxılması dayandırılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, evin mülkiyyətçisi Günel olana kimi evin mülkiyyətçisi Mərifət olmuşdur. Mərifət evi Günelin adına 30000 manat borcu müqabilində keçirmişdir. Belə ki, 30000 manat borc qaytarıldıqdan sonra, Günel evi Mərifətə geri qaytarmalı idi. Günel həmin pulun 14000 manatını banka ödəyib və borcu bağlayıb. Əlavə olaraq isə Mərifətə 16000 manat və 9000 manat pul verib. Verilən pula görə də, Günelə müəyyən faiz ödənilib. Yəni Günel pulu cavabdehlərə faizə verib. Mənzil isə Günelə satılmayıb, formal olaraq keçirilib. Hələ bilinmir ki, nə üçün mənzil Günelə 50000 manata, Samirəyə isə 40000 manata satılıb. Qısacası Samirə də, Mərifətgilə Günelə olan borcun ödənilməsi üçün faizə pul vermişdir. Bunun bir digər göstəricisi isə odur ki, pul birbaşa Günelin hesabına ödənilməyib. Şifahi olaraq mənzili 45000 manata razılaşsalar da, müqavilə 40000 manata bağlanıb, 5000 manat isə əldən ödəniş edilib. Bunu iddiaçı da, öz izahatında təsdiq etmişdir. Cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməməlidir. Çünki iddiaçı vicdanlı alıcı deyil. O, vicdanlı alıcı olsaydı mənzilə görə pulu Günelin hesabına ödəyərdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bank of Baku ASC-dən təxminən 15000-16000 manat arası biznes krediti götürmüşlər və kreditinin təminatı olaraq evi banka girov qoymuşlar. Bir müddət banka ödənişlər etsələr də, lakin sonradan onlara 50000 manat pul lazım oldu. Bankda onlara əlavə kredit verəcəkləri bildirsələr də, sonradan pul verilmədi. Bu səbəbdən tanışları Günel adlı şəxsə müraciət etmişlər. Günel onların banka olan borclarını ödədi və əlavə olaraq onlara 16000 manat pul verdi. Günel dövlət işində işlədiyindən evi onun adına rəsmiləşdirmişlər ki, evi Günelin adına ipotekaya qoyub pul götürsünlər, əvəzində isə Günelə hörmət etməli idilər. Günelin adından ipoteka müqaviləsinin bağlanması üçün banka müraciət etmişlər. Lakin 3 ay gözlədikdən sonra bankdan pul götürə bilməmişlər. Bundan sonra Günel onların əvəzinə banka ödədiyi 14000 manat pulu və əlavə veridiyi 16000 manat pulu ümumilikdə 30000 manat pulunu tələb etdi. Günel pulunu tələb etdiyi üçün o, Şirvan adlı tanışına faizə pul verən tanışının olub-olmamasını, əvəzində isə evi həmin şəxsin adına rəsmiləşdirəcəyini bildirmişdir. Şirvan faizə pul verən tanışının olduğunu bildirdi. Təxminən 2022-ci ilin mart ayında Şirvan onları Gündüz və Gündüzün əmisi qızı Samirə adlı şəxslərlə görüşdürdü. Samirə adlı şəxs onlara faizə pul verə biləcəyini dedi və Samirə aylıq ödənişlərdə 1 gün belə gecikmə olduğu təqdirdə onları evdən çaxaracağını bildirmişdir. Onunla razılaşıb evi onun Samirənin adına keçirmişlər. Bundan sonra Samirə ona aylıq 5 faiz olmaqla 40000 manat, Gündüzə isə onları tanış etdiyi üçün 5000 manat pul vermişdir. Gündüz onun əvəzinə əmisi qızı Samirəyə pula görə cavabdeh durmuşdu. Samirədən pulu götürdükdən sonra Günelə olan 32000 manat borcu qaytarmışdır. Sonra isə 1-ci aylıq ödənişi edə bilməmişdir. Gündüz onu yığdı ki, ödənişi nə vaxt edə bilərsən, özü isə 5-6 günə ödəniş edə biləcəyini bildirdi. Lakin Gündüz onun əvəzinə aylıq ödənişi ödəyəcəyini, onun isə həmin ödənişi ona verməyini bildirdi və razılaşmışlar. Onun aylıq ödənişi 2250 manat olmuşdur, lakin Gündüz 2000 manat aylıq ödənişi etməsi ilə bağlı qəbzi ona göndərmişdir. Daha sonra Gündüz 2-ci aylıq ödənişi də onun əvəzinə ödəmişdir. Gündüzə əvəzinə 2-ci aylıq ödənişə görə Samirəyə verdiyi pulu Gündüzə qaytarmişdir. Gündüz daha sonra ondan əvəzinə ödədiyi pulu tələb etmişdir. 3ayın ödənişini Gündüz etmişdir. Gündüz onun əvəzinə 9000 manat ödəniş etdiyini, lakin Samirə deməsinə görə Gündüz əvəzinə ona 6400 manat pul vermişdir. Daha sonra ödənişləri edə bilmədiyi üçün Samirəyə faizi silməsini, əsas borcun ona verə biləcəyini bildirmişdir. Samirə isə ona 60000 manat pulun verilməli olduğunu, eyni zamanda 60000 manatdan Gündüzün ödədiyi 6400 manatı çıxacağını və 3600 manatı ona keçəcəyini bildirərək 50000 manat verməyini istəmişdir. Lakin ona 40000 manat pul verə biləcəyini bildirmişdir. Gündüzlə və Samirə ilə bu barədə danışmağı barədə səs yazıları var.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, iddiaçını ilk dəfədir ki, görür. Ev onun adına olub. Oğlunun banka borcu olduğundan, borcu bağlamaq üçün evə dair Günellə alğı-satqı etmişlər. Bundan sonra isə banka olan borcu tamamilə bağlamışlar. O, Samirəyə mənzil satmayıb. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. Cavabdeh5 ilə X8 arasında bağlanan xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi ilə bağlı “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m, yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı X5 mülkiyyətinə 50000 manata satmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********DW70701 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 1 ünvanında yerləşən mənzil yüklüdür.

13. "xxxx" ASC tərəfindən 14 saylı notariat ofisinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, bank Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/55379/78/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası məqsədilə xx.xx.2021-ci il tarixli, 3M-39 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilmiş Cavabdeh5 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin tam icra edilməsi şərti ilə mənzillə bağlı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsinə etiraz etmir.

14. "xxxx" ASC tərəfindən Cavabdeh2 verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-də olan xx.xx.2021-ci il tarixli, MK/55379/78/15 saylı kredit müqaviləsi üzrə qalıq borc (14999 manat) tam ödənildiyindən hal-hazırda heç bir borc öhdəliyi qalmamışdır.

15. X8 ilə İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m olan mənzili 40000 manata İddiaçı satmışdır. Müqavilənin 3-cü bəndində göstərilir ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********KD70701 olan arayışa əsasən müqavilə bağlanan anda mənzil yüklüdür. Müqavilənin 13-cü bəndindən görünür ki, satıcı xx.xx.2022-ci il tarixinədək qeydiyyatından çıxmağı öhdəsinə götürür.

16. "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40000 manat ödəniş edilmişdir.

17. İddiaçı tərəfindən tərəfindən 14 saylı notariat ofisində yazılan 30 mart 2022-ci il tarixli, **********827 saylı ərizədən görünür ki, Əmirova X2 Günel Aqil qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanıında yerləşən 4 saylı mənzil üzərində məhdudiyyət (girov) olmasının ona məlum olduğunu bildirmiş və buna baxmayaraq, əmlakın öz adına rəsmiləşdirilməsini xahiş etmişdir.

18. Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçmişdir.

19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adlı şəxslər də qeydiyyatdadır.

20. Cavabdeh3 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********698 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

21. Cavabdeh1 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********695 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

22. Cavabdeh2 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********694 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

23. Cavabdeh4 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********699 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

24. Cavabdeh5 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********703 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

25. İddiaçı ilə X7 arasında bağlanan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 91.3 kv/m olan 3 otaqlı mənzili 15000 manata alıcıya satmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları və məhkəmənin hüquqi dəyərləndirməsi:

26. İddiaçı iddia edir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m, yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzili alqı-satqı müqaviləsi əsasında X3 xx.xx.2022-ci il tarixdə satın almışdır. Həmin mənzilə dair danışıqlar Cavabdeh2 ilə aparılmış və onlar arasında müqavilənin şərtləri və.s razılaşdırılmışdır. Daha sonra alqısatqı ilə bağlı notariusa müraciət edən zaman mənzilin xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alındığını müəyyən etmişdir. Cavabdeh2 bunu onunla izah etmişdir ki, ev onların olsa da anasının rəfiqəsinin adına rəsmiləşdirilmişdir və Günellə aralarında başqa öhdəlik münasibətləri vardır. Nəticə etibarı ilə bu faktın alıcıya heç bir aidiyyəti olmadığı qənaətinə gələrək alqı-satqı müqaviləsini bağlamışdır. Müqavilənin dəyəri ilə bağlı isə Günellə və Lətif arasında olan razılığa əsasən 40000 manatı notariusun depozit hesabına, 5000 manatı isə Lətifin sərəncamına vermişdir.

27. Bundan başqa iddiaçı Cavabdeh2 ilə arasında hər hansı borc münasibətinin olmadığını və evi zərurətdən irəli gələrək aldığını bildirmişdir. Bunu isə həmin ərəfədə ona məxsus başqa evin satılması və qızına ev almaq niyyəti ilə əsaslandırmışdır.

28. Cavabdeh tərəfdən məhkəmə iclaslarında iştirak edən və nümayəndə və vəkillə təmsil edilən tərəflər iddiaya etiraz etmişlər və etirazlarını onunla əsaslandırmışlar ki, Günellə iddiaçı arasında həqiqi alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, həmin alqı-satqı müqaviləsi borc öhdəliyinin təminatı kimi formal olaraq bağlanmışdır. Çünki əvvəlcə X8 ilə arasında borc münasibətləri olmuş, daha sonra iddiaçı ilə Cavabdeh2 arasında borc öhdəliyi olmuşdur.

29. Cavabdeh tərəf etirazlarının dəlilləri ilə bağlı hər hansı sübut təqdim etməmiş, izahatlarında bildirdikləri ilə kifayətlənmişdir. Belə ki, cavabdeh tərəfə etirazlarının dəlillərinə dair sübut təqdim edilməsi ilə bağlı kifayət qədər şərait yaradılmış, lakin cavabdeh tərəf nə hadisələrin iştirakçısı olduğu tərəfləri şahid qismində dəvət etmiş, nə də ki istinad elədiyi səs yazılarını tədqiq edilməsi üçün məhkəməyə təqdim etmişdir. Bununla belə bir-birlərinə münasibətdə ailə üzvü olan cavabdehlər prosessual qaydalara uyğun olmayan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qarşılıqlı iddia ərizəsinin də əsaslandırılması məhkəmədə iştirak edən cavabdehlərin etirazının dəlilləri ilə uyğunluq təşkil etmişdir.

30. Bundan əlavə Cavabdeh5 nümayəndəsi iş üzrə icraatın dayandırılması barədə vəsatət vermiş və məhkəmə iş üzrə icraatı dayandırmaqdan imtina etmişdir. Belə ki, vəsatətin verilməsinə əsas alqı-satqı müqavilələrinin etibarsızlığı tələbi ilə bağlı başqa məhkəmədə iddia qaldırılması olmuş və məhkəmə iddianın əsasını təşkil edən əqdin etibarlılığının yoxlanılmasının hazırki iddianın predmetini təşkil etməsi səbəbi ilə vəsatəti təmin etməmişdir.

31. Odur ki, məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını mülkiyyət hüququnun müdafiəsi təşkil edir. Belə ki, iddiaçı cavabdehlərin onun mülkiyyət hüququnu real və maneəsiz həyata keçirməsinə mane olduğunu iddia edir. Məhkəmə iclasında təmsil eilən və iştirak edən cavabdehlər bu faktı təqzib etmirlər və öz hərəkətlərini yuxarıda qeyd edildiyi kimi əsaslandırırlar.

32. Mübahisənin mahiyyəti baxımından məhkəmə hesab edir ki, ilkin olaraq cavabdehlərin etirazının dəlillərinə hüquqi qiymət verilməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

34. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

35. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

36. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı alqı-satqı müqaviləsinə və daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq, onun mülkiyyət hüquqlarından irəli gələn istifadə, sahiblik, sərəncam hüquqlarını həyata keçirməsinə cavabdehlərin mane olduğunu iddia edir. Cavabdehlər isə öz növbəsində əqdin əhəmiyyətsiz olduğuna əsaslanmaqla iddiaçının həmin mənzilə dair hər hansı subyektiv hüququnun yaranmadığını bildirir.

37. Bununla bağlı əvvəla qeyd edilməlidir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m, yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzil iddiaçı tərəfindən qanuni əsaslarla əldə edilmiş və əqdin etibarsızlığına əsas olan və iddiaçının vicdanlılığını istisna edən hər hansı hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

38. Belə ki, əvvəla iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə hüquqi etimad edərək müqavilə bağlamışdır. Çünki qeyd edilən mənzilin satıcının mülkiyyətində olub-olmadığını müəyyən etmək üçün daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd onun üçün yetərli idi. Yəni satıcı ilə cavabdehlər arasında əvvəllər yaranmış hər hansı münasibətin mövcudluğu ona maraqlı olmamışdır. Hərçənd ki, onun ümumiyyətlə bu barədə konkret məlumatı olmamış və əgər şübhəli məqamları sezmişdirsə belə, dövlət reyestrinin həqiqiliyini araşdırmaq kimi məsuliyyəti yox idi.

39. Belə ki, cavabdeh tərəfin iddiaçının vicdansızlığına işarə elədiyi məqamlar, yəni alqı-satqı müqaviləsi bağlanan zaman 5000 manatın Cavabdeh2 verilməsi, mənzilə dair danışıqların Cavabdeh2 ilə aparılması faktı mövcud olsa da, bu həmin şəxsi dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimaddan məhrum edə bilməz və onun vicdansızlığına dəlalət etməz.

40. Belə ki, Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar.

41. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

42. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

43. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.

45. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

46. Bundan əlavə məhkəmə iclaslarında iştirak edən cavabdehlər müqavilənin yalan əqd olmasını və tərəflər arasında mövcud olan borc müqaviləsini və onun təminatını pərdələmək məqsədilə alqı-satqı müqaviləsinin bağlanmış olduğunu bildirirlər.

47. Lakin qeyd edilməlidir ki, cavabdehlər tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq bununla bağlı hər hansı sübut təqdim edilməmiş, hətta nə qarşılıqlı iddia ərizəsinə, nə də ki icraatın dayandırılması barədə vəsatətinə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İşin müəyyən edilmiş halları ilə də X8 ilə İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsızlığı təsdiq olunmur.

48. Bundan əlavə cavabdeh tərəf X8 ilə də Cavabdeh5 arasında bağlanmış alqısatqı müqaviləsinin eyni əsasla etibarsızlığına istinad etsələr də, həmin hal baxılan mülki işin predmetinə aid olmamışdır.

49. Bununla belə, həmin halın mövcudluğu sübut olunsa belə, iddiaçının vicdanlı alıcı olması faktını istisna edə bilməzdi.

50. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, yalan əqd yalnız müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Buna görə də mülki hüquq subyektlərinin bu şəkildə əqd bağlamaqla meydana gətirdikləri hüquqi görünüşə etimad göstərən üçüncü şəxs qismində çıxış edən mülki dövriyyənin digər iştirakçılarının maraqları qanunvericilik tərəfindən xüsusi olaraq qorunur.

51. Göstərilənlər baxımından məhkəmə o qənaətə gəlir ki, iddiaçının etibarlı alqısatqı müqaviləsinə əsaslanaraq mülkiyyət hüququnun müdafiəsi baxımından tələb irəli sürmək üçün subyektiv hüququ vardır və onun tələbi qismən əsaslıdır.

52. Belə ki, iddiaçı ona mülkiyyət hüququ ilə məxsus olan mənzildə Cavabdeh5(ər), Cavabdeh2(oğul), Cavabdeh4(arvad), Cavabdeh3(qızı) qeydiyyatda olduğuna və faktiki yaşadığına istinad edərək, onların istifadə hüquqlarına xitam verilmiş hesab edilməsini, mənzildən çıxarılmalarını, mənzilin boşaldılmış vəziyyətdə ona təhvil verilməsini tələb edir.

53. Bununla bağlı iş materiallarında olan alqı-satqı müqaviləsinə dair notariat işindən görünür ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 mənzilin satılmasına etiraz etməmişlər, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər.

54. Buna baxmayaraq Cavabdeh1 başqa digər şəxslər öhdəliklərinə əməl etməmişlər. Cavabdeh1 isə həmin mənzildə heç vaxt yaşamamış, cavabdehlərin ailə üzvü olmamış, mənzildə qeydiyyatı formal xarakter daşımışdır. Bundan əlavə Cavabdeh1 halhazırda həmin mənzildə qeydiyyatda olmamaqla yaşamır. İddiaçı da ona münasibətdə olan tələbini müdafiə etməmişdir.

55. Odur ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı hesab edilə bilməz.

56. Digər şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

57. Bundan əlavə həmin məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

58. İşin hallarından müəyyən edildiyi kimi cavabdehlər əşyanın mülkiyyətçisi deyil və onlar mülkiyyət hüququndan imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmüşlər. Hətta bu öhdəliyi iddiaçı ilə X8 arasında alqı-satqı müqaviləsi bağlanmasınadək də götürdüyü işin mübahisəsiz halıdır.

59. Halbuki Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

60. Odur ki, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 istifadə hüquqlarına xitam verilmiş hesab edilməli, onların mənzilə sahibliyinin hər hansı qanuni əsası olmadığından onlar mənzildən çıxarılmalı və mənzil boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Hüquqi dəyərləndirmə, məhkəmənin mövqeyi:

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Tətbiq edilən prosessual normalar:

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

63. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

64. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

65. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

66. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

67. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməli; Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən çıxarılmalı; Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

68. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilsin; Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən çıxarılsınlar; Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi Cavabdeh1 yönələn hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar