Məhkəmə qərarları › İş №e-2(001)-5592/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5592/2022

15.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5592/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 38200 əsas və 1910 manat əldən çıxmış faydanın və ödənilmmiş 210 manat dövlət rüsumunun, cəmi 40.320 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə işinin mahiyyəti şirkətin mallarını topdan satışını həyata keçirmək idi. Cavabdeh müxtəlif vaxtlarda daha dəqiqi isə işdən çıxmağına 10 gün qalmış malların pullarını özünün də qeyd etdiyi kimi mənimsəmiş və şəxsi məqsədləri üçün istifadə etmişdir. Özünün də izahatlarından göründüyü kimi şəxs etiraf etmişdir ki, ümumilikdə 38.200 manat pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmiş və müəssisəyə ziyan vumuşdur. Cavabdehə pretenziya göndərilməsinə və mediasiya prosesində iştirak üçün müraciət olunsada ümumiyyətlə heç bir tədbir görməmişdir. Təqdim edilən əmək müqaviləsinə xitam barədə bildirişdən və əmrdən göründüyü kimi xx.xx.2021-ci il tarixdən cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi əmək müqaviləsinə xitam Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfindən 1 ilə yaxın müddətdir ki, mənimsənilmiş pul vəsaiti geri qaytarılmır. Bu halda müəssisə cavabdehdən illik 5% olmaqla əldən çıxmış fayda tələb etməyə haqlıdır. 38200 manatın illik 5% olmaqla hesablanmaqla məbləği 1910 manat müəyyən olunur. Odur ki, cavabdehdən 38.200 manatdan əlavə 1910 manat əldən çıxmış faydada ödənilməlidir. Faktiki olaraq cavabdeh həmin vəsaiti geri qaytarmamaqla faydalanmış və iddiçıya ziyan vurmuşdur. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclaslarında iştirak edən zaman cavabdeh özü izahatlarında müqaviləyə qol çəkdiyini və müvafiq miqdarda borcunun olduğunu etiraf etmişdir. Bundan başqa MMC tərəfindən malların cavabdə təqdim edilməsi və bunun müqabilində ödəniləcək olan məbləğlə bağlı qaimələr təqdim edilmişdir. Bundan başqa cavabdeh maddi məsuliyyət haqqında müqaviləyə imza etmədiyini bildirsə də, digə rməhkəmə iclaslarında müqavilə ilə tanış olarkən imzanın özünə məxsus olduğunu qəbul etməkə iddianı qismən də olsa, etiraf etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdehlə şirkət arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh şirkətdən malları götürüb şəxsi məqsədləri üçün istifadə etmişdir. Malı dəyərindən aşağı qiymətə mağazalara satmış, pulunu da şirkətə təhvil verməmişdir. Mağaza sahibləri ilə danışdıqda məlum olmuşdur ki, mağaza sahibləri malı götürüb, akta imza atmışlar və malın pulunu da cavabdehə ödəmişlər. Lakin cavabdeh həmin pulları şirkətə təhvil verməyərək mənimsəmişdir. Cavabdeh şirkətdə 2019-cu ilədn işləmiş, onunla 2019-cu ilin may ayından əmək müqaviləsi bağlansa da, 2021-ci ilin aprel ayında əmək müqaviləsinə dəyişiklik edilmişdir. Lakin sistemdə yanlışlıq olduğundan, edilmiş dəyişiklik sistemə yeni əmək müqvailəsi kimi düşmüşdür. Yəni cavabdeh xx.xx.2021-ci ildə şirkətə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə isə işdən azad edilmişdir. Cavabdehlə bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunmuş və orada onun izahatı alınmışdır. Cavabdeh mənimsəmə etməsinə dair özünün də etirafı vardır. Malı aparıb mağazalara verib pulunu mənimsəmiş, mağaza sahiblərinə isə borcun olmaması barədə akta imza atdırıb. Bu hallara cavabdeh kimi başqa satış təmsilçiləri də yol vermişdir. Mənimsəmə faktları ortaya çıxanda mağaza sahibləri ilə şirkət əlaqə yaratmış və onlar işçilərin belə əməllərinin olduğunu demişlər. Hətta cavabdeh mağaza sahibləri ilə üzləşdiriləndə mənimsəmə etdiyini etiraf etmiş və daha sonra da ərizə yazıb borcu qəbul etmişdir. Cavabdehin kəsrləri barəsində aktlar tərtib olunmuşdur. Həmin aktlara əsasən 38000 manat borcu hesablanmışdır. Lakin hazırda həmin aktları məhkəməyə təqdim edə bilmir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, mülki iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət vardır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən qaimələrdə və maddi məsuliyyət haqqında müqavilədəki imza cavabdehə məxsus deyildir. Cavabdeh özü əmək müqaviləsinə imza etmədiyini bildirir.Mövcud imzalar saxlaşdırılmaqla çəkilmişdir. Hazırda isə iddianı qismən etiraf edərək, cavabdehin iddiaçıya 15700 manat məbləğində borcunun olduğunu təsdiq edir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ildə 2 ay stajor kimi şirkətə işə qəbul edilmiş, 2021-ci ilin aprel ayında işdən çıxma barədə ərizə vermiş, 2021-ci ilin avqust-sentyabr aylarında işdən çıxmışdır. Şirkətlə işlədiyi dövrdə pampers satışı ilə məşğul olmuşdur. Əmək haqqını əvvəlcə əlbəəl, bir müddət sonra isə kartla almışdır. Şirkətin təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizədəki imza ona məxsusdur, lakin tarixi özü yazmamışdır. Güman edir ki, bu ərizə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat verib şirkətə qayıtdıqdan sonra ona imzaladılmışdır. İddiaçının təqdim etdiyi əmək müqaviləsi və ərizələrdəki imzalar tərəfindən icra edilmişdir. O, DİN BMCMİ-də verdiyi izahatda 16700 manat borcunun olmasını etiraf etmiş və elə oraca 1000 manat ödəniş etmişdir. Borcun yaranmasına səbəb mağazaların bağlanması, maşına və digər xərclərə görə olmuşdur. Çünki satış nümayəndəsi olduğu üçün borc onun üstündə qalırdı. Mən özü hesabat aparır, həmçinin şirkətin işçisi hər ayda 1 dəfə yoxlamalar aparmışdır. Hətta ona nə qədər kəsri olduğunu demişdir. Özü də not dəftərində borc barədə qeyd apardığından, iddiaçıya 16700 manat borcu olduğunu bilir. Həmçinin 2021-ci ilin fevral ayında şirkətin sistemi yandığından, 300 manat borc 1000 manat kimi sistemdə göründüyündə, borc da satış nümayəndələrinin üstündə qalmışdır. Şirkətə 38000 manat borcunun olmasının etiraf edilməsi ilə bağlı ərizəni təzyiq altında şirkətin ofisində yazmışdır. Belə ki, BMCMİ-dən ona şirkətə gedib nəyə desələr imza atmağı tapşırılmışdır. O, da həmin ərizəyə imza atmışdır. Hazırda 38000 manat borcunun olmasını qəbul etmir. Onun 15700 manat borcu qalmışdır. Şirkət yeyinti etdiyini iddia edirsə, bunu sübut etməlidir. O, göndəlik ***-**** manatlıq mal götürür, malı götürəndə gündəlik nə qədər mal götürdüyünə dair blank tərtib olunurdu. Özü təxmini aylıq 15-20 min manatlıq mal aparmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçındə müddətli əmək müqaviləsi ilə satış nümayəndəsi kimi işə qəbul edilmişdir. Əmək haqqı məbləği 540 manat müəyyən edilmişdir.

8. İddiaçı MMC-nin direktoru X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli VO- 192 saylı əmrdən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən cəmiyyətin Satış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, işçinin istifadə edilməməiş (2019/2022 iş ili/illəri üçün) əmək məzuniyyətinə görə 47 gün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinin əsası kimi işçi barəsində tərtib edilmiş intizam tənbehi və təqdimat göstərilmişdir.

9. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinin ləğvi ilə bağlı sistemə məlumat xx.xx.2021-ci il tarixində daxil edilmişdir.

10. Cavabdeh tərəfindən İddiaçı MMC–yə yazılan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, izahatında İddiaçı MMC-də işlədyi dövrdə xeyli yeyinti etdiyinə görə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığını işdən çıxarılanadək borcunun 35000 manat olduğu, işdən çıxarıldıqdan sonra aparılan araşdırma nəticəsinin borcunun 38200 manat olduğu müəyyən edilmişdir. Həmin məbləğdən 1000 manat ödəniş etmişdir. Mənimsədiyi pulları şəxsi məqsədləri üçün istifadə etmişdir. Hazırda həmin borcun qaytarılması üçün ona vaxt verilməsini xahiş edərək, borcu qaytaracağına söz vermişdir.

11. Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoru X1 yazılan xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

12. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli, VO-114A saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 3 ay sınaq müddətində, aylıq əmək haqqı 540 manat olmaqla bölgə üzrə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.

13. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanan və xx.xx.2019cu il tarixli əmək müqaviləsinə əlavə olan xx.xx.2019-cu il tarixli maddi məsuliyyət haqqında müavilədən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməməyi tam məsuliyyəti ilə öz üzərnə götürür.

14. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanan xx.xx.2021-cu il tarixli, VO-130 saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aylıq əmək haqqı 540 manat olmaqla satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir.

15. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli maddi məsuliyyət haqqında müavilədən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməməyi tam məsuliyyəti ilə öz üzərinə götürür.

16. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis-general mayoru Əbülfət Rzayevə yazılan izahatın mahiyyətindən görünür ki, Cavabdeh 2019-2021-ci illər ərzində “Vəlioğlu” şirkətində işlədiyi müddətdə 16000 manat məbləğində pulu öz şəxsi işləri üçün xərcləmişdir. Əlavə olaraq onun mal verdiyi şəxslərdən bəziləri mağaza bağlandığına və vəfat etdiyinə görə onlara verilmiş mallara görə ona borc kimi 35000 manat hesablanmışdır. Bir ildir ki, işdən çıxmışdır. Borcundan hər hansı ödəniş etməmişdir. Etdiyinin cinayət olduğunu dərk edir və əməlindən peşmandır.

17. 12.04.2022-ci il tarixli qəbzdən görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh tərəfindən 1000 manat məbləğində ödəniş edilmişdir.

18. İddiaçı MMC tərəfindən təqdim edilən malların yerdəyişməsi ilə bağlı 2021-ci ilin yanvar-fevral aylarına aid olan qaimələrin tarixləri 2021-ci ilin yanvar və fevral aylarına aid olmaq, göndərənin adı Ambar, qəbul edilənin adı isə BORT Nazim kimi qeyd edilmişdir.

19. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 160 manat məbləğində dövlət rüsumu, 50 manat məbləğində mediasiya xərci ödənilmişdir . Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

20. İddiaçı-işəgötürən İddiaçı MMC ilə cavabdeh-işçi Cavabdeh arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış nəticədə, Cavabdeh həmin şirkətdə bölgə üzrə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Bu zaman işçi ilə işəgötürən arasında həmin tarixdə maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.

21. Daha sonra iddiaçı-işəgötürən İddiaçı MMC ilə cavabdeh-işçi Cavabdeh arasında yenidən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, nəticədə Cavabdeh həmin şirkətdə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Bu zaman işçi ilə işəgötürən arasında yenidən həmin tarixdə maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır.

22. İddiaçı MMC-nin direktorunun xx.xx.2021-ci il tarixli VO-192 saylı əmri ilə Cavabdeh əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş, işçi işdən çıxarılmışdır.

23. İddiaçı iddia edir ki, cavabdeh şirkətdə işlədiyi dövrdə şirkətin 38200 manat məbləğində vəsaitini mənimsəmiş və şirkətə maddi ziyan vurmuşdur. İddiaçı iddianı onunla əsaslandırır ki, cavabdeh şirkətə borcunun olmasını şirkətin rəhbərinə yazılan xx.xx.2022-ci il tarixli izahatında və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yazdığı izahatında təsdiq edir.

24. Cavabdeh şirkətdə 2019-cu ildən işləsə də, sitemdə olan texniki yalnışlığa görə 2021-ci il tarixdə cavabdehin əmək müqaviləsinə edilmiş dəyişiklik, əslində yeni əmək müaviləsi kimi sistemə daxil edilmişdir. Bu məqamı iddiaçının nümayəndəsi iddia etsə də, məhkəmə iclasında cavabdeh özü də 2019-cu ildən MMC-də stajor kimi işlədiyini təsdiq edir. Cavabdeh 2019-cu ildə əmək müqaviləsi olmadan işlədiyini bildirsə də, iş materiallarında tərəflər arasında bağlanmış 2019-cu il tarixli əmək müqaviləsi mövcuddur.

25. Bundan başqa cavabdeh tərəfindən qəbul edilmiş malların hesab-fakturaları isə Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********150052 saylı tələbnamənin icrası üçün xx.xx.2018-ci ildən xx.xx.2021ci il tarixədək sənədlərin aidiyyəti üzrə müvafiq orqana təqdim edilmiş olması səbəbindən təqdim edilməsi mümkün olmamışdır.

26. Cavabdeh isə əvvəlki məhkəmə iclaslarında iştirak edən zaman 2019-cu ildə 2 ay stajor kimi işə qəbul edildiyini, iddiaçı tərəfindən təqdim edilən əmək müqaviləsində və ərizələrdəki imzaların tərəfindən icra edildiyini, iddiaçıya 16700 manat borcunun olduğunu lakin həmin borcdan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 1000 manat məbləğində ödəniş etdiyini bildirməklə, iddiaçıya cəmi 15700 manat borcunun olduğunu etiraf etmişdir. Ondan tələb edilən 38200 manat əsas borca münasibətdə isə həmin borc məbləğinin etirafı ilə bağlı ərizəsinin təzyiq altında tərəfindən yazıldığını bildirmişdir.

27. Cavabdehin nümayəndəsi, vəkil isə məhkəmə iclasında əmək müqaviləsində və maddi məsuliyyət haqqında müqavilədəki imzaların cavabdehə məxsus olmadığını iddia etmiş və mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də (yazılı vəsatətlə), cavabdehin əvvəlki məhkəmə iclaslarında müqavilə və sənədlərdəki imzaların özünə aid olduğunu təsdiq etməsinin müəyyən edilməsi nəticəsində təqdim edilmiş vəsatətin təmin edilməsi zərurəti də aradan qalxmışdır. Belə ki, cavabdehin nümayəndəsi, vəkil tərəfindən sonda iddia tələbinin qismən 15700 manat məbləğində borc hissəsində qəbul edildiyi bildirilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

28. Məhkəmə ilk öncə qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

29. İşin müəyyən edilən hallarından göründüyü kimi tərəflər arasında əmək münasibətləri olmuş və işçi öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlamışdır. İşçinin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İşəgötürən iddia edir ki, işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra yoxlamalar nəticəsində işçinin onlara zərər vurduğunu müəyyən etmişlər və bu barədə ondan borc məbləği barədə xx.xx.2022-ci il tarixdə yazılı izahat alınmışdır. Həmin izahata əsasən cavabdeh 38200 manat borcunun olduğunu bildirmiş və hissəhissə ödəyəcəyinə söz vermişdir. Qarşılığında ondan hüquq mühafizə orqanlarına şikayət edilməməsi barədə təminat istəmişdir. Halbuki cavabdehin buna qədər artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığı və orada 1000 manat ödəniş etdiyi işin mübahisəsiz halıdır. Qeyd edilən idarədə cavabdeh izahatında bildirmişdir ki, 16000 manatı şəxsi ehtiyacları üçün xərcləmişdir, lakin bəzi marketlərin bağlanması və ya sahiblərinin vəfat etməsinə görə verilmiş malın dəyərləri ona borc kimi yazılmışdır. Bu səbəbdən də şirkət ondan 35000 manat tələb edir. Bundan başqa etdiyi cinayəti dərk etdiyi, əməlindən peşman olduğu məzumunda ifadələr də izahatda öz əksini tapmışdır. Cavabdeh məhkəmə iclaslarında oxşar məzmunlu izahatlar vermiş və iddiaçıya 15700 manat məbləğində zərər vurduğunu qəbul etmişdir. Həmin məbləğdə pulu mənimsəməyindən öz dəftərində apardığı qeydlərə əsaslanaraq yəqin edir. Cavabdeh iddiaçının nümayəndəsinin iştirakı ilə ondan alınan yazılı izahatını təzyiq, təsir altında verdiyini bildirir və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yenidən çağırılmasından ehtiyat etməsi ilə əsaslandırır. İddiaçı isə cavabdehin həqiqətən 38200 manat zərər vurduğunu iddia edir və bu barədə müvafiq aktların əvvəllər mövcud olduğuna əsaslanır, lakin həmin aktları təqdim edə bilmədiyini, yalnız cavabdehin yazılı izahatının iş materiallarında olduğunu qəbul edir.

30. Məhkəmə işin müəyyən edilən hallarından o nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi və Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir.

31. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

32. 191-ci maddəsinin 1-ci bəninə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

33. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.2-ci bənində əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

34. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Göründüyü kimi yuxarıda qeyd edilən normaların dispozisiya şərtləri işin hallarına uyğun gəlir. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı vurulmuş zərərin həcmi ilə bağlıdır.(Bax 29 bənd)

36. İddiaçı cavabdehin yazılı izahatını borcun etirafı müqaviləsi kimi qələmə verməyə çalışsa da və borcun etirafı barədə müqavilənin tərəflərin həmin müqaviləyə qədərki etirazlarını istisna etməsinə əsaslansa da, lakin məhkəmə hesab edir ki, həmin yazılı izahat mövcud borcun etirafı haqqında mücərrəd müqavilə hesab edilə bilməz. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.(MM 405)

37. Halbuki qeyd edilən yazılı sənəd sırf izahat formasında alınmış və müqavilənin əlamətlərini özündə əks etdirmir. Bu baxımdan məhkəmə həmin sənədi yazılı sübut kimi qəbul edir və hesab edir ki, həmin sübuta onun mötəbərliyi baxımından qiymət verilməlidir.

38. Məhkəmə cavabdehin yazılı izahatı təzyiq, təsir altında yazması ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iddiaçı cavabdehi mənimsəmə cinayətini törətməsi ilə bağlı ittiham edirdisə, onun hansı səbəbə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etməsi anlaşılan deyildir. Hansı ki, həmin cinayət əməlinin araşdırılması prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir. İkincisi məhz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edildikdən 2 gün sonra cavabdehin iddia olunan məbləğdə zərər vurması ilə bağlı izahat verməsi təsadüfi hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının mübahisəni araşdırmağa səlahiyyəti olmadığı halda Polis orqanına müraciət etməsi onun cavabdehə təzyiq etdiyini və həmin izahatın da məhz özünümüdafiə olaraq yazıldığını göstərir.

39. Bundan əlavə həmin yazılı izahat sübutların mümkünlüyü baxımından vurulan zərəri təsdiq edə bilməz. Belə ki, iddiaçı yüksək dövriyyəsi olan şirkətdir və onun malları təhvil-təslim etmə, sifarişlərin götürülməsi, pulların mədaxil-məxaric edilməsi ilə bağlı ciddi hesabat blankları olmalıdır. Çünki ən azından Məhdud Məsuliyyətli Cəmiyyət ildə bir dəfə auditor cəlb etməli(MM 91.4) və vergi hesabatı verməlidir. Lakin iddiaçı cavabdehin həqiqətən də 38200 manat məbləğində zərər vurmasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

40. Bu səbəbdən məhkəmə iddianı cavabdehin qəbul etdiyi həcmdə əsaslı hesab edir.

41. Çünki mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

42. Bundan başqa məhkəmə iddiaçının illik 5 faiz olmaqla əldən çıxmış faydaya görə tələbini də əsaslı hesab etmir.

43. Belə ki, həmin tələb Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

44. Lakin işin hallarından müəyyən edildiyi kimi cavabdehin vurduğu zərərin nə vaxt yaranması, hansı dövrü əhatə etməsi iddiaçıya da məlum deyildir. Həmin zərərin birdəfəyə də vurulmadığı aşkardır. Bu səbəbdən də öhdəliyin icrasının gecikdirilməsi müəyyən edilmir. Üstəlik iddiaçı cavabdehdən aldığı izahatında da zərərin hansı müddətdə, hansı məbləğdə hissə-hissə icra edilməli olduğu barədə hər hansı qeyd olmamışdır. Bundan başqa iddiaçı cavabdehin öhdəliyini icra etmədiyini təxmin etdiyi vaxtdan məhkəməyə müraciət etmişdir.

45. Odur ki, iddia həmin hissədə də əsassızdır.

46. Bundan başqa Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

47. Odur ki, Cavabdeh 16 avqust 2022-ci il tarixində saat 12:15-12:30 aralığında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

49. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. 82-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

52. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

54. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

55. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

56. 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

59. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15700 manat məbləğində pul vəsaiti və 50 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

60. Bundan başqa iddia qismən təmin edildiyindən ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumunun 65(altmış beş) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir.

61. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi qismində 65(altmış beş) manat və mediasiya xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar