Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5572/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasını, daşınmaz əmlakın cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi və evin dəyəri kimi ona ödənilmiş 85000 manat pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 40 ildən çoxdur ki, onun sahibliyində olmuşdur. O və ailəsi uzun müddətdir həmin ünvanda qeydiyyatdadırlar və yaşayırlar. İşləri ilə əlaqədar olaraq ona pul lazım olduğundan həmin mənzili satmaq qərarına gəlmişdir. Aralarında olan razılığa əsasən cavabdeh müəyyən olunmuş 85000 manat pul məbləğini verməyi, o isə evin sənədləşmə, yəni ki mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd işlərini yekunlaşdırdıqdan sonra notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq, mənzilin alqı-satqısını həyata keçirəcəkdi. Lakin evin heç bir sənədləşmə işlərini həyata keçirmək mümkün olmamışdır. Belə ki, tərəfindən əmlaka mülkiyyət hüququ haqqında çıxarış əldə etmək üçün DƏDRX əməkdaşları ilə əlaqə saxlanılmış, müəyyən bu işi bilən mütəxəssislərlə məsləhətləşmiş, lakin mənzilə dair mülkiyyət haqqında çıxarış verilməsinin hazırkı halda qeyri-mümkün olduğunu bildirmişlər. Belə olan halda o, cavabdehə bildirmiş və caabdehin ona verdiyi 85000 manat pulunu geri qaytarmağı əvəzində isə ona məxsus olan və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzili təhvil verməsini xahiş etmişdir. Lakin cavabdeh buna qəti etirazını bildirmiş və əmlakı geri qaytarmaqdan imtina etmişdir. Bundan əlavə, həmin mənzilin qeyri-rəsmi satılmağından qeydiyyatda olan ailə üzvləri və digər şəxslərin belə razılığı olmamışdır. Cavabdehlə aralarında rəsmi heç bir sənədləşmə mövcud olmamışdır. Sadəcə kommunalların cavabdehin adına rəsmiləşdirilməsi barədə razılığı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan da göründüyü kimi qeyd olunan mənzildə 20 nəfər şəxs qeydiyyatdadır. Mülki qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı notarial qaydada rəsmiləşdirilməlidir, qeyd olunan mənzilin alqı-satqısına dair isə heç bir notarial əqd mövcud deyildir. İşin hallarından da göründüyü kimi cavabdeh tərəfindən onun mülkiyyət hüququ pozulur və ona görə də cavabdeh həmin mənzildən çıxarılmalı və əmlak ona geri təhvil verilməlidir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil sahibliyində olduğunu və iddiaçıya pul lazım olduğundan həmin mənzili satmaq qərarına gəldiyini, aralarında olan razılığa əsasən o, müəyyən olunmuş 85.000 manat pul məbləğini ona verməyi, iddiaçı isə evin mülkiyyət hüququna dair sənədləşməni aparandan sonra notariat qaydasında alqı-satqı müqaviləsi bağlamağı həyata keçirəcəklərini öhdələrinə götürmüşlər. Lakin, evin sənədləşdirmə işlərini həyata keçirə bilmədiyinə görə verdiyi 85.000 manat pulu qeri qaytarmaqla, sahibliyində olan evin iddiaçıya əhvil verilməsi xahiş etsə də, mənzili qaytarmaqdan imtina etmişdir. İddiaçı daha sonra göstərmişdir ki, cavabdehlə heç bir sənədləşdirmə mövcud olmamış, sadəcə olaraq kommunalların cavabdehin adına rəsmiləşdirilməsi barədə razılıq olmuşdur. Aşağıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, əvvəla iddiaçının mənzilinə qanunsuz sahiblik etməmişdir. İddiaçı istifadəsində olan mənzili ona satmasına dair razılığa gələndən sonra iddiaçı 2025-ci il aprel ayında ondan 85.000 manat alaraq mənzildən əmlaklarını götürməklə köçmüşdür. İddiaçı mənzili ona təhvil verəndən sonra orada təmir işləri apararaq 20.000 manat məbləğində vəsait sərf etmişdir. Sonradan həmin mənzilə köçərək faktiki yaşadıqları mənzilə pasport qeydiyyatına düşmüşdür. İddiaçı isə onun verdiyi vəsaitdən uzun müddət istifadə edərək, onun digər yerdə mənzil almasının qarşısını almışdır. Qeyd edir ki, iddiaçı güya mənzili sənədləşdirə bilmədiyinə görə geri qaytarmağını bildirməsi əsassızdır. Belə ki, 1 saylı Bakı Ərazi İdarəsinin mənzilin sənədləşdirilməsindən imtina edilməsinə dair heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, mənzilin sənədləşdirilməsindən imtina qanunsuz olduqda həmin məsələnin həlli qanunda nəzərdə tutulmuş qaydada icrası mümkündür. Bundan başqa iddiaçı maddi zərərdən əlavə ona mənəvi zərərdə vurmuşdur. Belə ki, iddiaçı öz niyyəti barədə ona məlumat verədən sonra o, ailə üzvüləri ilə birlikdə mənəvi sarsıntı keçirmiş və hazrda mənzillərin qiymətində artım olduğunu və ev ala bilmədiklərini düşünərək əzab çəkmişlər, sağlamlıqları pozulmuşdur. Hesab edir ki, iddiaçı mənzili təmir etdirəndən sonra əsassız varlanmaq niyyətindədir və hüquqlarından sui-istifadə edir. İddia ərizəsində iddiaçı etiraf etmişdir ki, pul lazım olduğuna görə evi satmışdır. Göründüyü kimi, iddiaçı ondan aldığı vəsaiti lazımi yelərə xərcləmiş, hazırda isə əsassız bəhanə gətirməklə ona zərər yetirmişdir. Belə vəziyyətdə isə iddiaçı ona vurduğu 105.000 manat maddi və 25.000 manat mənəvi zərəri ödədikdə aralarında olan razılaşmanı poza bilər. Odur ki, yuxarıda göstərilənlərə əsasən,İddiaçı iddia ərizəsində göstərilən əsasla ona qarşı verdiyi iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh və X2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasındakı şifahi razılaşmaya əsasən iddiaçı öz istifadəsində olmuş mənzili 85000 manata cavabdehə satmış, cavabdeh həmin məbləği iddiaçıya ödəmiş və ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür. Lakin daha sonra iddiaçı müəyyən səbəblərdən fikrini dəyişmiş, cavabdehdən mənzildən çıxmasını tələb etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin mənzilin cavabdeh tərəfindən onun razılığı olmadan, qanunsuz olaraq zəbt edildiyini bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iddia ərizəsindən və tərəflərin verdiyi izahatlardan da göründüyü kimi, mənzilin satılması ilə bağlı tərəflər arasında razılıq olmuş, hətta iddiaçı kommunal xərclərin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı özü şəxsən razılıq vermiş, cavabdeh tərəfindən mənzilin dəyəri iddiaçıya ödənildikdən sonra cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüş, həmin mənzildə yaxşılaşdırma işləri aparmış və xeyli miqdarda pul vəsaiti xərcləmiş, hazırda da həmin mənzil cavabdehin istifadəsindədir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin ediləcəyi təqdirdə cavabdehin hüquqları əhəmiyyətli dərəcədə pozulacaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-5572/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5572/2025
03.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver