Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-558/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X7 ilə birgə nikahları dövründə ümumi gəliləri hesabına əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı ilə X7 07 yanvar 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə, 09 iyun 2004-cü il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalı oğlu küçəsindəki 4 otaqlı, ümumi sahəsi 116,4 kv.metr olan 5 saylı fərdi yaşayış evi X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. X7 ilə İddiaçı arasındakı nikah Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X7 08 avqust 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət edərək ünvan 1 ünvanındakı fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququ haqqında şəhadənamə verilməsini tələb etsə də, notarius tərəfindən 25 yanvar 2022-ci il tarixli qərarla bundan imtina olunmuşdur. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X7 ilə xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların xx.xx.2002-ci il tarixdə Cavabdeh1, xx.xx.2008-ci il tarixdə isə Cavadlı Harun və Cavadlı Fateh adında əkiz uşaqları dünyaya gəlmişdir. Ümumi birgə nikah münasibətlərində olduqları vaxtda ümumi gəlirləri hesabına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evini alğı-satqı yolu ilə almışlar. X3 adına dövlət qeydiyyatına alınmışdır. Ev alındıqdan sonra həmin evdə ancaq iddiaçı, mərhum həyat yoldaşı və sonralar da dünyaya gəlmiş övladları ilə birgə yaşayaraq ümumi qaydada ailə təsərrüfatı aparmışlar. Lakin iddiaçı ilə X7 arasında bağlanmış nikah Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4402/2019 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikahlarına xitam verilmiş olsa da, iddiaçı və nikahdan dünyaya gəlmiş övladları haqqında danışılan evdə yaşamağa davam etmişlər, bu günə qədər də həmin evdə yaşamaqla qeydiyyatdadırlar. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, Bakı şəhəri, Binəqədi rayonu, Ağamalıoğlu küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi barədə vərəsəlik hüquq münasibətləri çərçivəsində hüquqi qiymət verilməsi üçün Bakı şəhəri 27 saylı notariat ofisinə müraciət olunmuşdur. Lakin notariat ofisi fərdi yaşayış evinin iddiaçı ilə mülkiyyətçinin öldüyü vaxta qədər nikahlarına xitam verildiyi üçün, iddiaçıya ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Notariat orqanının imtina məktubundan və Qərarından sonra, İddiaçı cavabdeh notariat orqanına qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ağamalıoğlu küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ½ hissəsinə pay hüququnun ayrılması və ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1686/2022 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verildikdən sonra, müəyyən olunmuşdur ki, verilmiş iddia tələbi üzrə həm cavabdeh düzgün seçilməmiş, həm də ümumiyyətlə iddia tələbinin özü düzgün qoyulmamışdır. Belə olan halda, iddiaçı öz hüquqlarının qorunması və tətbiqi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmlaka münasibətdə vərəsə payları olan vərəsələrə qarşı iddia ərizəsi ilə müraciət etməlidir. Buna səbəb, notariat orqanının bu imtinası, gələcəkdə X9in qanun üzrə vərəslərinin həmin fərdi yaşayış evinə hüquqlarının qeydə alınmasında əsas rolunu oynayır. Eyni zamanda, İddiaçı mərhum Lətif Cavadlıya münasibətdə vərəsə deyildir, çünki hələ sağlında onlar arasında nikahın pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Deməli, iddiaçı tərəfindən vaxtı ilə iddia tələbi ilə məhkəməyə müraciət edərkən, notariat orqanı deyil, miras qalmış əmlaka vərəsəlik hüquqları olan şəxslər cavabdeh olaraq məhkəməyə verilməli idi. Həmin vərəsələrdən biri də Lətif Cavadlının anası Cavabdeh2 və Cavabdeh1dur. İddiaçının marağındadır ki, onun nikah dövründə əldə etdiyi əmlaka olan mülkiyyət hüququ rəsmiləşdirilsin. Beləliklə, mərhum X7 ilə iddiaçının birgə nikah dövründə vaxtı ilə əldə etmiş olduqları fərdi yaşayış evinə qanunverciliyin tələbləri baxımından iddiaçının yarı hissədə mülkiyyət hüquqları vardır. Bu hüquq Lətif Cavadlı hələ dünyasını dəyşməsə idi və yaxud da indiki vəziyyətdə belə, iddiaçının ona aid hissədə mülkiyyət hüquqları saxlanılır. Lətif Cavadlıya münasibətdə iddiaçı vərəsə olmadığından, həmin vərəsəlik payı üzrə mərhumun qanun üzrə vərəsələrinin payı vardır. Bununla belə, verilmiş iddia mərhumun vərəsələrinə qarşı olmalıdır ki, vərəsələr onlara çata biləcək miras əmlakdan hazırki iş üzrə iddiaçının hüquqlarının mənimsənilməsinə yol verməsinlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərmişdir ki, notariat orqanının imtina məktubundan və qərarından sonra İddiaçı cavabdeh notariat orqanına qarşı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ağamalıoğlu küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ½ hissəsinə pay hüququnun ayrılması və ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Verilmiş iddia tələbləri işə baxmış Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1686/2022 nömrəli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Ancaq apellyasiya şikayəti verildikdən sonra, müəyyən olunmuşdur ki, verilmiş iddia tələbi üzrə həm cavabdeh düzgün seçilməmiş, həm də ümumiyyətlə iddia tələbinin özü düzgün qoyulmamışdır. Bunun üçün də həmin iş üzrə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş iddia tələbindən imtina etmək qərarına gəlmişdir. Qeyd olunan imtina müvafiq ərizə ilə rəsmiləşdirilmiş və bu barədə Bakı Apelyyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5473/2022 nömrəli qərardadı qəbul olunmuşdur. Həmin qərardadla iddiaçının iddiadan imtinası qəbul edilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1686/2022 saylı 01 iyun 2022- ci il tarixli qətnaməsi ləğv olunmuş və İddiaçı cavabdeh Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “əmlaka payın müəyyən edilməsi və mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, iddia ərizəsində Cavabdeh1 cavabdeh kimi göstərilməli əsassızdır, belə ki, Üveys iddiaçının övladıdır. Digər tərəfdən, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Sözügedən əmlak iddiaçı ilə mərhum ərinin birgə nikah münasibətlərində olduqları dövrdə əldə edilsə də, birgə gəlir hesabına əldə edilməmişdir. Belə ki, mərhum Lətif Cavadlı həmin evi atasına məxsus evi satmaqla əldə etdiyi pul vəsaiti hesabına almışdır. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini bildirmişdir. Tədqiq edilən sübutlar: AZ-İ seriyalı, 409806 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”, FM seriyalı, 028291 nömrəsi “Qeydiyyat vəsiqəsi”, AZ-İİ seriyalı, 200296 nömrəli “Ölüm haqqında şəhadətnamə”, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 27 saylı notariat ofisi notariusu tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə” Qərar tədqiq edilərək, sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 27 saylı notariat ofisi notariusu tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi barədə” Qərardan görünür ki, 08 avqust 2021-ci il tarixdə vəfat etmiş X5 adında qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün mərhumun vərəsələri anası Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə isə uşaqları Cavabdeh1, X8, X6 ərizələri əsasında Bakı şəhəri 27 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Müəyyən edilmişdir ki, X7 xx.xx.2001-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuş, 24 fevral 2020-ci il tarixdə nikahları ləğv edilmiş, Lətif Cavadlı xx.xx.2021-ci il tarixdə vəfat etimşdir. X1 adında xx.xx.2004-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmiş ünvan 1 ünvanındakı fərdi yaşayış evi qalmışdır. Nikaha xitam verildiyinə görə boşanmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. - 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); [15] - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 33.3-cü maddəsinə əsasən, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. - 33.4-cü maddəsinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. - 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.8-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. - 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar). Beləliklə, işin faktiki halları ilə sübut edilir ki, mübahisəli fərdi yaşayış evi İddiaçı ilə X5 birgə nikahda olduqları dövrdə əldə edilmiş, Lətif Cavadlının adına rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndəsi izahatında həmin evin birgə gəlir hesabına əldə edilmədiyini, Lətif Cavadlının atasına məxsus evi satmasından əldə etdiyi pulla aldığını bildirmiş, başqa bir evin satılmasına dair notariat işinin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu arqumentini əsassız hesab edir; belə ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş notariat işində göstərilən evin alğı-satqısından əldə edilmiş pul vəsaitinin məhz hazırki iddia tələbində göstərilən evin alınmasına xərclənməsi sübuta yetirilmir və belə olan halda, mübahisələndirilən evin İddiaçı ilə X5 birgə mülkiyyətləri hesab edilməməsi üçün heç bir əsas yoxdur. İddiaçının iddia tələbində göstərilən evin ½ hissəsi üzərində mülkiyyət hüququ tanınmalıdır. İddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. FM seriyalı, 028291 nömrəsi “Qeydiyyat vəsiqəsi”nə əsasən, 09 iyun 2004-cü il tarixdə X5 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən, 5 nömrəli fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-558/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-558/2023
17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver