Məhkəmə qərarları › İş №e-2(001)-5581/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5581/2024

27.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5581/2024 27.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, X3 prospekti, ev 79, mənzil 120 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki, iddia ərizəsi tərtib edilərkən mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsində Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, bina 1, 79 nömrəli mənzilin ona məxsus olduğunu və cavabdehlərin həmin mənzildən çıxmadıqlarını qeyd etməsinə, habelə ərizəyə əlavə edilmiş sənədlərin qeyd olunan mənzillə bağlı olduğuna baxmayaraq, iddiaçı tərəfindən ərizənin nəticə, yəni “xahiş etdim” hissəsində cavabdehlərin Nərimanov rayonu ərazisində yerləşən mənzildən çıxarılmaları xahiş edilmişdir. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehlərə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Həmçinin qeyd olunmalıdır ki, müstəsna aidiyyət qaydalarına düzgün əməl edildiyini müəyyən edə bilmək üçün iddiaçının cavabdehlərin hansı mənzildən çıxarmaq istədiyi dəqiqləşdirilməlidir. Belə ki, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar